“Nəsnələr necə işləyir” kitabının müəllifi fizik: Düsturları yox, prosesi dərk etmək vacibdir (Müsahibə)

Müsahibə
Photo

Elm haqqında maraqlı danışmaq üçün, insanları sevmək lazımdır”: “Nəsnələr necə çalışır” kitabının müəllifi, Virginiya universitetinin fiziki Luis Blumfildlə müsahibə.

-Siz adi nəsnə və proseslərin fizikası barədə iqtisadçılara, hüquqşunaslara, filoloqlara mühazirə deyirsiz. Fizikayla məşğul olmayan tələbələrə fizika nə üçün lazımdı?

– Düşünürəm ki, əgər sən fizikanı anlamasan, ətrafını çevrələyən dünyanın hansı prinsiplər əsasında çalışdığını dərk etməsən, problemlərini sürəkli sənin əvəzinə həll edəcək insanlardan kömək ummalı olacaqsan. Heç nəyi təmir edə bilməzsən, heç nə quraşdırmağı bacarmazsan. Maşın xarab olduqda, nə etmək lazım olduğunu bilməzsən. Su kəmərini təmir edə bilməzsən, çünki, onu kəsdikdən sonra suyun hara gedəcəyi barədə məlumatın yoxdur. Gösərsən, o hələ də borunun içindədi, yoxsa geriyə, supaylayıcı şirkətə qayıdıb? Yaxud daha yaxşı bir nümunəni – mikrodalğalı sobanı götürək. Ondan qorxan hələ də xeyli insan var, gah qidanı korladığını düşünürlər, gah ona yaxın dursalar şualanmaya məruz qalacaqlarını fikirləşirlər. Ağılları müxtəlif suallarla qaynaşır: “Görəsən, bu sobalar radioktivlik yayırmı? Görəsən, onlardan istifadə təhlükə yaratmır ki?” Əslində bu sualların cavabı fizika baxımından kifayət qədər sadədir. Mikrodalğalı sobada yemək qızdırmaq təhlükəli deyil, üstəlik ona yaxın durmaqda da qorxulu heç nə yoxdur.

– Fizikanın əsaslarını anlamaq tələbələrinizin həyatında hansı rolu oynayıb?

– Mən zaman-zaman tələbələrimdən məktub alıram. Mühazirələrimin, hansısa məişət problemlərini – məsələn, mühərrik qızmasını – həll etməkdə onlara kömək olduğunu tez-tez vurğulayırlar. Xatırlayıram, bir qız tələbəm, xarab olan maşınını atasının təəccüblü baxışları qarşısında özü təmir etdiyini yazmışdı. Digər xanım tələbəm müstəqil şəkildə kseroks aparatını düzəltdiyindən söhbət açmışdı. Mənim mühazirələrimə biznes fakultəsindən də tələbələr qatılır. Bu onlara, işləməyə hazırlaşdıqları fəaliyyət sahələrinə aid əşyalar barədə məlumat əldə etməkdə kömək olur. Məsələn, əgər siz avtomobil, saat, yaxud pəncərə istehsalıyla məşğul olursunuzsa (yaxud bu işə pul yatırırsınızsa), bu əşyaların hazırlanması barədə bilgilənmək sizə xeyirli olar. Həyatda reallaşması mümkün olmayan ideyalarla sizə müraciət edən bir adama, inanmıram ki, sponsorluq etməyə razı olardınız.

– İnsanların məhz elementar bilgilərdən xəbərsiz olduğu üçün yol verdikləri yöndəmsiz davranışlara nümunə göstərə bilərsizmi?

– Dərhal ağlıma foqadan hazırlanmış papaq taxan insanlar gəldi! Ancaq mən ən çox radiasiya səbəbindən mobil telefonlardan qorxan insanlara təəccüblənirəm. Mobil telefonların təhlükəli olduğuna dair əlimizdə heç bir sübut yoxdur. Əgər bu təhlükə varsa da belə, sükan arxasında telefonla danışanların vəziyyətiylə müqayisədə cüzidir. Və bir də məni ən təəccüləndirən hallardan biri sürücülərin bilərəkdən maşınlarını ona uyğun olmayan benzinlə doldurmaqlarıdır. Əgər benzinin oktanının sayı artıqdısa, bu onun sizin maşınınıza xeyirli olacağı demək deyil. Əksinə, bu boş yerə pul israfıdır.

-Televiziyada tez-tez görünürsünüz: Olimpiada keçirilərkən ekrana çıxıb üzmə prosesini izah etdiniz, “Forces of Hockey” verilişində hokkey çubuğunun elmi baxımdan seçilməsi barədə məsləhətlər verirdiniz, qeyri-adi ölümlərdən bəhs edən proqramda bədbəxt hadisələr haqqında fizika nöqteyi nəzərindən çıxış edərək danışırdınız. Bu formada çıxış edərək, şübhə oyatmadan, tamaşaçıya fizikanın əsasları barədə nəsə öyrətmək mümkündümü?

– Hə, belə olduqda, insanlar nəsə öyrəndiklərinin fərqində olmur. Televiziyada danışılan bu biliklər sadəcə onlara lazımdı, çünki danışılan hekayənin bir hissəsidilər. Yaxud hansısa problemləri var və onu çözməlidilər. Belə olduqda bu informasiyalar onlara darıxdırıcı və lazımsız görünmür. Əksinə, bu məlumatlar onlar üçün zəruriyyətə çevrilir! Belə formatların əsas təyinatı adətən elm qarşısındakı qorxunu yenməkdir.

İnsanlar tez-tez fizikanın son dərəcə mücərrəd və sadəcə məhdud çərçivəli alimlərin anladığı rəqəm və formullardan ibarət olduğunu düşünürlər. Düşünürəm ki, bu problem fiziklərin özündən qaynaqlanır. Onlar ətrafdakı insanları, fizikanı qorxunc dərəcədə qəliz saymağa və siravi insanın onu heç vaxt dərk etməyəcəyini düşünməyə məcbur edirlər. Bu yolla onlar başqalarının gözündə öz dəyərlərini yüksəldir. Ancaq mən düşünürəm ki, belə davranış cəfəngiyyatdır.

Əlbəttə, fizikanın da öz incəlikləri var, onları anlamaq üçün uzun zamana ehtiyac var, fəqət istənilən adama fizikanın əsas prinsiplərini çox uğurlu şəkildə öyrətmək mümkündür. Tutalım, sizə işıqlandırma sistemini düzgün seçmək və nə üçün qızdırıcı lampaları işıq idiodlu lampalara dəyişmək lazım olduğu maraqlıdır. Bu isə çox sadə fizikadır: sadəcə, bunun enerji sərfiyyatı baxımından sizə xeyirli olduğunu anlamağınız yetər.

-Sözügedən formatlarda çəkilən verilişlər zamanı yaşadığınız təcrübələr arasında hansı sizə daha uğurlu görünüb?

– Bir il müddətində Discovery kanalında efirə gedən “Some Assembly Required” verilişində aparıcı oldum. Çəkiliş qrupumuzla 25 ya da 30 zavodda olduq və orada müxtəlif işlər gördük. Mən proseslərin elmi tərəfini izah edirdim: Məsələn, pəncərələrdə, vitrinlərdə və s. məqsədlərlə istifadə olunan yastı şüşələrin hazırlanmasını. Gitaraların, pianonun, boulinq şarının, qolf çubuqlarının, hətta şokoladın belə hazırlanmasını nümayiş etdirirdik. Bu fəaliyyətlərin əsasında açıq-aşkar fizika durur. İnsanlar həmişə bu cür sadə izahlara çox canlı şəkildə reaksiya verirlər, bu barədə çoxlu məktub alırdım. Hokkey haqqında çəkdiyimiz proqram çox insanın xoşuna gəlmişdi: bu idmanın azərkeşlərinə, hokkey çubuğunu buza nəzərən hansı bucaqda tutmaq lazım olduğu yaxud temperaturun rezin şaybaya göstərdiyi təsirlər barədə izahlar vermək çox asan başa gəlir. Bütün bunlar fizikadı, ancaq final titrlər başlamadan, nəsə öyrəndiyinin fərqində belə olmursan.

-Necə düşünürsüz, fizikanın populyarlaşdırılmasıyla məşğul olan fizikdə azca da olsa aktyorluq qabiliyyəti olmalıdırmı?

-Doğrusu, aktyorluq qabiliyyətinin köməyi çoxdur. Mən introvertəm, özümü kompaniya içində həmişə yaxşı hiss etmirəm, ancaq kiməsə fizika barədə danışanda oynamağa başlayıram. Mənə elə gəlir ki, çox alim qınından çıxa bilər və bu mövzularda söhbət etmək maraqlıdır, ancaq bunun üçün təkcə aktyorluq qabiliyyəti kifayət deyil, gərək insanları sevəsən, onlara kömək etmək istəyəsən. Xitab edəcəyin auditoriyanın nəyi bilib-bilmədiyini öyrənmək və ona yaxın olmağa çalışmaq çox vacibdir. Ümumiyyətlə, tamaşaçılarının apriori olaraq nəyisə bildiyini güman etmək yanlışdı, çünki belə olmadığı aydınlaşa bilər. Hər şeyə sıfırdan başlamaq lazımdı. Bəzi fiziklər mistik şoulara bənzər verilişlər göstərməyi xoşlayırlar: ancaq onlar çox şey göstərsələr də, heç nə izah etmirlər. Əlbəttə, bu əyləncəlidir, fəqət olduqca mənasızdır.

-Əgər alimlər məşğul olduqları işi daha anlaşıqlı etmək üçün bir az zaman ayırıb çalışsaydılar, yəqin ki elmin populyarlaşdırılması daha asan olardı, hə?

– Hə, həm də mən düşünürəm ki, alimlərdə motivasiya yaradılması da bu işi daha mümkün hala gətirər. Amerika stimul sistemini də bu prosesin təşviqedicisi saymaq olmaz. Alimlərdən digər alimlərə lazım olacaq araşdırmalar və nəşrlər gözlənilir. Onların ad-sanı bundan asılıdır. Yeri gəlmişkən, əsasən nəşr olunan məqalələrin sayına diqqət yetirilir: on iki məqalə on məqalədən daha yaxşı hesab olunur, bu on məqalə dünyanın ən heyranedici məqalələri olsa da belə. Alimlər, elmin geniş kütələrə izahından heç bir bonus əldə etmir. Əgər onları, elmi populyarlaşdırdıqları üçün, digər insanların elmi dərk etməsinə yardımçı olduqları üçün mükafatlandırsaydılar, ya da heç olmasa tərifləsəydilər, hər şey başqa cür olardı. Alimlər nəhayət ki, öz kiçik, məhdud çərçivəli dünyalarından çıxardılar.

– Hansı elm sahələri ABŞ-da daha prioritet hesab olunur?

– Elə elm sahələri var ki, onlara daha çox pul ayrılır. Bir çox hallarda bu sahələr həqiqətən də əhali üçün çox əhəmiyyətlidi. Günəş enerjisinin əldə olunmasıyla bağlı aparılan araşdırmaları misal çəkə bilərik. Tarixən dəstəklənən digər istiqamətlər də mövcuddur: həmin sahələr hər zaman dəstəklənib və heç kim vəziyyəti dəyişmək istəmir. Əgər söhbət bütövlükdə fizikadan gedirsə, mənə elə gəlir ki, nüvə silahı və müdafiə komplekslərinə görə, biz, digər elmlərlə müqayisədə, hələ uzun müddət xüsusi mövqeyə sahib olacağıq. Ancaq hər halda, nüvə silahlarıyla bağlı araşdırmalarda fiziklərə ehtiyac qalmayıb, çünki bu silahlar barəsində çoxdan hər şey aydınlaşıb. Onlar mövcuddur və bu sahədə aparılan yeni araşdırmalarda çox sayda fizikə gərək yoxdur. Fəqət fizikaya əvvəllər olduğu qədər yenə də çox pul sərf olunur. Mənə elə gəlir ki, 1940-50-ci illərdə fiziklərin çox əhəmiyyətli insanlar olduğunu xatırlamağımızın bu işdə önəmli rolu var. İndi situasiya dəyişib, doğrudu, ancaq maddi vasitələr hələ də əvvəlki formada ayrılır. Məncə, belə davranışı hər zaman ədalətli saya bilmərik.

– Necə düşünürsünüz, məktəb proqramlarında fizika, kimya və biologiya ayrı-ayrı tədris olunmalıdı, yoxsa üçü də bir fənn adı altında birləşdirilərək?

– Amerika məktəblərində “Elm” fənni yeddinci, yaxud səkkizinci sinfə qədər tədris olunur və bundan sonra müxtəlif sahələrə ayrılma gedir. Bilirəm ki, bəzi insanlar elmin müxtəlif sahələrini birləşdirməyə çalışırlar – bəlkə də bu istəyin hansısa mənası var. Təbii ki, müxtəlif fənnlər arasında kəsişmə nöqtələri çoxdur. Çox sayda bioloji suallar kimyadan ayrıla bilməz, eləcə də bir çox kimyəvi sualı fizikadan ayrılmış formada təsəvvür etmək olmur. Ancaq mənə elə gəlir ki, hamısını birləşdirib eyni zamanda tədris etmək yanlışdı. Hər bir mövzuya ayrı-ayrı diqqət ayırmaq daha yaxşıdır. İndi universitetlərdə fənnlərarası araşdırmalar və kursların yaradılması təşviq edilir. Düşünürəm ki, bu fəaliyyətin ciddi anlamı azdı. Əgər mən bir kəslə birləşsəydim və biz birlikdə “Fizika və biologiya”, “Fizika və iqtisadiyyat”, yaxud “Fizika və rus ədəbiyyatı” kursları təşkil etsəydik, mənim işlədiyim universitet bundan çox şad olardı. Bu proses, işlə bağlı hansısa illik hesabatda yaxşı görünə bilər, ancaq təcrübədə o qədər də effektiv deyil. Doğrudu, fizika hər yanda mövcuddur, ancaq onu öyrənmək üçün gərək onunla ciddi şəkildə məşğul olasan. Piano ifa etmək istəyirsənsə, buyur, sağlıqla ifa et, ancaq pianonu, skripkanı və fleytanı birləşdirib, eyni anda öyrənməyə çalışma.

– Hansı yaşdan etibarən fizikanı öyrənməyə başlamaq olar?

– Nümunələr çoxdu, mənim onlayn kürslarıma balaca uşaqlar da tamaşa edirdilər və günlərin birində yeddi yaşlı bir qızcığazdan təşəkkür məktubu almışdım. Mənə elə gəlir ki, artıq bu yaşdan etibarən mədəni təcrübənin formalaşması mühümdür: uşaqlarda artıq elmin maraqlı olduğu barədə təsəvvürlər yaranır. 10 ilə 13 yaşlar arasında uşaq artıq real olaraq bilgi əxz etməyə başlayır. 13 yaşdan sonra isə fərq etmir: bu mərhələdən etibarən artıq yaş üstünlüyü olmur, istər 13 yaşın olsun, istər 60. Sadəcə bəzi insanların təfəkkür tərzi fizikanı daha rahat qavrayır, yaxud görüsən ki, digərinin dünyaya baxışı fərqlidi deyə onunçün fizikanı öyrənmək çətinlik yaradır. Bu poeziyaya münasibət kimidir: bir adam onu anında dərk edib, bütün metaforaları anladığı halda, digəri çətinlik çəkir. Ancaq hər kəs cəhd edib yoxlaya bilər. Burada proqresin keyfiyyəti istəkdən və adətən fərdi qabiliyyətlərdən asılıdır. Fizikanı öyrənmək üçün kolleci gözləməyə gərək yoxdur. ABŞ-da əsas problemlərdən biri də budur ki, şagirdlər 11-18 yaşlar arasında elmdən ürkməyə başlayırlar. Bu mərhələyə qədər elm onlara maraqlı görünür, ancaq bu andan etibarən sanki elm onlar üçün mövcudluğunu itirir. Düşünürəm ki, burada əsas problem yenə də tədris formasında yatır. Əgər sənə elmdən qorxmağı öyrədiblərsə, belə reaksiya təbiidir.

– Fizika dərslikləri adətən formullarla dolu olur, ancaq sizin kitabınızda onlar çox azdır. Sizcə, fizikanın əsaslarını onlarsız da öyrənmək mümkündümü?

– Hə, buna əminəm. Düşünürəm ki, formullar, fizika dərsliyini əlinə alan hər kəsi (yeri gəlmişkən, gələcəyin fiziklərini də) özündən uzaqlaşdırır. Hətta, bütün həyatını bu elmə sərf etmək istəyən insan belə bu formullar arasında çaşa bilər. Formul – sadəcə təzahür edən prosesin riyazi modelidir. Və əgər siz prosesi dərk edirsizsə, hər zaman o prosesdən model çıxara bilərsiz. Ancaq bunun əksi işləmir. Adam dalana dirənir: “Bu sadəcə bərabərlikdir. F nə deməkdir, m nədir? Başa düşmürəm”. Mənə elə gəlir ki, tədris prosesi də fizikanın məhz bu formullardan ibarət olduğunu təsdiqləməklə məşğuldur. Problem ondadır ki, fizika müəllimləri özləri də tez-tez belə düşünür. Bəlkə fizika onlara da bu prinsiplər əsasında öyrədilib; bəlkə də, onlar özləri də fiziki təzahürləri çətin anlayır və izah etməyi bacarmırlar. Buna görə də izah əvəzinə, dərhal formullara keçirlər, çünki bu formullarla işləmək daha asandır. Şagirdlərəsə formulları əzbərləyib öyrənmək asandır: tamamilə düşünmədən hərflərin yerinə rəqəm qoyursan, bitir.

– Bütün nəsnələrin iş mexanizmini anlamaq, sizin əşyalara yeni nəzərlərlə baxmağınıza imkan yaradırmı?

– Hə, çox zaman mən dünyaya fizik gözləriylə baxıram. Əvvəllər bu hal məni narahat edirdi. Məsələn, gölə nəzər salırdım: küləyin dalğaları titrətdiyini, adda-budda əks olunan günəş parıltılarını görürdüm. Bu mənzərəni, suyun və işiğın dalğanı əks etdirdiyi konteksdə düşünürdüm. Həmin anda, biliklərim ucbatından gölün estetik gözəlliyini sezmədiyim üçün narahat olmuşdum. Necə yəni, mən ki, bu mənzərədə incəsənət deyil, elm görürəm! Ancaq indi, illər keçdikdən sonra anlayıram ki, gözəllik həm fizikaya nəzərən, həm də lirikaya nəzərən yarana bilər.

– Bir fizikin nəzər nöqtəsindən danışaq: fantastik filmlərə tez-tezmi tamaşa edirsiniz? Yaradıcılarının öz işlərinə görə utanc duymasına gərək olmadığı hansısa fantastik film xatırlayırsızmı?

– Fizika nöqteyi nəzərindən baxsaq, etibarlı filmlər çox deyil, çünki, bir filmi bütövlükdə elmi prinsiplər üzərində qursanız, çox maraqsız alınar. Yerdən göyə bircə dənə Raket yollamaq üçün titanik səylər tələb olunur – əgər bunu nəzərdə saxlasaq, raketlərin Yeri tərk edib, geri dönüb, yanacaq doldurmadan yenidən geri qayıtdığı filmlər barədə nə danışa bilərik ki. Buna görə də mən, kimsənin fizika barədə düşünmədiyi fantastik filmlərdən xoşlanıram. Belə film təmiz fantaziyadır və rejissorlar nə istəyirlərsə qurub quraşdırırlar. Məsələn, “Ulduz müharibələri” belə filmin örnəyidir. Ancaq qəhrəmanların müxtəlif fiziki aspektlər barədə ciddi sifətlə müzakirə açdığı və adətən hər şeyin qarışıq, yanlış təsvir edildiyi filmlər isə sadəcə abrakadabradır, kor koranə bir-birinə bağlanmış söz yığınıdır. Mən bu cür filmlərə tamaşa edərkən dəli kimi gülürəm! Qəhrəmanlar cidd cəhdlə alim kimi danışmağa çalışırlar, ancaq bu onlarda bərbad alınır, bu əzabvericidir! Məsələn, “İnterstellar” filmini götürün, o filmin elmi məsləhətçisi məşhur fizik idi. Filmdə hər şeyin düzgün şəkildə qurulduğunu iddia edirdi, ancaq mən bilirəm ki, belə deyil, hər şey düzgün şəkildə yazılmayıb. Sadəcə real fizikayla rejissor ideyalarını birləşdirmək həmişə uğurlu alınmır. Təsəvvür edin belə film necə yorucu alınardı: budur, qəhrəmanlar asanlıqla kosmik gəmiyə oturub başqa planetə uçdular; halbuki, bütün bu müddət ərzində yer üzərində otuz nəsil bir-birini əvəz edərdi və filmin bütün personajları artıq çoxdan ölmüş olardılar!

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR