Sorğulamadığımız inanclarımız bizi hansı risklərə atır?

Emosional İntellekt
Photo

Sübut olmadan inanmaq hər zaman əxlaqi cəhətdən yanlışdır

Fransisko Mejia Uribe Honq Konqda “Goldman Sachs” şirkətinin icraçı direktorudur. O, Kolumbiyada Los Andes Universitetində fəlsəfə və iqtisadiyyat dərəcəsi alıb. Uribe həmçinin “The Philosopher Blog”da məqalələrlə çıxış edir.

Siz yəqin ki, heç vaxt Uilyam Kinqdon Klifford adını eşitməmisiniz. O, dahi filosofların panteonunda yer almır – ola bilsin, bunun səbəbi həyatını erkən, 33 yaşında itirməsidir – amma mən bizim bir-biriylə əlaqəli, Süni İntellekt əsaslı, rəqəmsal dünyamıza onun qədər uyğun gələn başqa bir kəsi tanımıram. Bu sizə qəribə gələcək, axı biz ən məşhur fəlsəfi əsəri bir essedən ibarət olan və 150 il bundan əvvəl Viktoriya dövründə yaşamış bir britondan danışırıq. Bununla belə, Klifford gerçəkliyi dərk etmişdi. Onun bir vaxtlar mübaliğəli görünən “istənilən yerdə istənilən insanın əldə yetərincə sübut olmadan bir şeyə inanması hər zaman əxlaqi cəhətdən yanlışdır“ iddiası artıq mübaliğə yox, texniki reallıqdır.

“İnancın Etikası” (1877) əsərində Klifford bizim inanclara nəyə görə məsuliyyətli yanaşmalı olduğumuz barədə 3 arqument irəli sürür.

Ona görə, bir şeyə biz onu canla-başla araşdırandan sonra və ancaq yetərincə sübut olduğu halda inanmalıyıq.

Filosofun birinci arqumenti inanclarımızın bizim davranışlarımıza necə təsir göstərdiyi barədə sadə müşahidə ilə başlayır. Hər kəs razılaşar ki, bizim davranışlarımız bu dünyada nəyi həqiqət hesab etməyimizin, yəni nəyə inandığımızın əsasında formalaşır. Əgər mən çöldə yağışın yağdığına inanıramsa, özümlə çətir götürəcəm. Əgər mən taksilərin kredit kartı götürmədiyinə inanıramsa, taksiyə minməzdən əvvəl üzərimdə nağd pulun olduğuna əmin olacam. Və əgər mən oğurluğun yanlış olduğuna inanıramsa, onda mağazanı tərk etməzdən əvvəl götürdüyüm şeylərin pulunu ödəyəcəm.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Ona belə çıxır, bizim nəyə inanmağımızın çox böyük praktiki əhəmiyyəti var. Fiziki və ictimai faktlarla bağlı yanlış inanclar bizim pis davranış vərdişləri formalaşdırmağımıza gətirib çıxarır, bu isə ekstrimal hallarda bizim mövcudluğumuzu belə təhdid edə bilər. Əgər müğənni R. Kelli oxuduğu mahnının - “Mən uça biləcəyimə inanıram” (1996) - sözlərinə həqiqətən inansaydı, onda mən sizə zəmanət verirəm ki, onu ətrafımızda görə bilməzdik.

Amma burada söhbət təkcə bizim özümüzü qorumağımızdan getmir. İctimai heyvanlar kimi bizim davranışlarımız ətrafımızdakılara təsir edir və bizim xətalı inanclarımız yoldaşımız olan insanlar üçün risklər yaradır. Klifford belə xəbərdarlıq edirdi:

“Bizim hamımız xətalı inanclara sahib olmaqdan, onlara ilişib qalmaqdan və dəhşətli yanlış davranışların bizi yönləndirməsindən... çox pis şəkildə əziyyət çəkirik”.

Qısaca desək, inancı formalaşdıran qüsurlu praktikalar etik cəhətdən yanlışdır, çünki – ictimai varlıqlar kimi - əgər bizim inanclarımız yetərincə əsaslı deyilsə, onların gətirəcəyi risklər də hədsiz ağır olur.

Bu birinci arqumentə ediləcək ən təbii etiraz budur: bizim bəzi davranışlarımızın başqaları üçün dağıdıcı olması ehtimalı olsa da, əslində inanclarımızın əksəriyyətinin başqa insanlar üçün xüsusi bir nəticəsi olmur. Belə ki, bizim yetərincə sübuta əsaslanmayan inanclarımızın bütün hallarda yanlış olması kimi Klifford sayağı iddia mübaliğə kimi görünür. Zənnimcə, tənqidçilərin sözündə məntiq var – vardı – amma artıq belə deyil. Çünki hər kəsin inancının çox rahatlıqla daim qlobal auditoriyaya çıxışının mümkün olduğu bir dünyada hər bir inancın Kliffordun təsəvvür etdiyi kimi həqiqətən də bədəlinin olması mümkündür. Əgər siz hələ də bunun şişirtmə olduğunu düşünürsünüzsə, onda Əfqanıstandakı mağarada danışılan söhbətlərin Nyu-York, Paris və Londonda hansı hadisələrə səbəb olduğunu yadınıza salın. Və ya sizin sosial media hesabınızda qaynayan tör-töküntünün gündəlik davranışlarınıza necə təsir etdiyi barədə düşünün. İndi bizim yaşadığımız digital qlobal kənddə yanlış inanclar geniş sosial şəbəkədə özünü göstərir, belə olan təqdirdə Klifford ilk dəfə arqumentini səsləndirərkən mübaliğə etmiş kimi görünə bilərdisə, bu gün artıq belə deyil.

Sosial şəbəkələr üzərimizdə bilmədiyimiz hansı təsirləri yaradır?

Kliffordun iddiasını gücləndirməkdən ötrü istifadə etdiyi ikinci arqumentə görə, yetərincə sübut olmadan inanmaq əxlaqi baxımdan ona görə yanlışdır ki, inancın doğurduğu qüsurlu praktikalar bizi diqqətsiz və sadəlövh inanclılara çevirir. Klifford bunu çox gözəl şəkildə ifadə edib:

“Heç bir real inanc necə səthi və dağınıq görünməsindən asılı olmayaraq həqiqətən əhəmiyyətsiz ola bilməz; o bizi ona oxşar inancları daha çox əldə etməyə təhrik edir, əvvəllər mövcud olmuş onlara bənzər inancları təsdiq etdirir, digərlərini zəiflədir; və o bizim ən məhrəm düşüncələrimizin gizli qatarına minməklə ən sonda aşkar qəzaya səbəb olur, beləliklə, bizim xarakterimizdə silinməz izlər buraxır”.

Kliffordun xəbərdarlığını bizim bir-biriylə əlaqəli bugünkü dünyamıza transformasiya edək. Onun demək istədiyi budur ki, kor-koranə inanmaq bizim saxta xəbər təşfiqatçıları, konspirologiya nəzəriyyəçiləri və şarlatanlar üçün asan yemə çevirir. Və bizim özümüzü bu cür yanlış inancların daşıyıcılarına çevirməyimiz əxlaqi cəhətdən yanlışdır, çünki öz gözlərimizlə gördüyümüz kimi, buraxılan səhvlər cəmiyyət üçün faciəvi ola bilər. Epistemik sayıqlıq indi heç vaxt olmadığı qədər dəyərli məziyyətdir, çünki təhlükəli informasiyanı ələkdən keçirməyin vacibliyi çox mühüm olub və sadəlövhlüyə qurban getmək indi cəmi smartfona barmaqla bir-iki dəfə toxunmaq qədər yaxındır.

Kliffordun dəlil-sübut olmadan inanmağın əxlaqi cəhətdən yanlış olması barədəki üçüncü və sonuncu arqumentinə görə isə, inancın kommunikatorları kimi bizdə kollektiv biliyi çirkləndirməmək kimi bir məsuliyyət olmalıdır. Kliffordun dövründə ümumi biliyin “dəyərli anbar”ında bizim inanclarımızın bir-birinə hörülməsi əsasən nitq və yazı yolu ilə mümkün idi. Kommunikasiyanın bu cür üstünlüyü sayəsində “bizim sözlərimiz, deyimlərimiz, formalarımız, proseslərimiz və düşüncə metodlarımız” “ümumi mülkiyyət”ə çevrilib. Onun dediyi kimi yanlış inanclar əlavə etməklə, bizim bu “ailə yadigarı”nı korlamağımız əxlaqsızlıqdır, çünki hər bir kəsin həyatı nəticə etibarilə bu fundamental, müştərək mənbəyə əsaslanır.

Kliffordun sonuncu arqumenti həqiqət kimi səslənir səslənməyinə, amma yenə də bizim hər xırda yanlış inancımızın müştərək biliyə əxlaqi cəhətdən xələl gətirdiyini demək, mübaliğə kimi görünür. Amma bununla belə bugünkü reallıq bir daha Kliffordun dedikləriylə səsləşir və indi artıq onun sözləri kahincəsinə səslənir.

Bu gün həqiqətən də bütün fəaliyyətlərimizin əlavə olunduğu qlobal bir inanc bazası var: bu, Böyük Məlumat Bazası (“Big Data”) adlanır. Ola bilər ki, sən “Tvitter”, yaxud “Facebook”un aktiv istifadəçisi deyilsən: lakin bizim real dünyada etdiklərimiz getdikcə daha çox qeydə alınır və digitallaşdırılır, belə olan zaman alqoritmlər bizim öz fikrimizi səsləndirməzdən əvvəl nəyə inandığımızı asanlıqla göstərə bilər. Öz növbəsində alqoritmlərin istifadə etdiyi bu nəhəng ümumi inanc bazası bizim üçün və bizim haqqımızda qərarlar qəbul edə bilər. Bu, bizim axtarış mühərriklərində cavablar axtardığımız və yeni inanclar əldə etdiyimiz eyni bazadır. Böyük Məlumat Bazasına yanlış məlumatlar yerləşdirsən, qarşına çıxan da zəhərli nəticələr olacaq (“Nə tökərsən aşına, o da çıxar qarşına”).

Əgər tənqidi düşüncənin əxlaqi imperativ, sadəlövhlüyün isə dəhşətli günah sayılacağı bir dövr olacaqdısa, o dövr indidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR