Fiziki kultura mədəniyyət fenomeni kimi

Sənət
Photo

Fiziki kulturanı insanın fiziki təbiətinin uzantısı hesab edə bilərik. İctimai düzən hər insandan bir sıra fəaliyyət növü tələb edir. Bu tələblərin bir çoxu insan bədəninin fiziki təzahürləriylə əlaqəlidir. Normal və sağlam insan məkan daxilində hərəkət edir, əşyalardan fiziki gücün köməyiylə istifadə edir, nitq vasitəsiylə ünsiyyət yaradır, ona müəyyən mimikalar və jestikulyasiyalar xasdır; insan toplumunda fiziki vərdiş, məşq, bacarıq tələb edən çoxlu sayda peşə və məşğuliyyət mövcuddur.

Mədəni yaradıcılığın digər formaları kimi fiziki kultura da tarixən dəyişkəndir. Müasir fiziki kulturanın təməlində, ilk olaraq ev şəraitində öyrədilən fiziki hazırlıq durur və bu tərbiyənin əsas məsuliyyətini valideynlər daşıyır. Bu hazırlıq daha çox özlüyündən meydana çıxsa da, onun gələcək mədəni dəyəri çox böyükdür, belə ki, bu hazırlıq uşaq bədənində, hərəkətlərin koordinasiyasının və artikulyasiya aparatının inkişafını təmin edir. Başqa sözlə desək, bu proses uşağa, doğma dilin, düzgün yeriməyin, əşyaları dəyişməyin, gigiyenik qaydaların, cinslərə və yaş mərhələlərinə görə davranmağın öyrədilməsini özündə ehtiva edir.

Ev şəraitində baş tutan fiziki hazırlığın tərkibi və diapozonu minilliklər ərzində formalaşıb. İbtidai kultura dönəmində belə, artıq fiziki tərbiyə ənənəsinin ilkin elementləri mövcud idi. İbtidai insanlar gənc insanların dözümünü, gücünü, cəldliyini yoxlayıb inkişaf etdirəcək mərasimlər keçirirdilər. Bu normalar ibtidai cəmiyyət içində böyük sayğıyla qarşılanırdı. Qədim fiziki kulturanın əsas elementlərinə nigah ənənəsiylə bağlı davranışları, uşaq doğumunu, uşaqların tərbiyəsini, xalq oyunlarını, yararsız təbii faktorlarla mübarizəni, ömrü uzatmaq üçün aparılan araşdırmaları (qida seçimi, xalq təbabəti) da aid edə bilərik. Görünür ki, bu fəaliyyətlərin əsas məqsədi nəslin möhkəmlənməsi, ailənin qorunması idi.

Sonralar, əski fiziki tərbiyə ənənəsinin əsasında antik fiziki kultura formalaşmağa başladı. Bu kultura antik dünyaduyumun əsas özəlliklərini ifadə edirdi. Azad insanlar (əvvəl belə insanlar təkcə irsi aristokratiya arasından çıxırdı) öz fiziki ləyaqətlərini şöhrətləndirməyə çalışırdılar. Rəqabət ruhu ilkin olimpiya oyunlarında üzə çıxdı. Aristokrat, yumruq döyüşüylə, qaçışda iştirak etməklə və mübarizəylə digər insanları idarə etməyə haqqı çatdığını isbat edirdi. Bədənin inkişafı və mükəmməlləşdirilməsi antik epoxanın ən əsas dəyərlərindən biri idi. Antik insanların düşüncəsinə görə, bədənin gözəlliyi mərdlik, alicənablıq və digər mənəvi keyfiyyətlərlə qırılmaz sürətdə bağlıydı. Antik yunanlar yüksək mənəviyyat və fiziki inkişaf idealına kalokaqatiya deyirdilər (hərfi mənası “gözəl və xeyirxah”dır). Onların inamına görə, gözəl və fiziki baxımdan güclü olan insanlar gərək həm də ağıllı və xoşxasiyyət olmağa çalışaydılar: bu keyfiyyətlər arasında yaranacaq konflikti, ziddiyyəti ağlasığmaz hesab edirdilər.

Vücud kamilliyinin yüksək mədəni statusu, fiziki hazırlığı təhsilin zəruri komponentinə çevirdi. Qədim yunan məktəblərində təhsil alan oğlanlar böyük müəllimlərinin köməkliyiylə gimnastika və antik beşnövçülüklə (qacış, uzağa tullanma, disk atma, nizə tullama, güləş-tərc.) məşğul olurdular. Spartada verilən fiziki tərbiyə hərbi məqsəd daşıyırdı, ancaq demokratik Afinada fiziki kulturanın əsas hədəfi fərdin harmonik şəkildə formalaşması idi. Olimpiya qaliblərinin timsalında bu ictimai idealın təcəssümünü görürdülər.

Antik yunanların intellektual və əxlaqi inkişafla birgə həyata keçirilən mərhələli fiziki tərbiyə sisteminin oxşarı, qədim Hindistanda Xatxa-yoqanın, qədim Çində isə Çiqun məktəbinin timsalında yayılmağa başladı.

Orta əsrlərdə antik fiziki hazırlıq dəyişikliyə məruz qaldı, bəzi elementləri ayrılıb müstəqil və peşəkar (hərbi-tətbiqi məşğuliyyətə) sahələrə çevrildilər. Dini şüurun doğuluşu və dominantlığı nəticəsində insan bədəninə qarşı, antik baxışların əksi olan fərqli münasibət meydana gəldi. Məsələn, xristianlıq, müsəlmanlıq və buddizm asketizmin xüsusi praktikalarını (zahidlik, əzabkeşlik, pəhrizlər, uzunmüddətli meditasiyalar və s.) işləyib hazırladılar. İnsan bədəninin dəyəri ruhun xeyrinə inkar olunmağa başladı, bu dövrdə ruh və bədən bir-birinə qarşı qoyulurdu. Ruh uca və işıqlı, bədən isə rəzil və günahkar sayılırdı.

Orta əsr fiziki kulturasının əsas məqsədi ruhu bədənin anlıq tələbatlarından xilas etməyin üsullarını yaratmaq, müdrikliyi, bəsirət qabiliyyətini və mistik təmizlənməni kultivasiya etməsiydi. Bu ağır, zəhmətli fəaliyyət az sayda insana fərdi mənada müqəddəslik bəxş etsə də, kütləvi təsəvvürü çılpaq bədəndən utanc duymaq, bədənin təbii istək və təzahürlərini eyib saymaq yönündə formalaşdırdı. Fiziki qüvvə, gözəllik, əqli və əxlaqi üstünlüklər fərqli kateqoriyalara bölündülər. Bu özəlliklərin bir insanda birləşməsi möcüzə kimi qəbul edilirdi (Böyük filosof Foma Akvinskinin yaraşığına və gücünə heyran qalan insan kütləsinin onun arxasınca gəzməsi barədə xronikalarda söhbət açılır). Orta əsr təfəkkürü qadın gözəlliyində şeytani ehtirasın, xarici görünüşün qeydinə qalmaqda isə günahkar meyllərin, faniliyin təcəssümünü görürdü.

Yeni və ən yeni dönəmlərlə birgə fiziki kulturanın da növbəti mərhələsi yaranmağa başladı. Dünyanın müxtəlif regionlarının bir-biriylə daha yaxın və sıx əlaqələr yaratması, əvvəlcə müxtəlif fiziki kulturaların təsirlənməsinə, sonra isə sintezinə gətirib çıxardı. Müxtəlif elmlər (tibb, biologiya, psixologiya, pedaqogika) vasitəsiylə fiziki kulturanın rolu və anlamı nəzəri olaraq əsaslandırıldı və təcrübədə təsdiq olundu (ictimai və fərdi təlim-tərbiyədə, hərbi hazırlıqda).

Müasir sivilizasiyamızda elmi təfəkkürün prioritet olması insan bədəniylə bağlı stereotiplərin dağılmasına gətirib çıxardı. İnsanlar sağlam həyat tərzinin və bədənin dəyərini daha yaxşı anlamağa başladılar. Eyni zamanda da inkişaf edən texnologiya fərdi və ictimai gigiyenanın yaxşılaşmasına, qidaların zənginləşməsinə, bir çox xəstəliklər üzərində qalibiyyətə səbəb oldu.

Müasir insan daha hündürboyludu və əcdadlarından daha uzun ömür sürür. Ancaq uyqar həyatın da öz təhlükələri mövcuddur. Hipodinamiya (hərəki aktivliyin məhdudluğu), artıq qidalanma, stress, ətraf mühitin ekoloji çirklənməsi də aclıq, antisanitariya və ağır əmək qədər təhlükəlidir. Buna görə də bir çox inkişaf etmiş ölkələrdə, idmanla mütəmadi məşğul olmaq, aktiv şəkildə sağlamlığın qeydinə qalmaq və gigiyena qaydalarına diqqətlə riayət etmək mədəni insanın əsas özəlliklərindən sayılır. Yüksək həyat standartına yiyələnmək istəyən və peşə inkişafının qeydinə qalan hər kəs, spirtli içkilərdən, narkotik və tütün məmulatlarından uzaq olmalıdır.

Fiziki özəlliklərin inkişafı tarixin də göstərdiyi kimi müxtəlif istiqamətlərdə gedə bilər. Ancaq bədən gözəlliyi barədə ümumi təsəvvürlər universal prinsiplərin və uyqarlığı əmələ gətirən təməllərin necəliyindən asılıdır. Keçən əsrdə, xüsusi məşqlər vasitəsiylə fiziki bacarıqlara yiyələnib birbiriylə yarışan insanların iştirak etdiyi kütləvi əyləncə fenomeni – idman yarışları ortaya çıxdı. Aydın məsələdir ki, professional idmanda idmançıların yarışlarda qalib olması üçün təkcə xüsusi məşq metodikaları bəs etmir, onlar həm də kimyəvi-farmakoloji vasitələrdən istifadə edirlər. Ancaq bu vasitələr insan orqanizmi üçün çox təhlükəlidir. Müasir insanların bu qədər çox xoşlandığı dürüst idman rəqabəti, çox zaman siyasətin, biznesin və ideologiyaların təsiriylə korlanmaya məruz qalır. Ancaq bütün bu çatışmazlıqlara rəğmən, idmanın inkişafı fiziki kulturamızı aktiv şəkildə təsirləndirir, sağlam həyat tərzinin yayılmasına və insanların daha yüksək fiziki standartlara yiyələnməsinə rəvac verir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR