Məhəbbətin adı

Alan Laytman

Sənət
Photo

Alan Laytman Massaçusets Texnologiyalar İnstitutunda professor olub, o həmçinin “Eynşteynin röyaları”, “Diaqnoz” kimi bədii əsərlərin müəllifidir. Laytmaan həm bir elm adamı, həm də ədəbiyyatçı kimi şöhrət qazanıb. Onun bədii ədəbiyatla elm arasındakı fərqdən bəhs edən maraqlı məqaləsini təqdim edirik.

Karyeram boyunca mən həm fizik, həm də romançı kimi çalışmaq imkanı qazanmışam. Hər iki icmanın üzvü olmaqla isə, mən onların işləmək, fikir ortaya çıxarmaq, həqiqətə yanaşmaq yollarına məftun olmuşam.

Ümumilikdə fiziklərlə romançılar, elm və sənət icmaları arasındakı vacib fərqi mən “adlandırmaq” kimi xarakterizə edərdim.

Kobud desəm, elm adamı nəsnələri adlandırmağa çalışır, sənətkar isə adlandırmaqdan qaçır.

Bir şeyi adlandırmaqdan ötrü sən onu toplamalı, distillə etməli, saflaşdırmalı və onu dəqiq, aydın şəkildə identifikasiya etməyə cəhd etməlisən. Götürək elə “elektron” kəlməsini. Bildiyimiz qədərilə kainatdakı saysız-hesabsız elektronların hamısı eyni cürdür. Cəmi bircə növ elektron mövcuddur. Modern bir fizik üçün isə elektron kəlməsi məxsusi bir tənliklə – sahə hesablamarındakı Dirak tənliyi ilə ifadə olunur.

Dəqiq riyazi və kəmiyyət nöqteyi nəzərindən tənlik özlüyündə elektronlarla bağlı hər şeyi – hər cür qarşılıqlı təsiri, xüsusi maqnetik və elektrik sahələrində elektronların səmt dəyişmələrini, fırlanmalarını, elektronların kiçicik təsirlərini və onların heç nədən ortaya çıxan və təzədən yox olan zidd hissəciklərini ehtiva edir. Gerçək mənada “elektron” Dirak tənliyi ilə əlaqədardır. Nəsnələri bu cür adlandırmaq elm adamları üçün böyük rahatlıq, güc hissi və nəzarət duyğusu deməkdir.

Romançıların tabeliyində olan obyekt və konsepsiyalar isə adlandırıla bilməzlər. Romançı “məhəbbət” və “qorxu” kəlmələrindən istifadə edə bilər, lakin bu isimlər oxucu üçün məfhumları o qədər də qısaltmır və ifadə etmir. Təkcə ona görə ki, məhəbbətin yüzlərlə növü var. Anaya olan sevgini götürək, evdən ayrı qaldığın ilk bir ay müddətində o sənə hər gün məktub yazır, sonra anaya olan elə bir sevgi də var ki, sən universitet balından sonra evə içkili halda səndələyərək girəndə o, əvvəlcə səni möhkəm danlayır, sonra da səni qucaqlayır. Təzəlikcə aşiq olduğun kişiyə, yaxud qadına duyduğun sevgi hissi var, yaxud da həyat yoldaşından yenicə ayrıldıqdan sonra sənə hər cür dəstək verə biləcəyini deyən dosta olan sevgi var. Amma sevginin müxtəlif növlərinin olması onun romançıya nəsnələrin əsl adını verməyə mane olduğu mənasına gəlmir. Öz növbəsində, bu da həqiqətdir ki, sevgi hissi – minlərlə müxtəlif sevgi növünün özünəməxsus duyğusu – oxucuya onları adlandırmaqla yox, qəhrəmanların davranışları vasitəsilə ötürülüməlidir.

Əgər sevgi adlandırılmaqdansa, göstərilsə, hər bir oxucu onu təcrübədən keçirəcək, bundan əlavə o, onu özünün bildiyi kimi başa düşəcək. Hər bir oxucu özünün sevgi sahəsindəki macəralarını və bəxtsizliklərini özünün bildiyi kimi yozacaq. Hər elektron eyni cürdür, amma hər sevgi eyni cür deyil.

Romançı bu fərqlilikləri aradan qaldırmaq istəmir, sevginin mənasını dəqiqləşdirmək və distillə etmək istəmir, çünki sevgidə Dirak tənliyində olduğu kimi təkcə bir məna yoxdur, çünki heç bir distilləmə sevgini ifadə edə bilməz. Belə bir distilləməyə edilən cəhd oxucuların “reaksiyalarının” həqiqiliyinə xələl gətirə, yaxşı bir kitabı oxuyan yaxşı oxucunun kövrək, yaradıcı təcrübəsini məhv edə bilər. Müəyyən mənada əgər bir roman axıradək oxunmayıbsa, deməli, yarımçıqdır. Hər bir oxucu da romanı müxtəlif yollarla tamamlayır.

Adlandırmaq və adlandırmamaqla bağlı daha bir nümunə verəcəyəm. İcazə verin elmi izahlı yazıyla təqdim edim. Elmdə olduğu kimi izahlı yazı dünyaya məhdud və əsaslandırılmış şəkildə yanaşır. Əgər sənin hansısa mövqeyin, yaxud arqumentin varsa, sən həmin arqumenti məntiqli addımlarla qurursan, oxucunu hər bir müddəana inandırmaqdan ötrü faktlar və sübutlar gətirirsən. Bizə öyrədiblər ki, izahlı yazıda hər bir paraqrafa mövzuyla əlaqədar cümləylə başlamaq faydalıdır. Mövzu cümləsi nəticə etibarilə paraqrafın ideyasını əsas mövzuyla əlaqələndirir. Beləliklə, sən oxucuya paraqrafda nəyi öyrənəcəyini və başa düşməkdən ötrü onun düşüncələrini sırayla və struktur halında necə təşkil olunacağını deyirsən.

Bədii ədəbiyyatda isə mövzu cümləsi işlətsən, batarsan, çünki bədiiyatın gücü onun emosionallağında və hissiyatlı olmasındadır. Sən oxucunun sənin yazdığını hiss etməsini, qoxlamasını, eşitməsini və yaratmaqda olduğun səhnənin bir parçası olmasını istəyirsən. Hər bir oxucu həyat təcrübəsindən asılı olaraq, yazanda müxtəlif cür səyahət edəcək. Amma əgər mövzu cümləsi ilə başlasan, oxucunu təsəvvür etmək imkanından, paraqrafı isə onun açmaq istədiyi yaradıcılıqdan məhrum etmiş olarsan.

Fərq bədən nöqteyi nəzərindən də ifadə oluna bilər. İzahlı yazıda sən oxucunun beynini qazanmaq istəyirsən. Yaradıcı yazıda isə beyindən keçərək düppədüz qarına, yaxud da ürəyə yönəlmək istəyirsən.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR