Heyvanlar niyə gülmür?

Bio-elm
Photo

Əslində onlar həm gülür, həm gülümsəyirlər

Ən azından, bir çox növü. Gəlin əvvəlcə heyvan gülüşü yaxud təbəsümünün nə olduğunu aydınlaşdıraq. Mövzunun analizi üçün müqayisə nümunəsi kimi insan təbəssümünü nəzərdə tutacağıq. Bəs, insan gülüşüylə heyvan təbəssümü arasında müqayisə aparmağın düzgünlüyünə nə zəmanət verir? Biologiyada homoloji struktur anlayışı var. Müqayisəli növlərin ümumi əcdadlarında, məsələn, sonradan insan əlinə və quş qanadına çevrilən orqanlar olub. Eyni əcdaddan irsi yolla uzanan homoloji genlərin olması ehtimalı da var. Ona görə də irsi yolla varlığını sürdürən bir çox davranışları da homoloji hesab edə bilərik.

Bəlkə meymunun və itin diş ağartması sadəcə görünüşcə insan təbəssümünə bənzəyir, bir birindən ayrı və müstəqil şəkildə formalaşıblar? Bəlkə heç onları homoloji saymaq doğru deyil (biologiyada bu cür əlamətlər analoji adlanır)? Əgər doğrudan da belədisə, onda meymunların təbəssümünə “insani” anlam yükləmək yanlışdı.

Lakin, orqanların nə dərəcədə homoloji olduğunu öyrənmək üçün bioloqların bəlli kriteriyaları var. Eyni kriteriyalar əsasında davranışların formalarını və homoloji yaxınlığını da müəyyən etmək mümkündür. Bundan əlavə, əgər bu və ya digər davranış forması beynin oxşar neyron toxumalarından qaynaqlanırsa, o zaman bu davranışları da homoloji saymaq olar. Məsələn, quru uzərində yaşayan bütün onurğalılarda qaşınma refleksi homolojidir – qurbağalar da, ayılar da, insanlar da qaşınır. Son illərdə mövzuyla əlaqəli daha geniş imkanlar ortaya çıxdı, məsələn, pozitron-emission tomoqrafiyanın köməkliyilə, müxtəlif davranışlar zamanı beynin hansı bölgələrinin aktivləşdiyini öyrənmək və müxtəlif növlər arasındakı “oxşarlığı” aydınlaşdırmaq daha çox asanlaşıb.

Meymunlar, itlər və siçovullar gülürlər

Homoloji davranışlar barədə bu və digər metodlar əsasında aparılan araşdırmalar doğru qənaət hasil edib: Oranqutanların, şimpanzelərın və qorillaların gülümsəyib-gülməsi dəqiq şəkildə isbat olunub. Eynisini, haqlı olaraq itlər üçün də söyləyə bilərik. Gözlənilməzdir ki, siçovullar da gülür! Sadəcə onların gülüşü o dərəcədə nazik və aşağı tezlikdə səslənir ki,- 50 kHs ultrasəs – xüsusi cihaz olmadan insan qulağının o səsləri qəbul etməsi qeyri-mümkündü. Adətən siçovul balaları birgə oynadıqda, yaxud bir-birini oyuna “çağırdıqda” “gülüşürlər”.

Uşaqları olan hər kəsin bildiyi kimi, çağalar anadan olduqdan bir ay sonra artıq gülümsəməyə başlayırlar (buna “sosial təbəssüm” deyilir). Uşaq, insan çöhrəsi (hətta üzün sxemini belə) gördükdə gülümsəyir. Hətta, kar-kor halda doğulan uşaqlar da zamanı gələndə gülməyə başlayırlar. Məhz buna görə də, təbəssüm və gülüş davranışın anadangəlmə formaları hesab olunur.

Mehriban diş ağartma

Heyvanlar da insanlar kimi öz mehribalıqlarını göstərmək istəyəndə təbəssüm göstərirlər. Maraqlıdır ki, elm təbəssümün – mahiyyətcə, aqressiyanın ifadəsi olan diş ağartmanın bir növü, “mehriban” diş ağartma olduğunu güman edir ( “mehriban dişağartmanın” “sublimasiya olunaraq” daha da mürəkkəbləşən və insan cəmiyyətində məhz aqressiv duyğunun incəlmiş formalarını ifadə edən ironiyanı, sarkazmı, iztehzalı gülüşü və digər oxşar təzahürləri xatırlayın!). Gülümsəyən canlı dişlərini ağardaraq sanki belə demək istəyir: “Səninlə xoş davrana bilərəm, ancaq, istəmirəm!”. Bu cür dərin arxaik meyllər barədə böyük etoloq Konrad Lorens də düşünmüşdü. Təbəssüm öz kökündə, sonradan salamlaşma duyğusuna çevrilən rituallaşmış təhdiddir. Təbəssümü həmçinin “dişsiz dişləmə” adlandırmaq da olar. Yeri gəlmişkən, təbəssümlə dişləmə arasında orta davranış formaları mövcuddur. Məsələn, iki-üç yaşlı uşaqları və küçükləri qıdıqlayarkən, onlar həm gülür, gülümsəyir, həm də eyni zamanda adamı dişləməyə can atırlar – bu cür davranışa “oyun” dişləməsi deyilir. Əylənməkdən ötrü bir-birinə hücum edən heyvanlar arasında gülüşmənin yarandığı müşahidə olunub. İnsanabənzər meymunları qıdıqlayanda, bizim gülüşümüzə bənzər səslər çıxarırlar.

Maraqlıdır ki, gülüş və təbəssüm, döyüş zamanı bir-birinə ciddi zorakılıq, şiddət göstərən sosial heyvanların atributudur. Və məhz oyun hücumdan fərqlənsin, gərək duyulmayan zamanda şiddət ortaya çıxmasın deyə, gülüşə və təbəssümə ehtiyac var. Buna görə də planetin müxtəlif bölgələrində yaşayan insanlar, səmimi təbəssümü asanlıqla ayırd edir və onu ironik, təhdidedici dişağartmadan tez zamanda fərqləndirirlər.

Gülümsəyin, cənablar, gülümsəyin

Gülüş və təbəssümün digər funksiyaları da var. Bəziləri barədə söhbət açaq.

Siçovulların güldüyünü kəşf edən Yaak Panksepp belə yazır: “Gülüş – ətrafdakı insanlarla yaxşı yola getməyin və müsbət xarakterin göstəricisidir; buna görə də gülən siçovullar öz aralarında baş verən oyunlarda yaxşı partnyor kimi seçilirlər və bu oyunlar bəzən cütləşməklə bitir. Tovuzquşunun gür quyruğa sahib olması onun fiziki sağlamlığından xəbər verdiyi kimi, gülüş də psixi sağlamlığın göstəricisi sayılır”. Buna görə də alimlər gülüşün cinsi seçmə zamanı mühüm faktor olduğunu düşünürlər (oğlanların ciddi və qəmgin qızlarla müqayisədə şən və gülümsər qızlardan daha çox xoşlandığı faktını xatırlayın. Görünür, buna görədir ki, əksər qızlar sırf qadın qonaqlığında olduqları zaman nadirən ucadan güldükləri halda, küçədə gəzərkən, nəqliyyatda olarkən və gecə klubunda əylənərkən “instinktiv” olaraq, ya da qəsdən bərkdən gülürlər). İnsanlarda yumorun məhz cinsi seçmə prosesi boyunca üzə çıxması və inkişafı barədə irəli sürülən hipotezin də doğruluq ehtimalı var.

Tez-tez gülən siçovulun həm fiziki, həm də psixi olaraq bir o qədər sağlam olduğu müəyyən edildi. Görünür bu faktda, hansısa “gizli çevrə” prinsipi işləyir: siçovul nə qədər sağlamdırsa, o qədər çox gülür, digər tərəfdən, nə qədər çox gülürsə, bir o qədər sağlamlaşır. Gülüşün sağlamlığına müsbət təsiri isbat olunub. Bu prinsip siçovulda olduğu qədər, insan psixikasında da işə yarayır. Məsələ burasındadır ki, heyvan və insanların bir çox əsas emosiyaları beynin qədim bölgələrindən qaynaqlanır. Bu emosiyalardan biri məmnuniyyət hissidir. Heyvan müsbət xarakterli stimulla qarşılaşdıqda (məsələn, dadlı qida yedikdə) onun beynində “mükafatlandırma sistemi” aktivləşir və neyromediator dofamin ifraz olunur. İnsanlar kimi heyvanlar da bu proses nəticəsində məmnuniyyət hiss edirlər. Heyrətləndirici olan budur ki, heyvanlar və biz gülərkən (hətta, biz və onlar qıdıqlandıqda belə) də beynimiz dofamin ifraz edir. Siçovullar yemək əldə etməkdən ötəri onlar üçün hazırlanan çalışmaları həyata keçirərkən göstərdikləri həvəsi, eyni dərəcədə qıdıqlanmaq üçün də nümayiş etdirirlər.

Özgüvən əldə etməyin qısamüddətli “reseptini” çox insan bilir: əgər güvənsizlik və ruh düşkünlüyü hiss edirsənsə, çiyinlərini düzəlt və başını dik, yuxarıya doğru saxla. Bir müddət sonra ruh düşkünlüyünün keçdiyini hiss edəcəksən. Dilxorluğa, pis əhval ruhiyyəyə gəldikdəsə, hər şeyə rəğmən gülmək əhvalı yüksəldə bilər. Ona görə ki, hətta qəsdən gülümsədikdə belə bizim beynimizdə dofamin ifrazı başlayır və bu fəaliyyət psixikamızda müsbət emosiyalar oyadır.

Mənbə: Naked sciense.ru

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR