Özünü yetişdirmiş adam

Ben Miller

Hər şeydən biraz
Photo

Ben Miller tanınmış ingilis komediya aktyoru və rejissoru olmaqla yan-yana həm də Kembric universitetindən fizika məzunu və elm aşiqidir. Kino karyerası ərzində ilk eşqi olan elmə də zaman ayıraraq, elmi-kütləvi mövzuda bir neçə əyləncəli kitab ərsəyə gətirib.

Gəlmiş-keçmiş ən böyük elm adamlarının asosial inəklər olduğunu düşünürsüzsə, Edvin Habbl (Edvin Hubble,-tərc.) barədə bilgilənməlisiz. Habbl ehtimal ki, Qalileydən bu yana gördüyümüz ən önəmli astronom olmaqla yan-yana, Ernest Heminqueyi yumruq davasında xurd-xəşil edə biləcək, dördkünc çənəli bir atletiydi. Üstəlik, elm adamları arasında, bütün kosmos haqqındakı fikirlərimizi bir dəfə deyil, düz iki dəfə dəyişdirməyi bacarmasıyla seçilir.

1910-1913-cü illər arasında Oksfordda keçirdiyi üç il boyunca Rodes təhsil təqaüdü alan bu gözalıcı tələbəylə tanış olsanız, Queens College universitetində oxuyan bu gənc hüquq tələbəsinin yüksək təbəqəninkinə bənzər İngilis aksentinə, örtüyünə və əl ağacına baxaraq ən bəhrəli Avropa əsilzadələr nəslindən gələn aristokrat olduğunu təxmin edə bilərdiz. Habblın boy-buxunundan və atletik qabiliyyətlərindən tutmuş, özgüvənli hərəkətlərinə qədər hər cəhəti “Mən seçilmiş və əsilzadəyəm” deyə bağırırdı. Əslindəsə nəsil-nəcabəti Missurili kiçik çaplı əkinçilərdən əmələ gələn uzun keçmişə söykənirdi və olsa-olsa alma piroqu qədər Amerikalı sayılardı. Qonaq otaqlarında baş verən duellər və ağır çəkili boks yarışları haqqındakı quyruqlu yalanlara meylli olan və öz-özünə təcrübəli bir astronom olmağı öyrənən Ed Habbl hər baxımdan özünü yetişdirmiş insan idi.

Atletizm meydanlarından və qonaqlıqlardan doyub həvəsini yatışdırandan sonra gənc Habbl fövqəladə inkişaf göstərdi. “Nebula” adlandırılan xüsusi və parlaq bir “bulud”a mehr saldı. Həmin dövrlərdə kosmosun Süd Yolundan ibarət olduğu düşünülürdü. Yüz düymlük Hooker Teleskopunu Cənubi Kaliforniyadakı Uilson Dağının təpəsində quraşdırıb uzun, soyuq gecələr boyunca dayanmadan çalışan Habbl bunun əksini isbat etdi. Bəzi nebulaların yaxınlıqdakı qazlardan əmələ gələn kiçik parlaq kütlələrdən ibarət olmadığını göstərdi. Bu nebulalar əslində eynilə Süd Yolu kimi ayrıca qalaktikalar idilər və üstəlik də bizdən milyonlarca işıq ili uzaqdaydılar. Ed Habbl kainatı kəşf etmişdi.

Bəlkə də xeyli insan bu işi elə bu mərhələdə də buraxardı, ancaq Habbl sizin də təxmin etdiyiniz kimi əksəriyyətə bənzəmirdi. Qalaktika üstünə qalaktikalar tapdı və onların yaydıqları işığın necəliyini, növünü analiz etdi. Təsadüfə bax ki, hər atom və molekul yaydığı işıq baxımından xarakteristik “barkoda” malikdir. Məsələn, sodiumlu küçə lampası aydın şəkildə təzahür edən sarı tonda işıldayır. Qalaktikalarda bolluca yayılan hidrogen isə spesifik ultrabənövşəyi şüalanma yayır. Habbl bu “barkodların”, yəni spektrlərin “qırmızımtıl” olduğunu sezmişdi. Başqa sözlə desək, barkodlar bu spektrin qırmızıtəhər, yəni aşağı tezlikli ucuna doğru sürüşürdü.

Bir cisimdən gələn işıq əgər qırmızıtəhərdisə, bu adətən həmin cismin uzaqlaşdığını bildirir. Bildiyiniz kimi, əgər qatar yanınızdan ötüb keçərkən düdüyünü çalırsa, sizə yaxınlaşarkən düdüyün səsi daha qulaqbatırıcı, kəskin, zil eşidilir, uzaqlaşarkənsə getdikcə alçaqlaşır, aşağılaşır. Bunun səbəbi Doppler təsiridir, bu yanaşmaya görə, dalğa qaynağı sizə doğru gəlirsə, dalğalar bir-birinə sıxılır və beləliklə daha yüksək tezliyə sahib olur, əgər uzaqlaşırsa, dalğalar daha elastiki hala gəlir və tezlikləri daha aşağı olur.

İşıq da dalğadır; dolayısıyla uzaq qalaktikalarda hidrogenin yaydığı işığın olması gərəkəndən daha aşağı tezlikdə tapılması, bütün bu qalaktikaların bir-birindən uzaqlaşdığını göstərirdi. Habbl eyni zamanda qalaktikadan uzaqlaşdıqca işığının daha qırmızımtıl olduğunu və dolayısıyla geri çəkilmə sürətinin daha yüksək olduğunu tapmışdır. Habbl, kainatın sabit olmadığının fərqinə varmışdı. Bütün qalaktikalar bir-birindən uzaqlaşır və uzaqlaşdıqca da sürətləri artır. Və bu filmi geriyə çevirdiyinizdə, hamısının bəlli bir başlanğıc nöqtəsindən hərəkətə keçmiş olduğu barədə qənaət aydınlığa çıxırdı. Beləliklə, Habbl Böyük Partlayışı (Big Bang) kəşf etmiş oldu.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR