“Kişilər qadınlara, qadınlar kişilərə bənzəməz”

Emosional İntellekt
Photo

Seksuallıq bizi müstəqilliklə asılılıq arasında saxlayır

Bu gün hava gözəl idi və pasientim Karina ilk dəfə qısa paltar geyinmişdi və bu ona çox yaraşırdı. Dağınıq buraxdığı saçları çöhrəsini daha cazibəylə vurğulayırdı. Həmişəki kimi sualla başladı. Sevgilisi Jeremi ilə söhbət edərkən, onun nəsə gizlətdiyini hiss etmiş, sevgilisi də “ Yaxşı, şəfqət, sevgi önəmlidir, anlayıram, ancaq ən önəmlisi cinsi həyatdır” deyərək, onun mövqeyinə qarşı çıxmışdı. Karinenin ağlında qurduğu birgəyaşayış və bərabərlik nəzəriyyəsi beləcə, yenidən və anidən qeyri-müəyyənləşməyə başlayıb. Bu söhbəti yaxın dostlarıyla paylaşdıqdan sonra, sevgilisinin bu etirazının fərqli olduğu, şəhvaniyyəti daha çox vurğuladığı və maskulin dünyagörüşdən doğduğu qənaətinə gəlmişdi. Karina məndən soruşdu: “Qadınla kişi arasında hələ də fərqlər qalırmı?”. Bu sadəlövh sual kimi görünsə də, soruşulmağa dəyərdi. Ancaq indi sözügedən fərqin bizi çox uzaqlara aparacaq genetik və mədəni köklərini dartışmaqdan ehtiyatla yayınacağıq.

Dovşan və tısbağa

Əvvəlcə, erkəklər üçün “təcili” sayılan prosesə diqqət yetirilməlidir. “Seksual həvəs” zamanı hər iki cins üçün eyni deyil. Kişi orqanizmində seksual xəbərdarlıq sürətlə yüksəlir və rahatlanmaq üçün basqın şəkildə cinsi birləşmə və orqazm axtaran gərginliklə ortaya çıxır. Qadınlarda isə bu yüksəliş onlarla müqayisədə xeyli yavaşdır, baxmayaraq ki, arzunun təmin edilməsini eyni cür gözləyirlər, lakin onlar üçün bu durum təcili xarakter daşımır. Qadınlar üçün adətən pozitiv bağlılıq zəruridir, bu da partnyorunun onu rahatlaması və ona güvən verməsidir. “Bu doğru fikirdi” deyə Karine təsdiqləyir. “Yaxşı, bəs bu qadınlıq ehtiyacı axı hardan gəlir?”. Kişilər eyni gözləntilərə ehtiyac duymurlarmı, eyni duyğulardan məhrumluğu hiss etmirlərmi? Yüzillərdi ki, qadınlar kişi şiddəti altında qurban vəziyyətindədilər. Bu durum, şübhəsiz qadınların kollektiv şüuraltısında öz təsirini saxlayıb. Onlar seksual duyğularını və şəhvani yaşantılarını, mühafizə zirehini soyunacaqları, zəifliklərini göstərəbiləcəkləri və partnyorlarına güvənəcəkləri bir münasibətdə yaşamağa ehtiyac duyurlar. Bu partnyor heç bir halda potensial təcavüzkar kimi duyulmamalıdı. Məhrəm duyğular və şəfqət bu güvənverici atmosferin yaranmasına rəvac verir, üstəlik maskulin arzunun şiddətini də bir az yumşaldır.

Qadınlar eyni zamanda uzun dönəmlər ərzində kişilər arasında dəyişmə əşyası olublar, bu da ittifaqların qurulmasına imkan verib. Ancaq günümüzdə bu hal artıq qadın qayğılarının ən güclü qaynağı sayılmır. Qadınlar cinsi doyum vasitəsi deyil, bir fərd kimi arzulanmaq istəyirlər. Duyğulu münasibətin varlığı, sevgilisi təzyiq göstərsə də belə, bu qorxunu yatışdırır.

Kişilik və həssasiyət: Qərarsız münasibət

Kişilər də həssasdılar. Stress yaradacaq vəziyyət onlar üçün ölümcül ola bilər: Ereksiya itkisi ya da erkən boşalmaq tez-tez bu cür streslərin səbəbi olur. Buna görə onların qorxuları fərqlidir. Kişiliklərində hər hansı bir qüsurun olmasından qorxurlar; bu da vərdişə çevrilmiş çözümü özüylə gətirir: “Bərabər olmayın.”

Əgər partnyorları doymuş, kifayətlənmiş görünürsə, hər şey qaydasındadır. Paradoksal olaraq bəziləri üçün həssaslıq, hətta qayğı mənbəyi ola bilər. Az sonra bunun səbəbini görəcəyik.

“Mən cinsi birləşmədə həssaslığımı elan edənədək normal idim” deyə Karina gileylənir. Doğru olduğunu qəbul edirəm, ancaq pasientimi normallıq barəsində narahat olmamağa çağırıram. Bir terapistə öz problemləri barədə söhbət açmaq onun xəstə olduğu anlamına gəlmir. Bu proses, hər şeydən öncə, seksuallığının torpaq altında qalmış hissəsini kəşf etməyi və onun haqqında yenidən düşünməyinə yardımçı olmaq məqsədiylə baş tutub. Bu cəhdimiz, sevgilisiylə fərdi şəkildə rahat yaşamağı üçündü.

“Bəs, kişilər üçün duyğulu sevişmə niyə bu qədər qarışıqlıq yaradır? Bəzən, həddindən artıq duyğunun kişiliyi təhdid etdiyinə dair fikrə qapılıram.”

Bu qəliz sual ətrafında dolanmaq, başladığımız yerə geri dönməyimizə səbəb olur. Oğlan və qız uşaqlar doğulduqlarında, analarıyla daxilən və xaricən eyni münasibətdə olurlar. Bir neçə ay sonra anadan qopuş və uşağın getdikcə güclənərək avtonomlaşması baş verir. Bu, həyat yollarının cinslərə görə bir-birindən ayrıldığı məqamdır. Kiçikyaşlı qızlar analarıyla olan duyğulu bağı qoruyaraq, daha çox cinsi xarakter daşıyan münasibət qurmaq məqsədiylə atalarına tərəf dönürlər.

Qızlar başdançıxarıcı simasında atalarının sevimlisi olmaq məqsədilə onların marağını çəkməyə çalışacaqlar. Atanın sağlam valideynlik duyğusuyla qüvvətlənən qeyri-cinsi cavabı bu məqamda sağlam və qoruyucu sərhəd çizir. Kiçik qız üçün bu keçici iqtidarsızlıq təməl yaşantıdı, beləliklə, böyüməyə və daha sonralar, təbii ki, yaşlı atasıyla deyil, sevgilisiylə bunun intiqamını almağa niyyətlənir. Bu təşkilati proses, qadının partnyorunun gözündə tək və yeganə olmaq arzusunun və başdançıxarma gücünün qadın şəhvaniliyindəki yerinin önəmini aydınlaşdırır.

Oğlan uşaqlarına gəldikdə, ssenari fərqlidir. Bacısı kimi o da anasıyla duyğulu bağ quraraq həyata atılır, fəqət qızdan fərqli olaraq bu münasibət getdikcə özündə cinsi elementlər daşımağa başlayır. Bu durumun qəlizliyi duyğulu münasibətin də, edipsayağı meylin də eyni sevgi obyektinə – anaya yönəlmiş olmasındadır. Kiçik oğlan ananın gücünə təslim olur. Bu cür formalaşan keçici yadlıq duyğusu, bəlkə də atanın pozitiv simvol şəklində dərk olunub qəbul edilməsiylə müəyyən dərəcədə xəfiflənə bilər. Əgər həyata keçsə, bu həssas mərhələnin təsiri gənc insanın gələcəkdə münasibət quracağı sevgilisinin əleyhinə işləməyəcək və gənc adam onunla müvazinətli bir münasibət yarada biləcək.

Oğlan uşağı, beləcə, həssas duyğu bağlarıyla anasına bağlanır və yeniyetməlikdə, yetkin seksual hisslərin ortaya çıxdığı həyat mərhələsinə başladıqda bu bağdan ayrılmaq ona ağrı verir və başqasında tapmağın mümkünsüz olduğu bu yaxınlığa ilişib qalır. Hər hansı bir qadından asılılıq onda iz buraxır. Kişilərdə müəyyən, ya da qeyri müəyyən səbəblərdən yaranan güvənsizlik duyğusu, daxilən yaşadıqları digər coşqun hisslərə nisbətdə daha basqın ola bilər. Bu da bəziləri üçün eşqi, sevgini və seksual həyatı paylaşmaqda çətinlik yaradır.

Duyğularla seksuallıq arasında qalmaq

Məsələn, pasientim Kevinin nümunəsinə baxaq. Anası, sevgilisi onu hamiləykən tərk etdiyi üçün Kevini təkbaşına böyütmüşdü. Anası özünü sadəcə oğluna həsr etdiyini söyləməkdən qürur duyurdu. Həyatına əsla yenidən başlamamışdı: kişilərə yenidən güvənməmişdi və həyatını oğluyla doldurmuşdu. Problemin də əsas nöqtəsi burdaydı. Uşaqlıq modelində qalan Kevin yeniyetməlikdə bir az günahkar gəncə çevrilmişdi. Psixikasında və həyatında əmələ gələn ziddiyyətlər, toqquşmalar getdikcə artırdı. Bu şiddət, anasından ayrılmaq üçün şüursuzca tapdığı yeganə çıxış yoluydu. İlk eşq hekayələri hər hansı bir duyğulu bağlılıqdan məhrum, sadəcə fərdi, seksual zövq məqsədi daşıyırdı.

Onun əsl sıxıntıları sonralar, daha dərin münasibət qurmağı təcrübə edərkən gün üzünə çıxacaqdı. Mənim yanıma müalicəyə gələndə otuz iki yaşı var idi. Çox sevdiyi arvadını, oğulları doğulduqdan sonra arzulamamağa başlamışdı. Onu, münasibətdə olarkən heç nə hiss etmədiyi və heç bir yaxınlıq qurmadığı insanlarla davamlı şəkildə aldatmaqdan uzaq dura bilmirdi. Bu yabancılaşma onu üzürdü və münasibətinin təhlükədə olduğunu hiss etdirirdi.

Çözüm yolları hər kəs üçün fərqli olsa da, hamının məmnuniyyətsizliyi oxşardır. Benoiti götürək, hekayəsinin başlanğıcı Kevininki kimiydi, ancaq yeniyetməliyi çox fərqliydi: Çalışqan gənc insan özünü dərslərinə həsr edir və çox az bayıra çıxırdı. Yanıma gələndə iyirmi səkkiz yaşındaydı və həmin günə qədər onu uğursuz hiss etdirən və onda iyrənmə duyğusu oyadan bir neçə tələm-tələsik sevişmə prosesi istisna olmaqla, gerçək bir cinsi əlaqə yaşamamışdı. Birdən-birə ortaya çıxan və yolunu tıxayan bu cinsi meyli basdırmaq üçün onu tanımadan, bu hissə bələd olmadan hərəkətə keçmişdi. İndisə yardım istəyirdi. Əvvəla, onu bastırmağı bacarmamışdı. Tez-tez porno saytlara daxil olur və mansturbasiya edirdi. Digər tərəfdən özünü hər hansı bir xanımla eşq münasibəti qurmaqçün yetərli görmürdü. Hər iki durumda eyni psixi proseslə qarşı qarşıyayıq: sekslə duyğular arasındakı toqquşma. Ahəngdar bir həyat yaratmaqda uğursuzluğu, psixikasında yatan uşaqsayağı, duyğulu asılılığın keçmədiyinin sübutuydu.

“Məgər qadınlar da eyni yaşantıları keçirmirmi?” deyə Karina israr edir. Yoldaşlarını müşahidə etmiş və onlarla söhbət etmişdi. Doğrudu, bəziləri münasibətlərdə mükəmməl seksuallığı müdafiə edərkən, digərləri də onunla eyni vəziyyəti bölüşürdülər; sevgi və romantizm onlar üçün də önəmli yerə sahib idi. Ona, “Doğrudu, bu da eyni ziddiyyətdi” söyləyirəm. Onlar yetkinləşməmiş hisslər dünyasının içində, kamil insanın cinsi həyatına doğru istiqamətlənəcək təkamülü rədd edərək psixi tələdə sıxışıb qalıblar. Yeniyetməlik dövründə cinsi instinktin varlığı çətinliklə qəbul olunur. Hələ də gərginlik yaradır. Bir qismi basdırılır və sonralar romantik simvollarla yenidən biçimləndirilərək, açıq-aşkar seksual mahiyyətdən uzaqlaşdırılır.

Karina mənə, on dörd yaşı olarkən, eşq romanları oxumaq üçün otağına qapanmaqdan xoşlandığını söyləmişdi. Eyni ruh halı qardaşında porno jurnallar oxumaqla üzə çıxırdı. Təsadüfən bu tip jurnalları onun yatağının altından tapdığını xatırlayırdı. Bu vəziyyət qardaşının vecinə deyildi və bunu oğlan dostlarıyla qızlar barədə danışarkən istifadə etdiyi qaba dillə də açıq-aşkar bəlli edirdi. Karina ailə həyatına dair bəzi kiçik səhnələri də xatırlayırdı: Atası şıltaq tövrlə anasına, belinə sarılmaq, ya da ondan bir öpücük qoparmaq üçün yaxınlaşır, anası isə atasını güclə itələyərək belə deyirmiş: “Özünə gəlsənə, doğrudanmı sən bundan başqa heç nə düşünmürsən?!”

“Yəni doğrudanmı cinsi arzunun kişiliyə, duyğularınsa qadınlara aid bir yaşantı olduğunu düşünürsüz?”. Karina bu bəsit, qısa yolu qəbul etmirdi. Ancaq yenə də, öz təsəvvürlərindən doğan bu anlayış şişirilmiş tabloydu. Ona açıqlama verirəm: bu davranışlar birbirinə zidd görünsələr də, uşaqlıq dövründəki duyğulu asılılığı aşaraq, seksuallaşmış yetkin münasibətlərə keçməyin fərqli yollarıdı sadəcə.

Karina bu məqamlar barədə yenidən düşündükdən sonra mənə başqa örnək göstərir: Rəfiqələrindən biri olan Noemi münasibətlərini dərinləşdirmədən bir partnyordan digərinə keçirdi. Çox cazibədar və başdançıxarıcıydı. Karinaya görə, diqqət çəkməkdə əndazəni aşmışdı və o, bəzən Noeminin bu seksual tutumunu ifrat sayırdı.

Noemi də bu yolla, duyğu baxımından təsirlənmənin və öz dəyərinin, qadınlığının anlaşılmasının axtarışındaydı. O da əslində seksual yetkinliyə çata bilməmişdi. Bir kişinin sevgisini və marağını qazanmaqdan ötəri təkcə cazibəsindən, özü də ifrata vararaq istifadə edirdi. Qeyri-yetkin narsistik (özünəvurğun. tərc.) mərhələdə sıxışıb qalmışdı; bu da onun həqiqi münasibətlər qurmasını və seksuallığından dərindən zövq almasını əngəlləyirdi. Keçici olaraq özgüvən qazanır, sonra yenidən bu barədə şübhəyə düşür və onu yenidən əldə etmək üçün kimisə başdan çıxarmağa gərək duyurdu.

Bütün bu örnəklər, seksuallıqla duyğuların birbirini tamamlamalı olduğunu, qaçılmaz olaraq birbirinə sıx şəkildə bağlanmalı olduğunu, ahəngdarlığını göstərir. Sevmək və sevilmək arasındakı doğru tarazlığı tapmaq asan deyil və yetkin yaşımızda fərdi müstəqilliyimizlə yan-yana, münasibətlə bağlı bütün yönləri də birdən tələb edirik. Dolğun, yetkin seksual münasibət bu ahəngdarlığı özüylə gətirə bilər. Uşaqlarla valideynlər arasında sevgi dolu, güvənverici və bezdirici olmayan bir münasibətin mövcüdluğu və uşaqların atayla ananın həm duyğu, həm də cinsi baxımdan harmonik, sevici ünsiyyətinə şahid olması, onların gələcək həyatına önəmli dərəcədə təsir göstərir.

Terapiya sona yaxınlaşır və son sözü Karina söyləyir: “ Əgər belədisə, onda hələ də birbirimizi sevdiyimizi düşünməkdə haqlıyam!”. Və bugünlük burada, əmin olduğumuz nöqtədə dayanırıq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR