Bəşəri problemlər və həll yolları

Albert Eynşteyn

Emosional İntellekt
Photo

Yerüzündəki insanları sağlam fikirlə və öz xoşbəxtliklərini düşünərək yaşamağa yönəltmək asan olsaydı, bəşərin problemlərini həll etməyimizə imkan yaradacaq çoxlu həll yolları tapılardı. Misal üçün doğum üzərində kontrolu ələ alaq: Sağlam düşüncəli fərd bu məqamda öz çıxarını güdəcəyi üçün, doğum kontrolunun uyğulanması heç bir çətinlik yaratmayacaq, nüfus artışı da təhlükə vəziyyətindən çıxacaqdı. Ancaq bu prosesi gerçəkləşdirmək mümkün olmadı. Hətta aydın insanları belə, ən təhlükəli durumlarda da olsa, fərdi xoşbəxtlikləri üçün sağlam düşüncəylə davranmağa yönəltmək asan olmur.

Hər hansı bir bəşəri problemin, ona birbaşa saldırmaqla həll olunacağına inanmıram. Ancaq zaman tələb edən təhsil və ona qatılacaq müxtəlif cəhdlərin təsiriylə yaşam şərtlərinin yavaş-yavaş da olsa, yaxşılığa doğru dəyişəcəyinə ümid edirəm.

Zənginlik haqqında

Zənginliyin bəşəriyyəti irəli aparacağına inanmıram, bu zənginlik özünü bu məqsədə həqiqətən həsr edən insanın əlində olsa belə. Yalnız böyük və təmiz insanlardan örnək almaq bizi alicənab düşüncələrə və mərdanə davranışlara yönəldə bilər. Pul eqoizmə xitab edər və sahibini dayanılmaz şəkildə sui-istifadəyə yönəldər.

Aranızda, Musanı, İsanı, ya da Qandini Karneginin pul çantalarını əllərində tutmuş halda təsəvvür edə bilən kimsə varmı?

Uşaqlara xitabən

Bir müəllimin ən önəmli cəhəti, yaradıcılığa və bilgiyə duyulan həzzi oyandırmaqdır.

Sevgili uşaqlar,

Bu gün, günəşli və bəxtəvər bir ölkənin gəncliyini burada görməkdən böyük xoşbəxtlik duyuram.

Unutmayın ki, məktəblərdə öyrəndiyiniz möhtəşəm nəsnələr, dünyanın müxtəlif ölkələrində şövqlə və böyük əmək sərf edərək çalışan fərqli nəsillərin əsəridir. Bütün bunlar sizə, qəbul etməyiniz, şərəfləndirməyiniz, zənginləşdirməyiniz və bir gün öz uşaqlarınıza ötürməyiniz üçün əmanət edildi. Çünki, biz fani insanlar, birlikdə yaratdığımız bu qalıcı nəsnələr sayəsində əbədiyyətə nail oluruq.

Əgər bunu hər zaman ağlınızda saxlasanız, həyatınız və etdiklərinizin anlam qazanar, digər millətlərə və çağlara qarşı da doğru rəftar sərgiləyərsiz.

Azad düşüncə və təhsil

İnsanı mütəxəssis kimi yetişdirmək yetərli deyil. Düzünü bilmək istəsəz, bu yolla insanı şəxsiyyətə deyil, yararlı bir avtomata çevirərsiz. İnsan əldə etmək istədiyi dəyərə coşqunluqla, istəklə can atmalıdır. İnsan gözəllik və əxlaq duyğusuna malik olmalıdır. Yoxsa ki, sadəcə ixtisasla bağlı bilgilərə sahib insan, harmonik şəkildə gəlişmiş fərddən ziyadə, yaxşı təlim görmüş köpəyə bənzəyər. Qonşusu və aid olduğu cəmiyyət qarşısında bəlli əxlaqi tutuma malik olması üçün, digər insanların istəklərini, gözləntilərini və ağrı-acılarını anlamağa çalışmalıdır.

Bu dəyərli yaşantılar gənc nəsilə, təkcə əl kitablarıyla deyil, onlarla müəllimlər arasında yaranan yaxın ünsiyyətlə aşılanır. Mədəniyyət, hər şeydən öncə budur və bu yolla qorunur. “Humanities”in önəmini vurğulayarkən məhz bu prosesi nəzərdə tuturam, tarix ya da fəlsəfə sferasında ifadə edilən quru, xüsusi bilgiləri deyil.

Gündəlik ehtiyaclar ucbatından rəqabət və ixtisaslaşma sistemi üzərində çox dayanmaq insan beynini korşaldırır. Halbuki, bütün mədəni həyat və elmlərin inkişafı sağlam beyindən qaynaqlanır, ona bağlıdı.

Yaxşı təhsil həm də gənclərdə müstəqil, tənqidi düşüncənin yaranmasına rəvac verməkdir. Halbuki, bu qabiliyyətin inkişafı, gəncləri gərəyindən artıq oxutmaq nəticəsində buxovlanıb. Gəncləri ehtiyac duyulandan artıq oxumağa məcbur etmək mədəni kasadlığa səbəb olur. Təhsil prosesində əxz edilən bilgi dəyərli nemət sayılmalıdı, məcburi çalışma deyil.

Təhsilin önəmi

Təhsil sistemi müəyyən nizama əsasən işləyir, fəqət həyat məktəbi nizamsız və qarışıqdır..Bu, təhsilin çox güclü siyasi vasitə ola biləcəyini, siyasi ziddiyyət içində olan tərəflər üçün istismara əlverişli təhlükə qaynağı olduğunu göstərir. Şagird məktəbdə oxuyarkən, gələcəkdə asanlıqla xilas olmayacağı, təhlükəli xürafatlarla yetişdirilə bilər. Təhsilin dövlət tərəfindən uyğulanması elə istiqamətlə gedə bilər ki, vətəndaşların, məruz qaldıqları düşüncə məhdudluğundan qurtulmaq imkanları tamamilə aradan qalxar.

Əsl təhsil görmüş bir insan yetişdirmək üçün gərək duyulan digər məqam da, insanın digər insanlar qarşısında hər zaman hiss etməli olduğu ictimai məsuliyyət duyğusudur… İnsan şəxsiyyəti “Qonşunu özün kimi sev” kimi basmaqəlib ehkamlarla tərbiyələnə bilməz. Heç zaman yanlış davranışa yol vermədiyi söylənən və nümunə kimi göstərilən insanlarla bağlı hekayələrin böyük dəyəri yoxdur.

Ümumiyyətlə, sağlam ictimai davranış oxumaqla deyil, daha çox yaşamaqla əldə edilir. Ortaq şəkildə paylaşılan dəyər, ancaq həyatda tətbiq olunduqca əhəmiyyət qazanır. Şagirdin maraqları, təkcə eqoizm duyğusunu artıran rəqabət yoluyla deyil, həm də onun yaradıcılıqdan zövq alması təmin edilərək dəstəklənməlidir. Bunun nəticəsində sinif yoldaşları birbirlərinə qarşı dostluq duyğularıyla və diqqətlə yanaşarlar.

Xalq idarəçiliyini müdafiə etmək üçün məktəblər nə edə bilər? Bəlli bir siyasi təlimin ifadəçisi mi olmalıdılar? Düşünürəm və inanıram ki, belə olmamalıdı. Əgər məktəblər gənc insanlara tənqidi təfəkkür və ictimai şüura yiyələnmiş davranış biçimləri bəxş edərlərsə, deməli görəvlərini gərəyincə yerinə yetirmiş sayılarlar. Beləcə, şagirdlər, yurddaşların sağlam, xəlqçi bir cəmiyyətdə yaşamaları üçün gərəkli olan dəyərləri əxz etmiş olarlar.

Yaxşı və pis

İnsan irqi və insan həyatının yüksəlişinə ən çox töhvə vermiş insanların ən çox sevilən insanlar olmalı olduğu fikri prinsipcə doğrudur. Fəqət bir kəs onların kim olduğunu soruşsa, ciddi əngəllərlə qarşı-qarşıya qalacaq. Siyasi və dini liderlərin yarardan çox zərər verib-vermədikləri şübhəlidir. Bu mənada, inanıram ki, insanlara münasibətdə göstərilən ən böyük xidmət, onları insanı şərəfləndirəcək işlərlə məşğul olmağa və özlərini mənəvi baxımdan zənginləşdirməyə təşviq etməkdir. Bu görəv əksərən böyük sənətkarların və kiçik payla elm insanlarının öhdəsinə düşür. Əlbəttə, insanı ucaldan və onun təbiətini zənginləşdirən nəsnə, elmi araşdırmaların nəticəsi deyil, intellektual bir əsəri yaradıcı və qavrayıcı şəkildə dərk etməkdir. Bu mənada, məsələn, Talmudun dəyərini, ortaya qoyduğu zehni bəhrəylə ölçməyə çalışmaq, əlbəttə, yanlışdır.

İnsanın həqiqi dəyəri, hər şeydən öncə, öz məhdud fərdiyyətindən nə dərəcədə və hansı anlamda qurtulub azad olmasıyla müəyyənləşir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR