Koronavirus: Karantin uzunmüddətli davranış pozuntularına səbəb olacaqmı?

Hər şeydən biraz
Photo

“Covid” tüğyanından əvvəl Nyu-Yorkun Tayms meydanında şəkil çəkdirən Oliviya Qrist. O deyir ki, izdiham artıq onu təşvişə salır

Vaksin tədarükü qaydasına düşdükcə və Uelsdə koronavirus göstəriciləri aşağı endikcə, “normal həyatı” yenidən təsəvvür etmək də təbiiləşir. Biz hələ bilmirik məhdudiyyətlər aradan qaldırılacaqmı, nə vaxt qaldırılacaq – bu aylar, yoxsa illər çəkəcək, koronavirus daha həyatımızın bir parçası olmadıqda, tezliklə adaptasiya oluna biləcəyikmi? Və yaxud yad adamlarla aramıza qoyduğumuz məsafələr qalıcı olacaqmı? Dükanda kimsə əlini üzərimizdən nəyəsə uzadanda, karıxıb geri çəkiləcəyikmi? Pabda əlimiz masaya dəyəndə, sabunlanmaq şərti refleksə çevriləcəkmi? Kiminsə əlini sıxmaq və dostcasına qucaqlaşmaq keçmişə aid bir şeymi olacaq?

Əgər belə olacaqsa, bu yaxşı, yoxsa pis şeydir?

Oliviya bu şəkildə pandemiyadan əvvəl dostlarıyla birlikdədir, amma indi deyir ki, izdihamla yaxın kontaktda olmağı ağlına belə sığışdıra bilmir. Bəziləri məhdudiyyətlər aradan qaldırılan kimi sosial məsafəni, sanitariyanı və maskaları dərhal unuda bilərlər, tələbə Oliviya Qrist isə bundan belə əvvəlki həyatındakı kimi rahat olacağını təsəvvür edə bilmir. “Yenidən izdihamın arasında olmaq düşüncəsi məni təşvişə salır, - o deyir:

Universitetdən evə köçəndən bəri itlə gəzintilərdən savayı mən demək olar ki, evdən çölə çıxmamışam, hətta açıq məkanda kimsə mənim yanımdan keçəndə belə səksəkəyə qapıldığımı hiss edirəm və oradan dərhal uzaqlaşıram. Mən kobudluq etdiyimi hiss edirəm, amma bu artıq avtomatik reaksiyaya çevrilib”.

Ruhi sağlamlıq 2021-ci il üzləşəcəyimiz ən böyük çətinlik olacaq

21 yaşlı Oliviya gələcəyinin pandemiyadan əvvəlki dövrə kəskin zidd olduğunu görür. “Məsələn, mən başa düşə bilmirəm ki, necə olub gecə klubunda insanların arasında sıxılmış və onların təri üstümə sıçrayan vəziyyətdə saatlarla vaxt keçirə bilmişəm. Düşünürdüm ki, universitet tələbəsi olduqdan sonra o cür normal həyata qayıtmaq üçün var gücümlə can atacam, amma əslində, bunun üçün vaxt tələb olunacaq. İçimdə elə bir hiss var, elə bil artıq labüd olmasa da, ictimai məkanlarda həmişə maska taxmağa ehtiyac duyacam”.

Oliviya sosiallaşmaq üçün çölə çıxmağa adət etmişdi, indi həyatının uzunmüddətli dəyişdiyini hiss edir. Cənubi Uels Universitetində jurnalistika təhsili alan Oliviya düşünmür ki, pandemiya aradan qalxandan sonra daha əlavə gigiyena tədbirləri görməyəcək. “Açıq desəm, məncə, biz əslində o, qabaqlayıcı və təhlükəsizlik tədbirlərinə lap əvvəldən riayət etməliydik, amma biz yalnız pandemiya ortaya çıxanda bunu dərk edə bildik. Bu qış soyuqdəymə keçirmədim, halbuki qışın çoxunu mən əməlli soyuqdəyməylə keçirməyə öyrəşmişdim. Zənnimcə, gələcəkdə mən çöldə olanda sağlamlıq məsələlərinə həmişə daha diqqətli yanaşacam. Kimsə mənə yaxınlaşanda təşviş keçirməməyim üçün müəyyən müddət tələb olunacaq”.

Svansi Universitetinin psixologiya üzrə professoru Nikola Qrey vərdişlərin uzunmüddətli ola biləcəyi ilə razılaşır, xüsusilə özlərinin və ya əzizlərinin virusa qarşı həssas olduğunu hiss edən insanlar üçün. “Bu, tamamilə insanın xarakterindən asılıdır, bəzi insanlar digərləriylə müqayisədə daha təlaşlı və həssasdırlar, onlar sadəcə bu cür yaradılıblar, - o deyir: Koronavirus inkarçıları, virusun mövcud olduğuna inanmayanlar heç bir risk görməyəcəklər, ona görə də ümumiyyətlə, davranışlarını dəyişməyəcəklər. Yaxud da heç bir risk daşımayan, ailələrində həssas bir kəsin olmadığı cavanlar öz azadlıqlarını məhdudlaşdırmaq üçün səbəb görməyəcəklər”.

Karantin ailə münasibətlərinə təsir göstərəcəkmi?

Oliviya da narahatdır ki, karantin və ünsiyyətlə bağlı uzunmüddətli qorxular ailələrə təsir göstərəcək.“Pandemiyadan əvvəl mən həftədə bir neçə dəfə tək yaşayan nənəmi ziyarət etməyə və onunla vaxt keçirmək üçün gecələr yanında qalmağa öyrəşmişdim. Təbii ki, mən sonra buna son verməli oldum, onun qayğısına qalmaq üçün icazəmiz olanda belə o, evdə mənə ehtiyacının olmadığını dedi”. Oliviya əlavə edir: “Bunun səbəbini başa düşürəm və bu məni incitmir, amma bunun insanlar arasında necə səddlər yaratdığını da tam çılpaqlığıyla görürəm”.

Epidemiyalar və cəmiyyət kitabının müəllifi: Pandemiyalar tarixi necə dəyişdirir?

Pandemiyadan əvvəl və pandemiya dövründə ağır məhrumiyyətlərə məruz qalan uşaqların kədərini aradan qaldırmağa kömək etmək üçün kitab yazan müəllif Cess Çaylds deyir ki, onun da bundan belə izdiham arasında olmaq kimi bir “arzusu” yoxdur. “Virusun özüylə bağlı heç vaxt paranoya keçirməmişəm, amma iri izdihamların arasına qayıda biləcəyimi də hiss etmirəm. Bu, müəyyən qədər çölə çıxmaq vərdişini tərgitdiyim üçün, müəyyən qədər də evdə olmağın mənə boş vaxtımı necə keçirə biləcəyimi yenidən qiymətləndirməyə imkan verməsiylə əlaqədardır”.

Povisdə, Hey-on-Vayda böyüyən, amma hazırda Kardiffdə yaşayan Cess deyir ki, pandemiyadan əvvəl çəkilən filmlərə baxmaq indi ona qəribə gəlir. “Televiziya ekranında böyük qrupların heç bir problemsiz bir yerə toplaşdıqlarını görmək adama qəribə gəlir, xüsusilə də əgər bu səhnələr ailələrin heç bir problemsiz bir yerə yığışacaqları toy və ya yas kimi situasiyaları əks etdirirsə. Ötən il bizim bir ailə kimi istədiyimiz yeganə şey bacardığımız qədər bir yerə yığışmaq idi, bütün baş verənlərdən sonra bu artıq insana biraz qəribə gəlir”.

İki uşaq anası olan 39 yaşlı Cessi üçün ən böyük çağırışlardan biri odur ki, maska taxmamağa öyərəşməklə üz-üzə qalacaq. “Srağagün poçt idarəsinin yanında maska taxmayan adam gördüm (ümid edirəm sağlamlıqla bağlı səbəblərdən dolayı) və dərhal məsafə saxlamağa və oradan uzaqlaşmağa çalışmağım məni biraz təəccübləndirdi. Mən yüksək risk qrupunda deyiləm və virusu artıq keçirmişəm, deməli, köhnə vərdişlər gec ölürmüş”.

Professor Qreyin sözlərinə görə, pandemiya bizim gündəlik həyatımıza tam yeni bir risk qiymətləndirmə qatı əlavə edib. “İndi biz düşünürük ki, “birdən bu dükanda kimdəsə koronavirus olar? Birdən kimsə bu çörəyə toxunmuş olar, mən də indi ona toxundum, indi əlimdə koronavirus var və mən əlimi sifətimə toxundum”. Bu, tamamilə əlavə risk qiymətləndirmə dərəcəsidir və “mən bunu eləməyi nə qədər çox istəyirəm?” deyə sorğulamaqdır.

Keredegionda, Aberistvit Aleksandr Daşınmaz əmlak Agentliyinin əməkdaşı Rayn Daniellin sözlərinə görə, normal həyat qayıdacaq, amma ehtiyat da onunla birgə gələcək. “2020-ci il hər şeyin dəyişdiyi il oldu. Bu il də stresin rekord səviyyədə qalxmasıyla qorxu və təlaş hökm sürüb”. Rayn deyir ki, o, restoranlara və dükanlara gedəcək, amma bəzi şeylər normala qayıtmayacaq. Onun həyatındakı bəzi şeylər davamlı olub, elə dövrlər olub ki, o, evlərə baxış keçirməkdə və insanlara köçməkdə kömək etməyə davam edib.

COVID sevdasına tutuşmaq: pandemiya münasibətləri yenidən yazır

Məncə, sənaye işçiləri obyektləri ziyarət edərkən daha ehtiyatlı və diqqətli olacaqlar. Bura əvvəlki kimi üzlüklərin, tutacaqların silinməsi və soyuqdəymə kimi digər xəstəliklərdən yayınmaq üçün mümkün ölçülərin götürülməsi daxil olacaq.

Pandemiya zərbəsindən əvvəl 2019-cu ildə Rayn Miladı bir neçə ailə ilə birgə qeyd edib, amma onun 2020-ci il Miladı hədsiz sükunəti ilə yadda qalıb. “Mən restoranlara, dükanlara, ofislərə qayıdacam və yenə də səyahət edəcəm. Məncə, bu vaxt tələb edəcək, amma karantin insanların psixologiyasını korlayıb, - o əlavə edib: İzdiham və virus arasındakı əlaqə cəmiyyətin şüuruna o dərəcədə yeriyib ki, hansısa böyük izdihamın görünməsi qorxu və təlaşa səbəb olur”.

Cəmiyyət sonsuzacan dəyişəcəkmi?

Professor Qrey uzun müddət pandemiyanın kölgəsi altında yaşamağın uzunmüddətli davranış pozuntularına səbəb olacağı fikriylə razıdır, amma bunun dərəcəsi insanların xarakterindən və onların, yaxud da sevdiklərinin üzləşdikləri risklərin səviyyəsindən asılıdır.

Amma hələ də əllərimizi yumağımız, başqalarının üstümüzə nəfəs verməsi və toxunduğumuz şeylər barədə narahat olmağımız pis əlamətdirmi? Bu, bəlkə də elə yaxşı şeydir. Bir çox insan qripdən və digər xəstəliklərdən ölür, bəlkə də sayıqlığımız bizim o göstəricilərdə də yaxşılaşmağımıza səbəb olacaq”.

Üstəlik karantin müddətində yaratdığımız aşpazlıq, bağbanlıq və digər ev fəaliyyətlərinə dair vərdişlər və həvəslər bizimlə uzunmüddətli qala bilər.

Zənnimcə, bizim həyat tərzimiz və verdiyimiz qərarlar, aldığımız həzlərin və mükafatların məkanı dəyişəcək”, - deyə Professor Qrey qeyd edib.

Bbc.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR