Uyğurlara qarşı yüksək texnologiyalı Çin irqçiliyi

Toplum
Photo

Süni İntellektli Çin irqçiliyi

Çinin digital diktaturasının təsirləri onun sərhədlərindən kənara çıxır və artıq transmilli korporasiyaların, müxtəlif dövlət təşkilatlarının içinə sızır.

Çin Kommunist Partiyası (ÇKP) sənayedəki oyunçularını işğalçılıq fəaliyyəti üçün aqressiv şəkildə irəli sürür, burda əsas sima isə “Huavey” dir. Dünyanın ən böyük telekommunikasiya avadanlıqları satıcısı kimi "Huavey" laptoplardan, telefonlardan tutmuş, digital kontentə sahib data mərkəzlərinə qədər təzhizat zəncirinin əsas hissəsini ələ keçirib. "Huavey" internetdən istifadə üçün ən əsas komponentlər olan mərkəzi infrastruktur qurğuları - şəbəkə kommutatorlarının, ruterlərin və körpülərin, eləcə də antenna kimi radio apparatlarının dizaynını həyata keçirir və istehsal edir.

Çin xüsusi xidmət orqanlarının müxtəlif dövlətlərin yuxarı dairələrinə sızması həmin dövlətləri xüsusilə 5G şəbəkəsi kimi texnologiya nəhəngləriylə əlaqələrini yenidən nəzərdən keçirməyə vadar edib.

Birləşmiş Krallıq "Huavey"i Britaniya 5G şəbəkəsini qurmaq imkanından məhrum edib, ona sadəcə məhdud "qeyri-profilli" infrastruktur yaratmaq və bazar haqqının ən yaxşı halda 35%-inə sahib olmaq imkanı verib. Birləşmiş Ştatlar isə ötən ilin mayında “Huavey”ə sanksiyalar tətbiq edib, Amerikanın yaratdığı kompüter çiplərinin hansısa “Huavey” avadanlığında istifadə edilməsinin qarşısını alıb. Avstraliya öz növbəsində növbəti nəsil telekommunikasiya apparatlarında “Huavey” avadanlıqlarının quraşdırılmasına qadağa qoyub.

1987-ci ildə Kommunist Partiyası ilə güclü əlaqələri olan Xalq Azadlığı Ordusunun keçmiş mühəndisi Jen Çjefey tərəfindən təsis edilən "Huavey" şirkəti Çinin yeritdiyi xarici siyasət səbəbindən təhlükəsizliyə problem kimi görülür, belə ki, onun biznesdən müasir müharibənin əsas əlamətlərindən biri kimi istifadə etdiyi vurğulanır.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

“Huavey”in şəbəkə avadanlığı kəşfiyyatı gücləndirməyə və beynəlxalq böhran zamanı bütün telekommunikasiya infrastrukturuna təsir etməyə qabildir. Şirkətin əməkdaşlarının korporativ casusluq və intellektual mülkiyyətin oğurluğu ilə məşğul olduğu müəyyən edilib.

Təhlükəsizlik qayğılarından savayı, müzakirə etik çərçivədə də qızışmaqdadır. 2018-ci ildə qeydə alınan bir "Huavey" patenti irq-profilli xüsusiyyəti ilə önə çıxıb. Sistem uyğurları və digər türk əsilli insanları müəyyən edir və yerli orqanlara fəaliyyətə keçmək barədə xəbərdarlıq edir. O, etnik mənsubiyyəti dəqiq şəkildə müəyyən etmək üçün piyadaları fiziki cəhətlərinə əsasən təyin edən süni intellekt metodlarından istifadə yollarını göstərir. Bundan əvvəl "Uyğur xəbərdarlığı" sistemi IPVM video-nəzarət qrupu tərəfindən qeydə alınmışdı. ”Huavey” hər iki sisteminin tətbiq olunması iddialarını təkzib etmiş və bildirmişdi ki, şirkət “hər cür ayrı-seçkliyə qarşıdır”.

Xəbərlərə görə, Çinin “Huavey”dən savayı, “SenseTime” və “Megvii” kimi süni intellekt şirkətləri də uyğur və digər türk xalqlarını sifət cizgilərindən ayırd edə biləcək proqram təminatı yaradırlar. Çin hökuməti sifət cizgiləri təlimatlarının bir hissəsi kimi etnik analitikanın da əlavə olunmasını istəyib. Çinin “Hikvision”, “Dahua” və “Uniview” kimi təhlükəsizlik kamera manufakturaları “Uyğur analitikası” da təklif edirlər. “SenseTime”nin 2019-cu ilin iyulunda qeydiyyata alınan patenti “gün eynəyi və saqqalı olan ortayaşlı uyğur” kimi spesifik axtarışlarla “təhlükədən qorunmaq” üçün sifətdən tanıma funksiyası təklif edir. “Megvii”nin 2019-cu ilin iyununda qeydiyyata alınan patenti isə etnik-teqlər yoluyla sifət şəkillərinin yenidən etiketləməsini nəzərdə tutur. Hər iki şirkət etno-irqi profil xüsusiyyətlərindən yayınmaqla, "səhv başa düşmə" və dildən xətalı istifadəni əsas gətirməklə, özünü mübahisələrdən uzaq saxlamaq istəyir.

Bir başqa şəkil tanıma patentinə “Alibaba” və “Baydu” sahib olub, burada uyğurların adı çəkilməsə də, insanların etnik mənsubiyyətə əsasən sinifləşdirmə həyata keçirilir. “Intelifusion” və “SensingTech” də – hər ikisi Çinin sifət tanıma süni intellekt startaplarıdır – uyğurların müəyyən edilməsini nəzərdə tutan oxşar patentləri qeydiyyatdan keçiriblər.

DNT etno-irqi profillə birləşmiş, etnik əhali barədə şəkil məlumat bazasına və geniş etnik biometriklərə sahib bu süni intellektli irqçi tətbiqlər uyğur və tibet xalqlarının təqib olunmasına xidmət edir. Ağ supremasistlər kimi Çin Kommunist Partiyası da onlardan qorxu və terror yaratmaq– qeyri Han Çin irqlərini üzdəniraq, qeyri-sivil və etibarsız kimi şeytaniləşdirmək üçün istifadə edir, bu xalqlar Kommunist partiyasının “ali” idarəçiliyini və mədəniyyətini tanımaqdan imtina edərsə, çıxdaş edilir və “islah” düşərgələrinə layiq görülürlər.

Çin Xalq Respublikası 70 yaşında: İqtisadi möcüzə necə baş verdi?

Çin irqçiliyi milyonlarla uyğur ailəsini dağıdıb, bir çoxları nasistvari “islah” düşərgələrində işgəncələr görüblər. Uşaqlar ailələrindən zorla alnıb və dövlət nəzdindəki internat məktəblərinə qapadılaraq, ÇKP-nin siyasət və ideologiyalarını əxz etməyə məhkum ediliblər. İrqçilik uyğur və tibet ailələrini həyatları boyunca kütləvi nəzarətə məhkum edib, onlar Çin zavodlarında işçi qüvvəsi kimi işləməyə məcbur olunublar.

Çin Tibet və Xinjiyanq kimi işğal olunmuş bölgələrdəki səciyyəvi etnik qruplarla rəftara görə böyük tənqidlərə məruz qalıb. Bununla belə, BMT Təhlükəsizlik Şurasında daimi üzvlük kimi imtiyaza sahib olmaqla, o, 2021-ci ildə özünün irqi problemlərindən danışmaq kimi bir başağrısı yaşamır.

Biz Bayden administrasiyasından öz xələfinin ÇKP-nin Xinjiyanqda uyğurlara və digər etnik qruplara qarşı soyqırım siyasətini davam etdirməsini, etno-irqi texnologiyaları qanunsuz elan etməsini, bu texnologiyaları yaradan və işlədən Çin şirkətlərinə qarşı daha sərt sanksiyalar tətbiq etməsini, regiondan icbari-əmək əsaslı məhsulların idxalına qoyulan qadağaları genişləndirməsini tələb edirik.

Milyonlarla uyğur tarix səhifələrində sadəcə statistika kimi qalmazdan əvvəl – halbuki dünya buna lap çoxdan “bir daha əsla” deyə söz vermişdi – Qərb ölkələri bir araya gəlməli və Çini etdiklərinə görə cavab verməyə məcbur etməlidirlər.

Jianli Yanq Çin Vətəndaş Gücü Təşəbbüsü təşkilatının təsisçisi və prezidentidir, o, Tyananmen Qırğınından sağ çıxıb və Çində bir vaxtlar siyasi məhbus olub.

Lianxao Han Çin Vətəndaş Gücü Təşəbbüsü təşkilatının vitse-prezidentidir. 1989-cu il Tyananmen Meydanın Qırğınından sonra o, Çin Tələbələri və Alimlərinin Müstəqil Federasiyasının təsisçilərindən biri olub.

“The Hill”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR