Kurt Vonnequtun kitabını yandıran adama məktubu

Ədəbiyyat
Photo

Ədəbiyyat tarixinin bəzi ən gözəl sənət əsərləri müxtəlif vaxtlarda, müxtəlif cəmiyyətlərdə qadağalarla üzləşib – “Cəsur yeni dünya”dan tutmuş, “Ullisə”, “Heyvanıstan”a qədər. Əsərlərin sayını artırmaq da olar.

Bəzi sənətkarlar onilliklər boyunca senzurayla özlərinin bildiyi üsullarla mübarizə aparıblar. Belə sənətkarlardan biri də 20-ci əsrin böyük və dahi yazıçılarından sayılan Kurt Vonnequtdur.

Amerikalı yazıçı Kurt Vonnequt 50 illik yazıçı karyerasına 14 roman, 3 hekayə toplusu, 5 pyes and 5 qeyri-bədii əsər sığışdıra bilib. Onun ən məşhur, ziddiyyətli və qara yumorlu romanı “Qəssabxana-Beş” əsəridir.

Vonnequt ömrü boyu senzura ilə mübarizə aparıb, bir dəfə isə məsələ pik həddinə çatıb. Şimali Dakotada Dreyk gimnaziyasının məktəb şurasının rəhbəri Çarlz Makkarti və bəzi üzvlər “Qəssabxana-Beş” romanının məktəblərdən yığışdırılması tələbiylə 1973-cü ildə kitabın nüsxələrini məktəbin sobasında yandırıblar.

Makkarti “Qəssabxana-Beş”ə qarşı çıxarkən kitabın “açıq-saçıq dilinə” istinad edib, yeri gəlmişkən, əsər həmçinin “açıq seks səhnələri”, “zorakı təsvirləri” və “pozğun seksual davranışları” təşviq etməkdə də ittiham edilib.

Kitabı yandırılandan bir neçə gün sonra Kurt Vonnequt Çarlz Makkartiyə öz məyusluğunu və hisslərini ifadə edən çox parlaq bir cavab verib.

Vonnequtun həmin məktubunu Bilge.az-ın oxucularına təqdim edirik.

“16 Noyabr, 1973

Əziz, cənab Makkarti

Bu məktubla sizə, Dreyk Məktəb Şurasının sədri vəzifəsini daşıyan şəxsə müraciət edirəm. Mən sizin artıq məşhurlaşan məktəb sobasında kitabları yandırılan amerikalı yazıçılardan biriyəm.

Sizin icmanızın bəzi üzvləri mənim kitablarımın şeytani olduğunu bildiriblər. Bu, mənim üçün olduqca həqarətli fikirdir. Dreykdən gələn xəbərlər məni belə düşünməyə vadar edir ki, kitabların və yazıçıların mövcud olmasından sizin insalarınız ümumiyyətlə xəbərsizdirlər. Bu məktubu da sizə öz mövcudluğumu sübut etmək üçün yazıram.

Bunu bilməyinizi istərdim: naşirim və mən Dreykdən gələn iyrənc xəbərdən sui-istifadə eləmək üçün ümumiyyətlə heç bir tədbirə əl atmamışıq. Bir-birimizin çiyninə şappıldatmırıq, bu xəbər sayəsində satacağımız kitablara görə kefdən fit çalmırıq. Televiziyaya çıxmaqdan imtina etdik, jurnalların redaksiya səhifələrində qəzəbli yazılar yazmadıq, uzun müsahibələr vermədik. Biz sadəcə qəzəbli, məyus və kədərliyik.

Bu məktubun surəti də başqa birinə göndərilməyib. Təkcə siz onu öz əlinizdə tutursunuz. Bu, uşaqlarının və dünyanın gözü qarşında mənim nüfuzuma xələl gətirmiş Dreyk insanlarına ünvanladığım tamamilə şəxsi bir məktubdur. Bu məktubu insanlarınıza göstərmək üçün sizdə cəsarət və adicə bir ləyaqət varmı, yoxsa bu məktub da sizin sobanızın alovları arasında külə dönəcək?

Gənclərin tərbiyəsini pozmaqdan ötrü pul qazanmaqdan zövq alan murdar insanlar kimi qələmə verilən mən və digər yazıçılar haqqında nələr təsəvvür elədiyinizi qəzetlərdə oxuduğum və televiziyada gördüklərim əsasında bilirəm.

Doğrusu mən 51 yaşında yekəpər, bazıburutlu bir kişiyəm, cavanlığımda uzun müddət fermada işləmişəm, alətlərlə yaxşı davranıram. 6 uşaq böyütmüşəm, üçü mənimkidir, üçünü də götürmüşəm. Onların hamısı özlərini yaxşı tərəfdən göstəriblər. İkisi fermerdir. Mən özümsə İkinci Dünya Müharibəsində döyüş piyadası kimi vuruşmuşam, veteranam. Çəhrayı Ürək ordeni ilə təltif olunmuşam. Nə əldə eləmişəmsə, zəhmətkeşliyim sayəsində eləmişəm. Heç vaxt həbs olunmamışam, nəyəsə görə məhkəməyə verilməmişəm. Ayova, Harvard universitetlərində və Nyu York Şəhər Kollecində dərs verdiyim gənc adamlar mənə inanır və hörmət edirlər. Hər il tədris ilinin başlanğıcında kolleclərdə və orta məktəblərdə çıxış eləməyim üçün saysız-hesabsız məktub alıram. Yaşayan amerikalı yazıçılar arasında yəqin, ən çox mənim kitablarım məktəblərdə geniş surətdə tədris olunur.

Əgər siz mənim kitablarımı oxumaq əziyyətinə qatlaşsaydınız, savadlı bir insan kimi davransaydınız, görərdiniz ki, əsərlərimdə seksual heç nə yoxdur və onlar hansısa zorakılığı tərənnüm etmirlər. Kitablarım insanlara əksər vaxt olduqlarından daha çox bir-birlərinə qarşı mərhəmətli və məsuliyyətli olmağı təlqin edir. Bəzi qəhrəmanların söyüşlə danışdığı həqiqətdir. Çünki real həyatda da insanlar söyüşlə danışırlar. Xüsusilə əsgərlər və zəhmətkeş təbəqə belə danışır, bunu hətta bizim ən çox qorunan uşaqlarımız da bilir. Bizim hamımız da yaxşı bilirik ki, həmin o sözlər uşaqlara o qədər də ziyan vurmur. Biz gənc olanda da vurmurdu. Ona görə də əslində, bizi incidən şey içimizdəki şeytani toxumlar və yalanlardır.

Bütün bunları deyəndən sonra, əminəm ki, siz belə bir cavab verməyə hazır dayanmısınız: “Bəli, bəli, amma icmamızdakı uşaqların hansı kitabları oxuyacaqlarını qərarlaşdırmaq bizim haqqımız və öhdəçiliyimizdir ”.

Bu, əlbəttə belədir. Lakin bu da bir həqiqətdir ki, əgər sən öz haqqını və məsuliyyətini cahilcə, kobudca, qeyri-Amerikan sayağı yerinə yetirsən, o zaman insanlar səni pis vətəndaş və axmaq kimi damğalayacaqlar. Hətta öz uşaqların da səni belə adlandıracaq.

Qəzetlərdə icmanızın elədiyiniz hərəkətə görə ölkənin dörd bir tərəfindən gələn tənqidlərdən heyrətləndiyini oxudum. Həə, siz Dreykin Amerikan sivilizasiyasının bir tərkib hissəsi olduğunu, yoldaş amerikalıların da indi sizin qeyri-sivil davranışınıza göz yuma bilmədiyini kəşf etmisiniz.

İndi yəqin, siz başa düşəcəksiniz ki, kitablar azad insanlar üçün ali səbəblərdən ötrü müqəddəsdir və kitaba nifrət edən, kitab yandıran ölkələrə qarşı müharibələr aparılıb. Buna görə də əgər siz Amerikansınızsa, fikirlərin təkcə özünüzün deyil, öz icmanızın ətrafında da azad surətdə dövr eləməsinə imkan verməlisiniz.

Əgər gənclərin təhsili üzərində güclü təsiri olan siz və şuranız indi əslində ağıllı və yetkin insanlar olduğunuzu sübut etməyə qərar vermisinizsə, o zaman siz etiraf etməlisiniz ki, heç vaxt oxumadığınız kitabları gəncləri ağıllandırmaq üçün azad bir cəmiyyətdə inkar etməyiniz və yandırmağınız səfeh qərar olub. Siz həmçinin öz uşaqlarınıza hər cür düşüncə və məlumata çıxış imkanı yaratmalısınız ki, onlar həyatda qalmaq üçün qərarlar qəbul edərkən daha hazırlıqlı ola bilsinlər.

Bir daha yazıram: siz məni təhqir eləmisiniz, mən isə yaxşı vətəndaşam və həqiqətən də mövcudam.

Kurt Vonnequt”

Məktuba cavab verilməyib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR