Co Bayden indi prezidentdir, amma Tramp ABŞ-da bütöv bir nəsli dəyişdirib

Hər şeydən biraz
Photo

Baydenin andiçmə mərasimindəki coşğun nitqi əyrilikləri düzəltməyəcək. ABŞ-ın dünya liderliyi tezliklə bərpa olunmayacaq, indidən sonra belə bir şey artıq ümumiyyətlə, mümkündürsə…

Donald Tramp dörd il əvvəl necəydisə, elə, heç bir nəciblik və alicənablıq göstərmədən, şöhrətpərəstcəsinə, kobudcasına və yalan danışmaqla, prezident kürsüsünü tərk etdi.

COVID məsələsində yol verdiyi ağılsız qərarlara və ya seçkilərdəki məğlubiyyətinə görə (bunlar Baydenin andiçmə mərasiminə də əsəbi əhval-ruhiyyə qatmışdı), o, nəinki üzr istədi, hətta adicə bir etiraf da etmədi. Bununa belə, Tramp vəzifəsinə Amerikanı dəyişdirməklə, vida edir.

Bayden andiçmə mərasimində özünü ən yaxşı tərəfdən göstərdi. O, Trampı seçkilərdə məğlub etmək üçün şəksiz ən yaxşı namizəd idi. Təşviqat dövründə fəaliyyətdə olan prezidentin öhdəsindən sakitcə gəldi; təyinatları yerində oldu; ümumiyyətlə, ABŞ siyasətində onun kimi ikinci bir adam yoxdur ki, andiçmə mərasimində dediklərini, ölkənin yaralarına məlhəm qoyulmasını reallaşdıra bilsin.

Makiavelli haqlı idi

Baydenin Kapitoli təpəsindəki müraciətində Trampın adı çəkilmirdi, amma nitqi kobud sələfi ilə arasındakı fikir ayrılıqları ilə dolu idi. Yanvarın 6-da baş verən qiyam tədbirə, çıxışa, hətta şəkillərə belə kölgə salmışdı. Çıxış gerçəklik, təvəzökarlıq, ümid və ardıcıllıq kimi vacib və inandırıcı notlarla müşayiət olunurdu. O, tamamilə qeyri-Trampçı idi. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Bayden Amerikanı dünənki gözəl günlərə qaytarmağa çalışmaqla, düzəldə bilməz. Bu, sadəcə olaraq baş tutmayacaq.

Prezidentin inauqurasiyasını parallelər aparmadan təsvir etmək bir tərəfdən tarixi şüurun olmaması kimi risk daşıyardısa, digər tərəfdən jurnalist mübaliğəsi təsiri bağışlayırdı.

Amerika, onun institutları və dəyərləri əvvəllər həm vətəndaş müharibəsindən, həm də sui-qəsddən sağ çıxıb. Amerika böyük ehtimalla, Baydenin “qeyri-vətəndaş müharibəsi“ adlandırdığı, Trampın bərbad rejiminin təhlükələrindən də salamat çıxacaq. Ancaq salamat qurtulmaq indi Amerika üçün kifayət etməyə bilər, çünki o, zəif iradəli partiyanın dəstəklədiyi mənasız liderin, texnologiya şirkətlərinin səbatsız elitasının və Rupert ilə Laklan Murdok kimi yalan maşınlarının sayəsində daha dərin münaqişənin astanasına qədər gəlib çıxıb.

Üstəlik, yeni Trampların peyda olmayacağına da heç kim qarantiya verə bilməz. Bunu nəzərə almaq lazımdır: “Amerika siyasəti əksərən hirsli başların meydanı olub. Son illərdə biz hirsli başların əksərən ifrat sağ qanaddakıların arasında işlərkən görmüşük… Amma zənnimcə, bunun arxasında elə bir baş növü var ki, heç də yeni deyil və o, sağ qanad olmaq məcburiyyətində də deyil. Mən onu paranoyak baş adlandırıram, çünki bu qızğın mübaliğə duyğusunu, şübhəcilliyi və konspirologiya fantaziyalarını başqa cür ifadə etməyə söz tapmram”.

Bu kəlmələrdən hər birini bu həftə ərzində də yazmaq olardı. Əslində isə onu 60 il əvvəl tarixçi Riçard Hofstadter 1964-cü ildə prezidentlik yarışında sağçı Respublikaçı Berry Qoldvoterə uduzduqdan sonra yazıb. Hofstadterin bu arqumenti təkcə 1960-ların xülyalarını deyil, 1790-cı illər Fransa İnqilabından tutmuş, 1950-lər Makkatizmini və ondan sonrasına qədər uzanan konspirologiya nəzəriyyələrini əks etdirirdi.

Konspirologiya nəzəriyyələri və onlara inananlar nəyə görə təhlükəlidir?

Bu bizə Baydenin andiçməsi fonunda xatırlamalı olduğumuz iki şeyi də göstərir. Birincisi, demokratiyaya qarşı çıxan ənənə necə yorulmadan çalışırsa, demokratik dəyərlər uğrundakı mübarizə də daha artıq çalışmalı və genişlənməlidir. Baydenin “narazılıq ixtilafa gətirib çıxarmamalıdır” sözləri qaşıqda nəyin olduğunu göstərir. İxtilaf ölkəni parçalaya bilər.

Yanvarın 6-dakı qiyamçılar köşə yazarı Deyvid Bruksun da dediyi kimi “Amerika tarixi boyunca həmişə özünü göstərən “Zorakı Cahilizm”i təmsil edirlər“. Onlar bəzən özlərini elə qələmə verirlər ki, guya 18-ci əsr Amerikasının müstəqillik müharibəsi döyüşçülərinin ardıcıllarıdır. Halbuki onları 19-cu əsrin vətəndaş müharibəsində Konfederasiya tərəfdə vuruşanlar kimi görmək daha düzgün olardı, Konfederasiyanın irqçi irsi isə 150 il sonra belə Birləşmiş Ştatları parçalamaqda davam edir. Onlar məğlub edilməli və cəzalandırılmalıdırlar.

Bayden bu haqda heç nə demədi. Amma “Economist”in keçən həftə yazdığı kimi sən ixtilafı o yoxmuş kimi davranmaqla deyil, onunla üzləşməklə həll edə bilərsən. ABŞ Senatı da Trampı məhkum etməklə öz işini tamamlamalıdır.

İkinci dərs isə budur ki, ABŞ Britaniya daxil olmaqla, bir sıra ölkələrin siyasətinə təsir göstərsə də, bu olduqca mürəkkəb məsələdir. Dünyanın istənilən bölgəsində siyasətlə məşğul olan istənilən adam bilir ki, bir çox baxımlardan Birləşmiş Ştatlar özünün məxsusi yoluyla gedir. O, xarici ölkədir, sən onun haqqında nə qədər çox şey bilsən, bir o qədər çox aydınlanarsan. Tramp onun dərkini xeyli asanlaşdırıb. İndi Bayden də bu Amerikaya başçılıq edir.

Mişel Fuko: Güc mütəfəkkiri

Bu səbəbdən əcnəbilər, xüsusilə də ingilisdilli əcnəbillər Amerika barəsindəki xülyalarına nəzarət etməlidirlər. 2017-ci ilə qədər ABŞ-dakı hər inauqurasiyaya Avropada qarşıdakı illərdə buradakı siyasətimizin necə qurulacağına dair ipucu kimi baxılardı. Tramp bunu tamamilə dəyişdirdi. Amerika avtomobilin sürət göstəricisini qırıb, təəssüf ki, Britaniyanın keçmiş baş naziri Tereza Mey də bunu görə bilməmişdi. Bayden coşğun sözləriylə sürət göstəricisi bərpa edə bilməyəcək. Onun çıxışında xarici siyasətə təəccüblü dərəcədə az toxunulurdu. Birmənalı şəkildə, Amerikanın dünyadakı yeri administrasiyanın dəyişilməsiylə özünü göstərməyəcək.

Tramp seçkiləri uduzub, amma nəsillər boyu davam edəcək dəyişliklər yaradıb. Baydenin müracəti bunun açıq təzahürü idi. Britaniya daxil olmaqla, Avropa dövlətləri bunu dərk eləməlidirlər. Amerikanın daxili siyasətində britaniyaçılıq necə keçmişdə qalıbsa, Amerikanın dünya liderliyi də eləcə tez bərpa olunmayacaq, bəlkə də ümumiyyətlə, bir də heç vaxt bərpa olunmadı.

Donald Trampın hakimiyyəti altında lovğa dünya nəhəngliyi ideyası az qala Amerikanın parçalanması həddinə gətirib çıxardı. Əgər Bayden və xələfi də uğursuz olsalar, bu yenə baş verə bilər. Breksit göstərdi ki, Britaniya da indi öz böyüklüyünə dair lovğalığının cəzasını çəkir. Hazırda Britaniya okeanlarda kompassız və xəritəsiz üzən gəmidir. Bayden Amerikası tezliklə onu xilas etməyə gəlməyəcək. Amerikanın həll etməli olduğu öz problemləri var.

theguardian.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR