Oxumaq barədə

Orxan Pamuk

Ədəbiyyat
Photo

Cibinizdə, çantanızda bir kitab daşımaq, ələxsus bədbin hiss etdiyiniz zamanlarda cibinizdə, çantanızda sizi xoşbəxt edəcək başqa bir dünya daşımaq deməkdir. Zövqlə oxunan bir kitabın varlığı, mənim üçün, gərginliklə keçən gənclik günlərimdə, əsnəməktən gözlərimdən yaşlar gətirən məktəb saatlarında ya da məcburiyyətdən və ayıb olmasın deyə getdiyim darıxdırıcı toplantılarda mənə güc verən təsəlli qaynağı oldu həmişə. Oxumağı təhsilin və işlərin tələb etdiyi bir məcburiyyət deyil də, öz istəyimlə seçdiyim xoşbəxtlik qaynağı edən cəhətləri sıralayım:

1. Yuxarıda söhbət açdığım başqa dünya təsiri. Buna “qaçış” üçün oxumaq deyilir. Xəyali də olsa başqa bir dünyaya bir müddətlik sığınıb rutin dünyanın hüzursuzluğundan qaçmaq xoşdur.

2. On altı ilə iyirmi altı yaşlarım arasında oxumaq, özümü yetişdirməyin, öz ruhumu şüurlu olaraq şəkilləndirmə işinin bir parçasıydı. Necə bir adam olmalıydım? Dünyanın anlamı nəydi? Düşünəbiləcəyim, maraqlanacağım mövzular, xəyallar, məkanlar hara qədər uzanırdı? Başqalarının yaşadıqlarını, xəyal etdiklərini, düşüncələrini hekayələrdə və yazılarda izlərkən, eynilə ağacların, yarpaqların ya da pişiklərin ilk dəfə fərqinə varan uşaq kimi, bu bilgiləri hafizəmin ən dərin yerində, unudulmazcasına saxlayacağımı bilirdim. Oxuduqlarımdan aldığım bilgilərlə gələcəkdə olmaq istədiyim insanın yolunu çizəcəkdim…Özümü yaratma, şəkilləndirmə işinə bu qədər xoş niyyətlə və saflıqla qatıldığı üçün, o yaşlarda oxumaq mənim üçün xəyal gücünün də prosesin içinə xeyli girdiyi ardıcıl və əyləncəli bir iş idi. Artıq bu istəklə çox az oxuyuram və bəlkə də bu səbəbdən daha az oxuyuram.

3. Oxumağı bizim üçün xoşbəxt yaşantıya çevirən başqa bir cəhət də, özümüzü dərinləşdirmə illuziyasıdır. Kitab oxuyarkən, ağlımızın bir qismi, diqqətini bütünlüklə oxuduğumuz mətnə verməz, amma etdiyimiz işin, yəni oxumağın nə qədər də dərin və ağıllı bir iş olduğunu xatırladaraq bizi təbrik edər. Ruhumuzun bir yanının oxuduğumuz kitabdan çox, o məqamda oturduğumuz masaya ya da kitaba, işığı vuran lampaya, içinə yerləşdiyimiz baxçaya ya da mənzərəyə açıq olmasını Prust yaxşı anladır. Bu diqqətdə fərdi yalnızlığımızı, xəyal gücümüzün çalışmasını, kitab oxumayan o biri insanlardan daha “dərin” olmağımızı təbrik edən bir özəllik var. Kitab oxuyan insanın bu seçimindən dolayı öz-özünü təbrik etməsini anlayıram, ancaq bunun qürurla şişirilməsini sevmirəm.

Buna görə öz mütaliə həyatımdan söhbət açmışkən, qoy əvvəl bunu deyim: 1 və 2-ci maddələrdə təsvir etdiyim zövqləri, televiziya, kinofilmlər ya da başqa qaynaqlar bütünlüklə versəydilər, bəlkə çox az kitab oxuyardım. Bəlkə bir gün bunu bacaracaqlar. Ancaq bunun çox çətin olduğunu düşünürəm. Çünki kəlmələr və ədəbiyyat, qarışqalar yaxud su kimidir: Çatlaqlara, dəliklərə, görünməz aralıqlara hər şeydən öncə və ən yaxşı şəkildə girən nəsnə kəlmələrdir. Həyat haqqında, dünya haqqında həqiqətən bizi maraqlandıran məqamlar da, öncə bu görünməz çatlaqlarda əmələ gəlir və onu hər şeydən əvvəl yaxşı ədəbiyyat görür. Yeni və yaxşı ədəbiyyatın, həyat haqqında heç vaxt söylənməmiş parlaq söz kimi, vazgeçilməz bir xəbərləşmə keyfiyyəti vardır və bu gün kitab oxumağa məni ən çox bağlayan cəhət də budur.

Amma bu zövqün baxma, seyretmə və görmə zövqüylə ziddiyyət və rəqabətdəymiş kimi anladılmasını, kəlmələrlə rəsmlərdən bunlar bir-birinə düşmənmiş kimi söz edilməsini doğru saymıram. Bəlkə də ona görə ki, mən yeddi ilə iyirmi iki yaşlarım arasında rəssam olmaq istəyir, böyük həvəslə rəsmlər çəkirdim. Amma daha doğru səbəb ədəbiyyat və rəsmin dost və qardaş olmasıdır. Mənim üçün oxumaq, mətnin anlatdığı mənzərəni ağlımızın kinoteatrında canlandırma prosesidir. Oxumaqda olduğumuz mətndən başımızı qaldırar, baxışlarımızı divardakı bir rəsmə, pəncərədən bayıra ya da qarşımızdakı mənzərəyə çevirərik, ancaq ağlımız gördüyümüz əşyalarla deyil, az öncə haqqında oxuduğumuz o biri dünyanı canlandırmaqla məşğuldur. Yazıçının xəyal etdiyi o dünyanı bizim görə bilməyimiz, sevinc duya bilməyimiz üçün xəyal gücümüzün hərəkətə keçməsi gərəkdi. Bu da oxuduğumuz mətnin, səadət dolu o dünyanın yalnız oxucusu deyil, bir parçası, hətta bir az da onun yaradıcısı olduğumuz təsəvvürünü yaradaraq bizi məhrəm bir xoşbəxtliyə çağırır. Kitab oxumağı, yaxşı bir ədəbi əsər oxumağı vazkeçilməz edən əsas cəhət, bax, bu məhrəm xoşbəxtlik duyğusudur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR