Dəyişiklik niyə yaxşı həyata aparan yeganə yoldur

Emosional intellekt
Photo

Xüsusilə indiki kimi qeyri-müəyyən dövrdə dəyişikliklərə necə münasibət göstərməyimiz mövcudluğumuzun və xoşbəxtliyimizin əsasını təşkil edir. Bu məqalədə Lindsey Beyker dəyişikliyin fəlsəfəsini araşdırır.

“Həyat çaydır”, - filosof Heraklit belə deyirdi. Yunan filosof eramızdan 500 il əvvəl hər şeyin dəyişiklikdən ibarət olduğunu, hər şeyin əvvəl olduğundan başqa şeyə çevrildiyini söyləyirdi. Həyat çay kimi daim axmaqdadır, əgər sahildən çayın içinə girsək, ayaqlarımızın üzərindən axan su bir an əvvəl axan suyun heç vaxt eynisi olmayacaq. Buna görə də Heraklit deyirdi ki, həyat daim dəyişdiyindən, onun təbii axışına müqavimət göstərmək, öz mövcudluğumuzun mahiyyətinə müqavimət göstərmək demək olardı. “Heç nə dəyişiklik qədər sabit deyil”, - o, söyləyirdi.

Və yaxud romançı Yelena Ferrantenin dediyi kimi: “Dəyişiklikdən qorxmamalıyıq, başqa cür olan bir şey bizi qorxutmamalıdır”. Əgər biz bu daimi axınla başa çıxa bilsək, onda həyatın özüylə də başa çıxa bilərik – o həyat ki, Heraklitdən bir neçə min il sonra gələn indiki qeyri-müəyyən və sürətli dövrümüzdə xüsusilə çalxantılı hiss edilir. Bəşəriyyətin mövcudluğu ərzində bir çox dahi sənətkarlar, yazıçılar və filosoflar dəyişiklik anlayışını və bizim ona müqavimət göstərmək impulsumuzu dərk etməyə çalışıblar. “İçimizdəki bir şey bizim uşaq qalmağımızı… yad olan hər şeyə müqavimət göstərməyi arzulayır”, - 20-ci əsrdə psixoloq və yazıçı Karl Yunq “Həyatın Mərhələləri”ndə Heraklitdən iqtibas gətirirdi. Bu mütəfəkkirlərin fikrincə, dəyişikliyi vacib və həyatın normal bir parçası kimi qəbul etməkdən imtina problemlərə, əzab-əziyyətə və məyusluğa gətirib çıxarır. Onlar deyirlər ki, əgər biz hər şeyin daim dəyişkən və axışda olduğunu qəbul etsək, yol daha hamar olacaq.

Onda belə çıxırmı ki, “həyat çaydır” nəzəriyyəsi həyatın qarşımıza çıxardığı bütün problemləri, dəyişiklikləri və böhranları qəzavü-qədər kimi qəbul edib təslim olmalıyıq mənasına gəlməlidir? “Heç də belə”, - deyir “Stoisizm dərsləri” kitabının müəllifi və London Universitetinin mühazirəçisi Con Sellars. Onun sözlərinə görə, Heraklitin nəzəriyyəsi təslim olmaqdan daha çox “qəbullanmaq” barədədir.

Antik fəlsəfə bu günki həyatımıza necə yön verə bilər?

Məntiq sistemi və təbii dünyaya baxış tərziylə seçilən Ellin fəlsəfəsi məktəbi olan Stoisizmdə (müəyyən qədər Heraklitdən ilhamlanıb) dəyişiklik sevimli mövzudur. Populyar təsəvvürlərdə “stoik” olmaq çətinliklərə şikayət etmədən sinə gərmək, “gülümsəyərək dözmək” kimi qəbul edilir. Sellar kitabında üç Stoikin – Seneka, Epiktet və Mark Avrelinin – düşüncələrini hörməklə, onların ideyalarının bu gün bizə necə kömək edə biləcəyini göstərir.

“Hər şey dəyişir, indi sual sual budur ki, biz də onunla dəyişirikmi?” – Con Sellars

Stoiklər heç nəyin sabit olmadığına və bizim bununla barışmalı olduğumuza inanırlar. Təbii dünya dəyişməkdə olan mərhələli proseslərdən əmələ gəlib, ona görə də əgər biz təbiətdə xoşbəxt olmaq istəyiriksə, onunla harmoniyada yaşamağa məcburuq”. O deyir ki, stoisizm faktiki olaraq, dəyişikliyə müqavimət göstərmək yox, onunla üzləşməkdir. “Hər şey dəyişir, indi sual budur ki, biz də onunla dəyişirikmi? – Sellars qeyd edir: Stoiklər bizim başqa şansımızın olmadığını, dəyişikliklə döyüşə bilməyəcəyimizi söyləyirlər”.

Bu ideya sənətda və ədəbiyyatda çox səsləndirilib. Şüur axını üslubunun görkəmli yazarlarından və düşüncənin dəyişkənliyini əxz edənlərdən biri olan britaniyalı müəllif Vircinya Vulf isə belə ifadə edirdi: “Dəyişməyə davam edən kəs yaşamağa davam edən kəsdir”. Vulf özünün ən mürəkkəb əsərlərindən biri olan “Dalğalar” nəsr-poemasında uşaq yaşlarından başlamaqla, 6 dostun şüurunu izləyir. Obrazlar hər həyat mərhələsinə dolu-dolu yeniliklərlə və qeyri-müəyyənliklərlə qədəm qoyurlar. Onlardan hər biri özünü başa düşmək üçün mübarizə apararkən, əsərin axıcı təhkiyə tonu onların müxtəlif baxış bucaqlarını ustalıqla dəyişdirir. Vulf qəhrəmanlarını biz həyatda necəyiksə elə, daimi dəyişkənlik prosesində və hekayə boyunca davam edən metamorfozlarla təqdim edir.

Dəyişkənlik Vulfun aludəçiliklərindən biridir. İlkin dövr oynaq romanı “Orlando”da (1928) o, Yelizaveta dövrünün aristokrat cənabının həyatından bəhs edir, romanın yarısına çatanda isə oxucu birdən ayılır ki, cənab çevrilib olub xanım. “Dəyişiklik aramsız idi”, - Vulf romanında yazır: “və dəyişiklik yəqin, heç vaxt dinməyəcək. “Düşüncənin hündür sədləri, daş kimi dəyişməz görünən adətlər bir başqa düşüncənin toxunuşuyla kölgələr kimi aşağı endi, çılpaq bir səma və onda parıldayan təzə-tər ulduzlar yaratdı”.

Vulf – axırda öz şeytanlarını məğlub edə bilməsə də - fəal gündəlik müəllifi idi, o, öz hissləriylə işləmək üçün ən dərinlərdəki düşüncələrini yazıya tökürdü. Vulfda olan bu vərdiş Susan Sontaq, Con Didyon, Oskar Uayld və Stoik Mark Avreli kimi bir çox əhəmiyyətli yazıçılar və mütəfəkkirlərdə də olub. Əslində, bu günün fəaliyyətdə olan Stoikləri qarşıdakı günün gətirəcəyi sürprizlərə hazır olmaq və günün sonunda davranışları analiz etmək üçün hələ də gündəlik yazmağı tövsiyyə edirlər. İdeyanın mahiyyəti isə budur ki, həyatın dəyişkənliyini nəzərə alaraq, hazırlıqlı olmalı, özünü bacardığın qədər məşq elətdirməlisən.

Fəlsəfənin önəmi nədir?

Bəlkə elə buna görə Stoiklər heç də gülünc olmayan “dodağı tərpənməz” reputasiyası əldə ediblər. "Bəli, bunun müəyyən qədər əsası var, - Con Sellars etiraf edir: Bu müəyyən qədər möhkəmlənmək və təlimlə bağlıdır, gözlənilməzliklərin öhdəsindən gəlməyin o deməkdir ki, bu, səni o qədər də incitmir". Amma burda söhbət nəzarət və hissləri basdırmaqdan getmir, belə qəbul edilsə, Stoisizmin ideyası səhv başa düşülə bilər.

Yeganə davamlı həqiqət

Onda soyuqqanlı rasionallıq dəyişkənliklə sövdələşmək üçün yeganə açardırmı? “Burda məqsəd yaxşı, xoşbət həyat sürmək, səthi emosiyalar deyil, həqiqi sevinc yaşamaq üçün lazım olan yerdə olmaqdır”, - Sellars söyləyir. Stoiklər nəsnələri qiymətləndirməyi, amma həm də onların əbədiyyətəcən davam etməyəcəyini dərk etməyi tövsiyə edirlər. “Qeyri-müəyyənlikdən qorxma”. Stellarsın dediyinə görə, bu mənada Stoisizmlə Buddizm arasında bir çox paralellər aparmaq olar. “Hər şey dəyişir, indidə yaşa, zahiri şeylərə dərindən bağlanma”. Bu, hissiyyatsız, hətta soyuq bir tövsiyə kimi görünə bilər, amma Sellars təkid edir ki, belə deyil. “Çünki Buddizm kimi Stoisizm də bütün hissiyyatlı varlıqlara şəfqət göstərməyi, təbii qayğıya malik olmağı və duyğusuz, emosiyasız olmamağı tövsiyə edir”.

Oktaviya E Batlerin “Əkinçinin məsəli” (1993) elmi-fantastika romanındakı Lauren obrazı Yertoxumu adlı bir din yaradır, qəhrəmanın kosmosun canlandırıcı qüvvəsi kimi dəyişkənliyə dair öncəgörmələri var. Lauren öncəgörmələrini epiqram bəyanatlar kimi qələmə alır: “Sən toxunduğun hər şeyi dəyişdirirsən. Dəyişdirdiyin hər şey səni dəyişdirir. Dəyişməyən yeganə həqiqət Dəyişiklikdir. Tanrı Dəyişkənlikdir”. Heraklitin “həyat çaydır” nəzəriyyəsində etdiyi kimi o da həyat, dəyişiklik və təbiət arasında eyni bağlılığı qurur. Batler yazır: “Toxum ağaca, ağac meşəyə; Yağış çaya, çay dənizə; tırtıllar arılara, arılar sürülərə. Birdən çoxa; çoxdan birə; Əbədiyyən birləşmək, böyümək, dağılmaq - əbədiyyən Dəyişkənlik. Kainat Tanrının avto-portretidir”.

“Sən toxunduğun hər şeyi dəyişdirirsən. Dəyişdirdiyin hər şey səni dəyişdirir. Dəyişməyən yeganə həqiqət Dəyişiklikdir”. – Oktaviya E Batler

Laurenin dünya vizyonu da xeyirin şərə, mərhəmətin qəddarlığa qalib gəlməsidir. Amerikalı müəllif və alim Rebekka Rafaelin Batlerin əsəri barəsində yazdığı kimi: “Lauren bu Heraklitvari ideyalara etik təlimatlarla qatılır və daxil olduğu dəyişikliyi şüurlu şəkildə formalaşdırır. Yertoxumunun Dəyişkənliyində fövqəltəbii bir şey yoxdur, nə bir ilahilik, nə də bir dünya esxatologiyası, bu, sadəcə olaraq dünyanın dəyişkən qanunauyğunlarına görə, məsuliyyət çağırışıdır”.

Laurenin Yertoxumu dini həm Stoisizmin, həm də Buddizmin aspektlərini ehtiva edir. Rafaelin ifadə etdiyi kimi: “Yertoxumunun tərkib ideyaları yeni bir şey deyil. Onda Buddizm metafizikasının, Yəhudi etik fəaliyyətlər dünyagörüşünün və Stoik fokusun elementləri var. Onun ictimai və dindən kənardakı qruplara qarşı nifrəti yoxdur, əksinə o, insanların başqa planetlərdə yaşamasını hazırlamaq üçün qəddar dünyada mərhəmətli olmağı təşviq edir”.

Tarixin ən dahi filosoflarından biri - Konfutsi kim idi?

Beləliklə, bəs bizim indiki böhranımızda Stoiklər təkcə indi yox, necə olacağından asılı olmayaraq, dəyişkənliyə necə münasibət göstərməyimizi tövsiyə edərdilər? “Biz nəzarətimizdə olan şeylərlə olmayanları fərqləndirməliyik, - Sellar deyir: Sən özünü təcrid edə, sosial məsafə qoya bilərsən, panikayla, təşviş qorxusuyla deyil, sakit rasional ehtiyatlılıqla davrana bilərsən”.

Müasir Stoisizm hərəkatı ildə bir dəfə Stoik Həftəsi keçirir. Həftənin iştirakçıları nəticəyə deyil, prosesə köklənməyi və çətinliklə həyatın normal parçası kimi üzləşməyi öyrənirlər; yəni ki, biz çətinlikdən və müvəffəqiyyətsizlikdən öyrənə bilərik. Başqa sözlə, çətinlik öyrənilən təcrübədir.

Bu da keçib getməlidir

Orta əsr peyğəmbəri bir dəfə müdrik insandan həyatda əmin-amanlıq gətirəcək mesaj verməyini istəyir. Onun cavabı: “Bu da keçib getməlidir”. Aktyor Tom Henks bir neçə ay əvvəl koronavirus pandemiyası ilə bağlı bu ifadəni işlətmişdi və bu, psixoterapevt Culiya Samuyelin bu yaxınlarda nəşr olunan kitabının da sərlövhəsidir. “Bu da keçib getməlidir: Dəyişiklik, böhran və ümidli başlanğıclar” kitabında Samuyel anonim müştərilərinin hekayələrinə baş vurub: “Mənim qapımdan adlayan istənilən şəxsin dəyişikliklə bağlı problemi olub, - o, “BBC Mədəniyyət”ə açıqlamasında deyib: Dəyişiklik həyatın bir qanunudur, ağrı isə dəyişikliyin tərkib hissəsi, o səni oyanmağa, dünyaya başqa gözlə baxmağa məcbur edir, onun diskomfortu səni reallığı görməyə vadar edir. Şəxsən mən, eləcə də əksər insanlar ağrı yoluyla öyrənirlər”.

Samuyelin sözlərinə görə, pandemiya ilk silləsini vuranda, bizlərdən çoxu “donub qalmış, şoka düşmüş və təlaşa qapılmışdıq. Bu sanki qorxunc bir matəm marşı idi, sən onu bloklaya bilərdin, amma axırda diqqət yetirməyə, dəyişikliyə getməyəcə məcbur idin”. Culiya kitabına niyə “Bu da keçib getməlidir” başlığını qoyduğuna da aydınlıq gətirib: “Sən yolun o tayına keçməkdən ötrü böhranı adlamağa, dəyişməyə məcbursan. Sən bu, heç vaxt başa çatmayacaq deyə düşünməməlisən. Qışda yayın heç vaxt gəlməyəcəyinə inanmaya bilərsən, amma yay gəlir”.

Dəyişikliyi qəbul etmək səni yaxşılaşdırır. “Nə qədər qəribə olsa da, sən dəyişikliyin qaçılmaz olduğunu nə qədər çox qəbul etsən, bir o qədər çox daxilən dəyişəcək və adaptasiya olacaqsan”. Dəyişiklik proqresin mühərrikidir.

Samuyel həyatın və təbiətin axışı və bizim yaşamalı olduğumuz ən böyük dəyişikliyin ölümümüz olduğu fikriylə tamamilə razıdır: “Zənnimcə, biz içimizdə böyüyən şeyə diqqət etmirik, ona görə də bir-birimizlə həyatın sonu barədə söhbətlər aparmağımız yaxşıdır. Yoxsa danışmaq istəmədiyin şeylər içinə qurd sala və hər şeyi daha da çətinləşdirə bilər. Həyat çox dəyərlidir, amma onun məhdud olduğunu qəbul etməkdə fayda var”.

Dəyişiklik tarixin təməlidir, qüdrətin sübutu” – Cenni Holzer

Sem Kukinin insan hüquqları ilə bağlı güclü və optimist “A Change is Gonna Come” (“Dəyişklik Gələcək”) himninin çıxmasından yarım əsrdən çox vaxt keçir. Bununla belə mahnı heç vaxt olmadığı qədər aktualdır. Və amerikalı konseptual sənətkar Cenni Holzerin möhtəşəm “İltihablı Esselər”i özünün qan qaynadan mesajı ilə 40 ildən çoxdur ki, nəşr olunub: “Dəyişiklik tarixin təməlidir, qüdrətin sübutu”. 1980-ların əvvələrində yaradılan provakativ sənət əsəri amerikalı sənətkarın doqmatik, orijinal gerçəkləriylə doludur. Bir müddət əvvəl Londonun Teyt Modern muzeyində sərgilənən əsər bu gün də aktual olaraq qalır. “İğtişaş arzulanandır, çünki təravətli, ləkəsiz qruplar fürsət əldə edirlər”, sənət əsərində qeyd olunub, həmçinin orada bu ifadələr də var: “Dekadent və güclü çempion davamlılıq”; “Astagəl modifikasiya effektiv ola bilər; kişilər dəyişməzdən əvvəl fərqinə varır və müqavimət göstərirlər” və “Ən pis ən yaxşının xəbərçisidir”.

Hazırkı böhran – irqi və sosial bərabərliklər uğrunda mübarizə - Holzerin ifadələrini daha səs-küylü edir. Cəmiyyətlər həmrəylik və dəstək göstərdikcə, cəsarət, mərhəmət və empatiya kimi keyfiyyətlər, eləcə də ədalət və haqq duyğusu da tapıla bilir. Bu qarışıqlıq, dəyişiklik və sarsıntı dövrünə sonra necə baxacağıq? Biz bu situasiyadan daha dərin anlayışla və bəşəriyyət barədə daha irəli düşüncəylə, prioritet və dəyərlərimizlə çıxa bilərimi? Sübut olunmuş “qüvvəylə”çıxa bilərikmi?

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR