Çin pandemiya ilə necə mübarizə apardı və necə yalan danışdı?

Hər şeydən biraz
Photo

“Foreign Policy” 2020-ci ildə yayımlanan beş essesi ilə keçmişə nəzər salıb.

Pandemiyanın əvvəlində COVID-19-un Kommunist Partiyasının Çindəki nüfuzuna ciddi xələl gətirəcəyi gözlənilirdi. Bu gün isə Birləşmiş Ştatlar və Avropa ikinci və üçüncü dalğadan əziyyət çəkdikləri halda, Çində ölkə boyunca maskasız izdihamlar hərəkət edir.

Çində yoluxmalar necə başladı və Partiyanın imici üçün potensial fəlakət olacaq xəstəlik necə nəzarət altına alındı? Pekinin virusa ilkin yanaşması onun qlobal miqyasda yayılmasına necə təsir göstərdi? Və virus ilk olaraq necə ortaya çıxdı?

“Foreign Policy” jurnalı epidemiyanın başlamasını ilk gündən diqqət mərkəzində saxlayırdı. Beləliklə, il ərzində nəşr olunan ən yaxşı hissələri təqdim edirik.

1. Çində Ay Yeni İli dövründə SARS-a bənzəyən bir epidemiya növü yayılmaqdadır.

Müəllif: Lauri Qarret, 8 yanvar

Çinin koronavirusun hələ ilkin partlayışına necə yanaşdığını müşahidə edən pandemiya eksperti Lauri Qarret kimi açıqgöz müşahidəçilər vardı, onlar başa düşürdülər ki, nəsə çox pis bir şey baş verir. Epidemiyanın rəsmən təsdiq edilməsindən həftələr əvvəl, yanvarın 8-də Qarret getdikcə azmanlaşaraq ortaya çıxan fəlakət barədə ilkin rəylərini yazmışdı: “Çin prezidenti Xi Jinpingin hökuməti epidemiyalara qarşı belə qəddarca və gizli şəkildə fəaliyyət göstərməklə, özünə yaxşılıq eləmiş olmur”- Qarret qeyd etmişdi. “Vuhanın sirli xəstəliyi necəsə daha təhlükəsiz bir şeyə çevrilə və bütün pasiyentlər sağalmaqla, heç nə olmamış kimi evlərinə qayıda bilərlər. Amma bu heç də belə görünmür”. Qarret yaxınlaşmaqda olan fəlakəti – yüz milyonlarla çinlinin ailələrini görmək üçün ölkə boyunca hərəkət etdiyi Ay Yeni İlinə işarə edirdi, bu xəstəliyin partlayış həddinə gələcəyinə dair ağlabatan ehtimal idi. Qarretin məqaləsi COVID-19-un dünya üçün necə nəticələr doğura biləcəyini göstərən ilk cəhdlərdən biriydi: o bu perioda dair kəskin proqnozlar verən biri olaraq qaldı.

Epidemiyalar və cəmiyyət kitabının müəllifi: Pandemiyalar tarixi necə dəyişdirir?

2. Koronavirusa görə yarasa şorbasını günahlandırmayın

Müəllif: Ceyms Palmer, 27 yanvar

Koronavirusun Çinin daxilində yayıldığı vaxt anti-asiyalı irqçliyin tərkib hissəsi kimi Avropada və Birləşmiş Ştatlarda koronavirusun yoluxuculuğu barədə irqçi miflər ortaya çıxırdı. O vaxtlar virus qlobal problemdən daha çox çinli problemi kimi görünürdü. Ən inadkar fikirlərdən də biri bu idi ki, koronavirus sözün həqiqi mənasında yarasa yeməyin nəticəsində (Vuhana məlum olmayan adət) ortaya çıxır. Mikroneziyada yarasa şorbası içən gənc çinli turistin şəkli Vuhanda çəkilən şəkil kimi internetdə dolaşırdı. “Foreign Policy”nin şef redaktoru Ceyms Palmer bu saxta iddiaları həm ifşa etmiş, həm də Çin qida sənayəsinin reallıqlarına baş vurmuşdu. “Nə ilə qidalanmağa gələndə vacib olan yeyilən şey yox, iş şəraitidir, məsələn, işçilər üçün nəzərdə tutulan standartlar, bazarlarda baryerlərin olmaması, tənzimləyicilərin və ya səhiyyə müfəttişlərinin olmaması və ya rüşvətə bulaşması. Nə də olsa, H1N1 virusu başlanğıcını hansısa naməlum məxluqlardan deyil, donuzlardan götürmüşdü”.

3. Xi Jinpingin verdiyi karantin əmrləri mənim yaşadığım Aunti bölgəsində necə icra olunurdu.

Müəllif: xüsusi müxbir, 20 fevral

Çinin virusa qarşı mübarizəsindəki vacib məqam milli karantinin miqyası və sərtliyi idi. Həmin vaxt tam karantin anlayışı bir çox xarici ölkə üçün avtoritar və yad idi, amma bu, tezliklə digər bir çox ölkələr üçün də normaya çevrildi. Bununla belə, Çində yaşayan qərbli xüsusi müxbirin fevral ayında xəbər verdiyi kimi, Çinin karantini bir çox ölkələrin məhrum olduqları resurslardan asılı idi. Onun yazdıqları Çinin rəsmi qurumlarının ərazi icmaları şəbəkələrindən və Kommunist Partiyasının qanunlarını icra edən yerli şəxslərdən yararlanmaqla, prosesi necə sərt və yaxından həyata keçirdiklərini göstərirdi. “Əvvəl-axır fevralın 5-də bizi evimizə qapadan nə Xi, nə şəhər hökuməti, nə koronavirus, nə də əmlak idarəçiliyi şirkəti idi, bu xanım V. idi. Sistemin gətirdiyi qorxu nəhayətdə onun yerli qurumlardan qorxmasına səbəb olmuş və o, uşaqlarının və mənim tapşırılanı yerinə yetirməyimizə göz-qulaq olmaq qərarına gəlmişdi”.

2020-ci il COVID-dən başqa hansı vacib elmi hadisələrlə yadda qaldı?

4. ÜST necə Çinin cinayət ortağına çevrildi

Müəllif: Hinnerk Feldviş-Drentrup – 2 aprel

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk günlərində Çinin rəsmi qurumlarının xəstəliyin insandan insana keçməməsi barədəki yalanlarını qəbul etməklə, Çinin təzyiqi ilə təcili iclas keçirməkdən imtina etməklə, maskalarla və digər həyat xilas edən metodlarla bağlı aydın informasiyalar verməməklə, faciəvi rol oynamışdı. Almaniyalı səhiyyə mütəxəssisi və jurnalist Hinnerk Feldviş-Drentrup təşkilatın aprel ayındakı xətalarını araşdırmaqla, institutsional təzyiqin və Kommunist Partiyasından gələn təsirin necə vacib səhvlərə yol açdığını və Çinin digər ölkələrə özünün evdə tətbiq etdiyi, məsələn, sərhədlərin bağlanması kimi ölçüləri götürməmələri üçün necə təzyiq göstərdiyini araşdırmışdı. Müxbirin analizi sonra baş verəcək hadisələrə işıq tuturdu: “ÜST-ün Çinə səfər edən mütəxəssislərinin vəziyyəti kifayət qədər başa düşüb-düşmədikləri aydın deyil. Məsələn, Çinin cənubundakı Quanqdonq əyalətindən gələn rəqəmlərə əsaslanmaqla, ÜST aşkar edilməmiş halların nadir olduğunu irəli sürürdü”. Sonra dünyanın əksər ölkələrində bunun heç də nadir olmadığı üzə çıxdı.

5. Çində ikinci koronavirus dalğası, senzura işə düşdü.

Müəllif: Treysi Ven Liu, 7 iyul

Çinin pandemiyanı nəzarətdə saxlamaq üçün dövlətin gücündən istifadə etməsinin qaranlıq tərəfləri vardı: Güclü senzura, dissidentlərin həbsi və dövlətin uğursuzluqlarını ifşa edəcək istənilən cəhdin boğulması üçün onlayn propoqanda. İlkin ört-basdır cəhdləri sadəcə virusun yayılmasına gətirib çıxarmışdı, ancaq problemi qəbul etmək, onun azad şəkildə işıqlandırılması mənasına gəlmirdi. Çinli jurnalist Treysi Ven Liu iyulda yazırdı ki, Çində mətbuat azadlığı heç vaxt olmadığı qədər pisləşib, hökumətin narrativindən kənar ifadə edilən istənilən narrativə sərt müdaxilə edilirdi, lisenziyasız jurnalistlərdən tutmuş, ailə üzvlərini itirmiş koronavirus qurbanlarına qədər yaxınlarının necə öldüyü müəyyən etmək istəyənlərə imkan verilmirdi. “Çində həyat yavaş-yavaş əvvəlki axarına qayıtsa da, səhiyyə işçilərini, pasiyentləri və onların ailələrini danışdırmaq da getdikcə çətinləşir”. Liu səhiyyə işçilərinə xarici mediaya müsahibə verməmək barədə necə açıq təhdidlər gəldiyindən və hətta hökumətmeyilli çat qruplarının bağlanmasından yazırdı.

Repressiya davam edir: Dekabrın 28-də jurnalist Zanq Zan Vuhandan icazəsiz reportaj hazırladığına görə 4 il müddətində azadlıqdan məhrum edilib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR