21-ci əsr müharibəsi - Dronlar müasir müharibələri necə dəyişir?

Hər şeydən biraz
Photo

Dronlar dünya siyasətində sabitliyi pozur

Sadə aparatlar münaqişələri şirnikləndirici və ucuz edir

Dünya dron müharibələri dövrünə qədəm qoyub. Son beş ildəki dövlətlərarası – Livan, Dağlıq Qarabağ, Suriya və Ukraynadakı - böyük müharibələrdə dronlar dominant, bəlkə də həlledici rol oynayıblar. Hələ üstəlik “Taliban” kimi dövlətdən xaric oyunçulara qarşı istifadə, yaxud ABŞ və onun Çin kimi əsas rəqibləri arasındakı müharibələrdə istifadə ehtimalı kimi spekulyasiyalara görə pilotsuz uçuş aparatları (PUA) diqqət mərkəzindədir. Müzakirələr zamanı bəzi elm adamları bu qənaətə gəliblər ki, dronlar hədsiz mürəkkəb və həssas obyektlər olduqlarına görə, məhdud istifadəyə yararlıdırlar və dövlətlər arasındakı müharibələrdə aktual deyillər. Hətta bəziləri dronların beynəlxalq sabitliyə töhfə verə biləcəyini irəli sürürlər: çünki dövlətlər görsə ki, vurulan içində pilot olan təyyarə deyil, bəsit bir drondur, onda onların münaqişəyə girmək ehtimalları aşağı olacaq.

Amma çoxalan nümunələr əndişəverici trendin yaranmaqda olduğunu göstərir. Silah və artilleriya ilə təchiz edilən ucuz və dözümlü dronlar ordulara real üstünlüklər qazandırır. Dronların peyda olduğu son dörd münaqişə göstərir ki, bu təvəzökar aparatlar müharibələrdə qələbə gətirə, hətta geosiyasəti yenidən formalaşdıra bilərlər. Və dronlar getdikcə daha çox ölkənin arsenalına daxil olduqca – 2015-dən bugünümüzəcən – yeni oyunçular ərazi ələ keçirmək və yaxud əvvəllər donmuş halda olan münaqişəni alovlandırmaq üçün ələ düşən imkanı dəyərləndirmək istəyirlər. Dövlətlər və mütəxəssislər bu aparatların dövlətlərarası zorakılığı artırmaqda necə rol oynaya biləcəklərinə yenidən nəzər salmalıdırlar.

Biristifadəlik donanma

Mütəxəssislər həmişə hücum silahlarının sabitliyi pozduğuna inanıblar, çünki onlar yarış xərclərini ixtisar etməklə, potensial rəqiblər arasında təhlükəsizlik sahəsindəki qorxuları artırırlar. Silahlı dronlar bu ideyanı biraz da irəliyə aparır. PUA-lar pilotlu təyyarələrdən qat-qat ucuzdur, hərbiçilər onları heyət itkisi olacağından qorxmadan riskli əməliyyatlara göndərə bilərlər. Bundan başqa, dronlar ucuz olduğuna görə dövlətlər rəqibin müdafiəsini yarmaq üçün onlardan çox sayda ala bilərlər. Hərbiçilər son müharibələrdə çox sayda drondan artıq istifadə ediblər, gələcək münaqişələrdə isə rəqib qüvvələr cavab verməyə macal tapana qədər onları darmadağın etmək üçün böyük ehtimalla minlərləsinə, bəlkə də yüz minlərləsinə sahib olmağa çalışacaqlar.

Beləcə ucuz, silahlı dronlar bir dəfəlik istifadəni qalibiyyətə çevirirlər. Ordu qarşısındakı kifayət qədər hədəfi dağıda bilirsə, çox sayda dron itirməyə göz yuma bilər. Hətta əgər hər dron fərdi mənada kövrəkdirsə belə, onları kütləvi şəkildə almaq rəqəmlərdə təhlükəsizliyi təmin edir. Kumulyasiya effektiylə o, hətta ən güclü müdafiələri də darmadağın edə bilər.

Makiavelli haqlı idi

Müşahidəçilər bu taktikadan Dağlıq Qarabağ müharibəsində istifadə edildiyini gördülər. Azərbaycan uzaqdan idarə edilən 1940-lara aid An-2 biplanlarından (“kukuruznik”) istifadə edirdi. "Kukuruznik" ermənilərin radar operatorlarını öz sistemlərini işə salmağa və beləcə öz yerlərini göstərməyə vadar etmiş, sonra da azərbaycanlı pilotlar onları uzaqdan idarə edilən İsrail istehsalı "Harop" dronlarının köməyilə məhv edə bilmişdilər. Sonda Azərbaycan 11 ədəd “An-2”-sini itirsə də, bu strategiya Ermənistanın hava müdafiəsi qüvvələrində boşluqlar açmağa kömək etmişdi.

Son münaqişələrdəki ilkin sübutlar silahlı dronların əslində əvvəl güman olunandan daha dözümlü ola biləcəklərini göstərir. Rusiyanın “S-300” və qısamənzilli “Pantsir” kimi inkişaf etdirilmiş hava müdafiəsi sistemlərinin Liviyada, Dağlıq Qarabağda və Suriyada təəccüb edəcək dərəcədə zəif olduqları üzə çıxdı. Hər bir nümunədə silahlı dronlar hədəfdən yayına bilmiş, böyük pilotlu təyyarələri nəzərdə tutaraq yaradılan köhnə sistemlərin boşluqlarından istifadə edə bilmişdi. PUA-lar Liviyada və Suriyada bir neçə rus “Pantsir”ini dağıda bilmiş, Ermənistanın havadan müdafiə sistemlərinin üzərində isə ziyafət çəkmişdi.

Buna görə də uzunömürlü geopolitik dalanlardan çıxmaq istəyən dövlətlər üçün nisbətən ucuz, biristifadəlik silahlı dronlar şirnikləndirici imkan təsiri bağışlayır. Belə aparatlar qısa zamanda ərazini ələ keçirməyə, rəqibləri qısa müddətdə darmadağın etməyə və gələcəkdə daha böyük cəza ilə təhdid etməyə kömək edə bilər.

Oyun pozan

Döyüş meydanında gedişatı dəyişdirməyə nail olduqları üçün dronlar daha da cəlbedici olublar. Türkiyə dronlardan məxsusən effektiv istifadə edib. Keçən fevralda İdlib əyaləti yaxınlığında xidmət edən 36 türk əsgərinin Suriyanın hava zərbəsiylə öldürülməsindən sonra, TB2 dronlarıyla əks hücuma keçən Ankara onlarla tankı, hava hücumundan müdafiə sistemlərini və silahlı nəqliyyat vasitələrini məhv etmiş, böyük ehtimalla minlərlə Suriya əsgərini öldürmüşdü. Cəzalandırılmış Suriya adından Rusiya atəşkəs təklif etmişdi. Türk TB2-ləri Barış Gücü Əməliyyatında Liviyadakı hərbi pat vəziyyətini yarmaqda da həlledici olmuşdular: TB2 dronlarıyla quru qoşunlarının birgə hərəkatı nəticəsində Liviya Milli Ordusu Tripolidən və Tarhundakı istehkamından çıxarılmışdı.

Dağlıq Qarabağ 1920-23-cü illərdə

Bununla belə, silahlı dronlar tək işləmir. İnsansız sistemlər artilleriya, uzaqmənzilli raketlər, yaxud mobil quru qoşunların dəstəyi ilə birləşəndə daha effektiv olurlar. Məsələn, Azərbaycan dronlardan ermənilərin müdafiə mövqelərini müəyyənləşdirmək və sonra da artilleriya ilə raket atıcılarından atəş açmaq üçün istifadə edirdi. Dronlar indi ənənəvi hava qüvvələrini əvəz edə, bunları və digər platformaları daha öldürücü edə bilərlər. PUA-ların döyüş meydanındakı varlığı rəqiblərin demək olar ki, istənilən qərarına təsir edir.

Öz rəqiblərinin dronlardan istifadə etdiyini bilən hərbiçilər havadan təhlükəyə qarşı çıxmaq üçün davranışlarını dəyişmək məcburiyyətindədir. Adətən mobil zirehli texnika həm Liviyada, həm də Dağlıq Qarabağda yuxarıdan görünməmək üçün istehkamlarda gizlənirdi. İstehkamları tərk edə bilmədiklərinə görə də, axırda özbaşına hücuma keçə bilmədən təşəbbüsü rəqibə verməli olurdular. Liviya Milli Ordusu və erməni qüvvələr havadan müdafiə sistemlərinə yaxşıca inteqrasiya olunmaqla, həssas qurğularını qoruya bilərdilər, amma həmin sistemlərin əlçatan olması və onlara qoşulmağın mümkün olması şərtiylə. Bundan başqa, silahlı dronların təhlükəsiz olduğu güman olunan arxa tərəfdə qəfildən peyda olması rezervin və təchizatın da hərəkətini çətinləşdirirdi.

Qısacası, dronlar real vaxtda müasir müharibənin oyun qaydalarına yenidən baxmağa vadar edir. Bugünün nisbətən sadə aparatları regional münaqişələrdə tarazlığı dəyişmək üçün təhlükəli və dözümlüdürlər. Təəccüb doğuracaq dərəcədə məhdud bacarıqlarla dronlar ölkələrə döyüş meydanında yeni imkanlar aça bilər.

Hücum liderliyi ələ keçirir

Silahlı dronlar dəfedilməz deyillər. Əslində, onlar məhdudiyyətli, hətta bəsitdirlər, elektronik müdaxiləyə qarşı həssas, hava bazalarına bağlı və pis hava şəraitində yararsızdırlar. Yalnız təvəzökar yük daşımaq qabiliyyətinə sahib olan TB2 kimi dronlar yerdən nəzarət nöqtələrindən və ya stansiyalardan cəmi 150 km aralana bilməklə qısa məsafəlidirlər. Bütün uğurlarına baxmayaraq, Azərbaycan bir neçə TB2-sini Ermənistanın yerdən açdığı atəşlə itirmişdi, eyni şey Liviyada Türkiyə və BƏƏ-nin də başına gəlmişdi.

Millətlər niyə tənəzzül edir

Analitiklər silahlı dronların tərifini göylərə qaldırmaqdan çəkinməlidirlər. Amma dronların dağıdıcı potensialını da gözdən qaçırmaq olmaz. Elə ölkələr var, bəsit PUA-ların köməyilə uzunömürlü pat vəziyyətindən çıxa biliblər.

Kommersiya sektorundakı sürətli innovasiyalarla təkmilləşdirilmiş gələcəyin silahlı dronları daha da effektiv olduqlarını sübut edəcəklər. Türkiyə Dağlıq Qarabağda istifadə edilmiş TB2-lərini bir müddət əvvəl təkmiləşdirməyə başlayıb. Sərfiyyat azaldıqca, kütləvi şəkildə istehsal edilən dronlar tezliklə düşmən müdafiəsini dağıtmağa hazır olacaqlar. Zamanla fərdi bacarıqları olan dronlar ovçu-qatil komandaları yaratmaq üçün kombinə oluna və düşmənin döyüş meydanındakı zəifliklərindən sui-istifadə edə bilərlər. Əldə bu cür ələçatımlı texnika olarsa, liderlər xüsusilə də bu cür üstünlüklərin müvəqətti olduğunu görərlərsə, donmuş münaqişələri həll etmək və ya yenilərini başlatmaq üçün şirniklənə bilərlər.

Artıq bəzi ölkələr dronların qarşısını alacaq sistemlərə investisiya qoyurlar, amma bu sistemlər hələlik körpəlik mərhələsindədir. Hücum döyüş meydanına marş edəndə, müdafiə özünü çatdırmağa çalışır. Havadan müdafiənin boşluqlarını və yetərsizliyini ən azından yaxın gələcəkdə həll etmək mümkün olmayacaq. Üstəlik hücum texnologiyası sadəcə olaraq ucuzdur da: Rusiyanın “S-400 Triumf” raket sistemi 300 milyon dollardır, “Pantsir” isə 14 milyon dollar. Halbuki TB2 cəmi 5 milyon dollardır, onun Dağlıq Qarabağda ölümcül təsiri olan MAM-L raketinin dənəsi isə 100 min dollardır. Müdafiə üçün bahalı sistemlərə etibar etməyə öyrəşən ölkələr öz ordularını qorumaqda və ya müharibə dövründəki itkilərini qarşılamaqda aciz ola bilərlər. Nə vaxta qədər ki, müdafiə dron əsaslı əks-hərəkətlərə keçməyəcək, bahalı sistemlər də kövrək olaraq qalacaqlar.

Silahlı dronlara investisiya qoyan ölkələr qaynar ərazi münaqişələrinə başlamaq və ya artıq donmuş olanlarda üstünlük qazanmaq üçün həvəslənə bilərlər. Təsadüfi deyil ki, silahlı dron alacaqları güman edilən 10 ölkədən 9-unun uzunömürlü ərazi mübahisələri var və ya daxili münaqişələrdən əziyyət çəkirlər. Beynəlxalq sistem tezliklə silahlı dronların yayğınlaşmasının səbəb olduğu yeni münaqişələrlə üz üzə qala bilər.

Foreignaffairs.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR