Eynşteynin beyni və zəkamızı gəliştirmək

Miçio Kaku

Elmi-kütləvi
Photo

İstedadlı insan kimsənin çata bilmədiyi hədəfə çatan, dahisə kimsənin görmədiyi hədəfə vuran insandır. (Artur Şopenhauer)

1955-ci ildə vəfat etdikdən sonra beynini gizlincə qaçıran həkimin varisləri onu 2010-cu ildə Milli Sağlamlıq və Tibb Muzeyinə geri qaytarıncayadək Eynşteynin beyni əlli il ərzində itmiş qaldı. Eynşteynin beyninin araşdırılması bu suallarımıza cavab tapmağa kömək ola bilər: Dahilik nədir? Zəkanı və onun həyatda uğur qazanmaqla olan əlaqəsini necə ölçə bilərik? Bu mövzuyla bağlı fəlsəfi suallar da mövcuddur: Dahilik daha çox genlərin bəhrəsidir, yoxsa şəxsi səylərin, əzmkarlıqla əldə etdiyimiz keyfiyyətlərin?

Son olaraq, Eynşteynin beyni bu önəmli sualı çözməyimizə də yardım edə bilər: Zəkamızı artıra bilərikmi?

“Eynşteyn” sözü bir fərdin adı olmaqdan ötə, həm də ümumi olaraq “dahi” anlamında istifadə edilir. Bu kəlmənin gözümüzün önünə gətirdiyi dağınıq bəyaz saçlar, geniş şalvar, zarafatcıl baxışlar anında bizə tanış olan görüntü əmələ gətirir.

Eynşteyn özündən sonra böyük zehni miras qoydu. 2011-ci ildə bəzi fiziklər, parçacıqların işıq sürətini keçə biləcəyini və buna görə də Eynşteynin yanıldığını söyləyərkən, fizika dünyasında müdhiş fırtına qopdu. Bu müzakirələr mətbuatda da əks olundu. Modern fizikanın təməli olan nisbilik nəzəriyyəsinin yanlış ola biləcəyi barədə fikirlər, fizikləri dilxorluğa sürükləmişdi. Ancaq nəticələr yenidən hesablanınca Eynşteynin haqlı olduğu bir daha təsdiqləndi. Eynşteynə qarşı getmək hər zaman təhlükəlidir.

“Dahilik nədir?” sualına cavab tapmağımız üçün seçəcəyimiz yollardan biri Eynşteynin beynini analiz etməkdir. Belə görünür ki, Princeton xəstəxanasında Eynşteynin cəsədini yaran Dr. Thomas Harvey, ailəsi də daxil, heç kimin xəbəri olmadan bir anda onun beynini gizləməyi qərara alıb. Bəlkə də Eynşteynin beynini, gələcəkdə dahiliyin sirrini çözməkdə yardımçı olacağını düşündüyü üçün gizlətmişdi. Bəlkə də, onun zəkasının beynində mövcud olan spesifik özəlliklərdən qaynaqlandığını düşünmüşdü. Brain Burrellin “Beyin muzeyindən Kartpostallar” kitabındakı fərziyyəyə görə isə Dr. Harvey “Həmin anda donuqlaşdı və gördüyü nəsnənin möhtəşəmliyindən dolayı heyrətləndi. Udabiləcəyindən daha böyük tikə dişlədiyinin fərqinə varmışdı”.

Bu hadisədən sonra Eynşteynin beyninin başına gələnlər, elmi hekayədən çox komediyanı xatırladır. Dr. Harvey illər boyunca analizlərinin nəticələrini yayınlayacağını vəd edib durdu. Ancaq özü beyin mövzusunda mütəxəssis deyildi və bəhanələrinə davam etdi. Beyin on illər boyunca alma şərabı qutusuna yerləşdirilmiş formaldehid dolu iki böyük şüşə bankanın içində, pivə soyuducusunun altında saxlanıldı. Doktorun birgə çalışdığı texniki vardı və beyindən 240 ədəd kəsik nümunələr ayırmışdı. Bunları nadirən, üzərində analiz aparmaq istəyən elm adamlarına poçt yoluyla göndərirdi. Bir dəfə, nümunələr, Berkli Universitetindəki elm adamına mayonez qutusunda yollanmışdı.

Qırx il sonra Dr. Harvey, Eynşteynin beynini nəvəsinə təslim etmək məqsədilə, saxlama qabı içində özüylə götürərək Buick Skylark avtomobiliyiylə ölkəni bu başdan o başa dolaşdı. Ancaq nəvəsi beyni qəbul etmədi. Dr. Harvey 2007-ci ildə vəfat etdikdən sonra, beynin hissələri və hazırlanan nümunələr elmi araşdırmalara bağışlanmaq məqsədilə varislərinə qaldı. Eyneşteynin beyninin hekayəsi o qədər qəribədir ki, haqqında sənədli film də çəkilib. (Vurğulanacaq digər bir məqam da, gələcək nəsillərə göndərilmək üçün qorunan yeganə beynin Eynşteynki olmadığıdır. Riyaziyyatın ən böyük dahilərindən biri olan “Riyaziyyatçıların Şahzadəsi” ləqəbli Karl Fridrix Qauss da yüz il əvvəl beyni çıxarılıb saxlanılan elm insanıdır. O dövrlərdə beynin anatomiyası hələ geniş şəkildə kəşf edilməmişdi və Qaussun beyniylə bağlı, gözlənilməz dərəcədə çox qırışa sahib olması faktından başqa hansısa xüsusi qənaət əldə edilmədi)

Eynşteynin beyninin normal insanın beynindən daha çox inkişaf etmiş olduğunu təxmin etmək təbiidir. Çox böyük olmalıydı, ya da bəzi bölgələri anormal dərəcədə geniş…Halbuki, əksi kəşfedildi (Normal ölçülərdən bir az kiçik idi, böyük deyildi). Eynşteynin beyni olduqca siraviydi. Bir nevroloq kimə aid olduğunu bilmədən bu beyni incələsəydi, ikinci dəfə dönüb ona baxmazdı.

Ancaq Eynşteynin beynində kiçik bir fərq qeydə alınmışdı. Parietal lobların alt qismləri hər iki beyin yarımkürəsində 15% daha böyük idi və beynin angular qırış (girus angularis) adlanan bölgəsi normal ölçülərdən daha geniş idi. Beynin bu hissələri nəzəri düşünüş, simvolların istifadəsi (yazma prosesi və riyaziyyatdakı kimi) və çevrədən gələn görüntülü məlumatların işlənməsiylə bağlıdı. Ancaq yenə də mövcud faktlara əsasən Eyneşteynin beyni normal biçimdədir. Buna görə də, Eynşteynin zəkasının beyninin orqanik quruluşuna mı, yoxsa şəxsiyyətinə, çevrəsinə və yaşadıqlarına bağlı olduğuna dair dəqiq cavab vermək çətindi. Eynşteynin Kainatı adlı bioqrafiyada vurğuladığım kimi, yaşadığı bəzi hadisələr ən azı beynindəki anormallıqlar qədər önəmli olmuşdu. Bəlkə də bu məqamı ən yaxşı şəkildə, söylədiyi bu sözlər ifadə edər: “Mənim xüsusi qabiliyyətlərim yoxdu, sadəcə şiddətli dərəcədə maraqlandığım nəsnələr var”. Bir qrup şagirdlə söhbət edərkən, gəncliyində riyaziyyatla bağlı yaşadığı problemləri bu sözlərlə etiraf etmişdi: “Riyaziyyatla əlaqəli nə qədər probleminiz olarsa olsun, mənim problemlərimdən daha böyük ola bilməz”. Yaxşı, bəs, Eynşteyn necə Eyneşteyn oldu?

İlk öncə zamanının çoxunu “düşüncə təcrübələri” apararaq keçirdi. O, nəzəri fizik idi və təcrübə mexanizmləri həyata keçirmirdi, sürəkli olaraq başının içində gələcəyin qarmaqarışıq simulyasiyalarını (təsəvvürlər, təxminlər, imitasiyalar, uydurma modellər-tərc.) yaradırdı. Belə deyək, laboratoriyasi öz zehniydi.

İkincisi, həyatının on ilini bəlkə də daha çoxunu, bircə düşüncə təcrübəsinə sərf edərək keçirdi. On altı yaşından iyirmi altı yaşına qədər işıq mövzusuna fokuslandı və işıq sürətini keçməyin mümkün olub olmadığı barədə baş sındırdı. Bu proses, sonralar ulduzların sirlərinin ortaya çıxması və atom bombasının yaradılmasına yol açan “Xüsusi nisbilik nəzəriyyəsi”nə səbəb oldu. İyirmi altıyla otuz altı yaşları arasında diqqətini qravitasiya qavramı üzərində cəmlədi və bunun nəticəsində böyük partlama nəzəriyyəsi və qara dəliklər haqqında bilgi sahibi olduq. Otuz altı yaşından həyatının sonunadəksə bütün fizikanı birləşdirəcək yeganə nəzəriyyə üzərində çalışdı. Bircə problemin həlli üzərində on ya da daha çox illər keçirməsi, zehnində apardığı düşüncə təcrübələrini əzmkarlıqla davam etdirdiyini göstərir.

Üçüncüsü, xarakteri çox önəmliydi. Asi insanıydı, buna görə də fizikadakı mövcud düzənə qarşı çıxması onun üçün normal idi. Eynşteyndən əvvəl iki əsr boyunca dominantlığını qorumuş Nyuton nəzəriyyəsinə meydan oxuyacaq cəsarət və xəyal gücünə hər fizikdə rast gəlmək olmazdı.

Dördüncüsü, o dövr Eynşteynin ortaya çıxması üçün uyğun zaman idi. 1905-ci ildə Nyutonun əski dünyası, aparılan təcrübələr qarşısında sarsılmağa başlamışdı. Yeni fizika doğulurdu və bu prosesdə yol göstərəcək dahiyə ehtiyac vardı. Məsələn, radium adlanan sirli maddə, sanki enerjini ətrafındakı havadan alması nəticəsində sürəkli olaraq parladığında, enerjinin saxlanması qanununu pozurmuş kimi görünürdü. Başqa sözlə ifadə etsək, Eynşteyn zamanı üçün uyğun insan idi. Əgər günlərin bir günü, beyninin hüceyrələrindən onu klonlamaq mümkün olsa, təxmin edirəm ki, klonu yeni Eynşteyn olmayacaq. Bir dahinin ortaya çıxması üçün mütləq tarixi şərtlər də uyğun olmalıdır.

Burda əsl vurğulanmalı nöqtə budur: dahilik doğuşdan gələn zehni qabiliyyətlərlə böyük işlər həyata keçirməyə yönəlik istək və əzmin kombinasiyasıdır. Eynşteynin dahiliyinin qaynağı, böyük ehtimal ki, düşüncə təcrübələri apararaq gələcəyi simulyasiya etməkdə xüsusi qabiliyyətə malik olmasıydı. Özünün də söylədiyi kimi: “Zəkanın əsl göstəricisi bilgi deyil, xəyal gücüdür.” Eynşteynə görə xəyal gücü, bilinən dünyanın sərhədlərini yıxmaq və bilinməyənə doğru addım atmaqdı.

Hamımız genlərimizdə kodlanmış və ordan da beyin quruluşumuza proqramlanmış müəyyən qabiliyyətlərlə dünyaya gəlirik. Bu tamamilə şans işidir. Fəqət, düşüncələrimizi və təcrübələrimizi nizamlayaraq gələcəyi necə quracağımız tamamilə bizim əlimizdədir. Çarlz Darvinin də yazdığı kimi “ Hər zaman bunu vurğuladım, axmaqları istisna etsək, insanlar zəkaya görə deyil, şövq və çalışqanlığa görə birbirindən fərqlənirlər.”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR