Ətrafın ağılsız və bayağı düşüncələrindən necə qurtulmalı?

Emosional İntellekt
Photo

Alen de Botton İsveçrə əsilli Britaniyalı yazıçı, filosof və televiziya aparıcısıdır. İngilisdilli “Sevgi təcrübələri”, “Status narahatlığı”, “Xoşbəxtlik memarlığı” bestsellərlərinin müəllifidir. Alen de Botton kitab və proqramlarında ənənəvi fəlsəfənin dəyərlərini muasir həyatımızın müxtəlif aspektlərinə tətbiq etməyin üsullarından söhbət açır.

Ağıllı mizantropiya

Əgər davranışlarımıza görə bizə tuşlanan tənqidləri diqqətə alırıqsa, ambisiyalarımızla bağlı narahatlıq keçiririksə və xiffətə qapılırıqsa, əgər uğursuzluqlarımız ucbatından məsuliyyətlə yükləniriksə, üstəlik, bütün bu gözləntiləri yerinə yetirməyimizə rəğmən, cəmiyyət hələ də bizi aşağı statusda yer tutmağa layiq görürsə, bax, o zaman Qərb mədəniyyətinə xas olan ən önəmli filosofların bəzilərinin, izindən getdiyi xüsusi baxışlar sistemini mənimsəyə bilərik. Ətrafımızı sarmalayan dəyərlər sisteminin xoşumuza gəlməyən yönləri barədə paranoyaya qapılmadan, özümüzü müdafiə etməkdə əndazəni aşmadan, ya da qürur maskasının arxasında qorunmadan, özümüzçün, bəsit formada “ağıllı mizantropiya” adlandıracağımız duruş şəklini formalaşdıra bilərik.

Filosofların uzun illərdir önə sürdükləri təməl düşüncələrdən birinə görə, başqa insanların mühakimələrini geniş formada ələ alıb analiz etdiyimizdə, əvvəlcə bizi üzən, ardıncasa ürəyimizi sakitləşdirən bir qənaət əldə edirik:

əksər mövzularda, cəmiyyət nümayəndələrinin əksər düşüncələri, əslində son dərəcə aldadıcı və xətalıdır.

Özündən əvvəlki və sonrakı filosofların nəsillər boyunca sərgilədikləri mizantropik yanaşmanı sözlərə tökən Şamfor (Nicolas de Chamfort - fransız filosofu, yazıçısı, moralisti-tərc.), məsələyə çox bəsit mövqedən baxmışdır:

“Xalqın düşüncələri, bütün dünyagörüşlər içində ən bərbadıdır.”

Xalqın dünyagörüşünün bu dərəcədə qüsurlu olmasının əsas səbəbi, öz fikirlərini rasional düşüncənin tikanlı əllərinə təslim etməkdən boyun qaçırması və bunun yerinə, hisslərə, duyğulara və adət-ənənələrə bel bağlamasıdır.

Əmin olun ki, ümumi şəkildə qəbul edilən hər fikir və toplumun təsdiqlədiyi hər qavram son nəticədə axmaqlığın pik nöqtəsidir, çünki əksəriyyətin marağını çəkmişdir” deyə Şamfor müşahidəsini bölüşürdü. İnsanların tərifləyib göylərə qaldırdığı mühakimələrinsə, əslində, ictimai cəfəngiyyatlar olduğunu sözlərinə əlavə edirdi.

İctimai mülahizələr hədsiz bəsitliyin, məntiqsizliyin, xürafatın və dayazlığın əlində qurban olmuş düşüncələrdən yaranır: “Ən absurd adətlər və ən gülməli mərasimlər bu cümlənin deyilməsiylə bir andaca qəbul edilir: Nə edə bilərik, adətimiz belədi. Avropalılar Hotantolara (Afrıkanın yerli xalqlarından biri-tərc), niyə çəyirtkə yedikləri halda, vücudlarında bit görməyi dözülməz hesab etdikləri barədə sual verdikdə, aldıqları cavab belə olmuşdu: Adətimiz belədi.

Xalqın dünyagörüşünün son dərəcə dayaz olduğunu dərk etmək bəlkə də bir az əzabverici ola bilər; ancaq bunun fərqinə varmaq nəticəsində status narahatlığımız bəlli dərəcədə azalar, başqa insanların bizim haqqımızda yaxşı şeylər düşünmələriylə bağlı bitib-tükənməz istəklərimiz və sevildiyimizə dair dayanmadan işarətlər axtaran küsəyən əhvalımız ortadan qalxa bilər.

İnsanların çoxu pis mübahisə edirlər: bu iki üsul sizi daha yaxşı mübahisəçiyə çevirəcək

Digər insanlar tərəfindən təsdiq edilməyə duyduğumuz ehtiyac əsasən iki səbəbdən qaynaqlanır: birincisi cismani səbəblərdir, çünki cəmiyyətin bizi xor görməsi fiziki narahatlığa və təhlükəyə yol aça bilər; ikincisi psixolojik səbəblərdir; çünki, əgər başqaları bizə hörmət etməzsə, sayğı göstərməzsə, özgüvənimiz təhlükəyə məruz qala bilər.

Bax, məhz ikinci sırada yer alan psixoloji səbəblərlə əlaqəli komplekslərdən xilas olmaq üçün fəlsəfi yanaşmaya ehtiyac vardır. Çünki fəlsəfi yanaşmanı tətbiq etdiyimizdə, bizə tuşlanan hər tənqidi iddianın və xorgörmənin bizi yaralamasına izn verməkdənsə, başqalarının davranışındakı ədalət təzahürlərini sorğulamaq fürsəti əldə edirik. Beləcə, hər hansı mühakimənin özgüvənimizi sarsıtması üçün təkcə bizi incitməsi yetərli olmur, gərək bu mühakimə həm də doğru olsun. İnsanlardan təsdiqləyici mövqe umarkən mazoxistik gözləntidən sıyrılar və bu mülahizələrin həqiqətən dinlənilməyə layiq olub-olmadığını özümüzdən soruşarıq. Və bu sorğulama nəticəsində bizə sevgi göstərmələrini gözlədiyimiz insanların zəkalarını yaxından analiz etmək fürsəti tapar və əslində onların bizim üçün çox da önəmli olmadıqlarının fərqinə vararıq.

Və həmin andan içimiz ikrahla dolar və başqaları bizi alçaltdığı dərəcədə biz də onları alçaltmağa qərar verərik. Fəlsəfə tarixi boyunca saysız örnəyinə rastladığımız mizantropik yanaşma bu cürdür.

“Əksər insanların ağıllarında fırlanan düşüncələrin mahiyyətcə gərəksiz və batil olduğunu, nəzəri baxışlarının dayaz, duyğularının gərəksiz, mühakimələrinin cəfəng, xətalarının da saysız-hesabsız olduğunu dərk etdiyimizdə və bütün bunlara dair yetərincə bilgi sahibi olduğumuzda, bizimçün gərəkli olan həmin etinasızlıq əhval-ruhiyyəsinə yüksələcəyik... Bax o zaman, başqalarının fikirlərinə gərəyindən artıq dəyər verən insanın, əslində onlara layiq olduqlarından daha çox şərəf bəxş etdiyini anlayacağıq”,

deyə Şopenhauer söyləyirdi. O, mizantrop filosofların öndə gələnlərindən biriydi.

Psixoanaliz əslində nədir?

Məşhur filosof Parerga and Paralipomena (1851) adlı əsərində başqaları tərəfindən xoş münasibətlə qarşılanmaq və sevilmək ehtiyacımızı ortadan qaldırmaq üçün həyata keçirəcəyimiz ən yaxşı davranış kimi, həmin insanların gerçək xarakterləri üzərində fokuslanmağı təklif edirdi. Çünki, Şopenhauerə görə, insanların böyük əksəriyyəti axmaq və insani məsuliyyətdən uzaq idilər: “Uyqar dünyanın hər yerində, toplumun öndə gələn əyləncələrindən biri qumar oynamaqdır. Kart oyununun bu dərəcədə yayılması, cəmiyyətlərin dəyər səviyyələrini və bütün fikirlərin açıq-aydın iflasını ortaya çıxaran vəziyyətdir”, deyirdi. Üstəlik qumar kartı oynayanların əksəriyyəti xain və əxlaqsızdırlar: “Coquin meprisable (namussuz alçaq) sözü çox təəssüf ki, bu dünyada çox sayda insan üçün istifadə ediləcək sözdür.” Onun düşüncəsinə görə, insanlar pis niyyətli olmadıqda da səfehcə davranırdılar. Şopenhauer, Volterin sözlərini təsdiqləyərək sitat kimi vurğulayırdı: “La terre est couverte de gens qui ne meritent pas quon leur parle" -

Dünya, onlarla söhbət etməyə belə dəyməyəcək insanlarla doludur.

Volter Bastiliya məhkumundan məşhur dramaturqa necə çevrildi?

Şopenhauer soruşurdu: Bu adamların düşüncələrini həqiqətən ciddi hesab etmək olarmı? Onların bu səfeh mühakimələrinin bizi idarə etməsinə izn verməyə davammı edəcəyik? Özümüzə qarşı duyduğumuz hörmət, bir qrup qumar düşkününün əllərinə təslim edilə bilərmi? Deyək ki, bu adamlar zəlzələdən-vəlvələdən lap kiməsə sayğı izhar etməyə başladılar, bu hörmət nə dərəcədə dəyərli sayıla bilər ki? Ya da Şopenhauerin sözləriylə ifadə etsək: “Bir musiqiçiyə, bir-iki nəfər istisna olmaqla, onu dinləyən tamaşaçı kütləsinin bütünlüklə karlardan ibarət olduğunu söyləsək, həmin musiqiçi yenə də bu tamaşaçı alqışları qarşısında fəxarət hissi keçirərmi, görəsən?”

Əslində, önümüzü xeyli aydınladan bu insanlıq tənqidinin sadəcə bircə dənə çatışmazlığı var: belə düşüncə tərzi nəticəsində ətrafımızda dost-tanış qalmaz. Şopenhauerin özü kimi fəlsəfi mizantropiyaya məhkum olmuş Şamfor oxşar vəziyyəti bu sözlərlə dilə gətirir: “Bundan belə, bizə münasibətdə yalnız və yalnız əxlaqlı və fəzilətli mövqe sərgiləyən, məntiq və ağıl gücüylə hərəkət etməyi bacaran insanları görəcəyimizə, cəfəng adət-ənənələrin təsirində qalmayan, cəmiyyətin saxta nəzakətinin zəruri etdiyi mərasimlərə və yersiz davranışlara məhəl qoymayan insanlarla görüşəcəyimizə qərar versək (əgər bu qərara gəlməsək, həyatımızı zəiflik, axmaqlıq və pis niyyətlə keçirmək məcburiyyətində olacağıq), demək olar bütün ömrümüzü yalnız keçirəcəyimiz bir həyatla baş-başa qalacayıq.”

Şopenhauer bu tənhalıq ehtimalını sevə-sevə qəbul etdi. “İnsanın qarşısında bircə seçim var: insan ya tənhalığı, ya da bayağılığı seçəcək”, deyə üzünü gənclərə tutub, israrla tənhalığın dəyərindən danışırdı:

“İnsan başqalarıyla nə qədər az ünsiyyət qurmağa ehtiyac duyarsa, deməli xeyli yaxşı vəziyyətdədir.”

Şopenhauerə görə, ağlı başında olan adam insanlarla bir müddət yaşadıqdan və çalışdıqdan sonra “İctimai həyatdan əl-ətəyini çəkmək istəyəcək, bir məktəb müdiri, ətrafını çevrələyən səs-küylü və çığırqan uşaqların oyununa qatılmaq istəyindən nə qədər uzaqdırsa, o, da ətrafındakı insanlara ünsiyyət qurmaqda o qədər istəksiz davranacaqdır.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Fəqət, bir adamın insanlardan uzaq durmağa qərar verməsi, kiminləsə dost olmaq istəmədiyi anlamına gəlməməlidi. Əslində, insanın digərlərindən uzaq durmağa qərar verməsi, əlindəkilərlə təmin olmadığına işarə edir. Kiniklər, əcaib sayılacaq dərəcədə yüksək həyat standartları olan insanlar idilər. Şamforun sözləriylə ifadə etsək: “Çox zaman deyirlər ki, tənha adam cəmiyyətə nifrət edir. Halbuki, bu, quldurların dolaşdığı meşədə gəzməyi sevməyən bir insanın gəzişməkdən ümumiyyətlə xoşlanmadığını düşünmək qədər absurddur.”

Cəmiyyətdən uzaq, fərdi köşələrində araşdırmalar aparan filosoflar bizə, xaricdən gələn təsdiq və qəbuldan çox, öz daxili şüurumuza diqqət kəsilməyi məsləhət görürlər. Təsadüfən bir yerə toplaşmış bir qrup insana necə göründüyümüz deyil, özümüzün nəzərində necə göründüyümüz bizim üçün əhəmiyyətli olmalıdır. Şopenhauer də məhz bu nöqtəyə barmağını basır: “Tənqidlər, hədəfinə çatdıqları dərəcədə bizi incidirlər. Əgər insan, ona tuşlanan tənqidə gerçəkdən layiq olmadığını qət edərsə, çox asanlıqla və güvən duyğusuyla bu tənqidi görməzdən gələ bilər.”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR