Mədəniyyət necə təkamül etdi?

Edvard O. Uilson

Elmi-kütləvi
Photo

Edvard O. Uilson amerikalı bioloq, sosiobioloq, mirmekoloq, ekoloqdur. Harvard universitetinin professorudur. Qarışqaşünaslıq sahəsində dünyaca ən görkəmli alim hesab olunur. İnsan davranışlarını digər sosial heyvanlarla müqayisəli şəkildə, təkamül mexanizmlərinin köməyiylə izah edən Sosiobiologiya sahəsinin qurucusudur. Bu sahəylə bağlı yazdığı əsərlər iki dəfə Pulitzer mükafatına layiq görülüb.

Konqonun Goualougo Triangle meşəsində bir şimpanze alçaq, incə budaqlardan birini seçib qoparır, yarpaqlarını təmizləyir, sonra da onu yaxınlıqdakı termit yuvası təpəsinin üzərindəki deşiklərin içinə salır. Yuvanıın içindəki yumşaq, ağrəngli işçi termitlər budaqdan uzaqlaşarkən, yuvanı qoruyan döyüşçü termitlər iynəuclu çənələriylə budağı qorxudub uzaqlaşdırmaq üçün üzərinə atılırlar. Budaqdan ölümünə yapışırlar. Şimpanze bunu bilir. Ona görə də daha çox əsgər termitin budaqdan yapışmasını gözləyir, ardınca budağı yuvadan çıxarır və əsgərləri budaq boyunca sovurub, yalayıb yeyir. Belə davranışla hər yerdə qarşılaşa bilmərik. Bu davranış bəzi şimpanze icmalarının yerli mədəniyyətində görünərkən, digərlərində tapılmayan, icmanın bir fərdinin digərini izləyərək öyrəndiyi alışqanlıqdı.

Rio Negro ilə Rio Branco arasında, Braziliya və Venesuela torpaqlarına yayılmış Yanomamo diyarlarının yerli insanlarından ibarət kiçik bir qrup bir yerdə yaşadıqları evlərindən çıxıb üç kilometr uzaqlıqdakı çaya gedirlər. Suya timbo zəhəri damcıladırlar, gözləyirlər və suyun üzünə çıxan balıqları toplayırlar. Ovlanan balıqları kənddəki digər insanlarla paylaşmaq məqsədilə evə aparırlar. Bu alışqanlıq yaz mövsümüylə bağlıdı. Digər zamanlarda isə qadınlar çaylara tək başlarına gedir. Balığı əlləriylə tutur və onun boynunu dişləyərək öldürürlər. Alyaska sahillərində, professional dərin su balıqçıları qarmaqla təchiz edilmiş uzun dəyənəkləri Sakit Okeanın dibinə, 1000 metr, hətta daha dərin yerlərinə buraxırlar. Qara treska balığını (ya da suşi yeməyi üçün istifadə edildikdə gindara adlanan balığı) bu şəkildə ovlayırlar. Təmizləyib soyuduculara yerləşdirdikləri bu ovları sonra sahildəki bazarlara çatdırır, bazarlar da dünyanın dörd tərəfinə, lüks restoranlara və şəxsi süfrələrə göndərirlər.

Balıq ovçuluğu ehtimal ki, milyonlarca il davam edən, başlanğıcda çox yavaş, getdikcə sürətlənən və geniş yayılan xüsusi mədəni ənənədir. Şam yeməyində qara treska balığı yeməyə gedən yol, bir insanın ağlına ilk gəldiyi andan etibarən və Neolit dövrünün ilk şəfəqlərindən bəri budaqlanıb genişləyərək nəhayət modern, dünyəvi mədəniyyətdə bir sonluğa çatacaq şəkildə bir araya toplanan çoxsaylı mədəni kateqoriyadan yalnız biridir. Mədəniyyəti, kulturanı biz icad etmədik. Onu şimpanzelərin və insanöncəsi əcdadlarımızın ortaq ataları yaratdı. Biz isə atalarımızın yaradıb genişlətdiyi nəsnə və davranışları daha da inkişaf etdirib bu günki varlıqlar olduq.

Həm antropoloqlar, həm də bioloqlar tərəfindən geniş şəkildə tərif edildiyi kimi kultura bir qrupu digərindən ayıran özəlliklərin cəmidir. Hansısa mədəni xüsusiyyət ilk dəfə icma içində icad edilən, ya da başqa bir qrupdan öyrənilib bu qrupun nümayəndələri arasında yayılan davranışdır. Bir çox araşdırmaçı davamlılığını vurğulamaqdan ötəri heyvanların və insanabənzər digər canlıların yaşam vasitələri üçün də kultura qavramını istifadə etməyin tərəfdarıdı, fəqət bununla bərabər insan cəmiyyətlərindəki kulturanı bənzərsiz hesab edir, onun kompleks xassələrinin xüsusiliyini altını çizərək qeyd edirlər.

Heyvanlar arasında ən inkişaf etmiş mədəniyyətə sahib olan canlılar şimpanzelər və onların yaxın əqrəbası olan bonobolardı. Afrikanın dörd yanındakı şimpanze icmalarının həyatını araşdırarkən ortaya çıxan müqayisəli çalışmalar, heyrətamiz dərəcədə mədəni xüsusiyyətlər tapmış və bu özəlliklərə sahib bir qrupun digərindən fərqli olduğunu təsbit etmişlər. Qrupun bir fərdinin digəri tərəfindən təqlid edilməsinin mədəni cəhətlərin yayılmasında oynadığı rol, iki fərqli şimpanze koloniyası üzərində aparılan təcrübələrlə sübut olundu. Bu təcrübədə araşdırmaçılar hər iki qruptan da iyerarxiyada üstün yerə sahib dişi meymun seçdilər və bu dişiyə məxsusi olaraq hazırlanmış bir qabdan necə yemək yeyəcəyini göstərdilər. Mükafat yemək olunca şimpanzelər bu davranışı sürətlə öyrəndilər. Birinə “dürtmək”, digərinə “qaldırmaq” hərəkətinin texnikası öyrədilmişdi. Öz qruplarına geri qayıtdıqlarında ikisi də öyrəndiyi üsulu uyğulamağa davam etdi. Eyni qrupun digər nümayəndələrinin böyük qismi də tez bir zamanda qabları eyni şəkildə açmaq üsulunu istifadə etməyə başladılar. Bu davranışın yayılması digər meymunların müəllim şimpanzeni izləyib təqlid etməsiylə bağlı ola bildiyi kimi, onların qabın mexaniki quruluşunu izləyərək bu davranışı özlərinin öyrənməsi də böyük ehtimaldı. Əgər ikinci hal daha ağlauyğundusa, gələcəkdəki çalışmalar şimpanzelərin öyrənmə müddətinin insanlarınkından çox fərqli olduğunu ortaya qoyacaq.

Oranqutanlarda və delfinlərdə gerçək bir mədəniyyətin varlığı araşdırmaçılar tərəfindən inandırıcı şəkildə müşahidə olunaraq sənədləşdirilib. Delfinlərə xas mədəni yeniliyin ən maraqlı örnəyi, Avstraliyanın Şark Körfəzində yaşayan şüşə burunlu delfinlərin süngərli ovudur. Kiçik saylı dişi qrupu burunlarına bir parça süngər ilişdirir və onunla körfəzin dibində, dar yerlərdə gizlənmiş balıqların məkanlarını dürtüb eşələyərək, onları bayıra çıxarırlar. Delfinlərdə bu mədəni təzahürün ortaya çıxmasına təəccüblənmək lazım deyil. Delfinlər ən zəki heyvanlar arasına aiddilər və zəka səviyyələri baxımından meymun və quyruqsuz meymunların ardınca gəlirlər. Delfinlər sosial əlaqələrində son dərəcə təqlidə meyllidilər, buna görə də Şark Körfəzinin bu yenilikçilərinin həqiqi bir mədəni çevriliş ortaya çıxarmaları çox inandırıcıdı. Onda bəs, bioloji təkamülləri milyonlarla il keçmişə uzanan delfinlər və digər məməli, zəki dəniz heyvanları sosial təkamül baxımından nəyə görə daha da irəliyə gedə bilmədilər? Bunun üç səbəbi var: Çünki, primatlardan fərqli olaraq onların yuvaları və düşərgə sahələri yoxdur. İkincisi, qabaq qolları yerinə üzgəcləri vardır. Üçüncüsü, suda yaşadıqları üçün odu kontrol altına alıb qorumaqları və istifadə etmələri heç zaman mümkün olmadı və gələcəkdə də mümkün olmayacaq.

Kulturanın gəlişməsi uzun vədəli hafizəyə bağlıdır və bu qabiliyyət insanlarda digər heyvanlarla müqayisədə çox yüksək inkişaf edib. İri ölçülü ön beynimizdə toplanan geniş arxiv bizi mükəmməl hekayətçilərə çevirir. Həyatımız boyunca gördüyümüz röyaları, yaşadığımız xatirələri, təcrübələri bir araya gətirərək ssenarilər yaradır, keçmişi və gələcəyimizi şəkilləndiririk. Şüurlu zehnimizdə hərəkətlərimizin nəticələriylə yaşayırıq, bunların gerçək, yaxud təxmin olması o qədər də önəmli deyil. Alternativ formalarda təzahur edən içimizdəki hekayələr, ertələnmiş həzzi anlıq zövqlərə tərcih etməyimizi mümkün hala gətirir. Beləcə, uzun vədəli planlarımızı əsas tutaraq, duyğularımızın anlıq istəklərini kontrol altında saxlaya bilirik. Hər insanı yeganə və qiymətli fərd edən zehni proses məhz bu daxili yaşantılardı. Bir insan öldükdə, təcrübə və simvollardan ibarət böyük bir zehni kitabxana da onunla birgə yanıb kül olur.

Ölüm nə dərəcədə yox edicidir? Ölümün yox ediciliyini qavramaq mənasında mənə elə gəlir ki, hər kəslə eyni mövqedəyəm. Bəzən gözlərimi qapadıb Alabama Körfəzinin sahillərinə, 1940-cı illərin Mobil Qəsəbəsinə geri dönürəm. Hafizəm sayəsində yenidən balaca uşaq oluram və Schwinn istehsalı velosipedimlə qəsəbənin bir ucundan digərinə gedib gəlirəm. Ardınca xatirələr capcanlı şəkildə sıraya düzülür. Hər bir fərdinin öz sosial bağları, qismən başqalarıyla paylaşdıqları şəxsi xatirələri olan böyük ailəmi xatırlayıram. Yəqin ki, hamısı özlərini zamanın və dünyanın mərkəzindəymiş kimi hiss etdikləri təcrübələr, əlaqələr, duyğular yaşadılar. Hər şey, hər detal önəmliydi, bir müddətlik olsa da. Hər halda, müştərək olaraq xatırlanan hər nəsnə, yaşantı o insanlar üçün önəmliydi. Artıq heç biri yaşamır. Geniş, ümumi hafizələrində yaşatdıqları simvolların demək olar hamısı unuduldu. Mən öləndə mənimlə birgə xatirələrimin, indi xatırladığım əski dünyanın və əldə etdiyim bilgilərin də yox olacağını bilirəm. Ancaq bunu da bilirəm ki, bütün bu sosial əlaqələr və xatirələr kitabxanası, yox olsalar da belə insanlıq üçün qismən yaşayacaqlar. Həyatda qalmağımın və yaşamağa davam etməyimin səbəbi bunlardı.

Heyvanlar da onlara həyatda qalmağa yardımçı olan uzun vədəli yaddaşa sahibdilər. Göyərçinlər 1200 ədədə yaxın rəsmi əzbərləyə bilirlər. Eynilə sincablar kimi meşə palıdının qozalarını anbarında toplayan fındıqqıran quşları qapalı mühitdə aparılan müşahidələrlə test edildiyində, 69 ədəd palıd qozasının saxlandığı otaqda, seçib gizlətdikləri 25 dənə qozanın yerini 285 gün boyunca xatırladılar. Buna baxmayaraq fındıqqıranlar yaddaş qabiliyyətinə görə pavianlara uduzurlar. Uyğulanan testlər əsasında bu ağıllı primatların 5000 ədəd əşyanı əzbərləyə bildikləri və onları üç il ərzində xatırladıqları sübut edilmişdir. İnsanın uzun vədəli hafizəsisə bizə məlum bütün heyvanlarınkından daha çox inkişaf edib genişlədi. Bildiyim qədərilə bir insanın hafizə tutumunu ölçmək üçün istifadə olunacaq heç bir metod yaradılmayıb hələ ki, hətta ən kiçik miqyasda belə.

Şüurlu insan beyninə bəxş edilmiş ən böyük hədiyyə ssenari qurma qabiliyyəti və bunu həyata keçirməyə olan anadangəlmə meyl, əngəllənməz stimuldur . Şüurlu zehin yaratdığı hər hekayə üçün beynin hafizə anbarının çox kiçik qismindən yararlanır. Bunu necə etdiyi dartışma mövzüsudur. Bir qrup nevroloq uzun vədəli hafizə parçalarının depolandıqları yerdən çıxarılıb “buzu əridildikdən” sonra, ssenarilər yaratmaq üçün çalşmaqda olan digər hafizə bölgəsinə ötürüldüyünü iddia edir. İkinci nəzəriyyə tərəfdarlarısa eyni məlumatların sadəcə onların saxlandığı hafizənin oyandırılmasıyla bir araya gəlib toplanıldığını düşünür, yəni bu məlumatların beynin bir bölgəsindən digər bölgəsinə ötürülməsinə ehtiyac qalmadan.

İstənilən halda hər iki durumda da Homo cinsinin nisbətən qısa müddətli üç milyon illik təkamülü boyunca, heç bir heyvanın əldə edə bilmədiyi orqanik bir nəsnə çıxdı ortaya: on milyard neyrondan, hətta daha çoxundan ibarət iri ölçülü beyin korteksində yerləşən yaddaş bankı. Hər neyron təqribən 10.000 budaqla digər neyronlara bağlıdır. Bu bağlantılar beyin toxumasının təməl bloklarıdır və qarmaqarışıq sxemlər vasitəsiylə bir-birinin içinə keçmiş mərkəzlər yaradırlar. Bu zehni cığırlar şəbəkəsi və neyronların toplandığı mərkəzlər (bunlara bəzən beyin modulları da deyilir) insan beyninin bütün instinkt və xatirələrini düzənləyirlər.

İlk vaxtlarda beyin quruluşunun bu mürəkkəbliyi nəzəri genetik modellərin təkamül nəzəriyyəsinə uyğulanması baxımından böyük problem yaradırdı. İnsan genomunda 20.000 dənə protein kodlayan gen var. Bunların çox az qismi duyğu və sinir sistemimizlə əlaqəlidi. Ortaya çıxan sual bu idi: Bu dərəcədə qarmaqarışıq hüceyrə quruluşu necə olur da bu qədər az genlə proqramlana bilir?

Gen qısılması çıxılmaz problem kimi görünürdü, ancaq bu mərhələ genetikanın içindən çıxan bir qavramla aşıldı. Araşdırmaçılar bircə proqramın əvvəlcə bir neçə beyin modulunu bir-birinə bənzər şəkildə formalaşdırdığını, ardınca da müxtəlif proqramların (və müxtəlif genlərin) hər modul toxumasını beyində əmələ gəldikləri bölgələrə əsasən uyğunlaşmaları üçün tətiklədiyini kəşf etdilər. Və bu hüceyrələrin hər birinin öz bölgəsində yetişib mürəkkəbləşməsi, ətraf mühitdən beynə daxil olan məlumatlarla həyata keçir. Bir qırxayağın çoxsaylı ayaqlarının formalaşması üçün yüzlərlə fərqli proqrama ehtiyacın olmaması bu prosesi anlamağımız üçün bəsit misal sayıla bilər. Bu proses üçün sadəcə bir neçə proqram yetərlidir. Beynin inkişafının genlər tərəfindən kontrol edilməsi mövzusunda hələ öyrəniləcək çox şey var, ancaq yenə də gen gəlişməsinin quruluşunu öyrənə biləcək nəzəri təməllər ortadadı.

İnsan beyninin inkişafında genetik kodlamanın rolu artıq ürküdücü müəmma olmaqdan çıxıb, buna görə də zehnin və dilin mənşəsinə yönələ bilərik. Elm adamları, beynin boş bir taxta olduğu və içindəki bütün mədəni vərdişləri yalnız öyrənmək yoluyla əldə etdiyi barədə yayılan nəzəriyyələri artıq çoxdandır tərk ediblər. Bu ibtidai nəzəriyyəyə görə beyin yalnız və bütünlükdə uzun vədəli hafizə qabiliyyətinə söykənərək öyrənmə yoluyla təkamül edirdi. İndi isə bu mövzuya dair ən yeni yanaşma belədi: Yaranma etibarilə bu orqanik əsərin (yəni, beynin) bəhrəsi olan şüurlu zehin genlərlə mədəniyyətin birgə təkamülündən, genetik və mədəni təkamülün qollu-budaqlı əlaqəsindən, qarşılıqlı təsirlənməsindən ortaya çıxıb.

Dil və zehnin ilkin təzahürlərini anlamaq yolunda arxeoloqlar da genetiklərin və nevroloqların arasına qatıldılar. Bu çətin anlaşılan fakt və təzahürləri öyrənmək, yeni tapıntıları izləmək üçün “Koqnitiv arxeologiya” adlı yeni araşdırma sahəsi icad edildi. İlk baxışda bu cür ayrılmış bir elm sahəsinin uğur qazanma şansı bəlkə də az görünə bilər. Hər şey bir yana, torpaqdan çıxarılan sümüklərdən başqa qədimi insanlardan bizə qalan əsas dəlillər sadəcə düşərgə atəşlərinin külləri, qırıq-sökük alət parçaları, yemək artıqları və istifadə etmədikləri digər yığıntılardır. Ancaq yenə də ən son təcrübə metodları və yeni analizlərlə bərabər araşdırmaçılar ən azından bu qənaəti əldə etdilər: Abstrakt düşüncə və sözlü dil ən azı 70.000 il bundan öncə ortaya çıxmışdır. Bu cavab, insan əliylə hazırlanmış əşyaların kəşfi və bu nəsnələrin yaradılması üçün gərəkli olan zehni proseslərin təsbiti əsasında əldə edildi. Düşüncə biçimi baxımından xüsusi önəm daşıyan davranışlardan biri mizraqların ucuna sivri daşların taxılması olmuşdu. Bu alışqanlıq 200.000 il öncə həm Avropada yaşayan Neandertallar, həm də Afrikadakı Homo Sapienslər tərəfindən istifadə olunmağa başlandı. Bu özlüyündə kifayət qədər önəmli texnoloji icaddır, ancaq yenə də mühakimə, abstrakt təfəkkür və rabitə bacarığının mənşəyi barəsində bizə çox şey demir. Fəqət təqribən 70.000 il əvvəl Homo Sapiens böyük irəliləyiş həyata keçirdi və bu inkişaf bu gün analiz edildiyində dərketmənin təkamülünə işıq tutur. Araşdırmalara görə bu dönəmdə istifadə ediləcək əşyalara uc, yaxud qulp taxmaq texnikası daha da incəlib mükəmməlləşmişdi. Mizraq hazırlamaq üçün həyata keçirilən mərhələlər arasında yonulmuş daş uclarına şəkil vermək və onları atəşın köməyiylə formalaşdırmaq, alətlərin uclarını yerinə möhkəmlətmək üçün akasiya ağacının şirəsindən, bal mumundan istifadə etmək kimi üsullar var idi. Bu faktların bizə insan zehninin təkamülünü anlamaqda hansı köməyi göstərdiyini antropoloq Thomas Wynn belə ifadə edir: “Alət hazırlayan ibtidai sənətkarların zehni, istifadə edəcəkləri materialların xüsusiyyətlərini (məsələn, yapışqanlığı) anlaya bilmək, istiliyin təsirləri barədə qənaət hasil etmək, iş əsnasında bir-birindən ayrı və sürətlə baş verən dəyişkən proseslərə diqqət kəsilmək və onlara uyğunlaşmaq üçün elastik, adaptasiyaya meylli, təkminləşməyə açıq olmalıydi.

Yaxşı bəs danışmaq? Abstraksiyalar yaradıb onları bir-biriylə əlaqələndirən şüurlu zehniyyətin yəqin ki, ardınca mübtəda, tamamlıq və xəbərdən ibarət sözlü dil də yarada biləcəyini təxmin edə bilərik.

Hər hansı bir canlı növünün mənşəyini axtarıb tapmaq istədiyimizdə, ona yaxın digər canlı növlərinin nə şəkildə yaşayıb, təkamül etdiyini öyrənmək üçün müqayisəli biologiyadan kömək almaq alimlərin adətidir. İnsan zehninin doğuşunu araşdırıb tapmaq istəyi elm adamlarını Neandertallara (Homo Neanderthalensis) daha yaxından baxmağa və bu növ barəsində daha çox məlumat toplamağa təşviq etdi. Modern insanların bu qardaşı, Homo Sapiens Afrikada ətrafi öyrənib mücərrəd təfəkkürünü kəskinləşdirdiyi zaman bütün Avropanı işğal etmişdi. 200.000 ildən artıq müddət ərzində də burada yaşamağa davam etdilər. Tapıntılara əsasən son Neandertalın təqribən 30.000 il öncə Cənubi İspaniyada öldüyü məlum oldu. Bu növün yer üzündən yox olmasının demək olar ən əsas səbəbi, Homo Sapiens kimi ətraf mühitə daha asan uyğunlaşan bir növün pillə-pillə bütün Avropa qitəsi boyunca şimala və qərbə yayılması hesab olunur.

Başlanğıcda ədalətli rəqabət gedirdi. Neandertallar əvvəlcə Afrikadakı qohumları sapiens ilə yan-yana irəliləyirdi. Daşdan düzəltdikləri alətlər də onlarınkına bənzəyirdi. Biçaqlarının düz və kəskin kənarları var idi və təxmin etmək olur ki, onlarla ovlarını parçalara ayırır, soyurdular. Ucu girintili-çıxıntılı bıçaqlarısa böyük ehtimal mişar kimi istifadə edirdilər. Sivri uclu daş parçalarını mizraq kimi istifadə etmək üçün dəyənəklərinin başına taxırdılar. Bəllidi ki, Neandertallar alətlərini böyük heyvanlar ovlayaraq yaşadıqları həyatın ehtiyaclarına əsasən hazırlayırdılar. Bütün güclü və uğurlu ətyeyənlər kimi Neandertallar da çox hərəkət edirdilər. Əti bişirib yeyir, bəlkə də atəşin tüstüsündə pörtürdülər, paltar geyinir və yaşadıqları sadə düşərgələrdə od qalayıb, ətrafına toplanıb qış mövsümünün acı-soyuğuna qatlanırdılar. Onlara xas genetik kodların yaxın tariximizdə deşifrə edilməsi nəticəsində dilin yaranmasına rəvac verən və Homo Sapiens ilə paylaşdıqları FOX2 geninə sahib olduqlarını da öyrəndik. Buna görə də hansısa dilə malik olduqlarını təxmin etmək məntiqlidi. Yetkin Neandertalların beyinləri orta statistik Homo Sapiensin beynindən nisbətən böyük idi. Uşaqlarının və körpələrinin beyni də balaca sapienslərlə müqayisədə daha sürətlə böyüyürdü.

Neandertallar hər baxımdan Homo sapiensə paralel bir insan növü kimi çox maraqlıydılar; sanki təkamülün özümüzlə qarşılaşdırıb müqayisə aparmağımız üçün yaratdığı təcrübə obyektiydilər. Ancaq yenə də bu gün Neandertallar haqqında bizi maraqlandıran ən önəmli məqam və sual necə olduqları, necə yaşadıqları deyil, məhz nəyi bacara bilmədikləriydi. İki yüz min il davam edən varlıqları boyunca texnologiya və mədəniyyətlərində heç bir gerçək inkişaf yaşanmadı. Alətləri istehsalında yeniliklər yaranmadı, sənət və bəzəkli əşyalari əmələ gəlmədi; ən azından indiyədək əldə etdiyimiz arxeolojik dəlillər bunu göstərir.

Digər tərəfdəsə Homo sapiens irəliləməyə davam etdi və təqribən Neandertal nəsillərinin yox olduğu ərəfədə zehni bacarıqları əhəmiyyətli dərəcədə artdı. Dunay çayı boyunca şimala doğru hərəkət edən ilk qrup təqribən 40.000 il əvvəl Avropanın mərkəzinə çatdı. Bu hadisədən on min il sonra Qədim Daş Dövrünü başladan yeniliklər yaranmaya başladı: zərif cizgili mağara rəsmləri, aslan başlı, insan bədənli və digər formalı heykəlciklər, sümükdən düzəldilən fleytalar, ovu cəzb etmək və tutmaq üçün müəyyən edilən sərhədlər daxilində nəzarətli od qalamaq və kostyumlu şamanlar.

Homo sapiens necə oldu bu səviyyəyə çatdı? Mütəxəssislər Homo sapiensə xas olan uzun vədəli hafizənin inkişafının – xüsüsən də onun zehni proseslər üzərindəki təsirinin – və bununla bərabər təzahür edən fantaziya yaratma qabiliyyətiylə qısa müddətlik strategiyalar qurmağın, onların həm Avropada, həm də başqa yerlərdəki yaşamlarında, Afrikadan çıxışlarının əvvəli və sonrasında açar rol oynadığı qənaətində həmfikirdilər. Bəs qarmaqarışıq, mürəkkəb bir mədəniyyətin başlanğıcına çatmağı mümkün edən ən aparıcı qüvvə nə oldu? Görünən budur ki, sualın cavabı qrup seçməsidir. Bir-birinin niyyətlərini anlayan və rəqib qrupların fəaliyyətlərini əvvəlcədən təxmin etməkdə işbirliyi yaradan qruplar, bu baxımdan onlar qədər qabiliyyətli, səbatlı olmayan qruplar qarşısında böyük üstünlüyə malik olurdular. Şübhəsiz ki, bu qrupların fərdləri arasında da rəqabət olurdu və bu proses də bir fərdi digərləri qarşısında avantajlı edən üstün cəhətlərin təbii seçməsinə imkan yaradırdı. Ancaq yeni çevrələrə, yeni məkanlara daxil olan və güclü rəqiblərə qarşı mücadilə edən bir növ üçün ən önəmli davranış qrup içindəki mənəvi birlik və işbirliyi idi. Beləliklə, əxlaq, ahəngdar birlik, empatiya, dini coşqu, döyüş qabiliyyətlərinin hafizə və fantaziyayla bir araya gəlib birləşməsi qalibi müəyyən edirdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR