Sağlam düşüncəyə bir təcavüz olaraq antisemitizm (2-ci hissə)

Hannah Arendt

Fəlsəfə

"Totalitarizmin mənşəyi" kitabından

Hər kəsə məlumdur ki, müasir antisemitizmin meydana çıxması və yüksəlişini yəhudilərin assimilyasiyası, köhnə dini və mənəvi yəhudi dəyərlərinin sekulyarlaşması və itməsi müşaət etmişdir. Yəhudiliyin baxış bucağından bu, yəhudi xalqının böyük seqmentlərinin eyni anda həm daxildən sıradan çıxarılması, həm də xaricdən fiziki olaraq məhv edilmə təhlükəsi ilə üz-üzə qalması demək idi. Bu vəziyyətdə millət olaraq öz gələcəklərindən narahat olan yəhudilər, qəribə və ümidsiz, eyni zamanda yanlış bir şərhlə, hər şey bir yana, antisemitizmin yəhudi birliyinin mükəmməl vasitəsi olaraq istifadə edilə biləcəyi, hətta əbədi antisemitizm fərziyyəsində yəhudi varlığının əbədi zəmanətinin də ehtiva edildiyi kimi təskinedici bir fikirdə ilişib qaldılar. Yüz illərlə xristian düşmənçiliyi ilə birlikdə yaşayan yəhudilər, bunun özləri üçün siyasi olduğu qədər mənəvi baxımdan da bir növ müdafiə vasitəsi olduğunu müşahidə etmişdilər. Və bu real təcrübə, Tanrı tərəfindən seçilmişliyə və məsihçi ümidlərə bəslənən inancda mənəvi olaraq mövcud olan əbədiyyət fikirinin sekulyar təhrifi olan bu xurafatı gücləndirdi. Yəhudilərin səhvi xristian-əleyhdarı irqçi antisemitizmi yəhudilərə olan köhnə dini nifrətlə qarışdırmaq oldu. Bu səhvin mühüm bir səbəbi də, yəhudilərin məruz qaldıqları assimilyasiyaya baxmayaraq, Xristianlıq haqqında çox az şey bilmələri və daxilində assimilyasiya olduqları sivilizasiyanın əsas xristian xarakterini bir çox halda görməməzlikdən gəlmələri idi.

Qarşılarında Xristianlığın geriləməsi kimi aşkar bir əlamət peyda oldu, onlar da bütün cəhalətləriylə "Qaranlıq Çağlar"ın müəyyən mənada yenidən canlandığını düşündülər. Özlərini gözləyən gerçək və əvvəlcə bənzəri olmayan təhlükələrə dəhşətli bir şəkildə əhəmiyyət verməmələrinin məsuliyyəti, qismən öz keçmişləri haqqındakı bu məlumatsızlıq yaxud səhv anlamada idi. Lakin yenə də bunun unutmamaq lazımdır: siyasi qabiliyyət və qiymətləndirmə nöqsanlığı, tamamilə Yəhudi tarixinin təbiətindən – başsız, yurduz və dilsiz xalqın tarixindən qaynaqlanan bir şey idi. Yəhudi tarixi, tarixini yaxşı tərif edilmiş tarix anlayışıyla başladan, cizgiləri yaxşı müəyyən olunmuş bir planı yer üzündə reallaşdırmaq üçün az qala şüurlu dayanıqlılıq göstərən və bu planın müvəffəqiyyətsizliyindən sonra, Qüdsdəki məbədin dağılmasından Bazeldəki Birinci Sionist Konqresinə qədər iki min il ərzində bütün siyasi hərəkatlardan uzaq dayanan bənzəri olmayan, fövqəladə bir xalq mənzərəsi təqdim edir. Nəticə budur: Yəhudi xalqının siyasi tarixi gözlənilməz, təsadüfi faktorlardan digər xalqların tarixi ilə müqayisədə, daha asılı vəziyyətə düşmüşdür, belə ki, yəhudilər bir roldan digərinə dayanmadan sürüklənmiş və heç birindən də özlərini məsul görməmişlər.

Yəhudiləri tamamilə məhvin eşiyinə gətirən bu son fəlakət baxımından nəzər yetirdikdə, "əbədi antisemitizm" tezisi heç olmadığı qədər absurd və təhlükəli vəziyyətə gəldi. Bu gün bu tezis, yəhudilərə qarşı işlənmiş, heç kimin qavrayışına sığmayacaq qədər böyük cinayətlərin belə bəhanəsi ola bilir. Antisemitizmin yəhudi xalqının gələcəyinin sirrli bir zəmanəti olduğu iddiası da proseslərlə faciəvi şəkildə boşa çıxarılmışdır. Antisemitizm, elə olduğunu iddia etdiyi şeydir: yəhudilər üçün ölümcül təhlükə – başqa heç nə.

Nəzəriyyələr tez-tez həqiqət tərəfindən boşa çıxarıldıqdan sonra da mövcud olurlar; bu səbəbdən, istər günah keçisi nəzəriyyəsinin, istərsə də əbədi antisemitizm fərziyyəsinin bu gün də bir çox yerdə müdafiə edilməsi bizi təəccübləndirməməlidir. Bunun yeganə səbəbi, hər ikisinin də fərqli fikir yürütmələrinə baxmayaraq, sonda mükəmməl və bu səbəbdən qeyri-insani bir məsumiyyəti və qurbanın başına gələnlərlə əlaqəsizliyini (bu mücərrədliyi ilə toplama və məhv düşərgələrində həqiqətən qarşımıza çıxan, yəni ən yeni təcrübələrimizə uyğun gələn) ortaya qoyması deyildir. Əsas səbəb, antisemitik hərəkatın siyasi mənasını açıqlamağa çalışan yeganə cəhdlər olan bu iki fərziyyənin, Yəhudi tarixinin şəxsən antisemitizmlə əlaqəsinin olmadığı və onsuz da bu mövzuda tarixi qavrayışın adi vasitələri ilə iş görməyin yaraşmayacağı istiqamətindəki səssiz fikirləridir. Günah keçisi nəzəriyyəsi ilə müqayisə etdikdə, bu qaçınılmaz suala müəyyən formada cavab vermək kimi bir üstünlüyü də vardır: Niyə yəhudilər, başqaları deyil? Bununla belə, cavab sadəcə səhti və sualı təhrif edən bir cavabdır: "təbii əbədi düşmənçilik"...

Açıq səhv nəzəriyyə ilə açıq cinayətkar praktika arasındakı bu ortaq məxrəc, bu cür nəzəriyyələrin dövri xüsusiyyətinə işarə edərək kütlələlərin qulağına niyə bu cür ağlabatan, məqbul gəldiklərini açıqlasa belə, özlüyündə tarixi həqiqətin əlaməti deyildirlər. Tarixçi onlarla ancaq tarixin bir parçası olduğu ölçüdə və həqiqəti axtarışı əsnasında qarşısına çıxdığı üçün maraqlanır. Özü də [hadisələrin] müasiri olan tarixçinin, digərləri qədər bu fikirlərin inandırıcı gücləri qarşısında təslim olması mümkündür. Tarixin bütün meyllərini açıqlama məqsədi daşıyan ümumqəbul edilmiş fikirləri ələ alarkən ehtiyatlı davranmaq müasir zamanə tarixçiləri üçün xüsusilə əhəmiyyətlidir. Çünki keçən əsr, tarixin açarını təqdim edirmiş kimi görünən, amma əslində hadisə və proseslər qarşısında siyasi məsuliyyətdən qaçmaq üçün göstərilən ümidsiz səylərdən başqa bir şey olmayan bir yığın ideologiya meydana çıxarmışdır. Bu mənada 19-cu əsr ideoloqları müasir dünyanın sofistləridir.

Lakin antik dünyanın sofistləri ilə müasir dünyanın sofistləri arasında xeyli mühüm bir fərq vardır. Əski sofistlərlə məşhur davasında Platon, sofistlərin "insan ağılını tezislərlə ovsunlama sənətləri"nin (Phaedrus 261) həqiqətlə əlaqəsi olmadığını, təbiəti baxımdan dəyişkən olan və ancaq "razılaşma anında və razılaşma davam etdiyi [inanılan görüldüyü] müddətdə" (Theaetetus 172) etibarlı olan fikirləri hədəf aldıqlarını kəşf etmişdi. Yenə Platon, dayaqlarını "həqiqətdən deyil, inandırmadan aldıqları" üçün fikirlərin meydana gətirdiyi bu dünyada həqiqətin son dərəcə zəmanətsiz mövqedə olduğunu dərk etdi (Phaedrus 260). Köhnə və müasir sofistlər arasındakı ən diqqətə çarpan fərq, köhnələr bir tezisin həqiqət bahasına əldə etdiyi müvəqqəti qalibiyyətlə kifayətləndiyi halda, müasirlərin həqiqət bahasına daha davamlı bir qalibiyyət əldə etmək istəməsidir. Başqa sözlə, biri insan düşüncəsinin, digəri isə insan fəaliyyətinin ləyaqətini məhv etmişdir. Filosof, köhnənin məntiq cindarlıqları və tezislərlə gözbağlıcılıq edənlərlə məşğul olmaq məcburiyyətində idi; tarixçinin qarşısında isə faktlarla oynayan müasir kəndirbazlar var. Bu mənada, faktlar artıq keçmiş və indiki dünyanın bir parçası hesab edilməyib, bu və ya digər fikri "sübut etmək" məqsədiylə sui-istifadə edildikləri üçün tarix məhv edilmiş və – həqiqətini insanlar tərəfindən canlandırılmaqdan, bu səbəbdən onlar tərəfindən başa düşülən olmaqdan alan – qavranıla bilmə xüsusiyyəti təhlükəylə üzləşmişdir.

Bütün bunlar tarix yazmanı heç bir zaman olmadığı qədər etibarsız edir. Ənənə artıq etibarlı deyilsə və fikirlərdən əl çəkmək lazımdırsa, bizə ötürülən faktların meydana gətirdiyi xaosu necə nizama salmaq mümkündür? Lakin hazırda yaşanan dərin alt-üst olmaları və bunların Qərb insanlığının tarixi strukturlarında yaratdığı xaotik dəyişiklikləri düşünsək, bu cür çətinliklər çox cüzi şeylərdi. Bu çətinliklər, müasirlik üçün xarakteristik olan ümumi sağlam düşüncə itkisindən tarixçinin də təsirləndiyini göstərir. İdeologiyaların bir məqsədi də, sağlam düşüncənin artıq etibarlı olmayan qaydalarını qoymaqdır; müasir kütlələrin ideologiyaya uyğunluğu, sağlam düşüncənin (bu, common sense-dir, hamımız üçün müştərək olan dünyanı anlamağı və orada yolumuzu tapmağı təmin edən ortaq duyğudur) ictimai-siyasi dünyanı və onun proseslərini anlamağımıza artıq yetməməsi ölçüsündə böyüyür. Tarix yazan şəxs, sağlam düşüncənin artıq heç bir müasir hadisəyə uyğun gəlməyən şablonlaşmış, dəyərini itirmiş qaydaları ilə ideologiyaların çılğın iddiaları arasında yolunu tapmaq məcburiyyətindədir - bu da o deməkdir ki, xoşuna gələn bir çox vərdişindən və üsulundan imtina edəcəkdir. O, barmaqlıqlardan yapışmadan düşünməyi öyrənmək məcburiyyətindədir. Bu metodoloji mülahizələrdən daha ağırı, müasir alt-üst olmanın indiyə qədər tarix baxışımızın xaricində qalmış bütün elementləri ortaya çıxarmasıdır. Hələ bir neçə on il əvvələ qədər sarsılmaz olduğunu sandığımız bir çox şeyin səthi olduğu müşahidə edilsə də, bu, (Romanın süqutundan bəri Qərb tarixində yaşanan bəlkə də ən dərin böhran olan) həmin böhranda yerlə-yeksan olanın sadəcə səthdən ibarət olduğu demək deyildir.

Avropa millət-dövlət sisteminin çökməsi ilə antisemitik hərəkatların ortaya çıxması arasındakı şərtliyi; ictimaiyyəti razısalma mübarizəsi aparan əvvəlki bütün rəqib "izm"lər üzərində antisemitizmin qalibiyyətini hazırlayan, milli təməldə təşkilatlanmış Avropanın yıxılması ilə yəhudilərin məhv edilməsi arasındakı bu üst-üstə düşməni, antisemitizmin qaynağını göstərmək baxımından ciddiyə almaq lazımdır. Müasir antisemitizm, millət-dövlətin daha ümumi inkişaf çərçivəsi daxilində ələ alınmalı və eyni zamanda antisemitizmin qaynağı yəhudi tarixinin müəyyən aspektlərində, xüsusilə son əsrlərdə yəhudilərin yerinə yetirdiyi funksiyalarda axtarılmalıdır. [Millət-dövlət sisteminin] sıradan çıxmasının son mərhələsində əgər antisemitik şüarlar böyük xalq kütlələrini imperialist genişləmə və köhnə idarəçilik formalarının yıxılması istiqamətində təşkilatlandırmanın və ruhlandırmanın ən təsirli vasitələri olduqlarını sübut etmişlərsə, bu halda müəyyən cəmiyyət qrupları ilə yəhudilər arasında düşmənçiliyin meydana çıxmasına dair əsas ipucları yəhudilər ilə dövlət arasındakı əlaqənin daha əvvəlki tarixində mövcud olmalıdır. Üstəlik, mütəmadi şəkildə böyüyən müasir aşağı sinif – yəni bütün siniflərin xaric edilmişləri – yəhudilərin siyasi bir ideologiyanın mərkəzini əmələ gətirəcək qədər mühüm olub-olmadığı sualını diqqətə almamış və onun liderləri keçən əsrin yetmişinci illərindən bəri "tarixin açarı"nın və bütün pisliklərin başlıca səbəbinin yəhudilər olduğunu irəli sürə bilmişsə, o zaman aşağı sinif ilə yəhudilər arasındakı rəqibanə əlaqələrin əsas əlamətləri yəhudilər ilə cəmiyyət arasında o dövrə qədər mövcud olan əlaqələrin tarixində olmalıdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR