XX əsrin əvvəllərində Azərbaycan milliyyətçiliyinə liberal və sosialist təsirlər

Tarix
Photo

Təqdimat

XIX əsrin sonunda Rusiya imperiyası daxil olmaqla, çoxmillətli imperiyalar parçalanmaq ərəfəsində idilər. Bu proses müəyyən qədər bu imperiyalarda baş verən sosial və iqtisadi faktorlarla, müəyyən qədər də liberalizm, sosializm və millətçilik kimi ideologiyaların genişlənməsi ilə izah olunur. Bu mənada Rusiya müsəlmanları çox mühüm sosial və mədəni dəyişikliklərdən keçirdilər. Rusiyanın türkdilli xalqları ruslaşdırılmaq probleminə müqavimət göstərmək və Qərb dünyasının tələblərinə uyğunlaşmaqdan ötrü özlərinin məxsusi islahatlarını həyata keçirirdilər.

Azərbaycana gəldikdə isə, xalq quruculuğu prosesi əsas istinad nöqtələri dini kimlik və mədəni fərqlilik olan spesifik xüsusiyyətlərə əsaslanırdı. Zəngin siniflərin dəstəklədiyi azərbaycanlılar müstəmləkə kontekstində özlərinin fərqliliyinin tanınması üçün çalışırdılar. Reformlaşdırılmış İslama tərəqqinin gücü kimi baxılır, insanpərvərliyin isə modernizmlə uzlaşa biləcəyi hesab olunurdu. Cədidizm (19-20-ci əsrlərdə Rusiya imperiyasındakı müsəlman modernist islahatçılar, tərəqqipərvərlər də adlandırılırdılar - tərc) Türk millətçiliyinin gündəliyinə daxil edilmişdi. Rusiyanın 1904-cü ildə Yaponiyaya məğlub olması və 1905-ci ildə baş verən inqilab müsəlman reformizmini gücləndirdi və onu siyasi sferaya daxil etdi. Azərbaycanlılar millətçi bazis əsasında özlərinə məxsus siyasi partiyalar yaratmaqla bu prosesdə iştirak etdilər.

Azərbaycan millətçiliyi Bakının qeyri-adi mədəni və siyasi mühitində ortaya çıxmışdı. Eyni mühitdə liberal konstitusionizmlə sosializm də genişlənir və siyasi prosesə təsir edirdi. Bu məqalənin əsas məqsədi Azərbaycan millətçiliyinin özünəməxsus macərasını onun dövrün liberal və sosialist cərəyanları ilə qarşılıqlı münasibətləri zəminində analiz etməkdir.

Liberalizm və Azərbaycan millətçiliyi

20-ci əsrin başlanğıcında Rusiyada liberalizmi əsasən Konstitusional Demokratik Partiya (adətən Kadetlər kimi tanınırdılar) təmsil edirdi. 19-cu əsrdə yaşamış Aleksandr Gertsen kimi liberallardan təsirlənən Kadetlər "xalqın" suverenliyinin fərdin azadlığı üzərində inşa edilə biləcəyini irəli sürürdülər.1

Richard Pipes Rusiyadakı liberal düşüncənin inkişafının Rusiya və Qərbin intellektual təsir dairələrində baş verən sürətli ictimai dəyişikliklərlə izah edir.2 Liberallar mütləqiyyət basqısına qarşı çıxırdılar, onu Rusiyanın gələcək tərəqqisinin qarşısında duran əsas maneə kimi görürdülər. Onlar "şəxsi mənafelərdənsə ümumin müdafiəçiləri" kimi irəli çıxaraq, Rusiya ictimai sinifləri arasında arbitr rolunu oynayırdılar. Onlar inanırdılar ki, "dünya rəqabətcil milli maraqlar arenasıdır". Qorxurdular ki, Rusiya "geridəqalmışlığına görə zərbə alar". Bu mənada çar hakimiyyətinə qarşı olan müxalifət əsas etibarilə dövlət hakimiyyətinin və Rusiyanın beynəlxalq aləmdəki mövqeyinin müdafiə qabiliyyətinin təşviq edilməsi istiqamətində fəaliyyət göstərirdi. Onlar əsasən ideal konstitusiyalı sistemi qəbul etməklə, siyasi islahatlar tərəfdarı idilər. William Rosenbergin fikrincə, bu ideal konstitusiyalı sistem bir ictimai qrupun digəri üzərindəki hökmranlığının qarşısını alacaqdı; qanunun aliliyi həm müəyyən şəxslərin, həm də dövlət rəsmilərinin hakimlik iddialarına əngəl yaradacaqdı... Partiyanın əsas məqsədi vətəndaşın fərdiyyətinə, vicdan azadlığına, dinə, mətbuata, assambleyaya, hərəkata və mənzil, petisiya, sinif, millət və din əleyhinə olan məhdudiyyətlərin aradan qaldırılması daxil olmaqla, bütün rusiyalıların "fundamental vətəndaş azadlıqlarını" təmin etmək idi.3

Dövlət quruculuğunu süquta aparan səbəblər hansılardı?

1905-ci ilin Oktyabrında Çar II Nikolay Rusiya vətəndaşlarına təməl vətəndaş hüquqları verən manifest imzaladı, manifestə Dövlət Dumasına toxunulmaz qanunverici səlahiyyətin verilməsi və seçkilərdə səsvermə hüququ da daxil idi. Konstitusiya manifesti "şəxsi toxunulmazlıq prinsipinə əsaslanmaqla, vətəndaş azadlığına və vicdan, ifadə, toplaşmaq və ittifaq azadlığına" təminat verir və elə qanun qoyurdu ki, "Dövlət Dumasının razılığı olmadan heç bir qüvvə o, qanunu poza bilməsin, həmçinin o, seçilmiş nümayəndələrin təyin edilmiş rəsmilərin fəaliyyətinə nəzarət etmək hüququna da zəmanət verirdi".4

Bir çox rusiyalı kimi liberallar da Konstitusiya manifestinin elan edilməsini ölkə tarixində yeni tərəqqi erasının başlanğıcı kimi görürdülər. Manifestin ortaya çıxması Kadetlərin İlk Konqresinin sessiyaları ilə üst-üstə düşmüşdü; lakin partiya Çar tərəfindən zəmanət verilmiş bir assambleya ideyasını rədd etdi və yeni demokratik hakimiyyətin bazisi əsasında olacaq konstitusiya assambleyasına ehtiyac olduğunu bəyan etdi. Bu konqresdə onlar "təməl vətəndaş hüquqları" daxil olmaqla, 57 maddəlik proqram qəbul etdilər və milli problemin mütləqiyyət basqısının məhsulu olduğunu irəli sürdülər. Pipes Kadetlərin 1906-cı ilin Yanvarında qəbul etdikləri proqramda bu qərarların yer aldığını bildirir:

- cinsindən, dinindən və milliyətindən asılı olmayaraq, bütün rusiyalı vətəndaşlar qanun qarşısında bərabərdirlər.

- bütün vətəndaşların tam vətəndaşlıq və siyasi bərabərliyi üçün, Rusiya İmperiyasının konstitusiyası imperiya ərazisində məskunlaşan xalqların ictimai həyatda müxtəlif dillərdən və dialektlərdən istifadəsi azadlığı kimi özlərini mədəni cəhətdən təyin etməsi hüququnu; hər bir xalqın ədəbiyyatını, kültürünü, dilini inkişaf etdirmək və qorumaq məqsədiylə təhsil institutları, müxtəlif toplantılar, cəmiyyətlər və təsisatlar qurmaq və saxlamaq azadlığını; və digər məsələləri təmin etməlidir.

- rus dili mərkəzi təsisatların, ordu və donanmanın dili olmalıdır. Dövlətin və özünü idarə edən orqanların xərcləri hesabına yerli dillərin dövlət dili ilə bərabərlik əsasında dövlət, ictimai təsisatlar və məktəblərdəki istifadəsi ümumi və yerli qanunlar və onların nəzdindəki təsisatlar tərəfindən nizamlanmalıdır. Hər bir bölgənin əhalisinin ibtidai və nə qədər mümkündürsə, öz doğma dillərində ali təhsil almaq hüququ təmin edilməlidir.5

Azərbaycanlı türk elitası Konstitusiya Manifestini sevinclə qarşılamış və rus liberalları ilə əməkdaşlığın özlərinin fundamental hədəflərinə nail olmaqda kömək edəcəyini hesab etmişdilər. Bakı Şəhər Şurasında mədəni və ictimai sahələrdə artıq fəal olan yuxarı sinifdən olan azərbaycanlılar özlərinin modernist cəhdlərini siyasi arenaya daşıdılar. Əli Mərdan Topçubaşı kimi ictimai liderlər yerli özünüidarə hökumətinin genişlənməsi və konstitusional rejimə doğru aparan ardıcıl islahatlar nöqteyi nəzərindən genişlənən liberal hərəkata tam həmrəylik göstərdilər. Topçubaşı artıq "Kaspi"də məktəblərdəki şəraitin yaxşılaşması, müsəlmanların dövlət qulluğundakı mövqelərdə yer alması və torpaq islahatlarına ehtiyac barədə islahat kampaniyaları məsələlərindən yazırdı.6 Bu tələblər Kadetlərin görüşləri ilə üst-üstə düşürdü.

1905-ci ilin siyasi mühitində Azərbaycan elitası anti-müstəmləkəçi mədəni hərəkatı siyasi hərəkata çevirmək fürsəti görürdü. Uzun müddət ayrı-seçkilik və assimilyasiya siyasəti aparan imperiyanın müstəmləkə subyektləri olmaqla, onlar siyasi məsələləri öz gündəliklərinə daxil etmişdilər. Audrey L. Altstadt bu məsələləri sıralayır: "vətəndaş hüquqları, sosial ədalət, qanun qarşısında bərabərlik və nümayəndəli hökumət".7 Onlar çarlığın Konstitusional Assambleyaya dair vədlərini böyük optimizmlə qarşılamış və özlərinin siyasətdəki iştirak cəhdlərini petisiya kampaniyaları ilə genişdləndirirdilər. Topçubaşı yeni nizama "bürokratik qəyyumluğun sonu" və həmçinin "geniş liberal perspektivdə cəmiyyətin iqtisadi, siyasi və mədəni həyatının inkişafına olan məhdudiyyətlərin sonu" kimi baxırdı.8

1905-ci il İnqilabı və Azərbaycanda siyasi oyanış

Azərbaycanlı liberallar tərəfindən hazırlanaraq, Transqafqaziya Canişini Vorontsov-Daşkova və Rusiyanın Baş naziri Sergey Vitteyə göndərilən mükəmməl petisiyalardan biri həmin liberal tələblərə dair çox gözəl bir örnəkdir. Swietochowski yazır :

İmperiyanın digər hissələriylə müqayisədə Transqafqaziya özünüidarə və bankçılıq məsələlərində imtiyazlardan kənarda qaldığı üçün liberallar zemstvoların yaradılmasını (əsasən rusların məskunlaşdığı regionlardakı aqrar bölgələrdə nümayəndəli orqanlar) və bunun davamı kimi regionlarda Zədəgan bankının və Kəndli bankının yaradılmasına çağırırdılar. Azərbaycanlı icmasının qayğıları özünü məxsusi olaraq müsəlmanların dövlət qulluğu karyerasına tam çıxışı, onlara xristian teoloji seminarlarına bərabər statusda mədrəsələrin açılmasına icazə verilməsi və onların hər növ məktəbdə özlərinin doğma dilində təhsil alması kimi tələblərdə göstərirdi. Petisiyanın xüsusilə sosial problemlərlə əlaqədar olan hissəsində həmçinin rus köçkünlərinin immiqrasiyasının dayandırılması, dövlət xəzinəsinə daxil olan torpaqların, o cümlədən tədricən ödəmək üsuluyla böyük mülk hissələrinin paylaşdırılması tələbləri yer alırdı.9

Bu tələblər əsas etibarilə Transqafqaziya sakinlərinin hüquqlarının Rusiyanın daxili bölgələrində yaşayanların hüquqlarıyla bərabərləşdirilməsi məqsədi güdürdü. Topçubaşı və onun liberal dostları Azərbaycan əhalisini yeni açılmış siyasi sahədə iştirak etməyə dair çağırışlar etsələr də, təhsilli dairələr istisna olmaqla, kütlələrin buradakı iştirakı məyusedici dərəcədə aşağı idi. Qaspıralı bu yanaşmanı ətalətdə əzab çəkmək kimi qədim müsəlman adəti nöqteyi nəzərindən izah edirdi.10 Görkəmli azərbaycanlı intellektual Üzeyir Hacıbəyli isə "İrşad"da yayımlanmış Qafqaz Müsəlmanlarına Açıq Məktubda yerli əhalinin tənbəlliyini və cəhalətini tənqid edirdi:

Ey, Qafqaz Müsəlmanları! Bir aydan sonra Dövlət Dumasına seçkilər başlayır. Ruslar, ermənilər, gürcülər, polyaklar ən yaxşı adamlarının seçilməsi üçün çalışırlar. Lakin siz, müsəlmanlar belə düşüncələrə baş qoşmamalısınız. Sizin üçün heç uyğun olmaz ki, adamlarınızı Dumaya ruslar və ermənilərlə birlikdə oturmağa göndərəsiniz. Duma hara, siz hara?... [Ruslar və ermənilər] elə tərbiyəsiz və abırsız millətdilər ki, hamamda peştemalsız çimirlər... və onlar Duma açılanda orda oturub hökumətlə hökumətlik, nazirlə nazirlik eləmək, generallara əmr vermək istəyirlər. Lakin bu, sizin işiniz deyil... Bir gün çox güman bundan hansısa bir iblis törəyəcək, onda iblis onların başlarına çıxacaq. Mən bunu sizin yaxşılığınız üçün deyirəm... Seçkilər günü evlərinizi tərk etməyin. Həmin gün səhərdən axşamadək yatağınızda uzanın, elə bilin, oruc tutmusunuz.11 [İnternetdə məqalənin orijinalını tapa bilmədik, ona görə də, ingiliscədən çevirdik – tərc]

Dumada qanunverici prosesə töhvə verməkdən ötrü hazırlaşmaqdan əlavə, azərbaycanlı liberallar Kadetlərin Bakı şöbəsi kimi fəaliyyət göstərən Müsəlman Konstitusiya Partiyasının əsasını qoydular. Onlar Transqafqaziyanın öz qanunvericiliyi olan muxtar region kimi yenidən təşkil olunmasını və etnik cəhətdən yekcins administrativ bölgü əsasında hissələrə ayrılmasını tələb edirdilər.

Azəri liberalların digər fəaliyyəti Rusiyanın digər müsəlmanlarıyla olan əlaqələri gücləndirmək cəhdləri idi. Bütün Rusiya Müsəlman Konqresini birləşdirməkdən ötrü onlar Volqa tatarları burjuaziyası ilə əməkdaşlıq edirdilər. Bu məqalənin ikinci hissəsində göstərildiyi kimi Topçubaşı konqresi təşviq edən ən əsas lider fiqurlardan və Kadetlərlə yaxın əməkdaşlığın əsas memarlarından biri idi.

1906-cı ilin Mayında Transqafqaziyada İlk Dumaya seçkilər başa çatdı, 6 müsəlman deputat yer qazandı və Rusiyanın digər bölgələrindən gələn 19 digər müsəlman deputata qoşuldu. Dumadakı Müsəlman Fraksiyasının əksər üzvləri ya Kadetlərin üzvü, ya da ona simpatiya ilə yanaşanlar idi. Rusiya Konstitusional Demokratları Dumada ən böyük vahid partiya olsalar da, ona nəzarət etmək üçün Müsəlman Fraksiyasına ehtiyac duyurdular. Kadetlərlə əməkdaşlıq edən Fraksiya Transqafqaziya bölgəsinin müstəmləkə statusundan narazılığını bildirir, zemstvolar və müxtəlif qanuni zəmanətlər tələb edirdi.12

Aqrar məsələyə dair gərginliyin artması səbəbindən, İlk Dövlət Duması hökumət tərəfindən buraxıldı. Buna cavab olaraq, Kadetlərin başçılığı altındakı böyük bir qrup Viborq şəhərində (Sankt-Peterburqun Finlandiya ərazisindəki şəhərətrafı yaşayış yeri) toplandı və bəyannamə imzaladı. Dilara M. Usmanova bununla bağlı yazır:

Bəyannamə "Rusiyanın bütün vətəndaşlarını" Duma yenidən toplanana qədər "xəzinəyə bir qəpik də, yaxud orduya bircə dənə də olsun əsgər verməməyə" çağırırdı. Passiv müqavimətə müraciət Dumanın buraxılmasıyla ortaya çıxan potensial inqilabı qəzəbin qarşısını almaq və kütlələrin narazılığını "konstitusional kanala" yönləndirmək məqsədi güdürdü.13

Viborq Bəyannaməsinə imza atan 230 deputat arasında iki azərbaycanlı nümayəndə (Əli Mərdan Topçubaşı və İsmayıl Xan Ziyadxanov) daxil olmaqla, Müsəlman Fraksiyasının 6 üzvü yer almışdı.14 Bəyannaməyə imza atanların hamısı sonradan 3 aylıq həbsə məhkum edildilər və özlərinin siyasi hüquqlarını itirdilər. Usmanova iddia edir ki, bu məhkəmə müsəlmanların Dumadakı fəaliyyətinə hədsiz mənfi təsir göstərdi: Fraksiya gücdən düşdü və zəiflədi.15

Azərbaycan Davası

İkinci Dumaya seçkilər 1906-cı ilin sonunda baş tutdu. Seçki qanunları yumşaldılsa da, azərbaycanlılar yeni Dumaya cəmi 4 nümayəndə göndərə bilmişdilər. 36 müsəlman deputat arasında əksəriyyət hələ də Kadetlərlə yaxın idi. Topçubaşı rəsmi olaraq deputat olmasa da, hələ də Müsəlman Fraksiyasında sədr vəzifəsi daşıyır və bütövlükdə müsəlman deputatlarına böyük təsir göstərirdi.16 Azərbaycanlı nümayəndələr "ədalətli kompensasiya" şərtiylə torpaqların icbari paylaşdırılmasını müdafiə edir,17 İmperiyanın müsəlman əhalisinin təhsili və mövqelənməsi kimi məsələlərə dair qanunlar hazırlayırdılar, onlar federalist ittifaqa qoşulmuşdular.18

1907-ci ilin iyulunda İkinci Duma hökumətin sərəncamı əsasında ikinci dəfə buraxıldı, seçki qanunu yenidən dəyişdirildi və qeyri-rus deputatların sayı məhdudlaşdırıldı. Üçüncü Duma (Noyabr 1907 - İyun 1912) tammüddətliyini doğrultmaq baxımından unikal hadisə idi, lakin burada 10 müsəlman deputat arasında cəmi bir azərbaycanlı var idi. Bu dövr hökumətin nüfuzunun bütün ölkə boyunca yayılması və tez-tez periodik basqıların baş verməsiylə yadda qaldı.

Kadetlər Dördüncü Duma dövründə (Noyabr 1912 - Fevral 1917) hələ də təsir gücünə sahib idilər. Onlar Oktyabristlərlə qüvvələrini paylaşırdılar, Müsəlman Fraksiyası isə hər zaman onların "Proqressiv Blokuna" yaxın idi.19 Lakin I Dünya Müharibəsinin başlaması Kadetlərin liberal düşüncəsində aşınmaya səbəb oldu. "Vətənpərvərlik təşvişi" adlandırılan şey onların kütləvi iştirakın genişləndirilməsi kimi əsas vədlərini müdafiə etmələrinə əngəl oldu. Rosenbergin dediyi kimi onlar düşündülər ki, "kütləvilik taktikası Rusiyanın hərbi cəhdlərinə zərər vuracaq; universal seçki hüququnun və digər konstitusional dəyişikliklərin təqdim olunması isə yalnızca daxili parçalanmanın getdikcə sürətlənməsinə gətirib çıxaracaq".20 Kadetlər ictimai şəkildə imperiyanın "anti-türk" siyasətinə dəstək verdiklərini bəyan etdikləri anda azərbaycanlı liberallar onlara qoşulmağa tərəddüd etdilər. Kadetlərin unitar dövlətlə bağlı yeni mövqeyi isə onlara Azərbaycanlı simpatiyasının soyumasıyla nəticələndi.21

I Dünya Müharibəsinin başlamasından 1917-ci ildəki Fevral və Oktyabr inqilablarına qədərki proseslər zamanı azərbaycanlı liberallar Müstəqil Demokratik Qrupda Topçubaşı və Fətəli Xan Xoyski kimi sayılıb-seçilən şəxslərlə təmsil olunurdular. Onlar siyasi prosesdə Azərbaycanın modernizasiyasının mötədil müdafiəçiləri kimi daim fəal idilər və kompromisə ehtiyac yaranan kimi onlar daim hazır olurdular.22 Topçubaşı istənilən növ demokratik platformada Azərbaycan xalqının hüquqlarının ənənəvi müdafiəçisi idi. İrsən zadəgan olduğundan, o, Azərbaycan cəmiyyətinin ən üstün seqmentini təmsil edirdi. Sankt-Peterburq Universitetinin Hüquq Fakültəsində təhsil alması ona Avropa dövləti və hüquq anlayışları barədə geniş fikirlər qazandırmışdı. O, bütün ömrü boyunca çarlığın hakimi mütləqiyyətinə qarşı mübarizə aparmışdı. Topçubaşı "Kaspi" və "Həyat" qəzetlərində redaktor kimi çalışmış, dəfələrlə Bakı Şəhər Dumasına üzv seçilmiş, İlk Dövlət Dumasının üzvü olmuş, Müsəlman Fraksiyasının təşkilatçısı və prezidenti kimi fəaliyyət göstərmiş, Müsəlman Xalqları İcmalarının Konsulluğunda prezidentlik etmiş və həmçinin Müstəqillik illərində Milli Şuranın prezidenti vəzifəsini daşımışdı. Xan Xoyski isə İkinci Dövlət Dumasına seçilmiş, bir neçə dəfə müstəqil Azərbaycan hökumətinin baş naziri olmuş və Sovet işğalından əvvəl xarici işlər naziri kimi çalışmışdı.

Müstəqil Demokratik Qrupdan başqa, Musavat Partiyasının da liberal düşüncədən geniş miqyasda təsirləndiyini demək mümkündür. Rəsulzadənin yerli kimliklərin tanınmasına və özünüidarəçilik prinsipinə vurğu etməsi liberal yanaşmaya dair ən yaxşı nümunələrdir. Musavatın 26 oktyabr 1917-ci ildə qəbul etdiyi proqrama ifadə, mətbuat, vicdan, toplaşmaq, assosiasiya və tətil etmək kimi siyası azadlıqların zəmanət verildiyi liberal konstitusiya üçün təkliflər yer almışdı.23 1918-ci ilin Mayında elan edilən yeni müstəqil dövlət isə etnik mənsubiyyətindən, dinindən, sinfindən, peşəsindən və cinsindən asılı olmayaraq, vətəndaşların bütün vətəndaş və siyasi haqlarını tanıyırdı və söz vermişdi ki, dövlətin ərazisində məskunlaşan bütün millətlərin azad inkişafını təşviq edəcək.24

Britaniyanın iştirakı ilə Azərbaycan Milli Şurası özünü müvəqqəti parlamentə transformasiya etmişdi və onun nümayəndələri erməni və digər partiyalardan olan deputatlarla genişlənmişdi. Cəmi 17 ay çəkən müstəqillik dövründə ölkəni müxtəlif koalisiyalı hökumətlər idarə etmişdi. Parlament Azərbaycandakı siyasi həyatın mərkəzinə çevrilmişdi, qadınlara səsvermə hüququnun verilməsi, iş şərtlərinin Avropa standartlarına dair nizamlanması daxil olmaqla, burada qəbul edilən qanunlar liberal-demokratik qavramlardan ilham alırdı.25

Ardı var

Cengiz Çağla Yıldız Texniki Universitetinin İqtisadiyyat və Administrativ Elmlər Fakültəsinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentində çalışır.

Məqalə ingilis dilindən tərcümə edilib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR