Allaha ehtiyac hiss edənlər və etməyənlər

Ədəbiyyat

Amma bu insanların saf və yaxşı yanlarıyla, inandıqları şeylər arasında ziddiyyət olduğunu, bunun da modernləşmə, Avropalılaşma və inkişaf kimi böyük proyektləri çətinləşdirdiyini, evin içindəki üstdən-aşağı baxma havasının zaman-zaman avtoritar hirsə çevrilməsindən anlayardım. Biz təkcə mal-mülk sahibi olduğumuz üçün deyil, Qərbliləşmiş və "pozitivist" olduğumuz üçün də hökm etmə haqqına sahib olduğumuz bu "cahil" insanların qəribə etiqadlarına çox bağlanmasına tək öz mənfəətlərimiz üçün deyil, məmləkət mənfəətləri üçün də şiddətlə qarşı çıxmalıydıq. İş görməsi gərəkən bir elektrikçinin namaza getdiyini öyrəndikdə, ata nənəmin iynələyici dilinin yarımçıq qalan kiçik bir təmirdən daha çox, bizi geri salan ənənə və vərdişləri hədəf aldığını da uşaq ağlımla anlayırdım.

Qəzetlərdəki Atatürkçü yazılardan, qara çarşablı qadın və əli təsbehli çəmbər saqqallı irtica tiplərin karikaturalarından və məktəbdəki İnqilab Şəhidi Kubilayı anma mərasimlərindən yoxsulların bu sevimli etiqadlarının bizə və onlardan bir az daha çox sahib olduğumuzu hiss etdiyimiz dövlətə və vətənə zərər verə biləcək qorxulu ölçülərə vara biləcəyini hiss etdiyim kimi, bizlərin hakim sinif olaraq varlığımızı haqlı çıxardığını da sezərdim. Belə zamanlarda evdəki riyaziyyat-sevər mühəndislik ruhuna da yaxşıca qapılaraq mülk sahibi olduğumuz üçün deyil, Qərbliləşmiş, modernləşmiş olduğumuz üçün "əfəndi" mövqeyində olduğumuz nəticəsini çıxarardım. Bu da, bizim qədər zəngin olmalarına baxmayaraq, bizim qədər Qərbliləşməmiş ailələrə üstdən-aşağı baxmağıma gətirib çıxarardı. Daha sonrakı illərdə demokratiya daha bir az inkişaf edib ölkədəki digər zənginlər də əyalətdən İstanbula gəlib "cəmiyyətdə" özlərini göstərməyə başlayınca, Qərb mədəniyyətindən və dünyəvilikdən heç payını almamış və bizlərdən daha çox zəngin olan bəzi şəxslərin varlığı, atamla əmim də müflisləşə-müflisləşə bizi kasıblaşdırdığı üçün ailədə xəyal qırıqlığı və hirs yaratmağa başladı: bizim itirmək üzrə olduğumuz mallara, mülklərə, imtiyaz və rahatlıqlara Qərbliləşmiş olduğumuz üçün haqqımız çatırdısa, bir çox mənəvi mövzuda (o zamanlar nə Mövlanadan, nə təsəvvüfün incəliklərindən, nə də böyük fars mədəniyyətindən xəbərdardım) sürücü və aşbazlar kimi düşünən və hərbi çevrilişə təhrik edən bəzi solçuların "hacıağa" dediyi bu şəxslərin zənginliyi necə açıqlanacaqdı?

İstanbulun Qərbliləşmiş burjuaziyası son qırx ildə Ankarada edilən bütün hərbi müdaxilələri və ordunun siyasətə qarışmasını, solun hücumlarına qarşı deyil (elə güclü bir sol hərəkət onsuz da Türkiyədə heç vaxt olmadı), daha çox, bir gün aşağı siniflər ilə əyalətdən olan zənginlər dini bayraq edib öz həyat tərzlərinə qarşı birləşə bilərlər qorxusuyla dəstəklədi. Yavaş-yavaş din yerinə, onunla sanıldığından daha az əlaqəsi olan siyasi İslamın və hərbi çevrilişlərin dünyasına girib bu kitabın gizli ahəngini pozmaqdan qorxuram.

Mənim üçün əsl dini mövzu günahkarlıq hissidir. Uşaqlıqda ağlıma arada bir gələn ağ çarşablı, möhtərəm qadın obrazından kifayət qədər qorxmadığım və ona kifayət qədər inana bilmədiyim üçün günahkarlıq duydum. Ona inananlardan özümü ayrı tutduğum üçün də günahkarlıq duydum. Amma eynilə arada bir zəhmət çəkmədən və çarəsizcə qaçdığım xəyal aləmi kimi, bu günahkarlıq hisslərinə də ruhumu dərinləşdirəcək və həyatımı daha rəngli və ağıllı edəcək narahatlıq olaraq uşaq instinki ilə bütün gücümlə sarıldım. Bu narahatlıq məni çox vaxt xoşbəxt ermədi, amma həmin vaxt deyil, daha sonra xatırladığım zaman, arxada qoyduğum həyatı sevməyə gətirib çıxardı. Tez-tez xəyallarını qurduğum, İstanbulda başqa bir evdə yaşayan o biri xoşbəxt Orxanın isə din qorxusu və günahkarlıq hissi kimi dərdləri olmadığını xəyal edirdim. Belə şeylərlə vaxt itirəcəyinə kinoya getdiyini xəyal etdiyim bu Orxanı, dinin və günahkarlıq hissinin tələblərindən yorulduğum vaxt axtarmaq istəyərdim.

Yenə də uşaqlıqda dinin əmrlərinə boyun əydiyim vaxtlar oldu. İbtidai məktəbin son sinifində ikən məsələn, gözünə girməkdən çox xoşlandığım, bir təbəssümüylə xoşbəxt olub, qalxan bir qaşıyla dərdə düşdüyüm – və indi də çox duzsuz və avtoritar olaraq xatırladığım – bir müəllimim vardı. Bu ağ saçlı, tutqun sifətli yaşlı qadın "dinimizin gözəlliklərini" mənim hiss etdiyim və qorxduğum kimi inanc, iman və təvazökarlıq problemi olaraq deyil, rasionalizm və faydaçılıq estetikası ilə sinifə həyəcanla danışırdı.

Onun fikrincə, Həzrəti Məhəmməd oruca, nəfsinə hakim olduğu qədər, sağlamlığa yaxşı təsir göstərən "pəhriz" olduğu üçün də əhəmiyyət vermişdi. Ondan əsrlər sonra gözəlliklərinə heyran olan indiki Qərbli qadınlar pəhrizin nə qədər həyati bir şey olduğunu yeni kəşf edirdilər. Namaz da zatən qan dövranını artıran, gövdəni gümrah saxlayan bir növ gimnastika idi. Hazırda hər gün milyonlarla yapon bürosunda, fabriklərdə bir fitlə işi dayandırır, eynilə sanki namaz qılırmış kimi, beş dəqiqə gimnastika edir, sonra yenə işlərinə qayıdırdılar. İslamın bu faydaçı və məntiqçi təqdimi, içimdəki kiçik pozitivistin gizli-gizli bəslədiyi iman eşqi və fədakarlıq ruhuna uyğun gəlincə, Ramazanda günlərin bir günü mən də oruc tutmaq qərarına gəldim. Bunu müəllimimizin təsiriylə, onun xoşuna gəlmək üçün edirdim, amma ona demədim. Anama qərarımı dedikdə, onun bir az çaşıb, bir az sevinib, bir az də narat olduğunu gördüm: heç bir dini vərdişi olmamasına baxmayaraq, anam aramızdakı ən "nə olar nə olmaz, inanım heç olmasa"çı idi, amma yenə də oruc tutmağın Qərbliləşməmişlərin vərdişi olduğunu bilirdi. Məsələni böyük qardaşımla atama heç demədim də. Daxilimdəki iman eşqi, hələ ilk orucumu belə tutmadan utanıb gizlədilməsi gərəkən bir şeyə çevrilmişdi. Yaşlı müəllimimdən öyrəndiyim dini vəzifələr mövzusundakı pozitivist bəlağət də ailədəki sinfi simgələr məsələsindəki həssas, şübhəçi və lağ-lağaçı həssaslıq və ifadə tərzi qarşısında hələ ortaya çıxmamış məğlubiyyətə uğramışdı.

Orucumu kiməsə hiss etdirmədən, öyünmədən, hər hansı bir "afərin" gözləmədən tutdum. Bəlkə də anamın on bir yaşlı uşağın oruc tutmasına gərək olmadığını deməsi lazım idi mənə. O isə iftar üçün etina göstərərək mənə sevdiyim kökələrdən, ançouslu çörəklərdən nələrsə hazırlamaqla kifayətləndi. Bir tərəfdən kiçik oğlunda Allah qorxusu olduğu üçün məmnun olduğunu, bir tərəfdən də məndə mənəvi ağrılara, çilə çəkməyə hər kəsdən həvəsli zərərverici bir tərəf varmı deyə narahat olduğunu gözlərindən oxumuşdum.

Din qarşısındakı bu ikili münasibətin ailədə ən nəzərəçarpan nümunəsi qurban bayramları idi. Vəziyyəti yaxşı olan hər müsəlmanın əməl etməsi gərəkdiyi kimi, hər qurban bayramında bir qoç Pamuk Apartmanının kiçik arxa bağçasına gətirilib bağlanır, bayram səhəri də evə gələn məhəllə qəssabı tərəfindən kəsilib qurban edilərdi.

Qoyunlardan, quzulardan çox da xoşum gəlmədiyi üçün, bəzi rəsimli romanların qızıl ürəkli uşaq qəhrəmanları kimi, son günlərini yaşayan qoçun hər mələrtisində qəlbim qırılmazdı.

Hətta bu çirkin, axmaq və murdar qoxulu heyvandan bir müddət sonra xilas olacağımız üçün məmnun olardım, amma bir tərəfdən kəsilən heyvanın əti fəqir-füqəraya paylanarkən, digər tərəfdən həmin gün bütün ailə yığışıb günorta yeməyində dinin qadağan etdiyi pivələrimizi içərək, təzə ət pis iy verir bəhanəsiylə, qəssabdan alınmış tam başqa bir əti yeməyimiz, hər kəsin mənəviyyatını, mənim kimi davamlı narahatlıq və günahkarlıq hissi olaraq yaşamadığını xatırladardı mənə. Qurban fikirinin dini mahiyyəti, Tanrıya bağlılığı sübut etmək üçün bir uşaq yerinə, bir heyvanın canını almaq və buna görə günahkarlıq hisslərindən xilas olmaqdırsa, bizlər tam əksinə edir, qurban edilən heyvanın yerinə qəssabdan alınmış daha yaxşı əti yeyərək yenidən günahkarlıq duymağımız gərəkən bir şey edirdik.

Amma bu cür mənəvi ziddiyyətlər, əsassızlıqlardan daha dərinlərinin səssizliklə ötüşdürüldüyü bir evdə yaşayırdım. İstanbullu Qərbliləşmiş, zəngin və dünyəvi ailələrdə çox tez-tez gördüyüm mənəviyyat əskikliyi, əslində dini önəmsəməməkdən daha çox, bu səssizliklərdə ortaya çıxar: riyaziyyat, məktəb müvəffəqiyyəti, futbol, əyləncə kimi mövzularda hər şey danışılarkən, eşq, şəfqət, din, həyatın mənası, qısqanclıq, kin kimi əsas mövzularda hər kəs çaşqınlığa və kədərli təkliyə gömülər, canları yanıb bu mövzularda bir şey danışıb ünsiyyət qurmaq istədikdə, eynilə kar və lallar kimi, bir söz belə deyə bilmədən, əllərini və qollarını çarəsizlik və təlaşla oynadardılar. Daha sonra radiodakı musiqiyə ilişər, siqaret çəkərək öz daxili dünyalarına səssizcə çəkilərdilər.

Mən də iman eşqiylə tutduğum orucumu belə bir səssizliklə ötüşdürdüm bax. Qaranlıq qış günü onsuz da qısa olduğu üçün çox da aclıq əziyyəti çəkməmişdim.

Yenə də, anamın mənə hazırladığı və zeytunlu sosiskalı ənənəvi türk iftariyyəsinə heç bənzəməyən ançouslu, məzəli, mayonezli şeyləri yeyərkən, daxilimdə məmnuniyyət və hüzur vardı. Allah üçün bir şey etməkdən daha çox, öz-özümə girməyə qərar verdiyim imtahanı müvəffəqiyyətlə keçmə zövqü idi bu.

Qarınımı zövqlə tıxayıb doldurduqdan sonra həmin axşamüstü, soyuq küçələrdən qaça-qaça Konak Sinemasına getdim, bir Hollivud filmini hər şeyi unudaraq seyr etdim və bir daha oruc tutmağı ağılımın ucundan belə keçirmədim.

Amma dinlə bu bacarıqsızca əlaqəm məni dini və metafizik mövzulardan uzaq salmadı heç. Ona istədiyim kimi inana bilməsəm belə, Allahın, dedikləri kimi hər şeyi bilən bir varlıqdırsa, çox ağıllı olduğunu və mənim ona niyə heç cür inana bilmədiyimi də anlayıb bağışlayacağını ağılımın bir küncüylə quraşdırırdım. İnancsızlığımı ona qarşı meydan oxumağa, ona qarşı şüurlu hücuma çevirməzsəm, Allah məni anlayacaq, ona inana bilmədiyim üçün hiss etdiyim günahkarlıq hisslərini, inancsızlıq çiləmi yüngülləşdirən bir səbəb olaraq görüb, mənim kimi bir uşağa onsuz da çox əhəmiyyət verməyəcəkdi.

Qorxduğum Allah deyil, ona olduqca inananların mənim kimilərə qarşı duyacaqları hirs idi. Zəkaları – haşa – eşqlə inandıqları Allah ilə heç cür müqayisə edilməyəcək bu aşırı inanclı şəxslərin axmaqlığı, məni qorxudan ikinci səbəb idi. Bir gün "onlar kimi" olmadığım üçün cəzalandırılacağım qorxusu illərcə məni tərk etmədi, ilk gənclik illərimdə isə sol fikirlərə sevgi duymağımda nəzəri kitablardan daha təsirli oldu. Sonrakı illərdə məni çaşdıran şey isə, dünyəvi və yarı-inancsız Qərbliləşmiş bir çox istanbullunun mövqelərindən dolayı günahkarlıq hiss etməməsi idi. Dinin heç bir məcburiyyətini yerinə yetirmədikləri kimi, dinlərinə bağlı olanlara da – eynilə aşağı sinifin sənət və mədəniyyət vərdişlərinə üstdən-aşağı baxan "modernist" modabazlar kimi – sinfi səbəblərdən üstdən-aşağı baxan insanların hər birinin həyatının müəyyən dövründə, məsələn, bir yol qəzası anında yaxud da xəstəxanada yatarkən Allahla gizli bir razılığa girişdiklərini xəyal etmişəm həmişə.

Bu gizli razılığa girmədiyi üçün cəsarətinə heyran olduğum bir orta məktəb yoldaşımla tənəffüslərdə bacarıqsızca da olsa bu mövzulara girdiyimizi xatırlayıram. Çox zəngin bir ailədən gələn, Boğaz üstündəki möcüzəvi evlərinin böyük bağçasında ata minən, beynəlxalq yarışmalarda çapar kimi Türkiyəni təmsil edən bu iblisanə uşaq, metafizik müzakirənin bir nöqtəsində, mənim qorxuyla tərəddüd etdiyimi görüncə birdən gözlərini göyə dikərək "Varsa, məni dərhal öldürsün!" deyər və məni təəccübləndirən bir güvənlə əlavə edərdi: "Həə, görürsən ki hələ sağam". Həm onun qədər cəsur ola bilmədiyim, həm də ona gizli-gizli haqq qazandırdığım üçün günahkarlıq duyar, amma bu ağıl qarışıqlığını da sevdiyimi bilmədən sevərdim.

Qaynağı Allahdan uzaq düşməkdən daha çox, şəhərin paylaşdığı camaat duyğusundan uzaq düşmək olan günahkarlıq hisslərimi fərdi bir şey kimi yaşayardım. İnanmaq və aid olmaq arasındakı bu metafizik gərginlik on iki yaşımdan sonra yerini cinsəlliyə dair maraq və günahkarlıq hisslərinə verdikdə, dini narahatlığımın gücü azaldı. Yenə də amma, nə vaxt izdiham içərisində, bir gəmidə yaxud da bir körpüdə, ağ çarşab geymiş yaşlı bir qadınla rastlaşsam, ürpənirəm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR