Oğlana çevrilən əkiz qızların hekayəsi

Hər şeydən biraz
Photo

Qız kimi doğulan identik əkizlər transgender olduqdan və kişiyə çevrildikdən sonra qardaş olublar.

Ceklin və Cennifer kimi doğulan 23 yaşlı Cek və Ceys Qreyf 1995-ci ilin İyununda anadan olub, Merilen ştatının Baltimor şəhərində mühafizəkar xristian ailəsində böyüyüb boya-başa çatıblar. Amma bu mühitdə özlərini heç vaxt rahat hiss etməyiblər.

Onlar hələ uşaq olanda, yatağa gedərkən ağlayır və dua edirdilər ki, oğlan kimi yuxudan ayılsınlar, hərçənd bunun nə demək olduğunu o vaxtlar bilmirdilər.

Amma 18 yaşlarında olarkən əkizlər bir-birlərinə danışdılar və qərara aldılar ki, ikilikdə kişi olsunlar, bu zaman onlar artıq Corciya ştatının Monro şəhərində yaşayırdılar.

Başlanğıcda onlar 2017-ci ilin Aprelində testestoron hormonu qəbul etməyə başladılar. Eyni DNK-ya sahib olan Cek və Ceys birlikdə saqqal saxladılar və sinə əməliyyatı keçirdilər.

Kriminal hüquq məzunu olan və hüquq-mühafizə orqanlarında çalışan bu iki şəxs digərlərini ruhlandırmaq üçün öz həyat hekayələrini paylaşıblar.

“Uşaq olakən mən ağlayar və Tanrıya dua edərdim ki, yuxudan duranda mənim kişi bədənim olsun, hərçənd bunun transgenderlik olduğunu heç bilmirdim də, - indi Şerif köməkçisi işləyən Cek deyir: Bu gün mən heç vaxt olmadığım qədər xoşbəxtəm. Əvvəllər bizdə olan naqolay hiss artıq yoxa çıxıb”.

“Biz dəyişikliyə uğrayanda, bütün ailəmiz, ana-ata və böyük bacımız ordaydı. Valideynlərimiz əvvəllər heç vaxt belə şey görməmişdilər. Onlar gey, yaxud transgender insanlarla əlaqədə olmamışdılar, ümumiyyətlə isə mənim atam keşişdir”.

Cek işdə başına gələn problemlərdən də danışıb, onunla necə məzələndiklərini xatırlayıb.

“İşdəkilər məni qızımoğlan adlandırırdılar. Hələ də bizə qadın kimi müraciət edirlər. Hər dəfə mənə qadın kimi müraciət ediləndə, elə bil başıma qaynar qazandan su tökürlər. Bu insanı incidir, amma mən başa düşürəm. Gənc olanda mən özüm barədə şübhələrə qapılardım”.

“Bir çox insan üçün bu, çox çətin qərardır”.

23 yaşlı gənc özüylə də mübarizə aparıb və bioloji baxımdan kişi kimi doğulmağı arzulayıb.

“İnsanlar deyir ki, sən heç vaxt xromosomlarını dəyişdirə bilməzsən, ancaq zahirən dəyişə bilərsən. İndi də elə vaxt olur, evə gələndə mən mənən çökürəm”.

Cekin əkiz qardaşı Ceysə görə – o da polis akademiyasında zabitdir – əkiz olmaq keçdikləri prosesi asanlaşdırıb.

“Düzünə qalsa, əkiz olmaq bizə çox kömək edib. Əgər 15-16 yaşıma qayıtsaydım, heç ağlımdan keçirməzdim ki, bu nöqtəyəcən gəlib çıxa bilərəm”.

“Bu, sadəcə bir xəyal idi və mən bunun baş verməsini arzulayırdım, ancaq cəsarətim yox idi. Gücüm çatmırdı. Əkiz olmaq isə o deməkdir ki, mən özümü yanlız hiss etmirəm. Eynilə mənim keçdiyim prosesi bir başqası da keçirdi və bu mənə güc bəxş edirdi”.

Uşaq olarkən, əkizlər tez-tez oğlan tərzində geyinər və qız sinif yoldaşlarına göz qoyardılar.

Amma onlara verilən sərt tərbiyə və dini təhsil özlərinin həqiqi duyğularını ifadə etməyə imkan vermirdi.

15 yaşlarında olanda onlar bir bayram tədbiri üçün özlərini daha rahat hiss etdikləri kişi paltarları geyinmək qərarına gəldilər – bir il sonra isə bir-birlərinə gey olduqlarını etiraf etdilər.

İndi hər iki qardaşın qız partnyor ilə ciddi münasibətləri var, amma onlar bu mövzuda danışmağa həmişə ehtiyat edirlər.

“Bir-birimizə qızlardan xoşumuzun gəldiyini demək, çox çətin idi, amma Ceysə bunu deyəndə və onun yəqin ki, başqa fikirdə olacağını soruşanda, o mənə belə dedi: “Yox, məndə də eyni hisslər var, - Cek deyir: o, mənə “məndə də” deyəndə, özümü o qədər yüngülləşmiş hiss etdim ki. Daha özümü tənha hiss etməyəcəkdim. Bu qorxulu idi. Mən həqiqətən də dəhşət qorxurdum”.

Ceys onunla razılaşır, o da əkizinə ürəyini açmaq üçün eyni qorxuları yaşayıb, o, “duyğularının həqiqi olub-olmadığını bilmək üçün” kişilərlə də görüşüb.

Əkizlərin ikilikdə keçidi nadir hal sayılsa da, yeni bir araşdırmaya görə, identik əkizlər qeyri-identik əkizlərdən fərqli olaraq, gender disforiyasında böyük ehtimalla eyni təcrübəni yaşayırlar.

“Cinsi Sağlamlıq Jurnalı”nda nəşr olunan bir məqaləyə görə, 23 monozigotik və ya identik əkizlərin 29 faizində gender kimliyi pozuntusu öz əksini tapıb, 21 qeyri-identik əkizdə isə transgender olmaqla bağlı hansısa genetik, yaxud bioloji əlaqə ümumiyyətlə tapılmayıb.

Sinə əməliyyatından keçdikdən sonra, Avqust ayında Corciya ştatı Cek və Ceysin qanuni şəkildə kişi olduqlarını təsdiqləyib.

“Elə bil mənim çiyinlərimdən yük götürüldü, - Cek deyir: indi mən özümü təbii hiss edirəm”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR