Sergi ata kitabında Tolstoy öz qaçışını yazmışdı?

Kitab
Photo

“Sergi ata” niyə qaçırdı?

“Sergi ata” povesti Tolstoyun ən dərin şəxsi əsərlərindən biridir. O, “Sergini” elə “Hacı Murad” kimi demək olar ki, 10 il ərzində böyük fasilələrlə, tələsmədən yazıb. Hər iki əsər yazıçının ölümündən sonra nəşr edilib və bu mənada, formal olsa da, bu əsərlərə Tolstoyun bir növ bədii “vəsiyyəti” kimi baxmaq olar.

“Sergi Ata” çıxıb getmək haqqındadır. Bu, əsərin əsas mövzusudur və maraqlısı da budur ki, onun məğzi birdən birə ortaya çıxmamışdı, çünki yazıçı gün keçdikcə artan şəxsi mənəvi ağrılarını kağıza köçürməyə, üstəlik başqalarına açmağa tələsmirdi.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

“Sergi Ata”nın sujetindən ilk dəfə 1890-cı ilin fevralında Çertkova (Tolstoyun redaktoru, əsərlərinin naşiri – tərc) yazılan məktubda – aristokratiya gözəlçəsi Makovkinanın mərc gələrək, Sergi ataya hücrəsində gecə keçirmək üçün baş çəkdiyi yerəcən bəhs edilir. Bu “Serginin” düppədüz üçdə bir hissəsidir.

Povestin yazılmasına görə biz Çertkova çox şey borcluyuq. Sujetin yarımçıq qalacağından ehtiyatlanan və Tolstoyun işi davam etdirməsini arzu edən Çertkov aldığı məktubun üzünü köçürür və işin davam etməsi üçün sətirlər arasında böyük məsafə saxlamaqla surəti orijinalı ilə birgə geri göndərirdi. O, Tolstoya bədii əsərlərinin yazılmasına stimul vermək üçün dəfələrlə belə addımlar atmışdı. Və bu fakt Çertkovun Tolstoyun bədii dühasına ziyan vurmaqla, onun ancaq müəllim tərəfiylə maraqlanması kimi geniş yayılmış fikrin yanlış olduğunu göstərir.

Lakin Tolstoyda əksər vaxt olduğu kimi bu dəfə də povestin məğzi onun sujet xəttini aşdı. Sujetin məğz istiqaməti keçmişdə knyaz Kasatski olan Sergi atanın iki qadın – gözəlçə Makovkina və tacir qızı Marya tərəfindən tovlandırılmasından, Sergi atanın hücrəsindən ayrılaraq yanına getdiyi üçüncü qəhrəman Paşenkoya doğru dəyişdi. Şübhəsiz ki, Tolstoy üçün vacib məsələ hər halda hekayənin astagəl sujeti deyil, povestin sonuncu bir neçə səhifəsində öz yerini alan Paşenkanın hekayəti idi.

Beləliklə, Makovkinanın simasında bir şeytana sol əl barmağının hesabına belə olsa qalib gəlməyi bacaran Sergi daha az şirnikləndirici görünən tovlanmaya dözə bilmir: formalaşmış qadın cizgiləri olan kəmağıl qıza tamah salmaqla “murdarlanır”.

İki tamah arasındakı ziddiyət – zərif, kəskin və kobud, həyasız (“Marya, neyləyirsən? – o dedi. Sən şeytansan. – Neyləyəcəm, heç nə”) – intriqanı ehtiva edir, amma povestin əsas mahiyyəti bu deyil.

Dindar insanlar daha əxlaqlıdırlar?

Hekayənin məğzi, onun əsas mahiyyəti Sergi atanın nəyə görə qaçması deyil, niyə və kimdən qaçmasıdır.

Marya ilə baş verən hadisədən sonra Serginin qaçmaqdan başqa çıxış yolu yox idi. Amma o gedişini əvvəlcədən düşünüb daşınmışdı, Marya ilə baş verən hadisə qaçış üçün sadəcə bir bəhanə oldu. Ehtimal etmək olar ki, əgər Marya olmasaydı, Sergiyə öz davranışına hansısa bir açıqlama verməkdən ötrü başqa bir bəhanə lazım olardı. Onun gedişi müqəddəsliyin hansısa bir mərtəbəsi kimi deyil, sadə, günahkar bir insan bəndəsinin davranışı kimi özünü göstərməliydi.

Elə vaxtları olmuşdu ki, hətta qaçıb gizlənmək istəmişdi. Hətta bunu necə eləyəcəyini fikirləşmişdi. Özü üçün mujik köynəyi, şalvarı, kaftanı və mujik papağı hazırlamışdı. Bu paltarları gətirəndə demişdi ki, yanına gələn kasıblara, dilənçilərə verəcək. Həmin bu əyin-başı hücrəsində saxlayırdı və onlara baxdıqca saçlarını necə qayçılayacağı, paltarını dəyişib necə çıxıb gedəcəyi barədə fikirləşirdi. Düşünürdü ki, əvvəlcə qatara minib üç yüz verst gedəcək, sonra düşüb kəndbəkənd gəzəcək: Dilənməklə məşğul olan qoca bir soldatdan bu işin qanun-qaydasını da soruşmuşdu, soldat hansı tərəflərdə dilənçiyə üz göstərildiyini, gecələməyə yer verildiyini söyləmişdi ona. Sergi də soldat deyən kimi eləmək fikrindəydi. Hətta bir gecə paltarını dəyişmiş və çıxıb getmək istəmişdi, amma bilmirdi ki, qaçsa yaxşıdı, ya burda qalsa. Əvvəllər tərəddüd içindəydi, sonra tərəddüdü ötüb keçdi və o, şeytana öyrəşdi, tabe oldu ona və bundan sonra hücrəsindəki mujik pal-paltarı qəlbindəki fikir və istəyini yadına salırdı”.

Bu iblis Maryadan əvvəl ortaya çıxmışdı və onun hücrəsindən qaçışı iblisdən qaçış idi. Maryanın köməyi olmadan o, ondan qaça bilməzdi. Bu iblis – insani şan-şövkət idi. Sadəcə olaraq qaçmaq - öz əzəmətini gücləndirmək, şeytana məğlub olmaq və tamamilə ona tabe olmaq demək olardı. Sergi ata məhz buna görə getməkdə bu qədər ləngiyirdi və bu ağılsız qızı da sanki gəlib onun asanlıqla tovlasın deyə gözləyirdi, axı o buna lap çoxdan hazır idi.

«Yanına gələnlərin sayı gündən-günə artır, mənəviyyatını möhkəmləndirmək və ibadət üçün vaxtı getdikcə azalırdı. Bəzən eyninin açıq vaxtılarında özünü qurumuş bulaqla müqayisə edirdi. “Bir vaxtlar qəlbindən balaca bir dirilik suyu çeşməsi axırdı... O vaxtdan bəri bu bulağın üstünə o qədər təşnə gəlir ki, imkan olmur bulaqda su yığılsın. Və o qədər basabas saldılar ki, bulağın gözü tutuldu, yerində bircə palçıq qaldı...”

Sergi ata ona görə əzab çəkirdi ki, “özünü yanan şama bənzədirdi və özünün şama oxşaması barədə nə qədər çox fikirləşirdisə, daxilində ilahidən yanan həqiqət işığının zəiflədiyini, sönməyə başladığını da bir o qədər çox hiss eləyirdi. “Elədiklərimin nə qədəri Allah naminədir və nə qədəri insanlar üçündür?” – daim ona əzab verən bu suala nəinki heç vaxt cavab verə bilmir, bu qərara gəlməyə heç cəsarəti çatmırdı. Qəlbinin dərinliyində duyurdu ki, onun allah yolunda elədiyi işlərin hamısını şeytan dəyişib insan üçün fəaliyyətə döndərir. Sergi ata bunu ondan hiss eləyirdi ki, qabaqlar onun tənhalığı pozulanda necə əzab çəkirdisə, indi tənhalığın özü onun üçün əzablı keçirdi. Yanına gələnlərin əlindən cana doymuşdu, di gəl, qəlbinin dərinliyində zəvvarların çoxluğu, onlardan eşitdiyi təlimlər sevindirirdi Sergi atanı“.

Bu iblisi kinematoqrafiyaya gətirmək mümkün deyil. Onun konkret bir sifəti yoxdur, onun sifətləri çoxdur. Nə də olsa, kütlə “qara camaatdır”. İblisin Tolstoya həyatının sonunda yaşadacağı işgəncənin bəhsini o, “Sergi ata”da açdı, nə də olsa iblisdən xilas olmağın yeganə yolu heç hara, naməlumluğa qaçışdır. Kütlədən ancaq kütləni nigaran buraxmaqla qaçmaq olar. Yoxsa o sənin boğazından yapışacaq, öz suallarına cavablar tələb edəcək. Və bu zaman sən “Əl çəkin yaxamdan!” deməklə canının qurtara biləcəyini sanma. Tolstoyun özündə vəziyyət ikiqat çıxılmaz idi, çünki “qara camaatla” bağlı Puşkin üçün aydın olan məsələ, Tolstoyun dünyagörüşündə mövcud deyildi.

-Tolstoy 1907-ci il 13 fevralında gündəliyində yazırdı. – .

“Başqalarını özünü mühakimə etdiyin kimi mühakimə et, Axı bu, sən özünsən. Ona görə də onların pis əməllərinə özünün törətdiyin və törətməkdə olduğun pis əməllər kimi yanaş. Və eynilə öz günahların məsələsində necə düşünürsənsə, onların da tövbə eləyəcəyinə və düzələcəyinə ümidvar ol”

Bəşərin qlobal fəlsəfəsi olan humanizm

Bu, dərin bir xristian düşüncəsidir, lakin düşüncəni real Yasnoqoriya həyatında, gündəlik olaraq L. Tostoyun yanına gələn, yazan və özlərini Lev Nikolayeviçin bu həyatda yeganə yaşayış səbədi olduqlarını düşünən insanların arasında həyata keçirmək mümkün deyildi. Əksər məktublar və yazılı xahişlər pulla bağlı idi. O, bir neçə dəfə qəzetdə mülkiyyətdən və əsərlərinin müəllif hüququndan imtina etdiyini xatırladan məktub yazmışdısa da, xeyri olmamışdı. Bu ziyarətçiləri biraz da qıcıqlandırırdı, bu onları qraf biclik eləyir deyə düşünməyə vadar edirdi.

Məktubların və müraciətlərin ikinci böyük qismi “yönləndirmək” üzərində idi: bu insanlar Tolstoyu ya provaslavlığa və dövlətçiliyə qaytarmaq istəyir, ya da ona səhvlərini və ziddiyyətlərini göstərməklə, onların onu başa düşdüyü kimi həqiqi “tolstoyçuluq yoluna” gətirməyə çalışırdılar.

Üçüncü, ən kiçik kateqoriyanı təşkil edən insanlar isə Tolstoyun yanına həyat və Tanrı ilə bağlı ciddi, həqiqi suallarla gəlir və ya məktub yazırdılar. Bu məktubları və müraciətləri o, sadəcə olaraq “yaxşı adlandırırdı”. O onlara hətta ciddi düşüncələri olmasa da, söhbətləşməyi səmimi qəlbdən arzulayan, ürəyini boşaltmaq istəyən və yaxud heç bir əlavə niyyət güdmədən sadəcə özlərini xatırlatmaq istəyən - Qoqolun “Revizor”unda Xlestakovdan Əlahəzrətə adlarının xatırladılmasını istəyən Bobçinski və Dobçinski kimi – adamlar kimi baxırdı. “Yaxşı” məktublar deyərkən, məsələn, o, belələrini nəzərdə tuturdu:

“Ata-Oğul və Müqəddəs Ruh naminə amin. Rus torpağının hətta xaricdə belə ad çıxaran bir çox hörmətli nümayəndələrinə bu məktubu yazmaq üçün idrak versin deyə, mən Tanrının mərhəmətinə sığınmağa cəsarət edirəm, Siz böyük şan-şövkət sahibisiniz, mən günahkar bəndə isə bir cücü qədər əhəmiyyətsizliyimlə heç olmasa məktub vasitəsilə sizin adınıza – cənab Lev Nikolayeviç Tolstoya doğru sürünmək istəyirəm”.

Bu cür sadədil məktublara Tolstoy mütləq cavab verirdi. Ona əzab verən başqaları idi. Onlar tolstoyçu və ya anti-tolstoyçu olmalarından asılı olmayaraq, bilmərrə qəbul etdikləri əqidələriylə Tolstoyun yanına gəlir və məktublar yazırdılar. Belələri mənəvi yırtıcılar idilər və məhz bu məqamda Tolstoy öz yumşaqlığına görə gərginləşirdi.

Valentin Bulqakov 1910-cu ildə Tolstoyun yuxusunda gördüyü bir röyadan bəhs edir.

O yuxusunda əlinə paya götürərək, harasa yollandığını görmüşdü. Birdən gördü ki, kimsə onun arxasınca düşüb və ətrafındakılara belə deyir: “Baxın, bu gedən Tolstoydur. O bizim hamımıza nə qədər bədbəxtlik gətirib, kafir!” Bu zaman Tolstoy çönmüş və əlindəki paya ilə bu adamı öldürmüşdü. Amma heç bir dəqiqə də keçməmiş, belə görünür ayılmışdı, çünki dodaqlarını tərpədir və nəsə deyirdi”.

Xeyr, Tolstoyun Yasnayadan getməsinin səbəbi təkcə ailədaxili ziddiyyətlər və tövbəkarlıq deyildi. Qaçışının səbəblərindən biri də dünyəvi şöhrətin şeytaniliyi, insanların ona ünvanlanmış sevgi və nifrətinin əndazəni aşması idi, o bundan əzab çəkirdi, sadə bir qocaya çevriləndən sonra, o, sadəcə olaraq canını qurtarmaq istəyirdi. 1898-ci ildə, Yasnaya Polyanadan yoxa çıxmasından 10 ildən əvvəl yekunlaşdırdığı “Sergi Ata”da o, ilk baxışda orijinal görünsə də, əslində bu qaçışın əsrlər boyunca ağılsızlıq hesab olunan bir variantını yazmışdı. Özünün dünyəvi şöhrətini artırmadan yoxa çıxmaqdan ötrü sənin keçmiş qüdrətinə, saxta müqəddəsliyinə xələl gətirəcək hansısa qəbuledilməz, çirkin bir əməl törətməlisən.

Ya xoşbəxtlikdən, ya bədbəxtlikdən bu model intiharın imitasiyası (“Canlı meyit”) və öz bədənini tabuta qoymaq (“Fyodr Kuzmiçin ölümqabağı qeydləri”) kimi mümkünsüz idi. Tolstoyun gedişi üçün hazır model yox idi.

Amma belə olsaydı necə də yaxşı olardı! «Kasatski səkkiz ay beləcə gəzib dolaşdı, doqquzuncu ay quberniya şəhərlərindən birində, başqa dilənçilərlə və zəvvarlarla priyutda gecələdiyi vaxt, pasportu olmadığına görə hissəyə apardılar. Soruşanda ki, pasportu hanı, kimdir, nəçidir – cavab verdi ki, pasportu yoxdur, özü isə allah bəndəsidir. Onu səfillərə qatıb mühakimə elədilər və Sibirə göndərdilər.

Sibirdə varlı bir mujikin obasında məskən saldı və indi də orda yaşayır. O, mujikin bostanında işləyir, uşaqlara dərs deyir və xəstələri müalicə edir».

Pavel Valeryeviç Basinski

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR