İnsan öz yaddaşına etibar edə bilərmi?

Müsahibə
Photo

Psixoloq Elizabet Loftus cinsi təcavüz halları ilə bağlı saxta xatirələr aşkara çıxarıb. Onun dediyinə görə, indi bizim yaddaşımıza inanmamaq üçün yeni səbəblərimiz var.

İnsan yaddaşının etibarsızlığı ilə bağlı başqa heç kəs Elizabet Loftus qədər iş görməyib. 1990-cı illərdə uşaqlıqda zorakılığa məruz qalmaq iddialarıyla əlaqədar panika yaşanarkən, psixoloq göstərmişdi ki, insanlar üçün heç vaxt baş verməyən hadisələr barədə saxta xatirələr uydurmaq necə də asandır. Lazım olan ancaq onlardan olmamış hadisələri olmuş kimi təkrar-təkrar təsəvvür etməyi istəmək idi. O zamanlar bu, basdırılmış xatirələri üzə çıxaracağı güman olunan ənənəvi psixoterapiya metodu idi.

Kaliforniya universitetinin əməkdaşı olan Loftus son 30 ildə hüquqi hadisələrlə bağlı şahidlik məsələsindəki peşəkarlığı ilə ad çıxarıb. Onun göz şahidliyinə əsaslanan ifadələrinin etibarsızlığı ilə bağlı davamlı tədqiqatı saxta xəbər, “MeToo” hərəkatı və digital şəkil manipulyası dövründə daha da aktuallaşıb.

Loftusla müsahibəni təqdim edirik:

İlk olaraq siz niyə saxta xatirələri araşdırmağa başladınız?

Mən o dövrdə insanların bir hadisə ilə bağlı xatirələrindəki detalların təhrif olunub-olunmayacağını aydınlaşdırmaq üçün göz şahidliyinə əsaslanan ifadələrin etibarlılığını araşdırmaqda idim. Məsələn, deyək ki, bir nəfər qaçır, onun saçları buruqdur, yoxsa düz kimi detalları. 1990-cı illər idi, çoxsaylı insanlar arasında qəfildən uşaq zorakılığı ilə bağlı sübut olunması mümkünsüz iddialar ortaya çıxmışdı, belə görünürdü ki, insanlar baş verməyən hadisələr barədə xatirələr uydururlar. Biz belə bir fikrə gəldik: adamlardan heç vaxt baş verməmiş bir hadisəni - guya uşaq olarkən onlar alış-veriş mərkəzinə azmışdılar - xatırlamağı istədik.

Bunu necə elədiniz?

Biz insanlara uşaqlıq xatirələri ilə bağlı araşdırma apardığımızı dedik və müəyyən hekayələr əldə etmək üçün onların valideynləri ilə danışdıq. Sonra biz onlara müsahibə zamanı uşaqlıqlarında baş vermiş 3 həqiqi hadisə, bir dənə də uydurulmuş əhvalat danışdıq. Əhvalat beləydi: onlar uşaqlıqlarında alış-veriş mərkəzində azmışdılar. Axırda onları qorxmuş, ağlamaqlı vəziyyətdə yaşlı bir adam tapmış və xilas edərək valideynlərinə təhvil vermişdi. 3 dəfə söhbətləşdikdən sonra biz aşkar etdik ki, onlar təklif olunan variantın tələsinə düşüblər və onlarda azmaqla bağlı ya yarımçıq, ya da bütöv bir xatirə əmələ gəlib.

Bu kəşf niyə belə vacib idi?

O vaxtlar insanlar depressiya, yaxud qidalanma pozuntusu ilə bağlı mütəxəssisə müraciət edəndə, bundan da böyük problemlə üzləşirdilər, məsələn, onlar düşünürdülər ki, xatirələrini, yaxud travmalı təcrübələrini basdırıblar.

Terapistlər saxta xatirələri bilərəkdən onların beyninə salmırdılar. Onlar inanırdılar ki, müştərilərinin problemi böyük ehtimalla uşaqlıqda üzləşdikləri zorakılıqla əlaqədardır və onlar sağalmaqdan ötrü yaddaşlarını bərpa etməlidirlər. Bu proses zamanı günahsız insanlar mühakimə olunur və ailələr dağılırdı.

Sizin işinizə reaksiya necə oldu?

Mən həqarətli məktublar və ölüm təhdidləri alırdım. Məni universitetdəki vəzifəmdən kənarlaşdırmaq üçün məktub kampaniyası başladılmışdı. Həmçinin mən yalançı ittihamla bağlı qanqaraldıcı hadisəni üzə çıxardığıma görə məhkəməyə verilmişdim. Bu, məhkəmə çəkişməsi illərimi aldı. Bugünlərdə biraz səngimə müşahidə olunur, amma düşmənçilik az da olsa qalıb.

“MeeToo”hərəkatı (ABŞ-da feminist hərəkatı, qadınlar bir vaxtlar məruz qaldıqları seksual xarakterli zorakılıq hadisələrini cəmiyyətə açırlar, artıq bununla bağlı Qərbdə bir çox insan məhkəməlik olub – tərc) bir vaxtlar baş verən seksual zorakılıqlarla əlaqədar böyük kampaniya həyata keçirdir. Düşünürsünüzmü ki, bunlardan bəziləri olmamış xatirələrə əsaslanır?

Bu mümkündür. Biz qəbul etməliyik ki, əgər insanın hadisə barəsindəki versiyaları fərqlidirsə, deməli, ya kişinin xatirələri yalandır, ya da qadınınkı. Kimin doğru dediyini bilməkdən ötrü biz başqa mənbələrə baxmalıyıq. Amma indi, “Me Too” hərəkatının zirvəsində olduğu vaxtda, bir il əvvəlkindən fərqli olaraq, insanlar saxta ittihamlar barədə danışıqları eşitməkdə o qədər də maraqlı deyillər. İttiham edən şəxsə avtomatik olaraq inanmaq kimi qərarlı bir duruş var. Əvvəllər bu qədər irəliyə gedilməzdi.

“İnsanlar səs vermədikləri seçkidə səs verdiklərinə inanırlar. Bu onlara yaxşı hiss elətdirir.”

Amma biz bilirik ki, əksər zorakılıq halları məhkəməyəcən gəlib çatmır...

Mən sizin nə demək istədiyinizi başa düşürəm. Amma yaddaşa əsaslanan şahidliyin mütəxəssisi kimi mən bir çox insanların gördüyündən fərqli olaraq, başqa məsələləri də görürəm. Mən təhlükəli tendensiyalar müşahidə edirəm. İnsanların saxta xatirələrə əl ataraq günahkar olduqlarını gizlətməkdən ötrü var gücləriylə çalışdıqlarını görəndə cin atına minirəm. Zənnimcə bu, bəzən baş verir və bunun müəyyən nəticələri olur. Lakin bunun qarşısını almaqdan ötrü nə edəcəyimizi bilmirəm.

Sizin araşdırmanızın üzə çıxardığı yaddaşla bağlı başqa problemlər hansılardır?

Biz yaddaş korluğu fenomeni ilə bağlı müəyyən işlər görməkdəyik. Məsələn, bir kimsə cinayətə şahid olduqdan sonra müsahibə verir. O, sənə adamın yaşıl jaket geyindiyini deyir. Sonra sən ona jaketin boz olduğunu deyirsən.

Biz araşdırırıq ki, o, sənin onun dediyindən fərqli şey dediyinin nə dərəcədə fərqinə varacaq. Əksər vaxt onlar bunun fərqinə varmırlar. Bizim fikrimizcə, bu, polisin ifadə yazdırdığı hallarda problem ola bilər. Polis sonra belə deyə bilər: “ Axı sən bunu yazmısan”. Amma bəs əgər ifadədə səhvlər varsa necə? Bu, ola bilər. Biz insanların bunun fərqinə varmayacağını və bundan təsirlənə biləcəyini göstəririk.

Faktlarda olduğu kimi biz öz hisslərimizi də xatırlamaya bilərikmi?

Dəlillər bunu təsdiq edir. Bizim həyata keçirdiyimiz digər araşdırma çətin tapşırıq prosesindən keçməkdən ibarətdir: sən özünün təşviş dərəcəni ölçürsən. Və sən özündə 60 dərəcə müəyyən elədiyin halda, mən sənə 40 dərəcə verirəm. İnsanlar adətən sənin onlara səhv dərəcə verdiyinin fərqinə varmırlar və tapşırıqla bağlı özlərini nisbətən daha az təşvişli hiss edirlər. Onlar arxaya baxanda bu, onlara o qədər də qorxunc görsənmir. Siz bu tapşırığı dişçiyə gedərkən, uşağa elətdirə bilərsiniz. Mənim keçmiş tələbələrimdən biri stamotoloqda uşaqlarla bu sınağı həyata keçirib, o elə eləyib ki, uşaqlara daha az qorxu və ağrı hiss ediblər, növbəti ziyarətdə də özlərini daha yaxşı aparıblar.

Bəs etibarsız xatirələrin hansısa faydası ola bilərmi?

Əgər uşağınız xırda da olsa, travmalı təcrübəsi yaşayıbsa, neqativə köklənməkdənsə, ona ürək-dirək vermək daha yaxşıdır. Məsələn: “Sən çox cəsarətliydin, çətinliklə ağladın”. Ümumiyyətlə, neqativdənsə pozitiv yaddaş yaratmaq nisbətdə daha asandır. Biz bunun səbəbini bilmirik, amma empirik cəhətdən bunun belə olduğu görünür.

Yaddaşın belə etibarsız olmasının təkamüldən irəli gələn səbəbi varmı?

Faydalı cəhətlərdən biri budur ki, xətalar baş verəndə, sən onları aradan qaldıra və xatirələri həqiqi informasiya ilə yeniləyə bilərsən. Digər cəhət isə budur ki, bəzi xətalar səni öz gözündə yüksəldə bilər. Bunlar prestij yaradan yaddaş pozuntuları adlanır. Buna dair nümunə seçkilərdə səs verməyən insanların səs verdiklərini düşünmələridir, çünki onlar özlərini siyasi şüurlu insan hesab edirlər. Bəzən bu, insanların başını bəlaya soxur, məsələn bir nəfər müharibə meydanında şücaət göstərdiyini deyir, amma sonradan məlum olur ki, o həmin vaxt məktəb partasının arxasında oturub (ABŞ-da bu cür iddialar 2013-cü ildən bəri cinayət tərkibli sayılır-tərc).

Amma əksər vaxt bu, zərərsiz aldanmadır?

Əgər bu cür prestij yaradan pozuntular ifşa olunmursa, insalara özlərini yaxşı hiss eləməyə imkan verir. Depressiyada olan insanlarda bu, əksəriyyətdə olan qədər olmur. Belə insanlar nisbətdə kədərli, amma müdrikdirlər. Amma bu sadəcə korrelyasiyadır, buna görə də biz prestij artıran yaddaş pozuntularının olmamasının depressiya yaradıb-yaratmadığını bilmirik. Lakin bu xatirələrimizin etibarsızlığı barədə bir başqa mümkünlüyü əks etdirir. Zərərli bir şeyin belə müəyyən faydaları var.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR