Bugünün gəncliyi niyə böyük təhlükədədir?

Hər şeydən biraz
Photo

Təzyiq altında

İlahiyyat məktəbinin sonuncu semestrində oxuyarkən, mən “Xristian təsisatlarının formalaşması” adlı məcburi kurs götürməli olmuşdum. Bu kursun ilkin şərtləri bəsit və anlaşılan görünürdü. Təqribən son 30 il ərzində ölkədə müxtəlif təsisatlara qarşı inamsızlıq abu-havası yaşanırdı, bunun nəticəsində Amerikanın təməl təsisatlarına – həm yerli, həm də milli təşkilatlara, iş yerlərinə, təhsil idarələrinə, birliklərə, vətəndaş cəmiyyətlərinə və əlbəttə ki, kilsələrə qarşı kütləvi inamsızlıq hökm sürürdü. Bu, xüsusilə milleniallar (2000-lərdə doğulanlar və ya yeniyetməliyi bu dövrə düşənlər) üçün keçərliydi. Bir mənada həm innovativ, həm də ənənəvilikdən ibarət olan kursun məqsədi bizə institutsional yenilənmə barədə düşünmək üçün lazımi istiqamət vermək idi. Rəhbərlərimizdən biri elə belə də demişdi: “ənənəviləşmiş innovasiya”. Professorlar isə təkrar təkrar tapşırığın əhəmiyyətindən danışırdılar: biz institutları diriltməli və onların səhv olduğunu düşünməyin səhv olduğuna inanmaqla kollektiv gələcəyimizi qurmalıydıq.

Amma kurs boyunca biz millenialların nəyə görə institutlara inanmadığı məsələsinə çox az diqqət yetirdik. Bu fakt sadəcə olaraq görməzdən gəlindi, əsas oxu və müzakirələr isə bu inamsızlığın instututların özü və millenialların həyatı üçün yaradacağı problemlərə istiqamətləndi. O zamandan bəri mən bizim nəslimiz və həyatımızı strukturlaşdıran təşkilatlarla əlaqələrimiz barədə müzakirələrdə institutsional süstlük problemini əsas nəzər nöqtəsi kimi görürəm. Hər kəs bilir ki, biz daha təsisatların vacibliyinə inanmırıq, bununla belə çox az sayda insan, xüsusilə bizdən sonra doğulanlar “nə üçün” sualını verməyə həvəsli deyillər. Nəyə görə indiki zəmanədə millenianlar təsisatlara belə çəpəki gözlə baxırlar? Nəyə görə biz kilsələri, Rotari klublarını tərk edirik, nəyə görə korporasiyalara, banklara və universitetlərə olan inam azalır?

“Bugünün uşaqları” (Kids These Days) kitabında Malkolm Harris elə bu suala cavab verir. Onun kitabı millenialların həyat tərzinin onlardan əvvəlki nəsillərdən necə fərqli olması üzərindədir, lakin bu kitab həm də təsisatlar və transformasiya barədədir. Millenialların necə insanlar olduğunu başa düşməkdən ötrü biz özümüzü formalaşdıran təsisatlarla olan əlaqələrimizi və bu təsisatların bizdən nələr tələb etdiyini bilməliyik. Harrisin yazdığı kimi “Heç kim tarixi şərtləri doğuşdan seçmir, əgər milleniallar bu və ya digər dərəcədə fərqlidirlərsə, səbəb o deyil ki, onlar bizim valideynlərimizdən və ya nənə-babalarımızdan daha çox (və ya az) təkamül ediblər, səbəb sadəcə budur ki, onlar bizim kimi insanların ortaya çıxardığı dünyanı dəyişiblər”. Harrisin kitabı 1985 və 2000-ci illər arasında doğulan nəslin necə ortaya çıxdığını göstərməyə çalışır.

Harrisi maraqlandıran əsas sual budur: gənc yaşdakı insanların həyatlarının hər bir aspektini pul şəklində geri qayıdacaq investisiya kimi görməsi nə ilə nəticələnə bilər? Burada “insan kapitalı” termini yerinə düşür və Harris oxucunu bu baxış açısından millenialın həyatına - onun uşaqlıqdakı, məktəbdəki, kollecdəki, işdəki, dövlətdəki və ictimai həyatdakı yaşantısına səyahətə çıxarır. Bu səyahətin hər bir mərhələsində sürət, təzyiq və millenialın iş yükü artdıqca, onun çəkdiyi əziyyətlərin bəhrəsi də azalır. İndi şagirdlər ev tapşırıqlarına heç vaxt olmadığı qədər çox vaxt həsr edirlər. Gələcək talelərini müəyyənləşdirən ağır imtahanlarda daha yaxşı nəticə göstərmək üçün onlara olan təzyiq getdikcə artır – onların həyatının bütün aspektləri daha yaxşı universitetə daxil olmaq üçün digər tələbələrlə rəqabət halındadır. Buna görə də təhsil artıq təməl sosiallaşma və geniş biliklər əldə etmək üçün nəzərdə tutulmayıb, məqsəd rəqabətcil ortam yaratmaqla bazar üçün uyğun kəslərin hazırlığını təşkil etməkdir.

Ağır işin bizim ağlımıza və qəlbimizə vurduğu zərər onlardan ötrü ancaq qazanclarına təsir elədiyi zaman əhəmiyyət kəsb edir

Millenialların məktəbə getmək vaxtı çatanda, onlara qısaca olaraq öyrədilir ki, təhsil uzunvədəli investisiyadır. Bu, bizə təhsilimizi maliyyələşdirməkdən ötrü götürdüyümüz külli miqdardakı borcun bir əhəmiyyətinin olduğunu düşünməyə yardım edir. Amma biz tələbə kreditlərinə universitetlərin ümumi borclarını – müxtəlif administrativ xərclər və dəbdəbəli tələbə-həyatı mərkəzləri - bağlamalı olan bir şey kimi baxmamalıyıq, tələbə borcu sadəcə olaraq gələcəkdə qazanclı çıxmağımızı təmin edən vasitələrdən biri olmalıdır. Gənclərlə işləyən bir din xadimi kimi mən bu yaxınlarda litsey rəsmilərindən birindən kollecin gələcəyi barədə nələr planlaşdırdığını soruşdum. O, müxtəlif dövlət məktəblərinə müraciət etmiş və indi onların təklif edəcəyi maliyyə yardımı paketlərini gözləyirdi. “Amma bunun həqiqətən də bir mənası yoxdur, - o dedi: axırda yenə mənim üzərimlə yığınla borc qalaqlanacaq”. Bunu deyəndə, mən doğrudan da ona nə cavab verəcəyimi bilmədim: o, səhv demirdi, amma ortada məsələni həll edəcək çıxış yolu da yoxuydu. Borc bizim təhsil həyatımızda arxa fonda ahəngsiz formada çalınan bir musiqi kimidir. Bu musiqi hamı üçün çalınır və biz cəmiyyət olaraq gənc insanların borc qayğılarını necə həll etməli olduğu barədə düşünməliyik, onlar hansısa bir dərəcə almaqdan ötrü minlərlə dollar pul xərcləmək məcburiyyətində qalırlar.

İşin də təbiəti dəyişib. Əvvəllər işçilərdən tələb olunan iş maşını idarə eləmək, yaxud hissələri sıraya düzmək idisə, son 30 il ərzində əmək artıq fiziki bacarığın hüdudlarını aşıb. İndi iş getdikcə daha çox həm tənqidi düşüncə üçün mental qabiliyyət, həm də müştəriləri razı salmaqdan ötrü emosional əmək tələb edir. Özünüz 80 il əvvəl Ford fabrikində işləyən bir işçinin gördüyü işlə indilərdə target mağazada işləyən əməkdaşın gördüyü iş arasındakı fərqləri düşünün. Müxtəlif növ işlər müxtəlif cür format tələb edir və indi bizim təsisatlarımız bu təlimi yerinə yetirmək üçün qurulublar.

Bu dəyişikliklərə müvafiq olaraq isə mükafat, tezlik və işə olan etibar bərabərsizliyə, “itaətkarlığa” və təhlükəli əməyə gətirib çıxarıb. “1970-ci illərə qədər [nəzarət edilməyən məhsuldarlıq və real maaşlar] eyni anda birlikdə artırdı, - Harris yazır: indilərdə onların bir-birindən qopması isə böyük ehtimalla millenialları xarakterizə edən cəhətdir”. Biz indi gördüyümüz çox işə görə daha az əməkhaqqı alırıq, gördüyümüz işlə eyni vaxtda görəcəyimiz başqa işləri tapmaq, saxlamaq və qrafikə daxil etmək isə getdikcə çətinləşir. Harris bir tədqiqat işinin tapıntılarına nəzər salır: “erkən karyera işçilərinin 40 faizinə iş cədvəli bir həftə əvvəldən verilir”. Bizim iş həyatımızda olan bu cür dəyişikliklər mənim “Xristian təsisatlarının formalaşması” dərslərimdə özünü çox nadir hallarda göstərirdi. İndi istənilən təsisat liderinin üzləşdiyi ən əhəmiyyətli problem budur ki, bu təsisat çox güman insanların doqquzdan beşədək işləyəcəklərini və əməkhaqqlarının zamanla getdikcə artacağını gözlədikləri bir dövrdə formalaşıb, amma həmin günlər artıq arxada qalıb (əgət Harrisin dedikləri həqiqətdirsə).

Bu dəyişikliklərin nəticəsi isə milleniallar arasında depressiya və təşviş hallarının artmasında özünü göstərir, Harris onları “pis beyinlər” adlandırır. O yazır: “Millenialın xarakteri onun öz potensialına investisiya yatırdığı və onu risk kimi idarə etməyə həsr etdiyi həyatının məhsuludur”. Bundan belə çıxır ki, həyatını bəhrəsi getdikcə azalan mükafatlar uğrunda ümidsiz bir rəqabətdə görməklə tərbiyə olunmaq bizim mənəvi sağlamlığımıza zərər vurur. Təsisatların əhali arasında getdikcə artan təşviş, depressiya və digər mənəvi-sağlamlıq problemlərinə reaksiya verməli olduğunu gözləmək əvəzinə, biz kollektiv şəkildə bu simptomları tərəqqinin meyvəsi olan sistemin əlamətləri kimi görürük. Müvəffəqiyyətsizliyə uğrayacağı qorxusu altında yaşayan və məhsuldarlığını artırmaq və diqqətini toplamaqdan ötrü müxtəlif dərmanlara ehtiyac duyan işçi qüvvəsi, insanlara qazanc gətirəcək investisiya kimi baxan şirkətlər və təsisatlarla yetərincə yaxşı uzlaşır. Ağır işin bizim ağlımıza və qəlbimizə vurduğu zərər onlardan ötrü ancaq qazanclarına təsir elədiyi zaman əhəmiyyət kəsb edir.

“Bugünlərin uşaqları” kitabının gücü onun strukturunda, həmçinin artan təzyiq, sürət və nəticə təsirlərini əks etdirən dəlillərində yatır: Harris anomaliya kimi çıxdaş edilə biləcək xüsusi hekayələrə çox da yaxından fokuslanmır. Əvəzində kitabın hər bir fəsli millenialın həyatının sərt, amma hərtərəfli təsvirini göstərən statistikalar, məlumatlar və tədqiqatlarla zəngindir. Bir keşiş kimi mən öz işimdə tez-tez iqtisadi dəyişikliklərin millenialların həyatına necə təsir göstərdiyini müəyyənləşdirməyə çalışıram. Bu barədə sual veriləndə, bir qayda olaraq yaşlı nəslin nümayəndələri belə cavab verir: “Mənim nəvəm bunu elədi və onda alındı”, yaxud “Mən bilirəm ki, tələbə kreditlərinə görə bəzi insanların borcu var, amma dostumun qızı ehtiyatsız xərclərinə görə kredit kartı borcunu doldurub”. Fərdi istisnaları əks etdirən bu nəzər nöqtələri televiziyada idman tədbirlərini hərəkətini yavaşlatmaq, sürətləndirmək funksiyalarını xatırladır. Yavaşlat və istənilən oyunçunun oyununu diqqətlə gözdən keçir, onda sən oyundakı bir çox qaydaların pozulduğunu görəcəksən. Bu halda problem oyun zamanı verilən fərdi qərarlarda deyil, oyunun özündə olacaq. Harris də kitabında belə bir inandırıcı arqumentasiya qurur: kapitalist iqtisadiyyat və onun bizim təsisatlarımızı şəkilləndirmək forması dağıdıcı oyundur və biz mütləq alternativlərə ehtiyac duyuruq.

Harris alternativlər olmazsa, vəziyyətin daha da pisləşəcəyinə inanır. O ilk baxışda qarşısıalınmaz kimi görünən “7 pis xüsusiyyət”, ssenari yazır. Uşaqlar heç vaxt olmadığı qədər tez yaşda tələbə kreditləri götürürlər. Alqoritmlər bizim həyatımız barədə ehtimalları getdikcə daha çox diqtə edir. İqlim dəyişikliyi dünyamızda mövcud olan bərabərsizliyi daha da artırır.

Mən davam edə bilərəm, amma kapitalizmin hər bir mərhələdə yaratdığı sürət, təzyiq və bərabərsizlik bizim indi gördüyümüzdən də böyük nifaqa yol açır. Harris dəyişikliyin əvvəlcədən müəyyən edilmiş qayələrinin yeni bir istiqamətin ortaya çıxmasına olduqca az ümid verdiyini deyir. Proqressivlərə səs vermək, etik cəhətdən məqbul məhsullar almaq, qeyri-kommersiya təşkilatlarına könüllülük etmək və küçədə etiraz etmək belə görünür, kifayət etmir. Bu cür həll yolları köklü dəyişikliklərə nail olmaq üçün bir çox xaotik və qeyri-müəyyən proseslərdən asılı olur. Belə şübhəli və qeyri müəyyən proses isə bizi xilas edə bilməz. Harris inanır ki, millenialların qarşısında iki seçim olacaq: ya inqilab, ya da barbarlıq: təsisatlardakı hər şeyi dəyiş, ya da onların səni məhv etməsinə icazə ver.

Buna qarşı çıxmağı arzu edərdim. Lakin mən Tanrının bizə verdiyi ümid hissiylə təsisatların yaxşılaşa biləcəyinə ürəkdən inanmaq istəsəm də, Harrisin qiymətləndirməsinin düzgün olduğu qənaətindəyəm. Mənim Xristian təsiatlarındakı öz təcrübəmə gəldikdə isə, onların hərtərəfli dəyişikliyə ehtiyac duyduqlarını düşünürəm, amma mən bununla bağlı böyük ölçüdə qarışıq hisslər də keçirirəm.

Harrisin kitabını bu yaxınlarda kilsəmizin üzvü olan milleniallarla bərabər oxudum. Ən sonda onlardan Harrisin ehtimallarının işığı altında gələcəklə bağlı bizim camaatlığımızda hansı dəyişikliklərin edilə biləcəyini və bizim buradakı seçimlərimiz barədə soruşdum. Cavab sükut oldu, bizim kollektiv təsəvvürümüz hətta öz kilsəmizin kiçik təsisatı daxilində belə fərqli gələcəklə bağlı ümidlərimizin tükəndiyini göstərdi.

Bu tənqidi xülasəni yazdığım vaxt mən həmçinin kilsəmizin 6 və 12-ci sinif yeniyetmələrini həftəsonu istirahəti üçün dağlara aparmağa hazırlaşıram. Hətta Harrisin kitabını oxumazdan əvvəl valideynlərdən uşaqlarının stresli, yorğun olduqlarını və buna görə bir-birlərinə ehtiyac duyduqlarını eşitdim. Bunun özü də Amerikan uşaqlarının niyə bu qədər qüssəli olduqlarına dair kitabın ən parlaq səhifələri ilə üst-üstə düşür.”Müxtəlif irqlərdən, cinslərdən və siniflərdən olan amerikalı uşaqlar özlərini xoşbəxt edəcək şeylərlə az məşğul olurlar (dostlarıyla birgə tamaşa hazırlamaq, yemək yemək – bunlar onların həzz aldıqlarını dedikləri yeganə iki məşğuliyyətdir), - o yazır: əvəzində isə onlar özlərini qüssələndirən şeyləri çox edirlər (ev tapşırığı, mühazirələrə qulaq asmaq kimi)”.

Allah evlərinin bütün bunlara necə cavab verə biləcəyi və daha insani bir dünya qura biləcəyi isə açıq sual olaraq qalır. Onlar əzab çəkənlərdən ötrü xəstəxana olmalı və müxtəlif birgəyaşayış yollarını təcrübədən keçirməlidir.

Bizim kilsəmizdəki gənclik qrupu üçün əsas xarakterik xüsusiyyət belə görünür ki, əyləncədir. Tələbələrin fikrincə, kilsə o qədər darıxdırıcıdır ki, onlar ona “cool” sekulyar musiqi kimi səslənən musiqi əlavə ediblər. Biz çərşənbə axşamı tədbirinə lazer işıqları, “Playstation”lar və videolar da əlavə etmişik. Məqsəd kilsəni “maraqlı”, geniş mədəniyyətə alternativ olacaq rəqib eləməkdir. Lakin alternativ əslində Papa Fransisin bu yaxınlarda kilsələr üçün nəyin lazım olduğuna dair dəqiq məsləhətindədir. “Bu, kilsənin missiyasıdır: kilsə sağaldır, müalicə edir, - o dedi: bəzən mən kilsə haqqında sanki o xəstəxana imiş kimi danışıram. Bu həqiqətdir: yaralıların sayı olduqca çoxdur! Çox sayda insan yaralarının sağaldılmasına ehtiyac duyur! Bu kilsənin missiyasıdır: ürəyin yaralarını sağaltmaq, qapıları açmaq, insanları azad etmək və Tanrının mərhəmətli olduğunu demək”.

İndi uşaqları dağlara gəzintiyə aparmağı planlaşdırdığım bir vaxtda, onları ciblərindəki telefonlardan daha yaxşı əyləndirəcək bir şey təsəvvürümə gətirə bilmirəm. Əgər kilsənin onlara təklif edəcəyi bir şey varsa, bu, insaların iş və rəqabətdən daha fərqli bir şeyə ehtiyac duymasıdır. Biz onlara özlərindən sıxılacaqları bir yer təklif etməliyik. Biz onlara və onların həyatlarına elə ciddiyətlə yanaşmalıyıq ki, onları sadəcə olaraq investisiya kimi görməyək, qayğı göstərməli olduğumuz insanlar kimi baxaq. Bizim müxtəlif alternativlərdən ibarət gəzintimizdə bir hissə birlikdə dua etmək olacaq, ancaq burada kitab oxumaq üçün, dağlara dırmaşmaq üçün və lövhə oyunları oynamaq üçün də azad vaxt olacaq. Biz pizza yeməkdən ötrü şəhərə enəcəyik, telefonlar isə evdə qalacaq. Bu vaxt ərzində biz onların həyatı barədə söhbətlər edəcəyik. Mən onların Harrisin detallaşdırdığı dəyişikliklər barədə nə düşündüklərini bilmək istəyirəm, onlara açılışmaq üçün yer vermək, məktəbin və işin gətirdiyi çətinliklərdən danışmalarını istəyirəm – onların hələ bunu başa düşmək yaşları olmasa da, insan kapitalı münasibətinə layiq görülmələri təcrübələrindən danışmalarını istəyirəm. Mən istəyirəm ki, onlar öz təşvişlərində tənha olmadıqlarını və onların həyatını çətinləşdirən və mürəkkəbləşdirənlərə görə günahkar olmadıqlarını bilsinlər.

Harrisin kitabında mənə ən çox faydalı görünən məqam gəncliyə xidmət və gəncliyin xidməti məsələsidir. Bizlərdən kimlər ki, Xristianlığın yaraları sağaltmaqla məşğul olduğunu iddia edirsə, cərrah olmalıdır. Allah evlərinin bütün bunlara necə cavab verə biləcəyi və daha insani bir dünya qura biləcəyi açıq sual olaraq qalır. Amma onlar əzab çəkənlərdən ötrü xəstəxanalar olmalı və müxtəlif birgəyaşayış yollarını təcrübədən keçirməlidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR