Uşaqlığa kimin haqqı çatır?

Toplum
Photo

Valeria Luiselli yeni romanında nədən bəhs edir?

Parul Sehgal/The New York Times

2014-сü ildə Amerika Birləşmiş Ştatları-Meksika sərhəddindəki yiyəsiz uşaqların sayında artım müşahidə edildi – körpələr və kiçik uşaqlar da daxil olmaqla, çoxu Mərkəzi Amerikadan olan 80.000 uşaq, bir ildən az müddətə saxlanıldı. Onlar, miqrantları idman məşğuliyyəti kimi ovlayan ranço sahiblərindən qaçaraq, insan qalıqları ilə dolu cığırlar boyunca səyahət etdilər. Bəzi hesablamalara görə, qızların və qadınların 80 faizi Meksikadan keçərkən təcavüzə uğradı. Çoxlu sayda adam yolda öldü və ya itdi.

Meksikalı romançı Valeria Luiselli bu xəbərləri yaxından izləyir və uşaqları təsvir etmək üçün istifadə olunan dilin – qeyri-qanuni miqrantlar, əcnəbilər – onları necə effektiv şəkildə qeyri-insaniləşdirdiyinə təəccüblənir. Onların bir çoxu Qvatemala, El Salvador və Hondurasdakı silahlı qruplaşmaların zorakılığından qaçmışdı. Luiselliyə maraqlı idi ki, nə üçün heç kim onlara qaçqın və ya sadəcə uşaqlar demir? O, məhkəmə tərcüməçisi kimi könüllü olaraq işə başlayır, sığınacaq üçün əsas ola biləcək sorğunu doldurmaqda uşaqlara kömək edir və o vaxtdan bu işdən ilhamlanaraq iki kitab yazır.

“Mənə necə sona çatdığını de: 40 suallıq bir esse” (2017) adlı kitabda, o, yaşıl kart üçün müraciət etdiyi zaman yaşadığı təcrübə ilə uşaqların təcrübəsinin mübadiləsini aparmışdı. “İtirilmiş Uşaqlar Arxivi” (Lost Children Archive), onun uzun müddətdir gözlənilən yeni romanı və ingilis dilində yazılmış ilk kitabı, əvvəlki kitabda soruşduğu sualları ortaya qoyur: Qaçqın uşaqlara diqqəti cəlb etmək üçün ən yaxşı yol nədir? Başqalarının əzabından sənət yaradılmasına haqq qazandırmaq mümkündürmü? Əgər belədirsə, yer üzündə onu möminlikdən və ruhsuz əxlaqilikdən necə qorumaq olar?

Qərb yazarları qaçqın böhranına əsasən miqrant xarakterlərin ehtiyatlı və mürəkkəb bədii portretləri ilə diqqətli şəkildə cavab verməyə başladıqdan, bunlar, bir çox müasir bədii əsərlər üçün həyəcan oyadan problemlərdir: məsələn, Donal Ryan-ın (“From a Low and Quiet Sea”) Lisa Halliday-in (“Asymmetry” ), Jenny Erpenbeck-in (“Go, Went, Gone”) əsərlərinə baxa bilərsiniz.

Tipik tərz Luiselli tərzi deyil. Üç şux və inadkar romanın və bir esse toplusunun müəllifi kimi, o, kəskin və sərbəst təsəvvürə malikdir. Hər bir layihənin öz təcrübəsi var – mətnlərin palimpsesti (“Sidewalks”) və ya oxucu ilə serial formatında əməkdaşlıq (“The Story of My Teeth”). Hekayə onun əlində həqiqətən yenidən romana çevrilir – elektrikli, möhkəm, cəlbedici, yeni. Habelə o, miqrant hekayəsinin yeni bir forma tələb etdiyinə inanır: sonu olmayan bir hekayəni daha necə danışa bilərəm?

“İtirilmiş Uşaqlar Arxivi” uydurma miqrantın deyil, xoşbəxt olmayan evli cütlüyün səyahəti ilə başlayır. Hər ikisi tək valideyn olan təhkiyəçi və əri, Nyu-Yorkun səslərini katoloqlayan bir layihə üzərində işləyərkən tanış olurlar. “Biz bir-birimizə vurulduq, - təhkiyəçi deyir, - tamamilə, ağılsızca, aşkarcasına, tələsikcəsinə, qayanın quşa aşiq ola biləcəyi kimi. Qayanın kim olduğunu və quşun kim olduğunu bilmədən”.

O çox keçmədən başa düşür ki, əri ondan uzaqlaşır və sanki çoxdan getmiş kimi yas tutaraq acgözlüklə ərini seyr edir – “onun səhərlər kofe düzəltdiyi, səs parçaları hazırladığı və bəzən mənimlə sevişdiyi həm xırdaçı, həm də intuitiv proses”. Əri Arizonadakı apaçilərin ata-baba yurduna səyahət etmək üçün yeni layihə planlaşdırdıqda, qadın da özünü ona qoşur. O, sərhəddə səsləri qeydə alacaq və həmçinin dostunun itkin düşmüş sənədsiz qızlarını axtaracaq. (Bu hekayənin real həyatdakı ilham mənbəyi “Mənə necə sona çatdığını de” əsərində üzə çıxır – qvatemalalı iki gənc bacı Long İsland-də paltarlarının yaxalarına analarının telefon nömrəsi tikilmiş vəziyyətdə sərhədd boyu səyahət edirlər).

“İtirilmiş Uşaqlar Arxivi” amerikan yol romanının bir dönüş ilə yenidən nağıl edilməsidir. Bu versiyada evdən heç bir uçuş yoxdur – səyahət evliliyin xilas edilməsi üçün edilmişdir və qiya vurub ağlayan uşaqlar yedəkdədir. Luiselli, uşaqların mükəmməl xronikaçısıdır və təhkiyəçinin 5 yaşlı qızı ilə ərinin 10 yaşlı oğlu özlərini inanılmayacaq dərəcədə həqiqi hiss edirlər – gözüaçıq, əvəzolunmaz, son dərəcə qəribə. “Nə vaxtsa inək sağan ilk adamı düşünün”, oğlan xüsusilə kiməsə səslənmədən yüksək səslə heyrət edir; “Necə qəribə adam olub”. Kitab qaçqın uşaqların hekayəsini danışmaq üçün yola çıxaraq, təhkiyəçinin dinclik tapmayan enerjisi tərəfindən canlandırılan yeni, kövrək, parçalanan bir ailənin həyatının, güclü həvəslərin, həsrətlərin arxivinə çevrilir.

Öz uşaqları onun köməyinə çatır. O görür ki, onlar, çoxu itkin düşmüş qaçqın uşaqlardan “itirilmiş uşaqlar” olaraq bəhs edirlər. Belə olduqda, o belə bir termin qəbul edir: “onlar (itirilmiş uşaqlar deyil), uşaqlıq hüququ itirən uşaqlardır”. Biz onun, dilin zorakılıq və bərpa vasitəsi kimi necə istifadə edildiyini anlamağa başladığını görürük. Onun müəyyən forma axtardığını görürük və sonra qəfildən, sanki belə bir formanın necə mümkün olacağını göstərəcəkmiş kimi, kitab yol səyahətinin dolambaclı ritimlərindən titrək iyirmi səhifəyə, tək cümləlik zirvəyə doğru qalxır.

Təhkiyəçinin öz uşaqları itkin düşür. Onlar qaçıb gedərək fikirləşirlər: “Ana bizi itirilmiş uşaqlar haqqında düşündüyü kimi düşünməyə başlayacaq. Hər vaxt və bütün qəlbi ilə. Ata təqib etdiyi digər bütün əks-sədaların əvəzində bizim əks-sədamızı tapmağa çalışacaq”. Beləliklə, bu uşaqları qaçqın uşaqların rutin olaraq üzləşdiyi qorxulara baş çəkdirməklə - uşaqlarımızın romanda hiss etdiyi kimi; uşaqlar xilas olmağı gözləyirlər - Luiselli sadəcə başqalarının həyatında nə qədər ağrı və qurban qəbul etməyə hazır olduğumuz haqqında danışır. O, insanların öz ailələrinə diqqətlə baxması, digərlərinin iztirablarındakı öz günah payını öyrənməsi üçün lazım olanları dramatikləşdirir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR