Əsl Vyana döyüşü – Nə üçün İslam və Xristianlıq arasında döyüş deyildi?

Tarix
Photo

1683-cü ildə Osmanlı mühasirəsi Vyana divarlarından geri oturduldu. Lakin bu, İslam və Xristian dünyası arasında döyüş olmaqdan çox uzaq idi.

Dag Herbjørnsrud (Daq Herbyörnsrud), Osloda yerləşən SGOKI-nin (Fikirlərin Qlobal və Müqayisəli Tarixi Mərkəzi, the Center for Global and Comparative History of Ideas) təsisçisi və fikir tarixçisidir. Sonuncu kitabı, “Qlobal Bilik: Yeni Aydınlanma üçün Renessans” yaxında işıq üzü görəcək (kitabın orjinalı 2016-cı ildə Norveçdə çıxıb).

Bomba partladığı vaxt, Oslo kənarındakı bir kafedə oturub telefonuma baxırdım. 22 iyul 2011-ci il, tutqun bir cümə günü idi, saat günortadan sonra 3:25-i göstərirdi. Xəbərlər Norveçin çoxmərtəbəli hökumət kvartalının 900 kiloqramlıq avtomobil bombasından ciddi zərər gördüyü məlumatları ilə dolub-daşırdı. Səkkiz adam ölmüşdü. Televiziya və onlaynda şərhçilər dərhal Al-Qaidənin məsuliyyət daşıdığı barədə spekulyasiyalara başladılar. Əslində, cinayətkar evə daha yaxın idi: paytaxtın zəngin qərb qurtaracağından sarışın, 32 yaşlı norveçli kişi. Mavi gözlü terrorist, Anders Berinq Breyvik, bizdən biri idi.

Bomba partladıqdan sonra, Breyvik öz avtomobilinə oturur və radionu açır. Partlayışın baş nazirin ofisini dağıtmadığını öyrənincə, o, polis zabiti kimi geyinərək mənim olduğum istiqamətə üz tutur – elə oturduğum kafenin yaxınlığındakı meydanlardan keçir. O, Norveç Əmək Partiyasının gənc üzvlərinin illik yay düşərgəsi üçün toplandıqları ürək formalı adaya, Utoyaya yola düşür. Breyvik orada bir saat davam edən atəş açma əyləncəsinə başlayaraq, 55 nəfəri yeniyetmə olmaqla 69 adam öldürür.

Breyvikin ən gənc qurbanı 14 yaşına beş gün əvvəl qədəm qoymuş Şaridin 'Sissi' Miqan Nqaivi Svebakk-Bon idi. O, təzəlikcə özünün ən sevimli rənginin adına 'Purple in Style' bloqunu açmışdı və beynəlxalq moda dizayneri olmaq niyyətində idi.

Şaridin 22 iyulda özünün qurduğu bənövşəyi və mavi çadırda oyandı. Həmin gün günortadan sonra o, 'millət anası', Norveçin keçmiş baş naziri Qru Harlem Brundtləndlə (Gro Harlem Brundtland) görüşdü. Brundtləndə heyran olmuş və fərəhlənmiş 14 yaşlı qız anasına zəng vurdu və bundan sonra qızının ən böyük qəhrəmanı üçün bir rəqibi olduğunu bildirdi. Breyvik, 5:29-da Şaridinin arxasından iki güllə vurdu.

Şaridini öldürən nə idi? Güllələr? Tətiyi onlar çəkmirdilər. İşarət barmağı? Terroristin ağlını o tətikləmirdi. 77 nəfərin həyatına son qoyan Breyvikin öldürücü ideyaları idi. Onun ideologiyası 'xainlər', 'mədəni marksistlər' adlandırdığı şəxslərin və 'multikulturalist hegamoniyanın' tərəfdarlarının qətlinə haqq verirdi – Breyvik zehnində Utoya adasındakı dinc uşaqlar, Əmək Partiyasının gələcək siyasətçiləri bütün bunların tipik nümunəsi idi.

Təxminən Şaridin Brundtləndlə görüşdüyü vaxt, Breyvik 1500 səhifəlik manifestini öz ideoloji tanışlarından minindən çoxuna e-poçt vasitəsilə göndərirdi. Qətillər mətn barədə məlumatı yaymağın bir vasitəsi idi. Tək adam tərəfindən indiyə qədər həyata keçirilən ən ağır cinayət əməllərindən birini törətməklə, o, öz fikirləri üçün istədiyi qlobal şöhrətə nail ola bildi.

Breyvik öz manifestini '2083 - Avropa İstiqlal Bəyannaməsi' adlandırırdı. O, bunu12-ci əsr Xaçlı ordeni olan Məbəd Cəngavərlərinin (Knights Templar) qırmızı kroket patikası (croix patée) ilə təsvir edirdi. Nə üçün 2083 – belə bir uzaq il?

2083-cü ildə 12 sentyabr 1683-cü ildə baş vermiş Vyana döyüşünün 400 illiyi qeyd ediləcəkdir. Fars körfəzinin sahillərindən müasir Budapeşt və Mərakeşə qədər uzanan Osmanlı İmperiyası Vyananı iki ay ərzində mühasirə altında saxlamışdı. Buna cavab olaraq, o zaman qitənin böyük güclərindən biri olan Polşa-Litva Birliyi, Müqəddəs Roma İmperiyası və Vyanadakı Habsburq Monarxiyası (bu rəqiblər ilk dəfə olaraq) güclərini birləşdirdilər, nəticədə Osmanlıları geri oturtdular. Breyvik, bu əfsanəvi döyüşdən öyrəndiklərindən ilhamlanaraq, bənzər bir müsəlman qovulmasını öncədən görür. O, öz manifestində yazır: “11 sentyabr 1683-cü il tarixli Vyana döyüşündə qələbə qazandıqdan tam 400 il sonra,11 Sentyabr 2083-ci ilə qədər, Cihadın üçüncü dalğası dəf ediləcək və Qərbi Avropadakı mədəni marksist/multikulturalist hegemoniya dağılacaq və xarabalığa gömüləcəkdir. Avropa yenidən vətənpərvərlər tərəfindən idarə olunacaqdır”.

Vyana döyüşünün 300 illik ildönümündə, 1983-cü ilin sentyabr ayında, Papa ikinci İoann Pavel Avstriya paytaxtına dörd günlük səfər etdi. The New York Times-a görə, bu tur “Polşa Kralı üçüncü John Sobieskinin komandanlığı altında Avropanın vahid xristian qoşunları tərəfindən Vyananın türk mühasirəsindən azad edilməsinin 300 illik yubiley mərasiminin Avstriyadakı ən yüksək səviyyəsi idi”. Papa ikinci İoann Pavel 12 sentyabrda, döyüş günündə, Sobieskinin osnanlılara qarşı hücuma başladığı təpə olan Kalenberqdə dua edən və kommunist vətənindən qaçan polşalılarla görüşdü. “Vyananın türklərə qarşı müdafiəsinin 300 illik yubileyinin qeyd edildiyi” həmin gün 'Vyananın hərbi komandirinə, ənənə daşıyıcı'sına rəsmi lövhə inşa edildi. Yaxınlıqdakı digər abidədə qeyd edilir ki, Polşa kralı Sobieski bu döyüşdə 'Xristianlığın xilası' üçün gəlmişdi. Vyana döyüşünün hekayəsi sivilizasiyaların, xristian zəfəri və müsəlman məğlubiyyətinin titanik qarşıdurmasıdır. Bu cür təsvirlər Breyvikin, (əsrin sonuna qədər Avropanın tamamilə islamlaşdırılacağını düşünən) eurabia-konspirasiyaçıların və Avropa uzaq sağının dünyagörüşünü formalaşdırmağa kömək etmişdir. 'Biz onlara qarşı' mübarizəsini ən yaxşı formada simvollaşdırdığı məlum olduqdan bəri, Vyana döyüşü təqlid edilməsi gərəkən tarixi bir epizod kimi onların ideologiyasının mərkəzi hissəsinə çevrilmişdir. Nüfuzlu anti-islamist Vyana Qapısı bloqunun devizində olduğu kimi: “1683-cü il Vyana mühasirəsi zamanı, İslam xristian Avropanı istila etməyə hazır görünürdü. Biz çox qədim bir müharibənin yeni mərhələsindəyik”.

Döyüşü yaxından araşdırsaq, bunu olduqca fərqli şəkildə anlaya bilərik: etniklər-arası əməkdaşlığa əsaslanan bir döyüş kimi. Hər şeydən əvvəl, çox dilli və çox dinli Polşa-Litva Birliyi kralı üçüncü John Sobieski (1629-96), ölkəsində Lipka tatarları kimi tanınan sünni müsəlman tatarların köməyi olmadan döyüşdə qalib gələ bilməzdi. 'Tatar', Avrasiya qitəsinin böyük çöllərində və ya ətrafında yaşayan türkcə danışan, yarı-köçəri xalq üçün ortaq ad idi. 13-cü əsrin ortalarından ('Tatar sülhü' də adlandırılır) və Monqol imperiyasının dağılmasından sonra əsrlər boyu davam edən 'Pax Mongolica'nın ardından, türk-monqol hökmdarı Tamerlandan qaçan müsəlman tatarlarının seçilmiş bir qrupu 1397-ci ildə Litvanın (öz dillərində Lipka) böyük xristian qrafından sığınacaq istədi. Litva tarixində milli qəhrəman kimi tanınan qraf Vytautas onları qarşıladı. O, tatarlar üçün din azadlığı təmin etdi və hətta onları vergilərdən azad etdi. Bunun əvəzində, Lipka tatarları yeni ölkələrinə, daha sonra isə Polşaya ilk olaraq Tamerlana qarşı mübarizədə hərbi yardım göstərdilər.

Polşa-Litva tarixində demək olar ki, hər döyüşdə Lipka tatarları və onların yüngül süvari qoşunu mühüm bir amil olmuşdur: 1939-cu ilin sentyabr ayında 1-ci Tatar Eskadronu Nasist Almaniyasının işğalçı piyadaları ilə mübarizə aparmaq üçün son Polşa ordusu birlikləri arasında idi. 2010-cu ilin noyabr ayında Polşa prezidenti Bronislav Komorovskinin, Qdansk şəhərində Polşanın tatarlara həsr etdiyi ilk abidə haqqında danışarkən, dediyi kimi:

Polşanın elə bir düşməni yoxdur ki, ona qarşı öz ana vətənlərinin yaxşılığı üçün onlar (tatarlar) silah çəkməsinlər; ruslara, isveçlilərə və hətta ortaq dinlərinə, İslama rəğmən türklərə qarşı döyüşdülər və onları sıxışdırdılar. Onlarsız Vyana döyüşündə yaddaqalan qələbə mümkün olmayacaqdı və bu səbəbdən Kral üçüncü John Sobieski onları öz qəlbinə aldı.

Sobieski əslində tatarları 30 il əvvəl qəlbinə almışdı. 1650-ci illərdə o, bir diplomatik missiyanın tərkibində tatar dilini öyrəndiyi Konstantinopola, indiki İstanbula göndərilmişdi. İsveç 1656-cı ildə Polşanın paytaxtına hücum edərkən, Sobieski polşalıları müdafiə edən iki min nəfərlik Krım tatarı süvari alayından məsul idi. Bu döyüş, İkinci Dünya Müharibəsindən əvvəl Polşaya qarşı ən pis hücum kimi xarakterizə edilən, 100-dən çox Polşa şəhəri və xeyli sayda kilsənin dağıdıldığı 'İsveç Basqını'nın bir hissəsi idi.

Sobieski 1674-cü ildə Birliyin kralı olduqdan sonra, Lipka tatarlarını bütün vergilərdən azad etdi, kazaklarla uyğunlaşdırmaq üçün ödənişlərini artırdı və məscidlərini bərpa etmək icazəsi də daxil olmaqla, keçmiş imtiyazlarını bərpa etdi.

Tatarlar Polşa-Litva Birlik Ordusunda imtiyazla xidmət edə bilmək üçün müasir Belarusiyadakı Brest, Kobrin və Qrono rayonları da daxil olmaqla, Polşanın şərqində, Podlyasidəki Crown Estates torpağını da aldılar.

Nəticədə, Sobieski 1683-cü ildə Vyana mühasirəsini aradan qaldırmaq üçün yola çıxdıqda (indi Müqəddəs Roma imperiyası və Habsburq ordularının komandiri kimi), Lipka tatarı leytenant Samuel Murza Krjecovskinin rəhbərliyi altında fəaliyyət göstərən müsəlman tatarlarından ibarət yüngül süvariləri də özü ilə birlikdə apardı. Döyüş əsnasında, Sobieskinin çox məşhur Qanadlı Süvariləri (Winged Hussars, Hussar – 15-ci əsr macar süvarisi-tərc.) ilə yanaşı döyüşərkən, Lipka Tatarları Osmanlılar üçün savaşan Krım tatarları ilə səhv düşməyin qarşını almaq üçün dəbilqələrinə saman çöpləri keçirtdilər. Düşməni mühasirəyə almaq üçün dönüşdən əvvəl məşhur yalançı geri çəkilmə taktikasını istifadə edən Lipka tatarları çox böyük qarışıqlıq yaratdılar. Döyüşdən sonra Sobieski, Szenaunan düşərgəsindən arvadı Marisienkaya yazırdı: “Bizim tatarlar özləri ilə gətirdikləri qızılquşlarla özlərini əyləndirirlər; onlar məhbusları mühafizə edirlər, sadiq və etibarlı olduqlarını isbatlayırlar”.

Bu sadiqlik və etibarlılıq üç həftə sonra, Sobieski və onun qoşunları geri çəkilən Osmanlı qüvvələrini təqib etdiyi zaman yenidən sübut edilməli idi. Onlar 7 oktyabr 1683-cü ildə Dunay çayı sahilində Parkani Döyüşündə qarşılaşdılar. Qarşıqlıq əsnasında Sobieski əsgərlərindən aralı düşdü və öldürülmək təhlükəsi ilə üz-üzə qaldı. O, leytenant Krjecovski tərəfindən xilas edildi və ənənəyə uyğun olaraq, Sobieski, Lipka Tatarı Krjecovskini polkovnik rütbəsinə yüksəltdi və ona bugünki şərqi Polşadakı Kruszyniany-də bir mülk bağışladı. Sobieski daha sonra Qrodnodakı Sejm (məclis) toplantısından geri dönərkən Krjecovskini ziyarət edərək ona öz təşəkkürünü bildirdi. Qəsəbə sakinləri onların altında görüşdükləri və söhbət etdikləri qocaman əhəng ağaclarını hələ də xatırlayırlar.

Məsələ təkcə o deyildi ki, müsəlman bir əsgər 'Avropanın xilaskarı'nın həyatını xilas etmişdi, həmçinin müsəlman tatarlar arasında da üçüncü John Sobieski kimi dərindən hörmət edilən ikinci bir hökmdar yoxdu. Öz fəaliyyəti ilə o, bölgədə bu gün hələ də qalan bir neçə məscidin tikintisini təmin etdi. Boquslav Zaqorskinin (Boguslaw R Zagórski) də diqqət çəkdiyi kimi, Sobieski eyni zamanda “qeyri-islami bir Avropa ölkəsində qalıcı bir müsəlman icmasının tək nümunəsini... əsrlər boyu eyni hüquq və imtiyazlardan ta bu günədək yararlanan icmanı” təminat altına alması ilə tanına biləcək avropalı kralıdır.

***

Vyananın döyüşünün digər bir tərəfi də çox-dinli idi. Sünni Müsəlman Sultan dördüncü Mehmed (1642-93) tərəfindən idarə olunan Osmanlılar, Fransanın Roma Katolik Günəş Kralı, on dördüncü Lüdovik (1638-1715) ilə ittifaqda idilər. Osmanlılar və fransızlar 1530-cu illərin əvvəllərində formal bir ittifaqa razılaşdılar və bu ittifaq Napoleonun Misiri təxminən 250 il sonrakı işğalına qədər pozulmadı. Fransa-Osmanlı ittifaqı Fransa tarixində ən uzun müddətli sülh razılığı oldu.

On dördüncü Lüdovik, Vyanadakı Habsburq İmperatorluğu hökmdarları kimi Roma katolikiydi. Hərçənd bu, onları təbii müttəfiq etməmişdi, çünki on dördüncü Lüdovik Avropanın ən güclü xristian monarxı olmaq arzusunda idi. O, Vyana döyüşündən öz müvaqimətini artırmaq üçün istifadə etdi. Osmanlılar Vyanaya hücum etmək üçün yaxınlaşdıqda, Fransa qərb cəbhəsinə qoşun göndərərək Habsburq güclərini bağladı. Təəccüblü deyil ki, Günəş Kralın düşmənləri ona 'Ən xristian türk' adını vermişdilər.

Artıq 1679-cu ildə on dördüncü Lüdovik, Vyanadakı Habsburq imperiyasına qarşı macar üsyanını dəstəkləmək üçün Osmanlıları inandırmağa əbəs yerə çalışırdı. Bu üsyanı törədən şəxs protestant və aristokrat Emeric Thököly (1657-1705) idi. Protestantların Əks-Reformasiya vasitəsilə katolik Habsburqlar tərəfindən sıxışdırılmasına qarşı çıxan Thököly, 1670-ci illərin əvvəllərindəki macar üsyanı və kəndli kuruc qiyamlarına arxalanaraq, 1678-ci ildə Vyanaya qarşı müharibəyə başlamaq üçün Günəş Kraldan dəstək aldı.

Lüteran Thököly mübarizəsini irəlilətmək üçün Konstantinopolda sultan dördüncü Mehmed ilə ittifaq qurdu və 1682-ci ilin noyabrında Yuxarı Macarıstanın (hazırda əsasən Slovakiya) kralı adlandırıldı. Bu dövlət, Papa dövlətlərinin protestantlar üçün vermədiyi dini azadlığı əldə etmək üçün sultana xərac ödəyərək, Osmanlı idarəçiliyi altında vassal dövlətə çevrildi. Vyana döyüşündə Thököly və əsgərləri digər Osmanlı-xristian vassal dövlətləri, bu günki Rumıniya ərazisindəki Şərqi Ortodoks monarxiyaları olan Vallaxiya və Moldova ilə yanaşı Osmanlılar üçün döyüşdülər. Thököly və onun protestantları məğlub tərəfdə olmalarına baxmayaraq, sultan ona arvadı ilə birlikdə yerləşdiyi bu günki Qalatada bir sıra mülklər və qraf titulu verdi.

Thököly Konstantinopol sultanından dəstək istəyən bir neçə xristian liderdən yalnız biri idi. Digəri, mərkəzi Ukraynada yerləşən kazak Hetmanate dövlətinə rəhbərlik edən kazak Petro Doroşenko (1627-98) idi və Krım tatarlarının köməyi ilə 1660-cı illərdə polşalılarla mübarizə aparmışdı. 1669-cu ilin martında Kursun Kazaklar Şurası, Doroşenkonun polşalı və rusiyalı işğalçılara qarşı çıxmaq üçün Osmanlılarla ittifaq qurma təklifini qəbul etmişdi.

Qərbi Avropada 16-cı əsrin əvvəllərindəki Reformasiyasından sonra formalaşan yeni Protestant dövlətləri Papaya, o cümlədən İspaniya və Vyananın Katolik güclərinə qarşı Osmanlı müsəlmanlarının köməyinə tez-tez böyük ümidlər bəsləyirdilər. Elə götürək, 1566-cı ildə protestant təbəəsinə olan ispan təzyiqinə qarşı mübarizəsində Sultan Süleyman Qanunidən kömək istəmək üçün elçi göndərən 'anavətənin atası' holland birinci Viliyam Oranjı (1533-84). 1574-cü ildə Sultan üçüncü Murad (1546-95) Hollandiya və İspaniya Protestantlarına məktub göndərərək, lüteran və kalvinistlərin daha çox sünni İslamla ortaq tərəfləri olduğunu bəyan etdi, nəinki katolikliklə: “Siz də, öz növbənizdə, bütlərə ibadət etmirsiniz. Kilsələrdən bütləri, portretləri və 'zənglər'i qovdunuz və Qüdrətli Allahın bir olduğunu və Müqəddəs İsanın Onun Peyğəmbər olduğunu bildirərək imanınızı elan etdiniz ...”

Belə bir tarixi zəmin nə üçün Vyanada Habsburqların xilas edilməsinə yalnız Polşa kralı üçüncü John Sobieski və onun müsəlman tatarlarının gəldiyini izah edə bilər. Protestant ölkələr Müqəddəs Roma imperiyasının Osmanlılara məğlubiyyətini sevinclə qarşılayardılar. Onlar Habsburqlar ve Papa ilə mübarizə aparmışdılar və böyük bir qismi, Reformasiyadan sonra 'xristian vətəndaş müharibələrinin' ən qanlısı adlandırılan 30 illik müharibə (1618-48) dövründə Osmanlı gücləri ilə ittifaq qurmuşdular.

Beləliklə, Vyana döyüşü xaç və hilal arasında müharibə deyildi. Bu, sivilizasiyaların toqquşması, İslam üzərində qüdrətli xristian zəfəri də olmamışdı. Əksinə, bir tərəfdən sünni müsəlman tatarların Katolik Polşa kralına köməyi həyati əhəmiyyətə malik idi – eynilə lüteran macarların digər tərəfdən Sünni Müsəlman Sultanla ittifaqı kimi. 1683-cü ildə, nəticədə, Avropanın böyük dövlətləri arasında hakimiyyət və təsir uğrunda aparılan döyüşlərin sadəcə digər bir ili idi. Loyallıqlar iman və etnik mənsubiyyətin bütün sərhədlərini keçmişdi. Lövhələr, dərsliklər və ensiklopediyaların iddialarına baxmayaraq, Sobieski və onun müttəfiqləri qətiyyən nə 'Avropanı xilas etdi', nə də xristianlığı. Əksinə, Polşa-Litva Birliyinin hökmdarı Avropanın şimalındakı müsəlman həyat və mədəniyyətinin ən qabaqcıl xilaskarı oldu. Vyana döyüşü multikultural bir dramdı; Avropa tarixinin mürəkkəb və paradoksal qıvrımlarının bir nümunəsi. Burada 'Avropanın birləşmiş xristian orduları' kimi bir şey qətiyyən yox idi.

Bəzilərinin inanmaq istədiyi kimi, Vyana döyüşü Avropa tarixində elə də mühüm əhəmiyyət kəsb etməmişdir. 1683-cü ildən sonra Osmanlılar Balkanlara hələ iki əsrdən çox hökmranlıq etdilər; yunanların, rumınların, bolqarların, serb və xorvatların əksəriyyəti xristian olaraq qalırlar və bu gün avstriyalılardan daha çox xristiandırlar. Sünni müsəlman Osmanlılara gəldikdə, onların 16-18-ci əsrlərdəki başlıca düşmənləri heç də Avropa dövlətləri deyildi, qonşu fars-Səfəvi imperiyası və onun yeni on iki imamçı məktəbi idi.

Tarixin Breyvik və onun kimilər tərəfindən sui-istifadəsi məntiq, arqument və ya ağıla deyil, nifrətə əsaslanır. Bu nifrətin hardan gəldiyini özümüzdən soruşmalıyıq. Nəticədə, 2083 manifestinin çox hissəsi Vikipediya məqalələrinə və terroristin Avropa tarixi haqqında öyrəndiklərinə əsaslanır. Breyvikin yazdığı fikirlər indi Avropada yeddi il əvvəlki ilə müqayisədə daha çox yayqındır. Belə bir dünyada, 1933-cü il qiyamlarından sonra alman müəllif Bertolt Brext tərəfindən yazılmış "Şiddətə dair" şeiri barədə də düşünə bilərik:

Güclü selə şiddətli deyilir

Amma onu içində qarışdıran çay yatağına

Kimsə zorakı demir.

Fikirlər (ideyalar) çox vaxt heyrətləndiricidirlər. Onlar, bizim hər birimizin burda olma səbəblərimizdir. Bununla belə, bəzi vaxtlar, fikirlərimiz ölümcül olurlar. Onlar, Şaridinin daha aramızda olmama səbəbidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR