Dindar insanlar daha əxlaqlıdırlar?

Hər şeydən biraz
Photo
Nəyə görə ateistlərə inam yoxdur?

Psixoloq Uill Gervaislə bu yaxınlarında keçirdiyimiz sorğu zamanı məlum olub ki, qlobal miqyasda ateistlərə qarşı hədsiz əxlaqi bir qərəz var. Bütün qitələrdə insanlar hətta kütləvi qətl kimi mənəviyyatsız davranışlar sərgiləyənlərin böyük ehtimalla ateist olduqlarına inanırlar.

Bu sorğu dünya miqyasında qeyri-obyektivliyi göstərən ilk sübut olsa da, onun gəldiyi qənaət çətin ki, təəccüblü olsun.

Tədqiqatın nəticələrinə görə, amerikalılar ateistlərə başqa heç bir ictimai qrupa göstərmədikləri qədər inamsızlıq göstərirlər. Əksər siyasətçilər üçün kilsəyə getmək seçkilərdə səs toplamaq üçün ən yaxşı yoldur, əgər ABŞ-da bir siyasətçi inancsız olduğunu desə, siyasi intihara yol vermiş olar. ABŞ Konqresində bir dənə də olsun açıq ateist yoxdur. Dinə meyli olmadığını deyən cəmi bir nəfər var, o da özünü ateist kimi yox, “inancsız” kimi qələmə verir.

Bəs bu cür böyük qərəzin ortaya çıxmasına səbəb nədir? Dinlə əxlaq arasındakı bağı göstərən həqiqi sübut nədən ibarətdir?

Dinlə əxlaqın necə bir bağlılığı var?

Dünyanın əsas dinlərinin əxlaqi davranışlarla bağlı olduğu doğrudur. Buna görə də bir çoxları dini öhdəçiliyin bir fəzilət əlaməti olduğuna və ya din olmazsa əxlaqın da olmayacağına inanır.

Amma bu fərziyyələrin hər ikisi problematikdir.

Ən birincisi ona görə ki, bir dini inancın etik idealları digərinin üzvləri üçün qeyri-əxlaqi kimi görünə bilər. Məsələn, 19-cu əsrdə mormonlar çoxarvadlılığı əxlaqi imperativ kimi görürdülərsə, bu, katoliklər üçün əxlaqsızlıq idi.

Bundan başqa, əxlaqi davranışın dini idealları əksər vaxt qrup üzvləri ilə məhdudlaşır və o hətta digər qruplara yönəlmiş qatı nifrətlə müşayiət oluna bilər. 1543-cü ildə məsələn, Protestantlığın atalarından biri olan Martin Luter “Yəhudilər və onların yalanları” traktatını nəşr etdirmişdi, bu əsərində o, müxtəlif dini qruplar arasında əsrlər boyu mövcud olan ümümi düşüncələri ifadə edirdi.

Belə nümunələr dini əxlaqçılığın bir kültürdəki qabarma və çəkilmələrə uyğun olaraq necə dəyişə biləcəyini gözlər önünə sərir. Necə ki, son illərdə bəzi Anklikan kilsələri doğuşa nəzarət həblərinə, qadınların keşişliyə təyin olunmalarına və eyni cinsli nigahlara icazə verməklə özlərinin əxlaqi görüşlərində dəyişikliklər ediblər.

İnanc və davranış arasındakı uyğunsuzluq

Dindarlıq çox səthi şəkildə teologiya ilə bağlıdır. Yəni dindar insanların inancları və davranışları rəsmi dini doktrinalara heç də həmişə uyğun gəlmir. Əksinə, kütləvi dindarlıq daha çox praktiki və intuitiv olmağa meyillidir. Dini araşdırma tədqiqatçılarının “teoloji xəta” adlandırdığı məfhum da elə budur.

Buddizm məsələn, tanrı anlayışının mövcud olmadığı bir din ola bilər, amma əksər buddistlər Buddaya Allah kimi yanaşırlar. Katolik kilsəsi də doğuma nəzarətə sərt şəkildə qarşı çıxır, amma katoliklərin əksriyyəti bunu edirlər. Faktiki olaraq, inancılılar arasında teoloji xəta istisna olmaqdan daha çox normadır.

Buna görə də sosioloq Mark Çaves insanların dini inanclara və qanunlara uyğun davranması fikrini “dinə riayət səfsətəsi” adlandırıb.

İnanclıların davranış və hərəkətləri arasındakı bu uzlaşmazlıq çox geniş yayılmış fenomendir. Kommunizmi götürək, o sözdə bərabərçi ideologiyadır, lakin kommunistlər heç də özlərini daha az eqoist aparmırlar.

Beləliklə, din və əxlaq arasında əlaqəni göstərən əsl sübut nədir? İnsanlar nəsihət verdikləri şeylərə əməl edirlərmi?

Mövzu ilə bağlı ictimai elmi tədqiqat bəzi ziddiyyətli nəticələr ortaya çıxarıb.

Araşdırmaçılar insanlara davranış və münasibətləri barədə soruşanda, dindar şəxslər özlərinin qeyri-dindar insanlardan daha çox fədəkar, ürəyiyanan, səmimi, dinc və xeyriyyəçi olduqlarını iddia edirlər. Hətta əkizlər arasında daha dindarları özlərini daha səxavətli adlandırır.

Bununla belə, biz əsl davranışlara baxdığımız zaman bu fərqləri heç harda tapa bilmirik.

Tədqiqatçılar əxlaqi davranışın bir çox aspektlərinə nəzər salıblar: imtahanlarda qadağan olduğu halda ehtiyacı olan yad adamlara xeyriyyəçilik edənlərdən tutmuş, naməlum adamlarla əməkdaşlıq edənlərə qədər.

“Yaxşı Samaritan Tədqiqatı“ adlanan klassik eksperimentdə araşdırmaçılar parkda yaralı halda uzanan insana kimin kömək edəcəyini monitorinq ediblər. Kömək davranışında dindarlığın heç bir rol oynamadığı aşkarlanıb (sınaqda iştirak edənlərin bəziləri hətta “yaxşı samaritan” ayəsi ilə bağlı nitq söyləməyə gedənlər olub).

Bu tapıntı indi bir çox laboratoriya və sahə araşdırmalarında da öz təsdiqini tapıb. Nəticələr ortadadır: bizim əxlaqı necə xarakterizə etməyimizdən asılı olmayaraq, dindar insanlar nə qədər əksini iddia eləməyə çalışsalar da (və böyük ehtimalla buna inansalar da), ateistlərdən daha əxlaqlı davranmırlar.

Dinin təsiri nə vaxt və haradadır?

Başqa bir tərəfdən dini xatırlatmaların əxlaqi davranışa təsir etdiyi müşahidə edilib. Məsələn, amerikan xristianları arasında aparılan tədqiqatlarda iştirakçılar xeyriyyəyə daha çox pul ayırıblar və bazar günləri pornoya daha az baxıblar. Amma bununla belə onlar bu göstəricini həftənin digər günlərində pozublar. Nəticə etibarilə də, dindar və qeyri-dindarlar arasında ortalama olaraq fərq olmayıb.

Mərakeşdə keçirilən tədqiqatda olduğu kimi; araşdırma zamanı məlum olub ki, nə zamankı dua edənlərə dini çağırış eşitdirilib, onlar xeyriyyəyə daha çox pul veriblər. Amma bu təsir qısa müddətli olub: ianələr hər çağırışda cəmi bir neçə dəqiqə ərzində yuxarı olub, sonra isə aşağı düşüb.

Saysız-hesabsız digər araşdırmalar da oxşar nəticələrə gəlib. Mən öz tədqiqatım zamanı aşkarlamışam ki, insanlar ibadət yerlərində daha səxavətli və əməkdaşlığa meyilli olurlar.

Maraqlıdır, belə görünür dindarlıq dərəcəsinin bu eksperimentlərdə xüsusi bir təsiri yoxdur. Yəni dinin müsbət təsiri situasiyadan asılıdır.

Din və qanunun aliliyi

Hərçənd bütün inanclar bərabər deyil. Fərqli mədəniyyətlərə dair bu yaxınlarda aparılmış araşdırmaya görə, öz allahlarını əxlaqçı və cəzalandıran biri kimi görənlər daha qərəzsizdirlər və maliyyə əməliyyatlarında daha az aldadırlar. Yəni əgər insanlar inanırlarsa ki, Tanrıları onların nə edəcəyini əvvəlcədən bilir və günahkarları cəzalandıracaq, onda belələri daha yaxşı davranırlar və bunu başqalarından da gözləyirlər.

Lakin kənardan gələn bu cür ədalət anlayışına inanc bütün dinlər üçün keçərli deyil. Effektiv dövlət, ədalətli hüquq sistemi, yaxud etibarlı hüquq mühafizə orqanları formasında qanunun aliliyinə inam da əxlaqi davranışın göstəricilərindən biridir.

Əslində qanunun aliliyi güclü olanda dini inanclar aradan qalxır, həmçinin ateistlərə olan inamsızlıq da.

Tanrı və cəmiyyətin birgə təkamülü

Elmi sübutlar göstərir ki, insanların (hətta bizim primat qohumlarımızın da) daxili əxlaq meyilləri var, bu isə adətən dini fəlsəfə şəklində ifadə olunur. Yəni din bu meyillərin səbəbi olmaqdansa, inikasıdır.

Dinin insanlıq tarixi boyunca belə uğurlu olmasının səbəbi məhz budur ki, o, həmin əxlaqi intuisiyalardan yararlana bilib.

Tarixi qeydlər fövqəltəbii qüvvələrin həmişə əxlaqla əlaqələndirilmədiyini göstərir. Antik Yunan allahları insanların əxlaqi davranışları ilə maraqlanmırdılar. Eyni qaydada müasir ovçu-yığıcıların ibadət etdikləri müxtəlif allahlar da onların bir-birinə yalan danışmaları və ya həyat yoldaşlarına xəyanət etmələriylə deyil, yerinə yetirdikləri ayinlər və verdikləri qurbanlarla maraqlanırlar.

Psixoloq Ara Norenzayana görə, əxlaqı əsas tutan tanrılara inanc genişmiqyaslı əməkdaşlıqda yaranan problemlərin həlli kimi ortaya çıxıb.

Erkən cəmiyyətlər balaca olduqlarına görə, üzvləri yaxşı reputasiyaya əsaslanaraq kimə etibar edəcəklərini bilirdilər. Amma bir gün bizim əcdadlarımız daimi yaşayış məskənləri qurmağa başladılar, sayları da artdı, hər gün müxtəlif yad adamlarla ünsiyyətdə olmaq lazım gəlirdi. Belə olan zaman insanlar kimə etibar edəcəklərini hardan biləcəkdilər?

Bu zaman ortaya hər şeyi bilən, hər şeyə qadir allahlar çıxdı, bu allahlar əxlaqsızları cəzalandıracaqdı. İnsan cəmiyyətləri böyüdükcə, belə inanclar da çoxaldı. Sekulyar təsisatlar olmadığından, Allah qorxusu ictimai nizamı yaratmaq və qorumaq üçün əsas vasitəyə çevrildi.

Həmin cəmiyyətlərdə hər şeyi görən və cəzalandıran fövqəltəbii qüvvəyə səmimi inanc əxlaqi davranışa ən yaxşı formada zəmanət verir və ictimai normalara əməl edilməsinə töhvə verirdi.

Bu gün isə bizim əxlaqa riayət etmək üçün başqa metodlarımız var, amma təkamül irsimiz hələ də bizimlədir. Statistikalar ateistlərin cinayətlərə ortalama olandan daha az yol verdiyini göstərsə də, onlara qarşı genişmiqyaslı qərəz var. Bizim araşdırmamızın da göstərdiyi kimi; hisslər əsrlər boyunca o qədər qəlibləşib ki, onları aradan qaldırmaq hədsiz çətin olacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR