Renessans nə idi və nə deyildi?

Fəlsəfə
Photo

Franklin Le Van Baumer, "Main Currents of Western Thought" kitabından "Renessans" essesi

Daxilimdəki iki nəfərin bir-birlərinə üstün gəlmək üçün düşüncələrimdə apardığı o inadcıl və hələ qalibi müəyyən olmayan döyüş şiddətlə davam edir.

Petrarca, "Dionigi De'Roberti-yə Məktub"

Xarakterini formalaşdırmağa çalışdığım şəxs romalıların başa düşdüyü mənada "müdrik adam" olmalıdır, yəni nəzəri işlərdə deyil, fəaliyyətdə və keçirdiyimiz təcrübələrdə özünü göstərən əsl dövlət adamı.

Quintilian, "Bəlağətin Əsasları"

Tale çox vaxt yarışın ortalarında, bəzən də sonuna doğru kövrək və qürurlu hədəflərimizi xəyal qırıqlığına uğratdı; bəzən limanı çox uzaqdan belə görə bilmədən onları sularda batırdı.

Castiglione, "Saray adamı"

Yəni, oxucu, bu kitabın mövzusu şəxsən mən özüməm.

Montaigne, "Təcrübələr"

Şair və ədəbiyyat tənqidçisi ingilis John Addington Symonds (1840-1893) Renessans haqqında belə yazırdı: "Avropa xalqlarının ortaya qoyduğu humanist ruh tərəfindən meydana çıxarılan şüurlu azadlığa çatmanın tarixidir. (...) Renessans dövründə qəfil böyük əhəmiyyət qazanan sənət əsərləri və icadlar, bilik və kitablar Orta Əsr dediyimiz Ölü Dənizin sahillərində laqeydliklə tərk edilmişdi". Symonds-a görə Renessans, "dövrün millətləri olaraq bizlərin, demokrat düşüncənin formalaşması prosesində hələ də təkamülə məruz qaldığımız" böyük azadlıq teatrının ilk pərdəsini təmsil etməkdədir. Bu ifadə, tarixçilərin ümumiyyətlə son vaxtlara qədər qəbul etdiyi və dərs kitablarının ölümsüzləşdirdiyi "klassik" Renessans anlayışıdır. Anlayışın təməllərini atan "yenidən doğuş" məcazının ixtiraçıları olan italyan humanistlər, tarixi də köhnə, orta və modern olmaq üzrə üç dövrə bölürdülər. Bununla yanaşı, klassik anlayış özünün tam ifadəsini, Jakob Burckhardt-ın usta sənət əsəri olan "İtaliyada Renessans Sivilizasiyası"nın 1860-ci il nəşrindən əvvəl tapmayacaqdı. İngilis Sydmond kimi, isveçrəli tarixçi üçün də Renessans modern tarixin ilk hissəsini, yəni fərdin Orta Əsrlərin avtoritarlığına, kollektivizminə və asketliyinə qarşı qiyam prosesini təmsil edir. Burckhardt, qismən də öz yaşadığı dövrü sənədləşdirmək üçün yazmışdır. O, inkişafa olan inamına baxmayaraq, modern mədəniyyətin yekcinsliyindən və bayağılığından mütəəssirdir, Renessans dövrü ruhaniyyətinin yada salınmasında fayda olduğunu düşünməkdədir.

Renessansın klassik şərhi son vaxtlar ciddi təshihə məruz qalmışdır. Təkamülçü düşüncənin tarixçilər üzərindəki təsiri, Orta Əsr araşdırmalarının artması, Orta Əsrlər ilə Renessans arasındakı cizgiləri qarışdırmış, Renessansın intellektual və mədəni tarixin meydana gəlməsindəki təyinedici rolunu azaltmışdır. C. H. Haskins-in "On İkinci Əsr Renessansı" (1927) ilə Huizingan-ın "Orta Əsrin Qürubu" (1919) adlı kitabları, bu gedişatın istiqamətini göstərən əsərlərdir. Haskins kimi Orta Əsrlər mütəxəssisləri Renessansı geriyə, Orta Əsrlərə doğru itələyərlərkən, 15-ci əsr Burqoniyasını analiz edən Huizinga-ya görə Orta Əsrlər, Renessansın daxilində yer almaqdadır. Douglas Buş, "Orta Əsrlərin dindarlığı ilə Renessans paqanizmi arasındakı təəccüblü təzad" qəbuluna etibar etmədiyi halda, E. M. W. Tillyard "Elizabeth Dövrü Dünya Obrazı" adlı əsərində Renessansdan, "axır vaxtlar kimliyini itirmə meylində olan və getdikcə Orta Əsrlərin son dövrlərindən ibarət bir mədəniyyət mərhələsi" kimi bəhs edir.

Mənim fikrimə gəlincə, Buş və Tillyard-ın şərhlərini şişirtmə hesab etməklə yanaşı, Renessansın ümumi mənada sanıldığından daha az din əleyhdarı, o cümlədən təbiət elmlərinə də sanıldığından daha uzaq olduğunu düşünürəm. Lakin bu, Renessansın Orta Əsrlər hərəkatı olduğu mənasını da vermir. Onun daxilində Orta Əsrlərin qalıqları təbii ki vardır, ancaq Renessans humanistlərinin əksəriyyəti özlərinin yaratdığı dünyalarda yaşamışdılar. Bu dünya qəti şəkildə nə Clairvauxlu Bernardın, nə də Müqəddəs Tomas Aquinas-ın dünyası olmadığı kimi, Francis Bakonun, Qalileyin, Dekartın dünyası da deyildi. Renessans bir çox cəhətdən müasir elmin qığılcımlanmasına şahidlik etdi, lakin özü işıq deyildi. İstisna hallarla yanaşı, ümumiyyətlə ifadə etsək, humanistlər elmi fikirlərdən çox, humanist-dini anlayışlar çərçivəsində fəaliyyət göstəriblər. Sxolastik düşüncəni lağa qoyub Kilsəni tənqid edirdilər, lakin universal bir dindarlıqdan da məhrum deyildilər və demək olar ki hamısı, davamlı şəkildə vurğulamasalar da, Xristian dünyagörüşünün ana xəttlərini mənimsəmişdilər.

Renessansın Orta Əsrlər təşkilatlarının çöküşü ilə eyni vaxta düşdüyünü xatırlamaq yerinə düşər. Kilsə, Babil Əsarəti (Papanın Aviyona sürgün edildiyi 1309-77-ci illər arasındakı dövr), Böyük Hizib (Katolik məzhəbində rəqib iki papanın hökmranlıq etdiyi ayrılıq dövrü (1378-1417)) və İtalyan Papalığının torpaq ehtirası üzündən möhtərəmliyini itirirdi. Hər hansı bir feodal ölkəsindən ayrılaraq müstəqilliyini elan edən şəhərlər, o feodal ölkəyə aid bölgələri də idarəçilikləri altına salmaqdan çəkinmirdilər. Xüsusilə Florensiya kimi beynəlxalq ticarətlə məşğul olan şəhərlərdəki Orta Əsrlər peşə gildiyaları; bankirlər və kapitalist təşəbbüskarlar qarşısında güc itirməkdə idilər. İtalyanın bu dövrü, Makiavellinin ifadəsi ilə, şahzadənin, condottiere-in (dövlətlər arasında baş verən döyüşlərdə vuruşmaq üçün tutulan pullu əsgərlərin başçıları) və sonradan qazanılmış gücün, yəni "şimalın yeni monarxiyası"nın dövrü idi. "Novi homines" (yeni adamlar) hər yerdə idi, iqtisadi və siyasi gücə doğru irəliləyirdilər.

Digər bir ifadə ilə, Renessans intellektualları, Orta Əsrlərdə yaşayan mövqedaşları ilə müqayisədə daha çox dünyəvi, hətta ənənə və adətlərin parçalandığı bir dünyada yaşayırdılar. 14 və 16-cı əsrlər arasında Kilsə, mədəniyyət üzərindəki inhisarını itirmişdir. Yeni ziyalı seqmentinin əksəriyyəti dünyəvilərdən, orta təbəqədən, hətta aşağı sinifdən meydana gəlməkdə idi. Sənətçiləri, yazıçıları himayə edən din adamları və feodal aristokratlar yerini, şöhrətlərini artırmaq üçün intellektualların əməyindən istifadə edən "yeni böyük"lərə verirdi. Yeni intellektual təşkilatların ən əhəmiyyətliləri olan klassik məktəblərin əksəriyyəti dünyəvi banilər tərəfindən qurulmaqda və idarə olunmaqda idi.

Son vaxtlarda xeyli məşhur olan bu sosial-iqtisadi şərh, Renessans düşüncəsinin bütün yönlərini izah etməyə əsla yetməyəcəkdir. Necə ki, ən parlaq müvəffəqiyyətlərin hansı səbəbdən təbiət elmlərində deyil də, bəşəri elmlərdə olduğunu və ya dini duyğuların necə oldu da güc itirmədyini açıqlaya bilmir. Lakin, Orta Əsrlərdən Renessansa uzanan müddət ərzində intellektual quruluşda meydana gələn dəyişiklik heç bir şübhəyə yer qoymayacaq şəkildə aşkardır; intellektual dəyişikliyin müasir ictimai dəyişiklik ilə əlaqəli olduğu da şübhəsizdir. İstər Alp Dağlarının cənub, istərsə də şimal yamaclarında yaşasın, intellektualların vurğusu humanist idi: insan və gündəlik həyat; mücərrəd deyil, konkret və tətbiqə əsaslanan; ortaq şəkildə hazırlanan deyil, fərdi olaraq bacarılan; fikri deyil, praktik olan. Bir vaxtlar ilahiyyat çətiri altında birləşən bilik təsnif edilirdi. Yunan və Romanın köhnə çağların etiketlərini daşımağı davam etdirmə səbəbi, yeni humanistlərə istinad təmin edəcək böyük humanist mədəniyyətin təmsilçiləri olmasıdır. İstənilən halda, burada müəyyənləşdirilən humanistlik kiminsə ruhaniyyətə əsaslanan və şəhərkənarı cəmiyyətlə uyğunlaşdıracağı düşüncə quruluşu deyil.

Renessans böyük fəlsəfə çağı deyildi, lakin meydana çıxardığı fikirlər qəti şəkildə humanist bir etiket daşıyırdı. Orta Əsrlərdə universallıqlar (növlər) məsələsində yaşanan böyük müzakirə ilə 17 və 18-ci əsrlərdəki elm adamlarını çətinliyə salan bilik problemi, Renessansa təsir etmişdir. Erasmus kimi humanistlər, bəşəri əxlaqla birbaşa maraqlanmayan bütün fəlsəfələri ittiham etmişdir. Bu cür tənqidçi olmasalar da, məsələn Pico, Florensiyalı Platonçular, hətta neo-Aristotelçi Pomponazzi kimi digərləri də bəşər övladının təbiətini, azad iradəsinin ölçüsünü və ruhunun ölümsüzlüyünü müzakirə etməyi seçmişdilər. İqtisadi və siyasi fürsətlər çağında insan təbiətini demək olar ki, Pelagiusçu (Pelagius 354-420/440, Xristianlığın başlıca təlimlərindən "ilk günah" düşüncəsini rədd edərək Aurelius Avqustinə əks gedən, Kartaka Şurası tərəfindən kafir elan edilən zahid) dünyagörüşü ilə ələ almaları təəccüblü deyil: "İnsana boş yerə mikro kosmos və ya kiçik kainat deyilməmişdir. Bu səbəbdən bəziləri insanın böyük bir möcüzə olduğunu deyir, çünki insan dünyanın bütünüdür və təbiətin hər cürünə çevrilə bilər, çünki hansı xüsusiyyəti seçirsə, o xüsusiyyətə çatma gücü ilə təchiz edilmişdir". Lakin, bu və buna bənzər digər ifadələr, bəşər övladının xarici hadisələr üzərindəki dəyişməz gücünü göstərməz. Humanistlər, Qədər və ya Taleyin sirlərindən artıqlaması ilə xəbərdar idilər və bunların bəşər övladına oynaya biləcəyi və tez-tez oynadığı oyunları bilirdilər. Humanistlərin iradə azadlığından qəsdləri, mövcudluğunun təhlükələri daxilində, siyasi və iqtisadi dəyişikliklərin dişləri arasında boğuşan bəşər övladının bütün bunlara baxmayaraq şərəf və fəzilətə çatma potensialıdır. Onların təlimlərindəki yenilik, daha çox qeyri-pozitiv idi: İnsanın çox istiqamətli təbiətini vurğulamaq surətiylə Eniş [cənnətdən qovulma] doktrinasını və insanın quruluşunda günahkarlıq olduğu təlimini həqiqətən rədd edirdilər. Həmçinin Florensiyalı Platonçular, ruhun ölümsüzlüyünü müdafiə etdikləri zaman insanın fərdiliyini önə çıxarırdılar ki, bu, o vaxt Venesiya universitetlərinə hakim olan İbni Rüşdçülərin (1126 - 1198-ci illər ərzində yaşamış Əndəlüs-kordovalı alim. Latın dilində Averroes. Aristoteli bir növ kəşf edərək onun əsərlərinə verdiyi şərhlər, öz dövrünə çox təsir etmişdir. İbni Rüşdün əsərləri latıncaya çevrilərək Xristian, ibranicəyə çevrilərək Yəhudi ilahiyyatına öz təsirini göstərmişdir) (Averroesçular) insanın ölümdən sonra yalnız insanlığın ortaq zehinində yaşamağa davam etdiyi şəklindəki kolektivist baxışlarına zidd idi.

İnsan təbiətinə dair optimizmləri humanistlərin təhsilə böyük əhəmiyyət verməsinə gətirib çıxardı. Onlara görə "insan təbiəti" müqəddəsdir, ancaq potensialının ən yüksək səviyyəyə çata bilməsi üçün "qayğı"ya ehtiyacı vardır. "İnanın mənə," –deyirdi Erasmus, "insanlar doğulmurlar, emal edilirlər". "Educatio superat omuya" (Təhsil hər şeydən üstündür). "Şamı yumşalanda formalaşdır, palçığı yaşkən qəlibə tök, yunu ləkələnmədən boya". İtalyan Guazzo-ya görə, "insan təbiəti" hər vaxt ən yaxşıya meyl etmişdir; buna görə də, yaxşı valideynlərdən yaxşı uşaqların törəməsi gözlənilir və əgər bəzən bunun tərsi olarsa, günah insan təbiətinin üstünə atıla bilməz. Necə ki, məsələ diqqətlə araşdırılarsa, naxoş vəziyyətin doğuşdan deyil, yetişdirmənin nəticəsi olduğu görüləcəkdir. Bu prioritetdən yola çıxan humanistlərin təhsil haqqında yazdığı risalələr rəfləri doldurarkən, özləri də məktəblərin böyük qurucuları oldular. Bəlkə də onların ən xüsusi intellektual töhfəsi bu olmuşdur.

Humanistlərin meydana çıxarmağa çalışdığı insan, yaşadıqları çağı əks etdirirdi. O, Ciceron-un dövlət adamı, Quintilian-ın (5 - 100-cü illər arasında yaşamış İspaniyada doğulan, lakin "romalı" natiq. Təsiri uzun müddət davam etmişdir. Təhsilə pedaqojik məsələ səviyyəsində əhəmiyyət vermiş, uşaq-mərkəzli təhsil anlayışı üzərində düşünmüşdür) "natiqlik qabiliyyəti yüksək olan düzgün adam"ıdır. Qısacası, bu, əxlaqi və intellektual qüsursuzluğun gətirdiyi fəzilətlə, Avropanın yeni ölkələrindən birində yaxşı vətəndaş və ya idarəçi olmağa uyğun bir adamdır. Humanistlərin bu ideal insanın yaradılmasında qədim zamanlardakı nümunəyə müraciət etməsi çox təbiidir. Bilik sahibi olduqları Roma, ən böyük sivilizasiyanı təmsil etmişdir və dolayısı ilə onun dövlət adamları və natiqlərinin təkrar yaradılması yeni qızıl çağ başladacaqdı. Humanistlərin ictimai islahatı yeni təşkilatlar məzmununda deyil, yeni insanlar mənasında düşünməsi onların tipik xüsusiyyətidir. Alberti, Palmieri, Erasmus, Ser Tomas Elliot və əslində bütün pedaqoqlar siyasətə fərdin bucağından yaxınlaşmışdılar. Bu şəxsiyyət kultunun ən təcrübəli ifadəsi Baldassare Castiglione-nin "Saray Adamı"dır (The courtier). Castiglione-yə görə gələcəyin saray namizədi, şahzadənin sarayına yaraşmaq və şahzadəyə doğru və etibarlı tövsiyələr vermək üçün əvvəlcə özünün ən yüksək potensialına çatmalıdır. Bir mövzuda ixtisaslaşanların əksinə olaraq, bacarıqlarının hamısını ürəyini, beynini və bədəninin səsini dinləyərək inkişaf etdirməlidir.

Bəzi "nəzakət" kitablarının adları – "Bir Xristian Şahzadənin Təhsili", "Saray adamı", "Qubernator", "Qüsursuz Centlmen" – Renessansın təhsil idealının nə dərəcə aristokratik olduğunu göstərirdi. Lakin bu, yeni bir növ aristokratiya idi: Feodal zadəganlığını mövqeyindən edən novi homines-ə (yeni adamlar) yer açılması gərəkdiyi üçün, anadangəlmə deyil mərifətlə, bacarıqla gələn bir aristokratiya. Humanistlərin çox azı hər kəs üçün təhsilə inanırdı, lakin "anadangəlmə və başqalarından alınandan ziyadə zəhmətlə əldə edilmiş və qazanılmış "zadəganlıq meyli"nə heyran idilər". Bundan əlavə, humanistlər ümumiyyətlə fəal yaşamı, düşüncə mərkəzli həyatdan üstün tuturdular. Bu konteksdə "Nikomaks Etikası"nın (Aristotelin insan üçün yaxşının nə olduğunu sorğuladığı əsəri) əvəzinə Cicero və Quintilian-ı təqib etmişdilər. Buna görə Palmieri, dini tək başına yaşamağı, şüurlu vətəndaşlığın "mədəni həyatı"ndan daha aşağı səviyyədə görmüşdür və Alberti çalışqan bir həyatın, əgər xalqa faydası yoxdursa, yararsız olduğunu ifadə etmişdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR