Kamyu və Sartrı bir-birindən küsdürən nə imiş?

Fəlsəfə
Photo

Kamyu və Sartrı bir-birindən küsdürən səbəb – Azadlıq mövzusu

Onlar qəliz cütlük idilər. Əlcəzairli fransız Alber Kamyu yoxsulluq içində böyüsə də, damağındakı siqaretlə çətinlik çəkmədən könülləri fəth eləmişdi. Fransanın yuxarı təbəqəsindən olan Sartra isə heç bir vəchlə yaraşıqlı adam demək olmazdı. Bu iki şəxs İşğal Dövründə bir-biriylə tanış olmuş, İkinci Dünya Müharibəsindən sonra isə münasibətləri daha da yaxınlaşmışdı. Həmin günlərdə şəhərin işıqları yavaş-yavaş aydınlaşdıqca, Kamyu Sartrın ən yaxın dostuna çevrilmişdi. “Biz səni o vaxtlar necə də sevərdik”, - Sartr sonradan yazacaqdı.

Onlar dövlərinin parlaq ulduzları idilər. Qəzetlər onların gündəlik davranışlarını izləyərdi: Sartr Les Deux Magots-da gizlənərdi, Kamyu isə Parisi arşınlayardı. Şəhər yenidən tikilməyə başlananda, Sartr və Kamyu həmin günlərin əhval-ruhiyyəsini əks etdirirdilər. Avropa darmadağın edilmişdi, amma müharibənin külləri yeni bir dünyanı təsəvvür etmək üçün də yer saxlamışdı. Oxucular Sartr və Kamyuya baxır, yeni dünyanın necə olacağını sezməyə çalışırdılar. Onların yoldaşı olan Simon de Bovuar bir dəfə belə demişdi:

“Biz müharibədən sonrakı dövrə ideologiya vermək üçün varıydıq”.

Bu ideologiya eqzistensializm şəklində özünü göstərdi. Sartr, Kamyu və onların intellektual çevrəsi dini rədd etdilər. Onlar yeni və hürküdücü pyeslər yazır, oxucuları həqiqəti əsas tutmaqla yaşamağa səsləyir və hansısa məqsədi, dəyəri olmayan dünyanın absurdluğundan bəhs edirdilər. “Yalnız daşlar, cismlər, ulduzlar və əllə toxunulacaq həqiqətlər mövcuddur”, - Kamyu yazırdı.

Biz bu həyatda yaşamağı seçməyə və bir mənası olsun deyə ona bir məna və dəyər qazandırmağa məhkumuq. Bu o deməkdir ki, məsuliyyətlə yaşamaq və dürüst davranmaqdan ötrü azadlıq nə qədər çətin və yorucu olsa belə, insan azadlığa məhkumdur.

Azadlıq anlayışımız necə dəyişib?

Əgər azadlıq ideyası Kamyunu və Sartrı fəlsəfi baxımdan birləşdirirdisə, onda ədalət uğrunda mübarizə onları siyasi baxımdan bir-birinə bağlayırdı. Onlar ədalətsizliyə qarşı getməyə və onu aradan qaldırmağa and içmişdilər və onların gözündə ən böyük ədalətsizliyə də işçi, proletariat sinfi məruz qalırdı.

Alber Kamyu 1951-ci ildə “Qiyamçı” əsərini nəşr etdirdi. Bu əsərində o, kobud təsvir etdiyi “üsyanın fəlsəfəsi”ni açırdı. Bu, özlüyündə fəlsəfi bir sistem yox, fəlsəfi və siyasi fikirlərinin qarışığı idi: hər bir insan azaddır, amma azadlıq özlüyündə nisbidir; insan məhdudiyyətləri, mötədilliyi və “hesablanmış riskləri” nəzərə almalıdır,

ifrat olan şeylər insanın özünə qarşıdır.

Hər şeydən çox inqilabi zorakılığı ittiham edirdi Kamyu. Zorakılıqdan istisna hallarda istifadə eləmək olar (amma bu və ya digər şəkildə, o, Fransanın müharibə cəhdlərini də dəstəkləyirdi), amma ona görə, tarixi zorla sənin istədiyin istiqamətə yönəltmək üçün inqilabi zorakılıqdan istifadə utopik, ifrat və insanın özünə xəyanət idi.

Məhdudiyyətsiz azadlıq ən güclünün hökmranlığı deməkdir, - Kamyu yazırdı: məhdudiyyətsiz ədalət isə bütün ziddiyətlərin aradan qaldırılmasıyla mümkündür: ona görə də o, azadlığın məhvinə gətirib çıxarır”. Ədalət və azadlıq arasındakı münaqişə isə daimi balans, siyasi mötədillik, qəbuletmə və ən çox məhdudiyyət qoyulanın – bəşəriyyətin – ucaldılmasını tələb edirdi.

“Yaşa və imkan ver başqaları da yaşasın, bizi biz edən budur”.

Sartr “Qiyamçı”nı ikrahla oxudu. Onun nöqteyi nəzərinə görə, qüsursuz ədaləti və azadlığı əldə etmək mümkün idi – bu, kommunizmin uğurlarında özünü göstərirdi. Kapitalizm və yoxsulluq şəraitində isə işçilər azad ola bilməzdilər. Onların qarşısında olan seçimlər xoşagəlməz və qeyri-insani idi: ya sənə yad olan işdə amansızca istismar olunmalı, ya da ölməliydin. Lakin istismarçıları silib atmaqla və işçilərə böyük azadlıqlar verməklə, kommunizm hər bir fərdə maddi istək duymadan yaşamağa imkan verirdi və buna görə də o, işçilərə özləri üçün istədiklərinin ən yaxşısını verirdi. Onları azad buraxırdı və insanı kölə etmədiyi bu keyfiyyətinə görə, o həm də ədalət idi.

Froyd Yunqa qarşı: seks anlayışı üzərinə acı ədavət

Lakin problem bu idi ki, Sartr və Soldakıların bir çoxu üçün nailiyyət qazanmaqdan ötrü kommunizm inqilabi zorakılıq tələb edirdi, çünki mövcud nizam dağılmalıydı. Qatı və mötədil solçular arasındakı bu fikir ayrılığı – ümumən kommunistlər və solçular arasındakı – yeni bir şey deyildi. 1930-larda və 40-ların əvvəllərində ikisi faşizmə qarşı ittifaq qursalar da, faşizmin məhv edilməsindən sonra zorakılıq törətmək istəyən qatı kommunistlərlə bunu təqdir etməyən mötədillər arasındakı anlaşılmazlıq yenidən meydana çıxdı. Bu anlaşılmazlıq Sağın praktiki yoxluğu və Sovet İttifaqının (Avropa boyunca qatı kommunistləri dəstəkləsə də, QULAQ-lara, terror və saxta məhkəmələrə görə Sovet onlarda şübhələr oyadırdı) birbaşa müdaxiləsinin olmadığı bir şəraitdə özünü daha da dramatik şəkildə göstərirdi. Müharibədən sonra hər bir solçunun qarşısında duran sual sadə idi: sən hansı tərəfdəsən?

“Qiyamçı”nı nəşr eləməklə, Kamyu zorakı inqilaba qarşı çıxan dinc sosializmi üstün tutmuşdu. O, SSRİ-dən gələn xəbərlərdən dəhşətə gəlirdi: bu, kommunistlərin əl-ələ verib azad yaşadığı bir ölkə yox, ümumiyyətlə azadlığın olmadığı bir ölkə idi. Eyni vaxtda isə Sartr kommunizm üçün mübarizə aparmağa, lazım gələrsə onu həyata keçirməkdən ötrü zorakılıq törətməyə belə hazır idi.

İki dost arasındakı fikir ayrılığı media üçün də sensasiya idi. Sartr-ın redaktoru olduğu “Les Temps Modernes” jurnalı “Qiyamçı”nı tənqid edəndən sonra satışı üç qat artmışdı. “le Monde” və “L’Observateur” bu qovğanı coşğuyla yayımlayırdılar. İntellektual fikir ayrılığına bu dərəcədə ictimai marağı bugünlərdə təsəvvür etmək mümkün deyil, amma bu fikir ayrılığında bir çox oxucular dövrün siyasi münaqişələrinin inikasını görürdülər. Bu, fikir dünyasında oynanılan siyasətin görüntüsü və ideyaların dəyərinin göstəricisi idi. Əgər sən həqiqətən də bir ideyaya axıracan sadiqsənsə, ona görə öldürməyi gözə ala bilərsənmi? Ədalətin bədəli nədir? Azadlığın bədəli nədir?

Bu nöqtədə Sartrın mövqeyi ziddiyətlərdən xali deyildi, necə ki, onun bütün qalan ömrü ziddiyyətlərlə zəngin olacaqdı. Egzistensialist olan Sartr deyirdi ki, insan azadlığa məhkumdur, bir Marksist olan Sartr həm də bunu deyirdi ki, egzistensial mənada tarix heç zaman insana həqiqi azadlıq üçün imkan yaratmır. O heç vaxt Fransa Kommunist partiyasına üzv yazılmasa da, Avropa boyunca kommunizmi dəstəkləyirdi. Bu dəstək ta 1956-cı ilə qədər Sovet tankları Budapeştə soxulana qədər davam etdi (Sovetlər Macarıstana girəndə, o təlaş içində idi, deyirdi ki, onlar lap amerikanlar kimi davranırlar).

Sartr bütün ömrü boyunca Solun güclü səsi olmaqda davam edəcəkdi. Onun sevimli hədəfi isə Fransa prezidenti Şarl de Qoll idi (Sartrın xüsusilə bir amansız hücumundan sonra Qolldan Sartrın həbs edilməsi istənilmişdi. O isə belə cavab vermişdi: “Volteri həbs eləmək olmaz”). Sartr ömrünün sonunacan müəmma olaraq qaldı, 1980-cı ildəki ölümünə yaxın isə o, Maoizmlə vaxt öldürürdü. Sartr SSRİ-dən uzaqlaşsa da, heç bir zaman inqilabi zorakılığın mümkün olması ideyasından əl çəkmədi.

Volter Bastiliya məhkumundan məşhur dramaturqa necə çevrildi?

Kommunizmdəki zorakılıq Kamyunu isə başqa istiqamətə apardı. “Qiyamçı”da o yazırdı: “Nəhayət, mən azadlığı seçdim. Əgər ədalət gerçəkləşmirsə belə, azadlıq ədalətsizliyə qarşı getmək üçün bir güc olmaqda davam edir və rabitəni açıq saxlayır”.

Soyuq Müharibənin bir başqa tərəfindən baxanda, Kamyuya simpatiya bəsləməmək, Sartrın isə sadiq kommunist kimi qalmağı üstün tutmasını sorğulamamaq mümkün deyil. Kamyunun ayıq siyasi reallığı, əxlaqi təvazönü, məhdudiyyətləri və çökməkdə olan bəşəriyyəti əsas tutması bu günlə səsləşən uğurlu bir mesajdır.

Hətta ən müqəddəs və dəyərli fikirlər də bir-birinə qarşı balanslaşdırılmalıdırlar.

İfrata varma və mümkünsüz idealizm nə qədər cəlbedici olsa da, irəliyə addım atmaq üçün təhlükəlidir. Əslində Avropanın küllər içində qalmasına da səbəb bunlar idi. Elə Kamyu da, Sartr da bu küllərin içində daha ədalətli və azad dünya qurmaq üçün mübarizə aparırdılar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR