Hələ də xoşbəxt olmaq mümkündümü?

Bertran Rassel

Fəlsəfə
Photo

Bəzi dostlarımın sözləri və yazıları məni, modern dünyada xoşbəxtliyin mümkünsüzlüyünə inandırmışdı. Ancaq müşahidələrim, xarici ölkələrə etdiyim səfərlər və bağbanımla apardığım söhbətin nəticəsində bunun doğru olmadığını anladım. Ziyalı dostlarımın xoşbəxt olmadığını digər yazımda dilə gətirmişdim. Bu yazımda isə, həyatımda qarşılaşdığım xoşbəxt insanları dəyərləndirmək istəyirəm.

Bir çox çeşidi olmaqla birlikdə, başqa tərəfdən baxanda xoşbəxtliyin iki növü olduğunu görürük. Xoşbəxtliyi konkret yaxud xəyali, maddi yaxud mənəvi, duyğusal ya da məntiqi xoşbəxtliklər kimi çeşidləndirmək olar. İki növlü xoşbəxtliyin isə bir növü hər kəs üçün, digəri oxuyub-yazanlar üçündür. Uşaqlığımda, xoşbəxtlik duyğusunun təsiriylə ağzı gülməkdən qulaqlarına qədər genişləyən bir insan görmüşdüm: gördüyü iş quyu qazmaq idi. Uzunboylu, əzələli bir adam idi, oxuyub-yazmağı bacarmırdı, Parlament adlı qurumun varlığıyla 1885-ci ildə, səs verməyə gedərkən tanış olmuşdu. Onun xoşbəxtliyinin qaynağı kültürə bağlı deyildi, bu xoşbəxtlik təbiət qanunlarına, növlərin təkminləşdirilməsiylə bağlı inanca, qiyamət gününə inananların sonda mənfəətlə qarşılaşacağı ideyasına yaxud ziyalıların həyatdan zövq almaq üçün gərəkli saydıqları dəyərlərin heç birinə söykənmirdi. Onun xoşbəxtliyi fiziki fəaliyyətdən, yetəri cidd-cəhddən, daş-qaya əngəllərini aşmaqdan qaynaqlanırdı. Bağbanımın xoşbəxtliyi də buna bənzəyir, dovşanlarla savaşır və onlar haqqında, İngilis polisinin Bolşeviklərdən bəhs etdiyi kimi söhbət açır, onların alçaq, fəndgir və yırtıcı olduqlarına inanır, onların öhdəsindən gəlmək üçün onlar qədər hiyləgər olmağa gərək duyulduğunu söyləyir. Hər gün ovladıqları çöl donuzunu digər günün səhəri qarşılarında görən Valhalla Qəhrəmanları kimi mənim bağbanım da düşmənini, kökünü qurutmaqdan çəkinmədən, hər gün öldürə bilər. Yetmiş yaşı ötməsinə baxmayaraq bütün gün çalışır, eviylə işyeri arasındakı otuz kilometrlik, enişli-çıxışlı yolu hər gün velosipediylə gedib-gəlir, ancaq nəşəli ruh halı yox olmur. Bu yüksək əhvalı da “Aha, bax, o dovşanlar” təmin edir.

Yəqin deyəcəksiz ki, belə bəsit zövqlər sizin kimi insanlar üçün deyildir. Hər gün dovşanlarla mücadilə etməkdən hansı zövqü almaq olar ki? Mənə görə bu zəif arqumentdir. Dovşan çox böyük olduğu halda, hansısa elm insanı sarı qızdırma virusuyla mücadilə etməkdən də xoşbəxtlik duya bilər. Bağbanımın zövq aldığı əyləncələrdən yüksək kültürə sahib insanlar da həyəcan duya bilərlər. Burada öyrənməklə bağlı fərq, həzzin əldə edilməsi üçün həyata keçirilən hərəkətlərdədir. Başlanğıcda, uğur qazanmağın şübhəli görünməsi, fəaliyyətin sonunda hiss edilən uğur zövqünü artırır. Gücünü əskik sayan bir insan üçün sondakı uğur surpriz effekti yaradır. Əslində, heç bir işə atılmayacaq qədər özünü zəif görmək nə qədər yanlışdısa, aşırı özünübəyənmişlik də bir o qədər yanlışdır.

Müasir cəmiyyətimizdə elm adamları yüksək təhsil görmüş insanlar arasında ən xoşbəxt insanlar sayıla bilər. Bu halın duyğusal yönləri olduqca bəsitdir. Elm adamları gördükləri işdən elə bir könül təminatı yaşayırlar ki, yemək yeməkdən, evlilkdən belə ləzzət alırlar. Rəssamlar ilə ədəbiyyatçılar evlilik həyatında bədbəxt olmağı zəruri sayırlar, ancaq elm insanları əksərən köhnə modalı evdar tipin xoşbəxtliyini yaşayırlar. Bunun əsas səbəbi zəkalarını bütünlüklə işlərinə vermiş olmaları və gərəksiz mövzular barədə baş yormamaqlarıdır. İşlərində xoşbəxtdirlər, çünki modern dünyada elm güclüdür, dayanmadan irəliləyir və elmin əhəmiyyətindən nə özləri, nə də xalq şübhə duyur. Bəsit həyəcanlar sferasında hər hansı bir əngəllə qarşılaşmadıqlarına görə qarışıq həyəcanlara da ehtiyac duymurlar. Həyəcanlardakı xaotiklik dərədəki köpüyə bənzəyir. Sakit-sakit axıb gedən axıntının qarşısını kəsən əngəllər xaotiklik yaradır. Ancaq təməl güclər əngəllənmədiyi təqdirdə, suyun səthində dalğalar yaranmır və bu güclərin nəyə qadir olduğunu ancaq mütəxəssislər bilir.

Elm insanının həyatında xoşbəxtliyin hər növü tapılır. Qabiliyyətlərini tətbiq edə biləcəyi işi var, xalq onun nə etdiyini anlamasa da belə, yenə də xalq tərəfindən önəmli sayılan işlərlə məşğul olur. Bu baxımdan elm insanı sənətkardan daha şanslıdır. Xalq bir rəsm əsərini yaxud şeiri anlamayanda onun pis olduğunu düşünür. Nisbilik nəzəriyyəsini anlamadığı zamansa, haqlı olaraq, bu işi anlamaq üçün lazimi təhsilə yiyələnmədiyi qənaətinə varır. Buna görə də Eynşteyn hörmət gördüyü zaman bəzi böyük rəssamlar tavan arasında soyuqdan titrəyirlər və Eynşteyn xoşbəxt yaşayarkən həmin rəssamlar bədbəxt həyat sürürlər. Həyatları boyunca durub-dincəlmədən insanların onlara qarşı duyduqları şübhəni yenib özlərini qəbul etdirmək üçün mücadilə aparan insanların cüzi hissəsi həqiqətən xoşbəxt ola bilər, bu da ancaq kiçik bir dost qrupuna daxil olub dışarıdakı soyuqluğu unutmaqla mümkün ola bilər. Elm insanının isə dost qrupuna ehtiyacı yoxdur, çünki o zatən məsləkdaşlarından başqa hər kəs tərəfindən sevgi və hörmət görür. Sənətkar isə ya aşağılanmaq, iztehzayla qarşılanmaq ya da dəyərsiz olmaq arasında, çətin vəziyyətdə qalır. Əgər böyük istedada sahibdisə, bunlardan birini seçməkdən başqa çarəsi yoxdur və əgər istedadından istifadə etmək qərarına gəlirsə birinci yolu seçir, əgər istifadə etmirsə ikinci yola, dəyərsizliyə qatlaşır. Amma bu həmişə və hər yerdə belə olmayıb. Yaxşı sənətkarlara, özü də gənc yaşlarında dəyər verilən məqamlar da olub. 2-ci Yuliy Mikelangeloya qarşı sərt davranmışdır, ancaq sənətkar olmadığını söyləməmişdir. Bizim dövrümüzün milyoneri isə, artıq əsər yarada bilməyən sənətkarların üzərinə pul yağdıra bilər, ancaq onların etdiyi işi heç zaman öz işi qədər dəyərli saymaz. Sənətkarların elm insanlarıyla müqayisədə daha az xoşbəxt olmasında bu durumun da rolu var.

Hindistanda, Çində və Yaponiyada siyasi təsirlər gənc aydının xoşbəxtliyinə əngəl ola bilər bəlkə də, ancaq Qərbdə olduğu kimi daxili əngəllər yoxdur. Gənclərin əhəmiyyətli saydığı fəaliyyətlər vardır və bu fəaliyyət uğur qazandığı təqdirdə gənclər özlərini xoşbəxt hiss edirlər. Milli həyatın gedişatında önəmli rola sahib olduqlarını, əldə edilməsi çətin, fəqət mümkün olan hədəflərinin var olduğunu hiss edirlər. Yüksək təhsil görən Qərbli gənc qadın və kişilərin əksərində, ətrafda baş verən sosial hadisələrə qarşı laqeydlik, bəyənməzlik meyli müşahidə olunur. Bu hal maddi rahatlıqla gücsüzlüyün birləşməsindən qaynaqlanır. Gücsüzlük, insanları “heç bir iş görməyə dəyməz” əhval-ruhiyyəsinə sürükləyir, komfort isə bu durumu dözüləsi vəziyyətə çevirir. Şərq ölkələrində universitet tələbələri cəmiyyəti təsirləndirmək baxımından modern Qərblə müqayisədə daha geniş imkanlara sahibdilər, ancaq maddi baxımdan daha aşağı fürsətlərlə qarşı-qarşıyadılar. Gücsüz olmadıqları və maddi baxımdan kasad olduqları üçün də laqeyd deyil, islahatçı ya da inqilabçı olurlar. İslahatçı və inqilabçının xoşbəxtliyi milli inkişafa bağlıdır, ancaq islahatçı ilə inqilabçı silahlı ölümə məhkum edilərkən belə, bəlkə də komfort içində üzən laqeyd bir gəncin heç zaman hiss edə bilməyəcəyi bir xoşbəxtliklə çulğalaşır. Çinin mühafizəkar bir bölgəsində mənim məktəbimə bənzər bir məktəb açmaq istəyən gənc bir Çinlinin ziyarətini xatırlayıram. Bunu edərkən başının kəsiləcəyini bilirdi, ancaq yenə də qibtə edə biləcəyim sakit xoşbəxtlik içində idi.

Dünyada təkcə uca xoşbəxtliklərin mümkün olduğunu söyləmək istəmirəm. Əslində bu növ xoşbəxtliklər müəyyən azlığın yetə biləcəyi xoşbəxtliklərdir, çünki hər kəsdə belə hisslərin yaranmasına rəvac verəcək özünəyetərlik və maraq genişliyinə rast gəlinmir. İşləməkdən təkcə elm adamları həzz almadığı kimi, hansısa iddianı müdafiə etməkdən də təkcə dövlət adamları zövq almır. İşləmək zövqü, müəyyən bir sənətkarlığa çatmış və alqış gözləməyən, ustalığını işə tətbiq etməkdən xoşhallanan bütün insanların hiss edə biləcəyi zövqdür. Gənc olarkən ayaqlarını itirmiş olsa da, sakit və xoşbəxt həyat sürən bir insanla tanış olmuşdum, xoşbəxtliyini gül xəstəlikləri haqqında beş cilddən ibarət kitab yazmaqda tapmışdı. Bu sahədə böyük mütəxəssis idi. Heç zaman hansısa konkologiya mütəxəssisiylə tanışlığım olmayıb, ancaq tanışlarımın söylədiyinə görə, balıqqulaqlarını yığmaq və incələmək xoşagələn işiymiş. Bir zamanlar dünyanın ən böyük bəstəkarı sayılan və həyatlarını ulduz sənətkarların arxasınca qaçaraq keçirən insanlar tərəfindən sayılıb-seçilən bir insan tanıyırdım. Bu adam, hər kəsə asanlıqla hörmət izhar etməyən insanların sayğısını qazanmaqdan ziyadə, öz sənətiylə məşğul olmaqdan, ustad rəqqasların rəqsdən aldıqları həzzə bənzər ləzzət alırdı. Bir çox bəstəkarın həm də riyaziyyat, Nestorian mətinləri, mixi yazı ya da digər bu kimi çətin sahələrdə usta olduqlarının da şahidi olmuşam. Onların şəxsi həyatlarında xoşbəxt olub-olmadıqlarını bilmirəm, ancaq işlədikləri zaman yaradıcı instinktləri bütünlüklə təmin olmaqdaydı.

İndiki makina çağında hünər istəyən əl işləri üçün keçmişdəkinə nisbətən daha az fürsət tapıldığını söyləmək alışqanlığa çevrilib. Mən bu fikrin doğruluğuna şübhə edirəm, düzdü, dövrümüzün usta işçiləri Orta əsrlərin əsnaflarından daha çox və daha fərqli işlərdə çalışır, ancaq gördükləri işlər daha önəmli və gərəklidir. Praktik elmi cihazları və həssas makinaları quraşdıranların, plan cizənlərin, təyyarə makinistlərinin, sürücülərin və digər əl işində çalışanların gördüyü işlərdə ustalıq dərəcəsinə çatmağın sərhədi yoxdur. Mənim qənaətimə görə ibtidai əkinçilər dövrümüzün makina ustası yaxud sürücüsü qədər xoşbəxt deyildilər. Tarlasında işləyən kəndlinin dəyişik işlərlə məşğul olduğu doğrudur, heyvanını sürür, əkir, biçirdi. Ancaq bəhər qazanması təbiətə bağlıydı və bunu heç zaman ağlından çıxarmırdi. Fəqət hansısa mexanizmi, makinanı işlədən bir fəhlə iş prosesində təbii əngəllərlə qarşılaşanda nə edəcəyini yaxşı bilir və özünü təbiət qüvvələrinin köləsi saymır, onların öhdəsindən gələcəyini hiss edir. Əlbəttə, orası doğrudur ki, makina işlədən fəhlələr və sürəkli rutin funksiyaları yerinə yetirənlər üçün çalışmaq o qədər də maraqlı olmur. Əslində makina sənayesinin əsil məqsədi, rutin və maraqsız işləri makinaların həyata keçirməsi, insanların isə zamanlarını və enerjilərini dəyişiklik və qərarlaşdırma tələb edən işlərə ayırması olmalıydı, ancaq biz bu məqsəddən hələ çox uzağıq. Əgər bu hədəfə yaxınlaşsaq, işləmək, ibtidai əkinçilikdən daha az yorucu və bezdirici olacaq. İnsanlar aclıqdan ölmək təhlükəsini azaltmaq üçün kənd təsərrüfatına başlamış, rutin və usandırıcı işlə məşğul olmağa razı olmuşdular. Halbuki qidalarını ovçuluqla əldə etdikləri zaman işləmək onlara daha artıq xoşbəxtlik bəxş edirdi. Bunu, zəngin insanların zaman tapdıqca əcdadlarımız kimi ova getməyindən də başa düşə bilərik. Ancaq bəşəriyyət, makinalardan istifadənin nəticəsində, əkinçiliklə birgə başlayan çətin, üzüntülü, usandırıcı halından yavaş-yavaş xilas olmaqdadır. Sentimental insanlar, Hardinin torpaqla iç-içə yaşayan filosof kəndlilərinin yetkinliyindən bəhs edə bilərlər, amma kənd cavanlarının yeganə diləyi, küləyin, yağışın və qış gecələrinin köləsi olmaqdan xilas olub, kinoteatrların və fabriklərin daha humanist və güvənli mühitinə sığınmaqdır. Siravi insanın xoşbəxt olmaq üçün dostluğa və dəstəyə ehtiyacı var, bu ehtiyaclar isə sənaye mühitində, əkinçilik mühitinə nisbətən daha asanlıqla təmin edilir.

Hansısa sosial ideyaya inam duymaq da bir çox insan üçün xoşbəxtlik qaynağıdır. Bunu söyləyərkən, təkcə əzilən ölkələrdəki inqilabçıların, sosialistlərin, milliyyətçilərin inanclarını nəzərdə tutmuram, daha təvazökar inanclara sahib olan insanları da nəzərimdə saxlayıram. Tanıdığım insanlar arasında ingilislərin, müqəddəs kitablarda adı çəkilən, itmiş on qəbilə olduğuna inananlar var ki, hamısı xoşbəxtdir, ancaq İngilislərin İbrahim peyğəmbər ilə Manassiyanın qəbilələri olduğuna inananların xoşbəxtliyi isə sərhədsizdir. Oxucunun bu iddiaya inanmasını istəmirəm və gözləmirəm, çünki mən özüm də yanlış olduğunu düşündüyüm inanclardan qaynaqlanan xoşbəxtliyi müdafiə edə bilmərəm. Ancaq gülünc və xəyali olmayan, təvazökar inanc formaları tapmaq da çətin iş deyil. Əgər kimsə belə bir inanc tapa bilsə, boş zamanlarını dolduracaq məşğuliyyət və həyatın mənasızlığına qarşı istifadə edə biləcəyi ruhani zireh tapdığını düşünə bilər.

Əsas işdən əlavə bir məsləklə məşğul olmaq, təvazökar bir inanca bağlanmaqdan fərqli deyil. Yaşayan riyaziyyatçıların ən tanınmış nümayəndələrindən biri vaxtını riyaziyyat ilə marka toplamaq arasında bərabərcə bölmüşdü. Mənə elə gəlir ki, əsas işində uğur qazanmadığı zamanlarda ikinci məşğuliyyəti onu bir müddət sakitləşdirib təsəlli edirdi. Ancaq toplanıb kolleksiyaya yığılacaq yeganə nəsnə marka deyil. Antik çini qablar, Roma pulları, ox başlıqları və yonma daş nümunələri də kolleksiya nəsnəsi ola bilər. Orası düzdü ki, bir çoxumuz bu cür məşğuliyyətlərə yönəlməyəcək qədər ağıllıdır. Yəqin ki, hamımız uşaq olarkən bu cür işləri təcrübədən keçirmişik və yetkin insan üçün lüzumsuz saymışıq. Ancaq bu cür düşünmək xətalıdır, çünki başqalarına pisliyi toxunmayan hər əyləncə növü dəyərlidir. Məsələn, mən çaylara maraq duyuram: Volqada üzüaşağı, Yanszıda üzüyüxarı getməkdən xoşum gəlir və Amazonla Orinokonu görmədiyim üçün kədərlənirəm. Bu cür həyəcanlar ola bilər bəsitdir, ancaq məni utandırmır. Oyun azərkeşlərinin duyğusal həzzlərini xatırlayın, qəzeti necə həvəslə açırlar, radioda oyunla bağlı eşitdikləri məlumatlar ürəklərini necə həyəcanla döyündürür. Oxuduğum kitablarına əsasən bir yazıçının melanxolik olduğunu fikirləşirdim, Amerikanın böyük yazıçısıydı. Onunla tanış olduğum anı xatırlayıram, həmin anda radioda beyzbol oyunları haqqında məlumat verirdilər. Bunu eşidən yazıçı məni də, ədəbiyyatı da, bütün dərdlərini də bir kənara atıb, azərkeşi olduğu komandanın qalib olması şərəfinə sevinclə hayqırdı. Bu hadisədən sonra onun kitablarını, artıq qəhrəmanlarının binəsibliyinə qüssələnmədən oxuya bilirəm.

İkinci bir məsləklə məşğul olmaq ya da nəyəsə düşkün olmaq xoşbəxtliyin əsaslı mənbəyi olmaya bilər, ancaq qatı gerçəkləri və ağır iztirabları unutmağın bir yolu sayıla bilər. Xoşbəxtlik həm də insanlara və çevrəyə qarşı duyulan dostcasına marağa söykənir. Sahibolucu xarakter daşımır və eyni dərəcədə qarşılıq gözləmir. Qarşılıq gözləmək çox zaman pərişanlığa yol açır. İnsanları öyrənməyi sevmək, onların xüsusiyyətlərindən xoşlanmaq insanı xoşbəxt hiss etdirə bilər və bu cür maraq onlar üzərində hökmranlıq qurmaq və heyranlıqlarını qazanmaqdan daha effektivdir. Başqalarına qarşı səmimi davranan insan onlar üçün xoşbəxtlik qaynağı olur və dostanə qarşılıq görür. Başqalarıyla qurduğu münasibət sayəsində həm maraq, həm də sevgi ehtiyacını təmin edir, belə adam nankorluqla nadirən rastlaşır və rast gəldiyi zaman da buna xüsusi diqqət etmədiyi üçün kədərlənmir. Başqalarını əsəbləşdirən davranışlar onu əyləndirir. Başqalarının çabalayıb əldə edə bilmədiyi yaşantıları o asanlıqla ələ keçirir.

Rahat və əksərən xoşbəxt hiss etdiyi üçün dostluğu da yaxşı bacarır, bu da əlavə olaraq xoşbəxtliyini daha da artırır. Ancaq bu dostluq və maraq gərək səmimi olsun, daxildən gəlsin, məsuliyyət yaxud fədakarlıq xarakteri daşımasın. Vəzifə, məsuliyyət duyğusu iş üçün yararlıdır, ancaq dostluq, yoldaşlıq münasibətlərində adətən incidici olur. İnsanlar dözülməyi deyil, sevilməyi istəyirlər. Fərdi xoşbəxtliyin ən böyük qaynağı bəlkə də özünü məcbur etmədən, içindən gəldiyi kimi digər insanlarla maraqlanmaqdır.

Yuxrıdakı paraqrafda ətraf mühitə duyulan dostanə maraqdan bəhs etmişdim. Geoloqun qayalara, arxeoloqun tarixi qalıqlara duyduğu marağın özündə də dostluq duyğusunu andıran çalarlar vardır, bu cür maraq insanlara ya da cəmiyyətə göstərdiyimiz münasibətdə də özünə yer etməlidir. Düşmənlərlə maraqlanmaq da mümkün haldı. Hörümçəklərdən iyrənən və onların az olduğu bölgələrdə yaşamaq istəyən bir insan hörümçəklərin özəllikləri haqqında bilgi toplaya bilər. Fəqət, bu cür maraq növü, geoloqun qayaların xassələrini öyrəndiyi anda hiss etdiyi həzzi insana bəxş edə bilməz. Sevmədiyimiz mövzulardan sevdiyimiz mövzular qədər ləzzət almırıq, ancaq istənilən halda onlara da maraq göstərmək önəmlidir. Dünya geniş, qabiliyyətlərimiz məhduddur. Özbaşımıza əldə edə biləcəyimiz xoşbəxtlik cüzidir. Çox şey arzulamaq, həyatdan çox şey gözləmək də yetə biləcəyimiz xoşbəxtliyin əlimizdən çıxmasına gətirib çıxa bilər. “Ulduzların yaranma tarixi” kimi bir mövzuyla maraqlanan insan, fərdi varlığından uzaq olan bu sferaya zehni səyahət edib qayıtdıqdan sonra görəcək ki, nəinki gündəlik sıxıntılarının öhdəsindən gəlməsinə imkan verəcək sakitlik və rahatlığa qovuşub, üstəlik keçici də olsa həqiqi xoşbəxtlik duyğusunu yaşamağı bacarıb.

Xoşbəxliyin əsas sirri budur: Maraq dairənizi imkan olduqca genişlədin və sizi maraqlandıran nəsnələrə qarşı göstərdiyiniz reaksiyanın düşməncəsinə deyil, dostcasına olmasına çalışın.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR