Kino dünyanın ən qəşəng kələkbazlığıdır

Jan Lyuk Qodar

Sənət
Photo

Zamanımı keçirmək üçün film çəkirəm.

Mən burjua filmləri çəkən rejissor kimi işə başlamışam, çünki burjua mühitindən çıxmışam. Qarışqalarla məşğul olan insan, sərtqanadlı böcəklər barədə nəsə deyə bilməz.

Ağlımda bir film ideyası var, adı belədir: “Xalq hakimiyyəti qəsb edir”. Birinci hissə: Sosialistlər hakimiyyəti ələ keçirir. İkinci hissə: Qadınlar sosialistləri devirir. Üçüncü hissə: Uşaqlar qadınları devirir. Sonra isə uşaqlar heyvanlar tərəfindən devrilir. Beləliklə dörd hakimiyyət dövrü. Dəqiq hesablamamışam, ancaq bu filmin çəkilməsi təqribən üç yüz ya da dörd yüz milyona başa gələcək, bu məbləği isə heç “Xaç atası” filmi belə müəlliflərinə bəxş edə bilməyib, odur ki, bu ideyamın gerçəkləşəcəyini mümkünsüz sayıram.

“Yeni Dalğa” filminin bahalı filmə qarşı çəkilən ucuz bir film olduğuyla bağlı fikirlər var, ancaq bu doğru deyil. “Yeni dalğa” sadəcə- hansı qiymətə çəkilməsindən asılı olmayaraq- pis filmə qarşı çəkilən yaxşı bir filmdir.

İncəsənət- üzünü çevirib Sodom və Qomorronu görmək və məhv olmamaqdır.

İndi xeyli sayda insan kinonun necə çəkildiyini bildiyini sanır. Əgər həmin insanlar təyyarəqayırma ilə məşğul olsaydılar, düzəltdikləri təyyarələr ilk uçuşdaca çökərdi. Ancaq kino sahəsində buna bənzər fəlakətlər tez-tez “Oskar”a layiq görülür.

Los Angeles- bu sadəcə nəhəng bir qarajdır.

Həmişə fransız kinosuna ürəyim yanıb, çünki onun pulu yoxdur, Amerikan kinosuna da acıyıram, çünki ideyadan məhrumdur.

Müharibə bəsitdir: Bəlli dəmir parçasını bəlli bir ət parçasına yerləşdirmək lazım.

Fotoqrafiya həqiqətdir. Kino isə saniyədə 24 kadrdan ibarət həqiqət.

Dokumentalistika xəyala tətbiq olunduqda maraqlı olur, xəyal məhsulu isə faktlarla dəstəkləndiyi təqdirdə maraqlı gəlir.

İncəsənətin müxtəlif formaları artıq çoxdandır ki bir-birinə qarışıb və bu sənətin qürubunun ən aşkar göstəricisidir.

Uzunqulaqlar arasında yaşamaq, onlar kimi kişnəməli olduğumuz anlamına gəlmir.

“Kültür” sözünü eşidən kimi çek kitabçasını qamarlayıram.

Cavan və zəngin olmaq ədəbsizlikdi. Qocalıq və zənginlik bir-biriylə daha çox uyğunlaşır.

Hər şeydən çox nəyi istəyirəm? Ölümsüz olmağı və ölməyi.

Heç kimlə danışmıram, əgər aktyorlarla da ünsiyyət qurmaq zərurəti olmasaydı, həqiqətən tək-tənha olardım.

Əsas olan səyahət deyil, o səyahəti kiminlə keçirdiyin əsasdır.

Filmə qarşı hansısa hisslərin yaranacağını düşünmürəm. Hisslər qadınla münasibətdə yarana bilər. Kinonu isə öpmək olmaz.

Pornoqrafiya, sevgi səhnələrini yetəri keyfiyyətlə çəkə bilməyən siravi kinonun zəifliyinin göstəricisidir.

İncəsənət, varlığımızın gizlənmiş yönlərini nümayiş etdirdiyi dərəcədə bizi cəlb edir.

Kinoyla televiziya arasındakı fərq göz qabağındadır: Kinoya gedəndə başımızı yuxarı qaldırırıq, televizora baxandasa aşağı salırıq.

Hər şey bitib. Bir zamanlar kino həqiqətən cəmiyyətə müsbət mənada təsir göstərə bilirdi, ancaq o dövr keçdi.

Məndə belə bir təəssürat formalaşıb ki, son 20 ya da 30 ildə Hollivuddakı kinoları klerklər, hüquqşunaslar və hesabdarlar çəkir.

Başqa filmləri tənqid etmək üçün gərək özünküləri çəkməyi öyrənəsən.

Kino dünyanın ən qəşəng kələkbazlığıdır.

Hər filmin gərək əvvəli, ortası və sonu olsun, ancaq sıralamanın məhz bu cür getməsi məcburi deyil.

Bizim hamımızın hər zaman Orson Uells qarşısında mənəvi borcumuz olacaq.

Tarantino öz kinokompaniyasını mənim filmlərimdən birinin şərəfinə adlandırıb (Bande a part, 1964-cü il). Bunun yerinə mənə sadəcə pul versəydi daha yaxşı olardı.

Qar üzərinə sidikləyib öz adını yazmağı bacaranlar çox oldu , fəqət onlar arasında Lyuk və ya Jo adında olanlar nə çox, İohann-Sebastyanlar isə nə azdır.

Özümü müasir kinematoqrafist hesab edirəm, çünki hələ sağam.

Olmaq və ya olmamaq- bu ümumiyyətlə sual deyil.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR