Uğursuzluğun filosofu: Emil Cioranın ümidsizliyinin zirvələri (1-ci hissə)

Fəlsəfə
Photo

Bəzilərinə görə dövrünün ən dağıdıcı mütəfəkkirlərindən biri idi; 20-ci əsrin Nietzsche-siydi, bununla belə, daha sərt və daha yaxşı yumor anlayışına malikdi. Bir çoxu isə, onun xüsusən cavanlığında təhlükəli dəli olduğunu düşünürdü. Yenə də digərlərinə görə – bəlkə də özü xaric – kiməsə zərəri toxunmayan, sadəcə cəlbedici şəkildə məsuliyyətsiz gəncdi. Mistisizmə dair kitabı mətbəəyə getdiyi zaman, yaxşı dindar və yaxşı adam olan mürəttib, kitabın məzmununun dini baxımdan nə qədər küfürlü olduğunun fərqinə varanda kitaba toxunmağı rədd etdi. Lakin naşir bu məsələni həll edə bildi, nəhayət dinə küfr edən bu kitabı müəllif öz səyləriylə nəşr etmək məcburiyyətində qaldı. Doğrudan da, bu adam kim idi?

Rumıniyada anadan olmuş fransız filosof Emil Cioran (1911-1995) vəhşi və sarsıdıcı gözəllikdə iyirmidən artıq kitabın müəllifidir.

Faşist, qadın düşməni və yumorsuz - Nitsşe niyə səhv başa düşülüb?

Ən köklü fransız ənənəsinə sadiq esseçidir, ana dili fransızca olmamasına baxmayaraq çox insan onu bu dildə yazan ən yaxşı müəlliflərdən biri hesab edir. Yazı üslubu şıltaq, sistemsiz və fraqmentativ idi; aforizm böyük ustalarından biri kimi tanınır. Yenə də "fraqment" onun üçün yazı üslubundan artıqdır: parçalamağı sənətkarlıq, həyat tərzi olaraq görmüş, özünə "fraqment adamı" (un homme de fragment) demişdi.

Cioran tez-tez özü ilə konflikt yaşasa da, bu, onun narahatlıqlarından ən əhəmiyyətsizidir. Özü ilə ziddiyyət zəiflik belə deyildir, əksinə, zehnin diriliyinin əlamətidir. Yazmaq, onun üçün nə ardıcılıqla, nə də inandırmaq və ya oxuculara xoş gəlməklə bağlıdır, hətta ədəbiyyatla da əlaqəsi yoxdur. Yazmağın Cioran üçün, eynilə bir neçə əsr əvvəl Montendə olduğu kimi, özünəməxsus aktual funksiyası var:

bir neçə mətn yığını ərsəyə gətirmək üçün yox, ağlınıza uyğun hərəkət etmək üçün yazarsınız; şəxsi bir fəlakətdən sonra özünüzü ələ almaq və ya özünüzü pis depressiyadan çıxarmaq, ölümcül xəstəlik nəticəsində itirdiyiniz yaxın dostunuzun yasını tutmaq üçün yazarsınız. Dəli olmamaq, ya da özünüzü və ya digərlərini öldürməmək üçün yazarsınız.

Bir qarşılaşma: Monten və Sveyq

Cioran, ispan filosof Fernando Savater-lə söhbətinin bir yerində belə deyir: "yazmasaydım, sui-qəsdçi ola bilərdim". Yazmaq, həyat məsələsidir. İnsanın mövcudluğu, özlüyündə sonsuz bir çarəsizlik və ümidsizlikdir. Yazmaq isə şeyləri daha dözülən edir.

"Kitab" – deyir Cioran, "ertələnmiş intihardır".

Cioran ölüm düşüncəsi barədə dəfələrlə yazmışdı. "Ümidsizliyin Zirvəsi" (Pe culmile disperarii, 1934) adlı ilk kitabını hələ 23 yaşında, sadəcə bir neçə həftədə, qorxunc yuxusuzluqla əlbəyaxa olarkən yazmışdır. Hələ də gah rumın dilinin, gah da fransız dilinin ən yaxşı abidələrindən biri olan kitab, Ciora-nın həyatında yazmaqla yuxusuzluq arasında güclü və səmimi əlaqənin başlanğıcına işarə edir:

Yuxusuz gecələrimin səbəb olduğu daxili sıxıntının [cafard] orta yeri xaricində, yaza bildiyim an olmamışdır. Yeddi il ərzində çox çətinliklə yuxuya getdim. Bu daxili sıxıntıya ehtiyac duyuram, hətta bu gün belə yazmağa başlamamışdan əvvəl [hüznlü] bir macar roman xalqı musiqisi dinləyirəm.

Cioran-ın sistemsiz mütəfəkkir olması, əsərlərində vəhdət olmadığı mənasına gəlmir; tam əksinə, yaradıcılığı yalnız presedentsiz yazma və düşünmə tərzi ilə deyil, eyni zamanda bir sıra fərqləndirici fəlsəfi mövzular, motivlər və məcaz fərqlilikləri ilə də sıx şəkildə bağlıdır. Bunlar arasında uğursuzluq qabarıq şəkildə rol oynayır. Cioran uğursuzluğa təhkim olunmuş vəziyyətdə idi: uğursuzluq kabusu lap əvvəldən, rumınca yazdığı kitabından etibarən yaradıcılığında dolaşır; daha sonra həyatı boyu müvəffəqiyyətsizlikdən uzaq qalmadı. Həqiqi bir dauyenin meyl edəcəyi kimi bu vəziyyəti fərqli aspektlərdən, müxtəlif dayanacaqlarda ələ aldı, həm də bunu heç gözlənilməz yerlərdə axtardı. Cioran-a görə, yalnız fərdlər özlərini uğursuzluq halında görməz, eyni zamanda toplumlar, xalqlar və ölkələr də belədir. Xüsusilə də ölkələr; bir dəfə "İspaniyaya heyran olmuşdum" deyirdi Cioran, "çünki İspaniya uğursuzluğun ən möhtəşəm nümunəsini təqdim edirdi, dünyanın ən böyük ölkəsi olaraq bir növ çürüməyə düşmüşdü".

Uğursuzluq hər şeyə nüfuz edir. Necə ki kitablar, fəlsəfələr, qurumlar və siyasi sistemlər ləkələnə bilirsə, böyük fikirlər də uğursuzluqlarla ləkələnə bilir.

İnsanlığın vəziyyətinin özü Cioran-ın uğursuzluğa uğramış başqa bir layihəsidir: "artıq insan olmaq istəməmək", "başqa bir səfalət forması xəyal etmək" – deyə yazır, "Doğulmağın Eybi Barədə" əsərində (De l'inconvénient d'être né, 1973).

Kainat böyük bir uğursuzluqdur, buna görə də, həyatın özü də elədir.

"Əsas bir yanılqı olmasından da öncə," – deyir Cioran "həyat, nə ölüm, nə şeirin düzəltməyi bacardığı zövqsüzlükdür".

Uğursuzluq, Əhdi-Ətiqin kaprizli Tanrısı kimi, dünyada hökm sürür. Cioran-ın aforizmlərindən biri belə deyir: "Mənim ipimlə quyuya enməməli idiniz". "Bu dili kim israr edə bilər? Tanrı və İtirən".

Cioran uğursuzluq haqqında çox yaxşı danışa bilirdi, çünki uğursuzluğu içdən-içə bilirdi. Gəncliyində (həyatı boyu peşman olacağı) dağıdıcı siyasi layihələrə daxil olmuş, ölkələr və dillər dəyişdirib hər şeyə əvvəldən başlamaq məcburiyyətində qalmış, davamlı olaraq sürgün halında və qeyri-adi bir həyat sürmüş, demək olar ki, heç işləməmiş və demək olar ki, həmişə yoxsulluq həddində yaşayan biri idi Cioran. Uğursuzluq ilə dərin yaxınlıq qurmuş olmalıydı, hətta bir növ təbii istedadı idi. Faydalı uğursuzluq halına necə qiymət verəcəyini, inkişafını necə müşahidə edəcəyini və qarmaqarışıqlığın zövqünə necə varacağını yaxşı bilirdi. Uğursuzluq mürəkkəb şəkildə təkdir: uğurlu insanlar hər zaman eyni görünməyi bacarırlar, amma uğursuz olanlar çox fərqli formalarda uğursuz olurlar. Hər uğursuzluq bir xarici görünüşə və öz gözəlliyinə malikdir; uğursuzluq Cioran kimi mahir ustanı özünə, bayağı görünüşlü, amma əslində səs-küydən və adilikdən bəslənən böyük uğursuzluğu çatdırmaq üçün seçmişdi.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

Cioran əvvəl öz torpaqlarında, rumıniyalı dostları arasında uğursuzluqla üzləşdi. Uzun müddət Avstriya-Macarıstan İmperiyasının ərazisi olan, çox keçmədən, 1918-ci ildə Rumıniya krallığının bir hissəsi olan mərkəzdə, Transilvaniyada doğulmuşdu. Bu gün də transilvanyalılar ciddi iş etikası və ciddilik nümayiş etdirir, intizam və özünə nəzarəti əl üstündə tuturlar. Lakin Cioran ölkənin cənubunun paytaxtı Buxarestdə kollecə gedəndə tamamilə yeni mədəni kainata addım atdı. Burada qazanmaq bacarıqları fərqli idi: heç bir şey etməmə sənəti (yüngül bir aktyorluqdan tutmuş açıq şəkildə hamını məsxərəyə qədər), sofistiklərə məxsus intellektual sağlamlıq, təxirə salmağı peşə, həyatı israf etməyi sənət etmək hakim idi burada. Fəlsəfə fakültəsinin tələbəsi olaraq Cioran Buxarestdəki ən yaxşı sənətçilərdən bəziləri ilə təmasa keçdi. Bəzilərinin sərgilədiyi intellektual parlaqlıq ilə gicəlləndirici şəxsi uğursuzluq hissinin qarışığı, onun şərtsiz, daimi heyranlığını qazanmışdı:

Buxarestdə bir çox insanla tanış oldum, çoxlu maraqlı insanla, xüsusilə də kafedə ortaya çıxan, ara vermədən danışıb heç bir şey etməyən itirənlərlə. Deməliyəm ki, bunlar, mənə qalsa ən maraqlı adamlar idi. Həyatları boyu heç bir şey etməyən, amma başqa cür parlaq olan insanlar.

Həyatının geridə qalan hissəsində Cioran ölkəsi bildiyi uğursuzluq torpaqlarına daxilən borclu qalacaqdı. Bunda haqlı idi. Çünki rumınlar uğursuzluqla misilsiz əlaqə qururlar; eynilə eskimosların qar üçün saysız-hesabsız sözləri olduğu kimi, rumın dili də uğursuzluqla əlaqələndirilmiş bir yığın sözə malikdir. Cioran-ın bəyəndiyi, rumıncada ən çox istifadə edilən strukturlardan biri də n-a fost sa fie'dir ("mümkünatı yoxdur" deməkdir, lakin daha çox fatalizmə vurğu edən bir ifadədir). Bu ölkə qızıl mədənidir sanki.

Cioran yaxşı insanlardan qaçırdı, lakin anlayış və mərhəmət bəslədiyi yeganə insan növü olsaydı, bu ancaq le rate, yəni uğursuz biri olardı. 1941-ci ildə Parisdə rumın bir dostuna belə etiraf edirdi: "Rumın xalqının Şəxsi İstifadəsi Üçün" alt başlıqlı "Uğursuzluq Fəlsəfəsi" yazmaq istərdim, lakin bunu edə bilmirəm". Cioran gəncliyinə hər baxanda həmişə cəzbedici, şəfqət və heyranlıq dolu qarışığı, böyük itirənləri və Buxarestdə üzləşdiyi uğursuzluğun sonu gəlməyən mərasimini xatırlayacaqdı. Yeni-yeni meydana çıxan bir müəllif kimi ölkənin ədəbi səhnəsi onu özünə çəkdi, amma uğursuzluq səhnəsi qədər deyil: "Rumıniyadakı ən yaxşı dostlarımın hamısı yazıçı deyildi, amma uğursuz idilər".

Gənc Cioran üzərində ən həlledici təsiri olan Buxarest Universitetinin fəlsəfə professoru Nae Ionescu (1890-1940) adət edilmiş standartlara müvafiq olaraq möhtəşəm uğursuz adam idi. Heç vaxt kitab nəşr etdirmədi, dərsləri çox vaxt ya plagiatla dolu idi, ya da dərslərini improvizasiya edirdi, bəzən də "söyləyəcək bir şeyi yoxdur" deyə, dərslərə gəlmirdi. Tənbəlliyi dillərə düşmüşdü. Digər tərəfdən, Ionescu nəslinin ən zəki beyinlərindən biri, bir çox birinci ağızdan gələn xəbərə görə "dahi"ydi. Həmişə filosof olaraq qalan Ionescu kiçik uğursuzluq nəzəriyyəsi də inkişaf etdirmişdi (müvafiq şəkildə, nəşr etməməyi üstün tutmuşdu).

Lakin Cioran-ın özünü uğursuzluğunun uzaq müşahidəçisi kimi görməkdən xoşu gəlmirdi. Əvvəlcə öz-özünə məşğələlər aparmağa başladı və sonda öz tərzini tapdı. 1933-cü ildə, Berlindəki Fridrix Vilhelm Universitetində qonaq magistr tələbəsi olmaq haqqı qazandı. Almaniyaya gəldikdə başı dumanlı nasist rejiminə heyran qalmışdı. Həmin ilin noyabr ayında, dostu Mirça Eliade-ya belə yazırdı: "Burada qurduqları bu siyasi rejim məni olduqca ovsunlayır". Cioran nisbətən demokratik olan Rumıniyada hələ olmayan nə varsa, Hitlerin Almaniyasında tapdı. Cioran-ın yaxşı bir şey sandığı siyasi isteriya və kütlə səfərbərliyi bu ölkəni ələ keçirmişdi. Nasist rejimi, almanlara Rumıniya demokratiyasının heç vaxt verməyəcəyi "tarixi bir missiya" hissi vermişdi. Digərləri o zamanlar Almaniyadakı bu tarixi bölümü fəlakətin başlanğıcı olaraq görərkən, Cioran sadəcə ümid və tarixi izzət kimi görürdü. Bəs Hitleri bu qədər böyük edən şey tam olaraq nə idi? Obyektiv bir müşahidəçi kimi əmin olmağa çalışan Cioran, bu suala, Hitlerin alman xalqının "irrasional niyyətlərini" oyatma qabiliyyəti kimi cavab verir. Hardasa 22 yaşında, bütün ciddiyyəti ilə uğursuzluğu təcrübədən keçirməyə başlayır.

Faşizm əslində nədir? Və nə deyil?

1933-cü ilin payızında Cioran rumın ədəbiyyatında hələ indidən, sürətlə yüksələn ulduz idi; üstəlik bakalavr tələbəsi olmasına baxmayaraq, ölkənin ədəbi çıxış nöqtələrinin bəzilərində təəccüblü şəkildə orijinal esseləri vardı. Artıq bu davamlı nəşrlər ondan daha çoxunu, xüsusilə alman siyasi səhnəsinin məzmununu istəyirdilər. Həftəlik jurnal "Vremea"ya (dekabr, 1933) göndərdiyi hesabatda Cioran şəxsən belə deyirdi: "Hitlerizmdə sevdiyim bir şey varsa, o da irrasionallıq kültürüdür, saf həyatiliyin sevinci, tənqidi ruh, məhdudlaşdırma ya da nəzarət olmadan gücün kişivari ifadəsidir". Orda-burda liberal demokratiya düşmənlərinin çox sevdiyi bir klişeni pisləyən Cioranın, bütün əzələli quruluşu, səs-küyü və hiddətiylə şərəfli şəkildə dayanan "kişivari" Almaniya qarşısında "dekadan" və "qadınvari" Avropaya yazığı gəlirdi. Hitler aşkar şəkildə bu vəziyyətdən məsul olan adam idi və gözlənildiyi kimi Cioran ondan təsirlənmişdi. Bir neçə ay sonra (iyul, 1934) eyni yerə göndərdiyi başqa bir hesabatda Cioran Hitlerə yönəlik müstəqil heyranlığını ifadə etməkdən artıq qorxmurdu:

"Bu gün bütün siyasətçilər içində ən çox sevib heyran olduğum adam Hitlerdir".

Hələ ən pisi qabaqdadır.

Cioran Almaniyada Hitlerin qurduğu, öz ölkəsində kifayət qədər olmayan buna görə də oxşarının oraya köçürülməsini istədiyi "kişivari" nizama sanki vurulmuşdu. Digər dostu Petru Comarnescu-ya məktubunda (dekabr, 1933) belə yazırdı:

Burada gördüyüm şeylərin çoxu ilə razıyam, bizim işə yaramazlığımızın diktator bir rejim tərəfindən məhv edilməsə belə, əziləcəyinə inanıram. Rumıniyada ancaq terror, vəhşilik və sonsuz qayğı müəyyən qədər dəyişikliyə yol aça bilir. Bütün rumınlar həbs olunub eşşək sudan gələnə qədər döyülməlidir, ancaq bu halda bəsit insanlar dastan yaza bilər.

Cioran-da ictimai mənfəət mövzuları ümumiyyətlə daha xüsusi xarakterli mövzulara qarışmış haldadır. Rumınların "dastan yazmasına" yardım etmək üçün bu təfərrüatlı tərifin birbaşa ardından olduqca fərdi bir qeydi var: "Rumın olmaq qorxunc şeydir," - yazır. Rumın kimi, "heç vaxt bir qadının etibarını qazana bilməzsiniz; ciddi insanlar sizə kibirlə gülümsəyər, sizin ayıq adam olduğunuzu başa düşdükdə isə, kələkbaz olduğunuzu fikirləşərlər".

Bu etiraf, bizi gənc Cioran-ın dramıyla mümkün olduğu qədər dolayı formada burun-buruna gətirir. Bu, müxtəlif laylarda ortaya çıxır. İlk olaraq Cioran, öz fərdi dəyərini, aid olduğu milli icmanın tarixi ləyaqətindən ayırmağa icazəsi olmadığına yönəlmiş qəribə bir düşüncəni sanki ağlından çıxarmamışdı. Daha sonra Cioran cəmiyyətin dəyərini ölçməsi ilə, istədiyi şeyi tapır, lakin bərbad vəziyyətdə. Cioran Rumıniyanın tarixi olaraq "uğursuz bir millət" olduğunu, lakin uğursuzluğun bütün rumınlara bulaşmayacağını düşünür. Bu kifayət qədər pis vəziyyət yetmirmiş kimi, tərk etmək həqiqətən də seçim deyil, çünki "birinin öz millətindən ayrılması, uğursuzluğa gətirib çıxarır" – içəridə uğursuzluq vardır, lakin çöldə uğursuzluq daha çoxdur. Beləcə, Cioran özünü nisbətən gənc yaşda ən ciddi ekzistensial dalana dirəməyi bacarmışdı. Bu dramın böyük həcmdə öz etdiklərindən biri olması, onu daha az iztirablı hala salmır. Tam əksinə, bu onu və işlərini dərindən yaralayacaq şeydir. Bu uğursuzluq praktikası qanlı məşğuliyyətə çevrilə bilir.

Bu dram, Almaniyadan qayıtdıqdan qısa müddət sonra nəşr etdiyi – müəllifin daha sonra "əhəmiyyətsizliyin dramı" adlandırdığı – kitabın ardında yer alır: "Rumıniyanın Başqalaşması" (Schimbarea la faţă a Romaniei, 1936). Cioran hər şeydən öncə yaralı bir qüruru müalicə etmək üçün bunu yazır. "Kiçik Bir Kültürdə" doğulanların başına belə bir iş gəlir: qürurları həmişə yaralıdır. "İkinci sinif bir ölkədə doğulmaq heç də rahat deyil," – deyir; "Aydınlıq tragediyaya çevrilir". Ölkəsinin kiçik mədəni mövqeyindən ötrü özünü o qədər əzilmiş hiss edir ki, iztirabı yüngülləşdirmək üçün ruhunu satmaqdan çəkinməyəcəkdir: "yunan, romalı və ya fransızların ən lazımsız olanlarının, tarixlərinin zirvəsinin bir anında belə təcrübədən keçirdiklərini eyni sıxlıqla təcrübədən keçirə bilsəydim, həyatımın yarısından məmnuniyyətlə imtina edərdim". Özünü yenidən icad etmək, başqası olmaq, rumınlığın verdiyi ümidsizliyin (le désespoir d'être roumain) öhdəsindən gəlmənin bir yolu kimi Cioranın bütün həyatı boyunca edəcəyi şeydir; özünə yadlaşma onun baxımından ikinci bir yaradılış halı idi.

"Doğulmağın Qorxusu Barədə"dəki aforizmlərdən birində belə deyir: "Öz soyuma qarşı davamlı olaraq üsyan etdiyim üçün həmişə başqa birisi olmaq istədim: ispan, rus, adamyeyən – hər kiməmsə, onun xaricində hər şey". Cioran Tanrını bir çox məsələdə bağışlaya bilərdi, lakin onu rumın kimi yaratmağını qəti şəkildə bağışlaya bilməzdi. Rumın olmaq bioqrafik gerçək deyil, metafizik fəlakət, böyük ölçülərdə fərdi tragediyadır. "Necə rumın oluna bilər?" – Cioran hirsli şəkildə bununla maraqlanırdı. Heçliyə necə bu qədər yaxın oluna bilərdi; bu səbəbdən, var olma ehtimalı da çox aşağı idimi? "Rumıniyanın Başqalaşması"nda, digər rumınları çox "orta, yavaş, boyun əymiş, başa düşən," qorxunc dərəcədə yaxşı xasiyyətli təsvir edir. Həyatı baxımından Cioran, bənzər quruluşlu bir insanı özbaşına qəbul edə bilməz. İnanılmaz dərəcədə passiv olan və özünü geri planda tutan rumınlar, dünyada mühüm bir iz buraxma fürsətini itirmişdirlər. Rumıniya, yoluna tarix boyu yataraq davam etmiş ölkədir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR