Sevgilinizlə zəhərli münasibətdəsiniz? - Bunu necə biləcəksiniz və nə etməlisiniz?

Hər şeydən biraz
Photo

Sevgi münasibətinin çətin iş olduğu fikri dillər əzbəridir. Çoxlarına görə, dava-dalaş normaldır və kəskin ağızlaşmalar münasibətin bir parçasıdır.

Amma bütün bunlar nə qədər həqiqət kimi görünsələr də, bir insanın ictimai və romantik həyatında əndişə doğuran səbəbləri - münasibətin artıq zəhərli hal almasının və ya həmişə belə olmasının əlamətlərini də həmçinin - ört-basdır edə bilərlər.

Bu məqalədə toksik (zəhərli) münasibətlərdən və onları müəyyənləşdirməyin yollarından bəhs edilir.

Toksik münasibət nədir?

Kommunikasiya və psixologiya sahəsində ekspert olan Dr. Lillian Qlass bu termini (“toxic relationship”) 1995-ci ildə “Toksik İnsanlar” kitabında ortaya atdığını deyir, toksik münasibət deyilərkən, “bir-birini dəstəkləməyən insanlar arasındakı istənilən əlaqə nəzərdə tutulur, belə münasibətlər münaqişə ilə müşayiət olunur, hörmət və anlayış çatışmır, bir tərəf digərini əzməyə çalışır”.

İstənilən münasibətdə qalxma və enmələr var, amma Qlassın dediyinə görə, toksik münasibət daim xoşagəlməzdir, o, insanı tükətir, neqativ anlar pozitiv anları üstələyir. Mənəvi sağlamlıq sahəsində ixtisaslaşan ailə həkimi Dr. Kristen Fuller isə əlavə edir ki, toksik münasibətlər həm mənəvi, həm emosional və çox güman həm də fiziki olaraq tərəflərdən biri və ya hər ikisi üçün zərərlidir.

Bu münasibətlər adətən romantik olmurlar: Qlassın dediyinə görə, dost, ailə və peşəkar münasibətlər də toksik xarakter daşıya bilər.

Münasibət niyə toksikləşir? Fullerin zənnincə, bilərəkdən, ya bilməyərəkdən, partnyorunu daim sarsıdan və zərər vuran insanların davranışının arxasında bir səbəb dayanır, hətta bu təhtəlşüurda olsa belə. “Bəlkə belələri uşaq olarkən, ya da sevərkən toksik münasibət yaşayıblar. Bəlkə də dəstəkdən və sevgidən məhrum böyüyüblər, - Fuller deyir: ola bilsin, məktəbdə zorakılığa məruz qalıblar. Belələri depressiya, təşviş, yaxud bipolyarlıq kimi diaqnozu qoyulmamış mənəvi sağlamlıq problemlərindən, qidalanma pozuntusundan, hansısa bir travmadan əziyyət çəkirlər”.

57 yaşlı motivasiya natiqi Karolin Qemblın da başına belə bir şey gəlib, o deyir ki, artıq dozada narkotik qəbul etdiyinə görə ölən anasına və onu fiziki zorakılığa məruz qoyan atasına görə, o, toksik münasibətlər yaşayıb. Yaşa dolduqdan sonra eyni şeyləri onun başına ailə həyatında keçmiş həyat yoldaşı da gətirib, o, onu mənəvi və fiziki zorakılığa məruz qoyurmuş. ”Mən bir gün başa düşdüm ki, həyatda əlimizə hansı kartların gəlməsindən asılı olmayaraq, biz özümüzü bəzi şeylərdən azad etməliyik”.

Qlassın dediyinə görə, bəzən toksik münasibətlər sadəcə olaraq cütlüyün bir-birinə uyğunsuz olmasına görə yaranır – məsələn, ikisi də nəzarət etməyə, yaxud ironik növlü münasibətə ehtiyac duyurlar: “Bu sadəcə bir yanlışlığın nəticəsi olur”.

46 yaşlı masajçı Heydi Vestra Brok bu cür uyğunsuzluqlarla tanışdır. Brok özünü yarınan və insanları razı salmağa çalışan biri hesab edir, o həddi-büluğa “başqalarının yaxşı olduğunu, hər kəsin sənin yaxşılığını arzuladığını güman edərək” çatıb. Nəticədə də onun şəxsiyyəti nəzarətcil tipləri cəlb edib, o kəslər ki, ona daim öz ehtiyaclarını onlara görə qurban verməyə və daim bəyənilmə (heç vaxt bəyənməsələr də) üçün çalışıb-çabalamağa məcbur ediblər.

Həyat hekayələri fərqli olsa da, Brok və Qembl illər boyu toksik münasibətə dözdüklərini deyirlər – bununla da onlar iki pis münasibətin tamamilə fərqli olduğunu sübut ediblər.

Toksik münasibətdə xəbərdarlıq işarələri nələrdir?

Ən təhlükəli xəbərdarlıq işarələrinə zorakılıq, döymək və zorlamanın istənilən forması daxildir, bunların dərhal üzərinə düşmək lazımdır. Amma bir çox hallarda toksik münasibətin göstəriciləri çox dərində olur.

Ən birincisi və sadəsi davamlı bədbəxtlikdir – Qlass deyir: “Əgər münasibət artıq sevinc gətirmirsə, əksinə sən özünü daim kədərli, qəzəbli, təşvişli, və ya “sanki işdən qovulubsanmış” kimi hiss edirsənsə, bu toksik ola bilər”. Sən xoşbəxt cütlüklərə baxıb həsəd də apara bilərsən.

Fuller isə bildirir ki, sənin mənəvi sağlamlığındakı, şəxsiyyətindəki, yaxud özünə hörmətindəki istənilən neqativ dəyişiklik də xəbərdarlıq əlamətidir: “Bu dəyişikliklər depressiya, təşviş, yaxud qidalanma pozuntusu kimi klinik baxımdan diaqnozu mümkün hallardan tutmuş, xüsusilə partnyorunun ətrafında özünü gərgin və narahat hiss etməyə qədər dəyişə bilər. Sənin öz yarınla danışa, yaxud əndişələrini bildirə bilməməyin də nəyinsə çatışmadığının əlamətidir”.

“Sən həmçinin digər münasibətlərin, yaxud asudə vaxtını necə keçirdiyinlə bağlı dəyişiklikləri nəzərdən keçirməlisən, - Fuller deyir: öz vaxtında etdiyin şeylər barədə sən özünü pis hiss edə bilərsən, çünki bütün vaxtını partnyorunla keçirməli olduğunu düşünə bilərsən. Öz fərdi kimliyin olmadığın anda isə artıq xətti keçmiş olursan və hər şeyi partnyoruna verirsən”.

Fuller ən sonda qeyd edir ki, sən ailə üzvləri və ya dostlarının narahatlıqlarına diqqətlə yanaşmalısan, çünki toksik münasibətlərdəki insanlar bunu ən son dərk eləyən kəslər olurlar. Brok bu amilin onun münasibətində də baş verdiyini, illər boyu zədə almaqda davam etdiyini deyir.

“Mən bir şeylərin artıq sağlam olmadığını həqiqətən başa düşməyə başlayanda, bunun böyüdüləsi məsələ olmaması fikri mənə o qədər normal görünürdü ki... Sən sanki iflic olmusan, çünki artıq buna öyrəşmisən”.

Əgər toksik bir münasibətiniz varsa, nə etməlisiniz?

Əgər göstərilən bütün xəbərdarlıqlar sizə tanış gəlirsə, hərəkət etmək vaxtıdır. Əgər təhlükədə olduğunuzu düşünürsünüzsə, rəsmi köməyə ehtiyac duya bilərsiniz. Bunun üçün müvafiq qaynar xətlər fəaliyyət göstərir.

Əgər sizdəki mənəvi, yaxud emosional ağrıdırsa, bunun üzərində işləməyin mümkün olub-olmadığını da müəyyənləşdirə bilərsiniz. Əgər hər iki tərəfə təsir edən depressiya, yaxud travma kimi hallardan söhbət gedirsə, Fuller deyir: terapiya, yaxud tibbi müalicə vasitələri kömək edə bilər. Qlass isə bildirir ki, problemin dərininə getmək vacibdir, amma bəzən cavab da tapılmayacaq dərəcədə dərində ola bilər.

“Mən qəti şəkildə əminəm ki, sən hər vasitəni sınaqdan çıxarmalı və insanın niyə toksik olduğunu müəyyənləşdirməlisən. Sən istəsən onunla yaşaya da bilərsən, yaşamaya da, - Qlass deyir: əgər yaşaya bilmirsənsə, münasibətdən çıx. Biz nəyisə mütləq eləmək məcburiyyətində deyilik”.

Brok və Qemblin hər ikisi bu məsləhətdən yararlanıblar və hər ikisi indi yaxşı olduqlarını deyirlər. Brok yenidən evlənib və indi toksik münasibət yaşayan qadınlara təlim keçir. Qembl istəyərəkdən subay qalıb və hazırda “Facebook”da toksik münasibət yaşayanları dəstəkləyən böyük bir qrupu idarə edir.

“Məhəbbət heç vaxt sənin dincliyini əlindən almamalıdır. O heç vaxt sənin sevincinə bais olmamalıdır. Heç vaxt məhəbbətinə kölgə düşürməməlidir, Qembl deyir və fikrini belə yekunlaşdırır: əgər bir situasiyada pozitivdən çox neqativ varsa, deməli, nəsə dəyişməlidir“.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR