Yazarlar haqqında

Elias Kanetti

Ədəbiyyat
Photo

Adətən mistiklərə şair kimi baxılmır, amma Fars şairləri istisnadır. Onlar daha çox heyvanlardan və cavanlardan söhbət açır. Yazıları daha qarmaqarışıq, coşqunluqları daha dünyəvidir, bənzətmələrində sanki eşq nəfəsi kimi istilik, eyni zamanda da gündəlik həyatdakı kimi bəlli sərhədlər vardır. Monastr həyatının saf havası onlarda əksikdir. Bacarıqlı olduqlarını, çox susduqlarını və uzun susqunluqdan sonra ehtirasla danışdıqlarını hiss edə bilərsiz.Bilgədirlər, amma üslubları şiddətlidir. Dilləri dolaşsa da danışıqları ecazkardır.

Monten

Monteni oxuyarkən tez-tez hiss etdiyim narahatlıq mətnlərindəki iqtibasların bolluğudur. Montenin ən gözəl cəhəti aram olmasıdır. Səbirsizliklə dolu həyəcan və düşüncələri belə yavaş-yavaş incələyir. Özünə qarşı duyduğu maraq sarsılmazdır, şəxsiyyətindən əsla utanmır, Xristian deyildir. Müşahidə etdiyi hər şey onunçun önəmlidir, ancaq ucsuz-bucaqsız olan əsas marağı yenə də özüdür. Bu ona özünü olduğu kimi ifadə etməkdən, özü kimi olmaqdan ötrü özgürlük bəxş edir. Onun üçün özü heç zaman yox olmayan mövzudur, özü hər zaman mövcuddur. Gözdən qaçırmadığı bu həyat, onun müşahidəsi qədər yavaş-yavaş ötüb keçir.

Paskal

Paskalın böyüklüyü özünü çərçivələməyi bacarmasından qaynaqlanır. Ondan daha yaxşı ikinci bir natiq yoxdur. Daima xitabətə üz tutur. Söhbəti sanki az əvvəl tamamlanmış və özü tərəfindən kəsilmiş kimi hiss edilir. Kiçik-böyük bütün cümlələri, bütün kəlmə parçaları sanki bu günümüzə aiddir.

Heç kimi əsla yanıltmayıb, əsla xəyal qırıqlığına uğratmayıb. Qərarlı olması qarşısındakı bütün qapıları açır. Hətta onun heç bir düşüncəsiylə eyni fikirdə olmasaz belə, təkrarən ona qayıdıb, onu görüb düşünmək istəyərsiz. Heç bir kəşf onun yolunu kəsə bilməz. İnanc və düşüncənin onda eyni dəyərə malik olduğunu hiss edərsiz.

Paskal iliklərimə qədər işləyir. Saflıq halında riyaziyyat. Paskal hər şeyi bildi və 39 yaşında öldü. 88 yaşlı biri özü haqqında nə düşünməli?

Kant

Kantın ən cazibəli cəhəti təmizliyidir. Cinayət və adam vurmaqla başlamayan, həyatdan iyrənməyən, həyata qarşı sayğılı, həyatdan intiqam almaq istəməyən, həyat üçün təvazökar, amma uca şükranlıq duyan yaxşı niyyətli təmizlikdir bu. Bu, sərt məmnuniyyətdir, yolundan sapmayan, sağlam, özgüvənli, kibr və böyüklük iddiasından tamamilə uzaq, əmretmə meylinə hörmət duyan (ancaq daha çox öz əmirlərinə), ruhi genişlik və vicdan arasında harmonik tarazlıq yaradan məmnuniyyət. Kantda nizamlama boldur, ümumi əxlaqi dəyərlərlə ziddiyyət içində olmayan, fəqət ondan inadla ayrılan fərdi əxlaqilik vardır.

Lixtenberq

Onun marağı heç nəyə tamamilə bağlanmır, hər yandan fışqırır və hər nəsnəyə yönəlir. Onun aydınlığı: ən qaranlıq sahələr belə onun düşüncəsiylə aydınlanır. O, işıq göndərir, vurmaq istəyir, ancaq öldürmək deyil, onun ruhu cani ruhu deyil. Bədənində də artıq heç nə qalmır, nə yağ, nə şişkinlik.

Ağlı həddən ziyadə ideyayla dolub daşdığı üçün özündən məmnun deyildir. Ruhu qaynardır, ancaq bu qaynartı içində həmişə boş yerlər vardır. Nəyisə tamamlamağı xoşlamaması, heç nəyi sona çatdırmaması onun və bizim şansımızdır. Bu cəhəti sayəsində dünya ədəbiyyatının ən zəngin kitabını yazmışdır. Adam onu bu çəkingənliyindən dolayı həmişə qucaqlamaq istəyir.

Mənim ondan daha çox söhbət etmək istədiyim başqa kimsə yoxdur, heç ehtiyac da yoxdur buna. Nəzəriyyələrdən uzaqlaşmır, ancaq hər nəzəriyyə onun üçün yeni fikirlərə vəsilə olur. Sistemlərə boğulmadan onlarla oynaya bilir. Paltarındakı tozu üfləməsinə bənzər olaraq ən ağırının belə öhdəsindən gələ bilər. Onun zehni hərəkətləriylə insanın özü də xəfifləyir. Onunla birgə adam hər nəsnəni, hər yaşantını ciddiyə alır, ancaq gərəyindən artıq deyil. İşıq kimi bilgəlikdi bu.

O, adamı qısqandıracaq qədər bənzərsizdir. Ən böyük xarakterlərə xas olan əcaibliklər belə onun varlığında əriyib yox olduğundan, adama bəzən elə gəlir ki, o sanki insan növünün nümayəndəsi deyil. Adamı sıçramalara həvəsləndirdiyi doğrudur. Amma bunu kim bacara bilər ki? Lixtenberq özündə insan ağlı daşıyan birədir. Onda özündən uzağa sıçramaq barəsində bənzərsiz güc var- ilk sıçradığı yer haradır?

Keyfi, onu yeni sıçramalara cəlb edəcək bütün kitabları tapmaqda ustadır. Başqa müəlliflər kitabların ağırlığıyla şeytanlaşarkən, o, bu kitablarla yüngül-yüngül öz kəskin zəkasını bəsləyir. On dəqiqə Lixtenberq oxuyanın bir il boyunca içində basdırdığı yaşantı fikir şəklində ağlında canlanar.

Şopenhauer

Şopenhauerin unikallığı: Buddist paranoyak olması. Şopenhauerin böyüklüyü: Heç zaman unutmadığı, dəyişdirilməsinə əsla izn vermədiyi seçkin, əski dəyərlərlə öz taleyini çizməsidir. Bu mərhələdən sonrakı bütün yaradıcılıq ağıllı-başlı süsləmələrdən ibarətdir. Bununla heç nəyi gizləmir. Heç nəyi də şüursuz etmir. Əski dəyərləri təsdiqləmək üçün oxuyur. Dayanmadan öyrəndiyi halda əsla yeni təcrübə qeyd etmir. Yüz il keçsə belə həmin əski dəyərləri köhnəldib atmaz. Şopenhauerin çaşdırıcı, başdançıxarıcı cəhəti Tanrıdan üz çevirməsidir, qərarla və sarsılmazcasına. Tanrını qəbul etmək şərtiylə iqtidardan arınmış bir düşüncə mümkünsüzdür.

Qoqol

Qoqolu canlı saxlayan onun qəlbsizliyidir. Bu onun qorxuları qədər böyükdür. Bundan sıyrılmaq üçün iztehza edir, gülür, məzələnir, ancaq qorxusu əsla xəfifləmir.

Artıq xarici dünyaya yönəlməyən satirik, etik varlıq kimi yox olur. Budur Qoqolun taleyi. Personajlarına qarşı duyduğu nifrətinin özünənifrət olduğunu yavaş-yavaş dərk edir. Kimə nifrət edibsə, bununla özünə nifrət etmişdir. Özünü cəhənnəmlə təhdid edəcək sərt bir hakim axtarışındadır. “Ölü canlar”ı tamamlamağı- ki bu əsərlə özünə qarşı hakim mövqesindəydi- bacara bilmədi. Onları atəşə atır,-yəni özünü- və külə çevrilib qalır. Qoqolun son sözləri: “Nərdivan lazım, təcili, nərdivan”.

Dikkens
Dikkens nizamsız ədəbiyyatçılardandı. Belə görünür ki, belələri böyüklər arasında ən böyüyüdür. Romanda nizam Floberdən başlayır, onda süzgəcdən keçməyən heç nə yoxdur. Onların mükəmməlliyi Kafkada da fərqli nizama, sahmana çatır. Kafkanın təsiri isə bizim həyatı yeyib-bitirən ən müxtəlif nizam-intizamlar içinə düşməyimizlə əlaqəlidir. Tərtibatın hakimiyyətini və üstünlüyünü Kafkanın hər yönündə sezirik. Ancaq yenə də onun varlığında Dostoyevskinin etiraf ehtirasından aldığı nəfəs vardır və bu nəfəs, onun nizamlama istəyini gerçəkləşdirir. Bu tərtibat yox olunca, Kafka öləcək.

Flober
Fınxıran begemot Flober. Floberin yerləşikliyi: Şəxsi yerinə, öz evinə bağlanmış haldadı…Ancaq Madam Bovarinin yıxıcı xəyallarına da sahibdir.

(ardı var)

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR