21-ci əsr üçün 21 dərs - Azadlıq mifi

Yuval Noah Harari

Kitab
Photo

Yaşamaq üçün insanın deşifrə oluna bilən heyvan olduğunu qəbul etməliyik.

Şəkil: Shutterstock/Photobank gallery

YUVAL NOAH HARARİ: AZADLIQ MİFİ

Tezliklə dövlətlər və şirkətlər sizi özünüzdən daha yaxşı tanıyacaq. "Azad iradə" ideyasına inanmaq artıq təhlükəli hala gəlib.

Elm insanları sosial nizam üçün riskli olsa belə, həqiqətə sadiq qalmalıdırlarmı? Yoxsa sosial quruluşu qoruyub saxlamaq üçün cəfəngiyyat uydurmalıdırlar? Son kitabım "21-ci əsr üçün 21 dərs"i yazarkən liberalizm kontekstində bu dilemma ilə boğuşmalı oldum.

Bir tərəfdən, liberalizmin nöqsanlı olduğuna, bəşəriyyətlə bağlı həqiqəti demədiyinə inanıram və düşünürəm ki, 21-ci əsrdə yaşamaq və inkişaf etmək üçün liberalizmin təklif etdiyindən daha çoxunu etməliyik. Digər tərəfdənsə, liberalizm qlobal nizamın funksionallığı üçün hələ də fundamental əhəmiyyət daşıyır. Üstəlik, liberalizm hazırda davamlı olaraq təhlükəli və ziyanlı nostaljik fikirlərə sahib dinçi və milliyyətçi fanatiklərin hücumlarına məruz qalır.

Yaxşı bəs sözlərimin kontekstdən çıxarılıb demaqoqlar və avtokratlar tərəfindən liberal nizama növbəti hücumlar üçün istifadə olunacağını bilə-bilə fikirlərimi açıqca deməliyəmmi? Yoxsa özümə senzura qoymalıyam? Azad özünüifadəni öz əhatəsindən kənarda belə çətinləşdirmək qeyri-liberal rejimlərə məxsusdur. Məhz belə rejimlərin yayılması ucbatından bəşəriyyətin gələcəyinə kritik yanaşmaq getdikcə daha da təhlükəli hal alır.

Bəşərin qlobal fəlsəfəsi olan humanizm

Həm liberal demokratiyanın gücünə, həm də onu yeniləmə ehtiyacına inandığıma görə, mən avtosenzuradansa, sərbəst müzakirəni seçirəm. Liberalizmin digər idealogiyalardan üstün cəhəti uyğunlaşa bilən və qeyri-doqmatik olmasıdır. O tənqidi bütün sosial quruluşlardan daha yaxşı yaşada bilir.

Əslində liberalizm yeganə sosial quruluşdur ki, öz təməllərini belə insanların sorğulamasına imkan yaradır.

Liberalizm artıq üç böyük böhranı adladıb – Birinci Dünya müharibəsini, 1930-cu illərin faşizmini və 1950-1970-ci illərin kommunizmini. Əgər liberalizmin çətin dövrlər yaşadığını zənn edirsinizsə, 1918, 1938 və 1968-ci illərdə vəziyyətin necə acınacaqlı olduğunu yadınıza salın.

"Hazırda liberalizmə qarşı əsas təhdid faşizm və kommunizmdən yox, laboratoriyalardan gəlir"

1968-ci ildə liberal demokratlar nəsli kəsilməkdə olan növ kimi idilər və hətta öz sərhədləri daxilində belə üsyanlar, sui-qəsdlər, terrorist hücumları və şiddətli ideoloji çaxnaşmalarla qarşılaşırdılar. Martin Lüter Kinqin sui-qəsdindən bir gün sonrakı Vaşinqtonda, yaxud 1968-ci ilin may ayında Parisdəki üsyanın ortasında olsaydınız, yaxud 1968-ci ilin avqust ayında Demokratik partiyanın Çikaqo sazişində iştirak etsəydiniz, çox güman ki, liberalizmin məhvinə çox az qaldığını düşünəcəkdiniz. Vaşinqton, Paris və Çikaqo xaosa sürükləndiyi bir vaxtda Moskva və Leninqradda sakitlik hökm sürürdü və Sovet sisteminin əbədiyyən davam edəcəyi görüntüsü yaranırdı. Lakin 20 il sonra çökən elə Sovet sistemi oldu. 1960-cı illərdəki toqquşmalar liberal demokratiyanı gücləndirdi, halbuki Sovet blokundakı boğucu ab-hava rejimin sonun gəldiyindən xəbər verirdi.

Biz liberalizmin bu dəfə də özünü yeniləyəcəyinə ümid edirik. Lakin hazırda liberalizmə qarşı əsas təhdid faşizm və kommunizmdən, hətta yağışdan sonra göbələk kimi çoxalan demaqoq və avtokratlardan da yox, laboratoriyalardan gəlir.

Liberalizm insan azadlığına inam əsasında yaradılıb. Siçan və meymunlardan fərqli olaraq, insanın "azad iradəsi" olduğu düşünülür. İnsani hissləri və seçimləri – əxlaqı və dünyadakı siyasi avtoriteti – meydana çıxaran da məhz budur.

Liberalizm bizə doğrunu seçicinin bildiyini, müştərinin həmişə haqlı olduğunu, özümüzü fikirləşməli və ürəyimizin səsini dinləməli olduğumuzu deyir.

Azadlıq anlayışımız necə dəyişib?

Təəssüf ki, "azad iradə" elmi fakt deyil. Bu Xristian teologiyasından yaranmış mifdir.

Teoloqlar "azad iradə" məfhumunu ondan ötrü yaratmışdılar ki, tanrının pis seçimlərə görə günahkarları cəzalandırmaqda və yaxşı seçimlərə görə müqəddəsləri mükafatlandırmaqda haqlı olduğunu izah etsinlər.

Dini tərk eləyənlərlə nə baş verir?

Əgər seçimlərimizi azad şəkildə etmiriksə, tanrı niyə bizi onlara görə cazalandırsın və ya mükafatlandırsın ki?! Teoloqlara görə tanrının əməllərimizi qiymətləndirməsi başadüşüləndir, çünki seçimlərimiz heç bir fiziki və bioloji müdaxilədən asılı olmayan daxili ruhumuzun azad iradəsini əks etdirir.

Bu mifin Homo Sapiens və digər heyvanlarla bağlı elmin bizə öyrətdikləri ilə əlaqəsi yoxdur.

Düzdür, insanların iradəsi var, lakin o azad deyil.

Nələri arzuladığına özün qərar verə bilmirsən. Özünəqapanan və ya söhbətcil, üzüyola yaxud əsəbi, pozitiv və ya realist olmağı özün seçmirsən. İnsanlar seçimlər edir, lakin bu seçimlər azad olmur.

Seçimləri insanın təsir edə bilmədiyi bir çox bioloji, sosial və şəxsi şərtlərdən asılı olur.

Hansı yeməyi yeyəcəyimi, kiminlə evlənəcəyimi və kimə səs verəcəyimi seçə bilərəm, lakin bu seçimləri mənim genlərim, biokimyam, cinsim, ailə tarixçəm, milli mədəniyyətim və sair müəyyənləşdirir. Məsələ də burasındadır ki, genlərimi və ya ailəmi mən özüm seçmirəm.

Biometrik sensorlar sayəsində şirkətlər sizin iç dünyanızdan birbaşa məlumat ala bilərlər. Şəkil: Alamy Stock Photo

Bu abstrakt fərziyyə deyil. Real olaraq da bunun şahidi ola bilərsiniz. Sadəcə ağlınıza gələn fikrin haradan gəldiyini özünüzdən soruşun. Bu fikri düşünməyi özünüzmü seçdiniz? Aydın məsələdir ki, yox. Əgər öz fikirlərinizə diqqət yetirsəniz, başa düşəcəksiniz ki

beyninizdə nələrin baş verdiyinə nəzarət etmək sizin əlinizdə deyil - nəyi düşünməyi, necə hiss etməyi, nəyi istəməyi azad olaraq özünüz seçmirsiniz.

İnsan Beyni Proyekti – Yeni Üfüqlər

Yuval Noah Harari

"Azad iradə" həmişə qeyri-real bir mif olsa da, əvvəlki əsrlərdə onun insanlara köməyi dəyirdi. Onun sayəsində insanlar İnkvizisiyaya, kralların ilahinin təmsilçiləri olduqları fikrinə, KQB-yə və KKK-yə (Ku Kluks Klan) qarşı vuruşublar. 1776 və 1945-ci illərdə də hisslərin və seçimlərin biokimya və nevrologiyadan ziyadə, hansısa "azad iradə"nin nəticəsi olduğuna inanmaq daha az zərərli idi.

Lakin indi "azad iradə"yə inanmaq təhlükəlidir. Əgər dövlət və şirkətlər insanı deşifrə etməyi bacarsalar, ən asan manipulyasiya olunanlar azad iradəyə inanan insanlar olacaq.

İnsanları uğurla deşifrə etmək üçün dərin biologiya biliyi və komputasiya gücü lazımdır. Bu bilik və güc nə İnkvizisiyada, nə də KQB-də vardı. Lakin tezliklə şirkət və dövlətlər bunların hər ikisinə sahib olacaq və sizi deşifrə edən kimi təkcə seçimlərinizi əvvəlcədən bilməklə kifayətlənməyəcək, həm də hisslərinizi dəyişdirəcəklər. Belə olan halda, şirkət və dövlətlərin sizi mükəmməl şəkildə tanımasına ehtiyac qalmayacaq. Axı bu qeyri-mümkündür. Amma onlar yenə də sizi özünüzdən daha yaxşı tanımalıdırlar. Bu isə mümkündür, çünki insanların əksəriyyəti özünü yetərincə yaxşı tanımır.

Əgər siz ənənəvi liberalizmə inanırsınızsa, sizdə bu fikrə etinasız yanaşma meyli yarana bilər. "Yox, bu heç vaxt baş verən deyil. Heç kim insan ruhunu deşifrə etmək iqtidarında deyil, çünki ruhumda genlərdən, neyronlardan və alqoritmlərdən daha üstün güc var. Heç kim mənim seçimlərimi əvvəlcədən bilə və onlara müdaxilə edə bilməz, çünki seçimlərim azad iradəmi əks etdirir." Təəssüf ki, etinasız yanaşma, təhlükənin öz-özünə uzaqlaşmasına gətirib çıxarmır. Əksinə, təhlükə qarşısında daha zəif və hazırlıqsız olursunuz.

Hər şey çox sadə başlayır. İnternetdə gözünüzə bir xəbər başlığı dəyir: "İmmiqrantlardan ibarət dəstə yerli qadını zorladı". Və xəbərə daxil olursunuz. Elə həmin an qonşunuzun gözünə başqa bir xəbər başlığı dəyir: "Tramp İrana nüvə hücumu etməyə hazırlaşır". O da xəbərə daxil olur. Əslində isə hər iki xəbər başlığı uydurmadır və böyük ehtimal ki ya Rus trolları, ya da trafikini artırmaqla reklam gəlirləri çoxaltmaq istəyən saytlar tərəfindən hazırlanıb. Həm sizə, həm də qonşunuza elə gəlir ki, bu xəbər başlıqlarına daxil olmağa öz azad iradənizlə qərar vermisiniz. Amma əslində siz deşifrə olunmusunuz.

"Əgər dövlət və şirkətlər insanı deşifrə etməyi bacarsalar, ən asan manipulyasiya olunanlar azad iradəyə inanan insanlar olacaq."

Propoqanda və manipulyasiya yeni bir şey deyil. Əvvəllər kütləvi şəkildə edilirdisə, indi onlar daha dəqiq nöqtələri nişan alır. Hitler radio çıxışları edərkən hamının başa düşəcəyi ortaq dillə danışırdı, çünki fərdlərin zəif nöqtələrinə ayrı-ayrılıqda xitab edə bilmirdi. Lakin hazırda bu mümkündür. Artıq alqortimlər sənin immiqrantlara qarşı qərəzli olduğunu, qonşununsa Trampa nifrət bəslədiyini deyə bilir. Bilir ki, sən gördüyün xəbər başlığı ilə qonşunun gördüyü xəbər başlığı eyni deyil. Son illərdə dünyadakı bir çox ağıllı beyinlər reklamlara klikləmək və sizə alış-veriş etdirmək üçün insan beynini deşifrə etmək üzərində işləyiblər. İndi isə bu metodlarla sizə siyasətçiləri və ideologiyaları da satırlar.

Kommunikasiya vasitələri və cəmiyyət

Bu hələ başlanğıcdır. Hazırda deşifrəçilərin işi xarici aləmdəki siqnal və fəaliyyətlərin (məsələn, aldığınız məhsulların, getdiyiniz məkanların, internetdə axtardığınız sözlərin) təhlilinə əsaslanır. Bir neçə il ərzində isə biometrik sensorlar xakerlərin birbaşa iç dünyanıza girişinə imkan verəcək və ürəyinizdə nələrin baş verdiyini görə biləcəklər. Söhbət liberal fantaziyaların sevimli metaforik ürəyindən deyil, qan təzyiqinizi və beyin fəliyyətinizi təmin edən, əzələlərdən təşkil olunmuş nasosdan gedir. Beləcə deşifrəçilər nəbzinizi kredit kart informasiyalarınızla, qan təzyiqinizi internetdəki axtarış tarixçənizlə əlaqələndirə biləcəklər. İnkvizisiya və KQB əhvalınızı və istəklərinizi daim nəzarətdə saxlayan biometrik qolbaqlara sahib olsaydı, nələr edərdi? Tezliklə biləcəksiniz.

Liberalizm fərdi azadlıqları despot hökumətlərin və beyinlərə yeridilmiş dinlərin xaricdən gələn hücümlarından müdafiə etmək üçün əzəmətli arqumentlərə və institutlara sahibdir, lakin fərdin azadlığının daxildən manipulyasiya edildiyi, "fərd" və "azadlıq" məfhumlarının özlərinin bir məna daşımadığı vəziyyətlər üçün hazırlıqsızdır.

21-ci əsrdə yaşamaq və inkişaf etmək üçün safcasına (müasir maarifçilik qədər də Xristian teologiyasından götürülmüş yanaşma olan) insanları azad fərdlər kimi görməkdən əl çəkməliyik. Özümüzü daha yaxşı tanımalıyıq.

Təbii ki, bu yeni bir tövsiyə sayılmaz. Qədim zamanlardan müdriklər və müqəddəslər "özünü tanı" tövsiyəsini dönə-dönə təkrarlayıblar. Sokrat, Budda və Konfutsinin zamanında indiki kimi real rəqabət yox idi. Əgər özünü tanımaq işinə biganə yanaşsaydınız, insanlara qara qutu kimi görünəcəkdiniz. İndi isə rəqabət mühitindəsiniz.

Siz bu sətirləri oxuyanda belə hökumət və şirkətlər dayanmadan sizi deşifrə etməyə çalışır. Əgər onlar sizi özünüzdən yaxşı tanısalar, istədiklərini sizə sata biləcəklər – məhsul və ya siyasətçi – nə istəsələr.

Tarixin ən dahi filosoflarından biri - Konfutsi kim idi?

Öz zəif cəhətlərinizi bilməyiniz xüsusilə vacibdir. Bunlar sizi deşifrə etmək istəyənlər üçün başlıca vasitələrdir. Komputerlər əvvəldən mövcud olan qüsurlu kodlar vasitəsiylə deşifrə edildiyi kimi, insanlar da əvvəldən mövcud olan qorxu, nifrət, qərəz və meyillər vasitəsilə deşifrə edilir. Deşifrəçilər heçdən qorxu və ya nifrət yarada bilmirlər. Lakin insanların nədən qorxduğu və ya nəyə nifrət elədiyini bilən kimi, müvafiq emosiya düymələrinə basmaq və bu hissləri alovlandırmaq onlar üçün çox asan olur.

İnsanlar öz güclərinə özlərini tanıya bilməsələr, ehtimal ki, deşifrəçilərin istifadə etdiyi həmən texnologiya ətrafımıza çəkilib bizi qoruyacaq. Komputerdə viruslar axtaran anti-virus proqramı olduğu kimi, bizə də beyin üçün eyni anti-virus lazım olacaq. Bu süni zəkalı köməkçi proqram zaman keçdikcə zəif cəhətlərinizi öyrənəcək, bunun məzəli pişik videoları yoxsa Trampla bağlı qıcıqlandırıcı yeniliklər olduğunu aşkarlayıb bizim əvəzimizə onları bloklayacaq.

Sizə elə gəlir ki, bu xəbər başlıqlarına daxil olmağa öz azad iradənizlə qərar vermisiniz. Amma əslində siz deşifrə olunmusunuz. Şəkil: Getty images

Bunların hamısı əslində önəmsiz məsələdir. İnsan deşifrə edilə bilən heyvandırsa və bizim seçimlərimiz və fikirlərimiz azad iradəmizi əks etdirmirsə, aparılan siyasətin məqsədi nədir? Üç yüz ildir ki, liberal ideallar mümkün qədər çox fərdə arzularının ardınca getmək və onları reallaşdırmaq imkanı vermək istəyən siyasi düşüncəyə stimul verir. Hazırda biz bu istəyi reallaşdırmağa həmişəkindən daha çox yaxınıq – lakin biz həm də bu istəyin bütövlükdə bir illüziyaya əsaslandığını başa düşməyə yaxınlaşırıq.

Fərdlərin arzularının ardınca getməsinə kömək üçün yaratdığımız texnologiyalar həm də bu arzuları dəyişdirməyi bacarır. Belə olan halda, mən hansı arzuma inana bilərəm?

Bir tərəfdən bu reallığı bilmək insanlara bütövlükdə yeni növ azadlıq bəxş edir. İndiyə qədər istəklərimizi müəyyənləşdirmək və onları reallaşdırmaq üçün azadlıq aradıq. Ağlımıza bir fikir gələn kimi, onu reallaşdırmağa tələsdik. Günlərimizi dəlicəsinə səy göstərməklə keçirib yanlışlıqla azad iradəmizin tələbi zənn etdiyimiz düşüncələrin, hisslərin və istəklərin dalınca düşdük. Əgər bu arayışa son versək nə baş verər? Əgər ağlımıza gələn sonrakı düşüncəni gözləsək və "bu fikir hardan peyda olur?" sualını versək nə olar?

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Başlanğıc üçün fikir və istəklərimizin azad iradəmizin nəticəsi olmadığını başa düşmək onlara qarşı daha az həssas olmağımıza kömək edər. Özümü dünyadan asılı olmadan arzularımı seçən tamamilə azad biri kimi görsəm, özümlə digər bütün varlıqlar arasında sədd yaranar. Çünki o varlıqların heç birinə ehtiyacım yoxdur – axı mən azadam. Eyni zamanda bu düşüncə mənim istəklərimə böyük əhəmiyyət qazandırır – axı hər hansı bir istəyi kainatdakı bütün mümkün istəklər arasından mən özüm seçmişəm. Öz istəklərimizə belə çox əhəmiyyət verən kimi, təbii ki, ətraf aləmi onlara uyğunlaşdırmağa çalışırıq. İstəklərimizə çatmaq üçün müharibələrə başlayırıq, meşələri doğrayırıq və bütün ekosistemin tarazlığını pozuruq.

Ancaq arzu və istəklərimizin azad seçimin nəticəsi olmadığını başa düşsək, güman ki, onların əsirinə daha az çevrilər və dünyanın görmədiyimiz hissəsini görməyə başlayarıq.

"Əgər arzu və istəklərimizin azad seçimin nəticəsi olmadığını başa düşsək, güman ki, onların əsirinə daha az çevrilərik"

Bəzən insanlar belə düşünür ki, "azad iradə" fikrini rədd etsək, tamamilə laqeyd olarıq və bir küncə qısılıb ölümümüzü gözləyərik. Əslində bu illüziyanı rədd etməyin bir-birinə əks olan iki təsiri yarana bilər: birincisi, bu sizinlə dünyanın geri qalan hissəsi arasında daha güclü bağ yarada və sizi ətrafınıza və başqalarının ehtiyac və arzularına qarşı daha həssas edə bilər. Bu bir növ kiminləsə söhbət etməyə bənzəyir. Əgər bütün diqqətiniz özünüzün demək istədiklərinizdədirsə, çətin ki həmsöhbətinizə qulaq asasınız. Sadəcə qarşı tərəfə öz fikirlərinizi çatdırmaq üçün fürsət gözləyəcəksiniz. Amma öz fikirlərinizi bir kənara qoysanız, anidən başqa insanları eşitməyə başlayacaqsınız.

İkincisi, azad iradə mifini rədd etmək güclü maraq hissi oyada bilər. Əgər zehninizdə yaranan düşüncə və arzuların sizi ifadə etdiyini düşünsəniz, özünüzü tanımağa çox da ehtiyacınız olmayacaq. Artıq özünüzü tam tanıdığınızı düşünəcəksiniz. Lakin bunun siz yox, sadəcə dəyişən biokimyəvi fenomen olduğunun fərqinə varan kimi, özünüzün kim və ya nə olduğunuzla bağlı heç bir fikrə sahib olmadığınızı da başa düşəcəksiniz. Bu məqam, bir insanın yola çıxacağı ən həyəcanlı kəşf səyahətinin başlanğıcı ola bilər.

İlk dəfə deyil ki, azad iradəyə şübhə ilə yanaşır və insanlığın əsl təbiətini üzə çıxarmağa çalışırıq. Biz insanlar bu müzakirələri minlərlə dəfə aparmışıq. Lakin heç vaxt indiki texnologiyaya sahib olmamışdıq. Elə hər şeyi dəyişən də bu texnologiyadır. Fəlsəfənin qədim problemləri indi mühəndislik və siyasətin praktik problemlərinə çevirilir. Filosoflar bunları üç min il ərzində müzakirə edəcək səbrə sahib olsalar da, mühəndislər çox hövsələsizdirlər. Hamıdan tələskəni isə, siyasətçilərdir.

Dövlətlərin və şirkətlərin insanları deşifrə edə bildiyi bir zamanədə liberal demokratiyanın fəaliyyəti nə şəkildədir? "Ən düzünü seçici bilir" və "müştəri həmişə haqlıdır" kimi fikirlər nə dərəcədə legitimdir? Deşifrə oluna bilən heyvan olduğunuzu, nəbzinizin dövlətə xəfiyyəlik etdiyini, amiqdalanızın Putin üçün işlədiyini, ağlınıza gələn hər fikrin sizi özünüzdən yaxşı tanıyan alqoritmin sayəsində yarandığını başa düşəndən sonra necə yaşayacaqsınız? Bunlar hazırda insanlığın qarşılaşdığı ən maraqlı suallardır.

Özün haqqında bilmədiyin 10 şey

Lakin təəssüf ki, əksər insanlar bu suallara cavab axtarmırlar. "Azad iradə" illüziyasının arxasında bizi nələrin gözlədiyini araşdırmaq əvəzinə daha qədim illuziyalara sığınmağa can atırlar. Yaxınlaşan təhlükəyə süni zəka və biomühəndisliklə qarşılıq vermək əvəzinə, əksəriyyət dövrümüzün elmi reallıqları ilə liberalizmdən də az ayaqlaşan dini və milliyyətçi fikirlərə üz tutur. Yeni siyasi modellərə yaxınlaşmaqdansa, keçən və hətta orta əsrlərdən qalma düşüncələrdən mədət umurlar.

Bu cür nostalji düşüncələrə üz tutanda Bibliyanın doğruluğu və millət anlayışının müqəddəsliyi (xüsusən siz də mənim kimi İsrail kimi bir yerdə yaşayırsınızsa) kimi mövzuların girdabına yuvarlanacaqsınız. Elm adamı olaraq bunlar məni çox məyus edir. Bibliya ilə bağlı qızğın müzakirələr aparmaq Volterin dövründə yararlı ola bilərdi. Milliyyətçiliyin faydalarını müzakirə etməksə bir əsr əvvəl nələrsə vəd edə bilərdi. Lakin 2018-ci ildə bunlardan danışmaq sadəcə vaxt itkisidir. Süni zəka və biomühəndislik təkamülün gedişatını belə dəyişmək üzrədir və bunların tətbiqindən bizi sadəcə bir neçə onillik ayırır. Cavabları harada axtarmaq lazım olduğunu mən də bilmirəm, lakin əminəm ki, onlar minlərlə il əvvəl yazılmış mətnlərdə deyil.

Yaxşı bəs nə etmək lazımdır? Biz eyni zamanda iki cəbhədə vuruşmalıyıq. Bir tərəfdən liberal demokratiyanı müdafiə etməliyik – təkcə ona görə yox ki, digər idarəetmə sistemlərindən daha ziyansızdır, həm də ona görə ki, o insanlığın gələcəyini müzakirə edərkən daha az məhdudiyyətlər qoyur. Digər tərəfdənsə, biz liberalizmlə bağlı ənənəvi fərziyyələri yenidən gözdən keçirməli və 21-ci əsrin elmi reallıqları və texnoloji gücləri ilə daha yaxşı ayaqlaşan yeni siyasi düşüncə formalaşdırmalıyıq.

Yunan mifologiyasında tanrıça Tetisin qəlbini fəth etmək üçün iki böyük Tanrı, Zevs və Poseydon rəqabət aparır. Lakin onlar biləndən sonra ki, Tetis öz atasından daha güclü oğul dünyaya gətirəcək, hər ikisi geri çəkilir. Tanrılar mövcudluqlarını əbədiyyən qorumaq istədiklərindən daha güclü övladın özlərinə rəqib olmasını istəmirdilər. Beləcə Tetis ölümlü Kral Peleusla evləndi və Axillesi dünyaya gətirdi. Ölümlülərsə uşaqlarının özlərindən daha güclü olmasını çox xoşlayırlar. Həmişəlik hökmranlıq etmək istəyən avtokratlar da özlərini əvəzləyən ideyaların doğuşunu xoşlamırlar. Amma liberal demokratiyalar, demokratiyanın təməllərini sorğu-sual etsə belə, yeni baxışların yaranmasını təçviq edirlər.

Tərcümə: Orxan Əmrullayev

Mənbə: https://www.theguardian.com/books/2018/sep/14/yuval-noah-harari-the-new-threat-to-liberal-democracy?CMP=share_btn_fb

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR