Ədəbiyyatın qarşısının alınması (2-ci hissə)

Corc Oruell

Ədəbiyyat
Photo

Totalitar dövlətlər tərəfindən tətbiq edilən təşkilatlanmış yalan, adətən iddia edildiyi kimi, hərbi aldatma ilə eyni xarakterli müvəqqəti məqsədəuyğunluq deyil. Bu, totalitarizmin tərkib hissəsidir, hətta toplama düşərgələri və gizli polis qüvvələrinin ləğv edilməsi gərəkli olsa belə, davam edəcək bir şeydir. İntelligent Kommunistlər arasında belə bir yeraltı əfsanə dolaşır ki, Rusiya hökuməti yalançı təbliğat, sınaq testləri və s. ilə məşğul olmaq məcburiyyətində qalsa da, əsl həqiqətləri gizli şəkildə qeyd edir və nəvaxtsa gələcəkdə dərc edəcək. Tamamilə əmin ola bilərik ki, bu belə deyil. Çünki belə bir fəaliyyətlə nəzərdə tutulan zehniyyət keçmişin dəyişdirilə bilməyəcəyinə və doğru tarixi biliyin bir məsələ kimi qiymətli olduğuna inanan liberal tarixçi zehniyyətidir. Totalitar dünyagörüşü baxımından tarix öyrənilməsindən daha çox yaradılması gərəkən nəsnədir. Totalitar bir dövlət reallıqda teokratiyadır və burada hakim təbəqə öz mövqeyini qoruyub saxlamaq üçün yanılmaz hesab edilməlidir. Lakin praktik olaraq, kimsə yanılmaz olmadığı üçün, bu və ya digər səhvin edilmədiyini yaxud bu və ya digər xəyali zəfərin reallaşdığını göstərmək məqsədiylə tez-tez keçmiş hadisələri yenidən təşkil etmək gərəkli olur. Yenə də, siyasətdə hər bir əsas dəyişiklik müvafiq doktrinanın dəyişdirilməsini və görkəmli tarixi şəxslərin üzə çıxarılmasını tələb edir.

Belə şeylər hər yerdə baş verir, lakin bu, demək olar ki, bariz şəkildə, həmişə yalnız bir rəyə icazə verilən cəmiyyətlərdə açıq və birbaşa saxtalaşdırmaya gətirib çıxarır. Totalitarizm, əslində, keçmişin davamlı olaraq dəyişməsini tələb edir və uzun vədədə ehtimal ki, obyektiv həqiqətin varlığına inacsızlıq istəyir. Bu ölkədə totalitarizmin dostları, mütləq həqiqət əlçatan olmadığı üçün adətən böyük yalanın kiçik yalandan daha pis olmadığını iddia etməyə meyillidirlər. Bütün tarixi qeydlərin qərəzli və qeyri-dəqiq olduğu və ya digər tərəfdən, müasir fizikanın real dünyaya aid görünənlərin illuziya olduğunu sübut etdiyi bildirilir və beləcə birinin hissi dəlillərinə inanmaq sadəcə vulqar meşşanlıq sayılır. Özünü davam etdirməyə müvəffəq olan totalitar bir cəmiyyət ehtimal ki, sağlam düşüncə qanunlarının gündəlik həyatda və müəyyən dəqiq elmlərdə əlüstə tutulduğu, lakin siyasətçi, tarixçi və sosioloq tərəfindən gözardı edildiyi şizofren bir düşüncə sistemi quracaqdır. Artıq elmi bir dərs kitabını saxtalaşdırmağı qalmaqal hesab edəcək, lakin tarixi bir faktın saxtalaşdırılmasında yanlış nəsə görməyəcək saysız-hesabsız insan var. Ədəbiyyat və siyasətin kəsişdiyi bu nöqtədə totalitarizmin intellektual üzərində ən böyük təzyiqini tətbiq edir. Dəqiq elmlər hazırda eyni dərəcədə təhdid edilmir. Bu, qismən, bütün ölkələrdə öz hökumətlərinin arxasında durmağın yazıçılarla müqayisədə elm adamlarına nə üçün daha asan olduğu faktına da aydınlıq gətirir.

Məsələyə diqqət çəkmək üçün, icazə verin bu essenin əvvəlində dediklərimi təkrar edim: İngiltərədə dürüstlüyün və bu səbəbdən düşüncə azadlığının bilavasitə düşmənləri mətbuat lordları, film maqnatları və bürokratlardır, lakin geniş prespektivdə ziyalıların öz aralarında azadlıq arzusunun zəifləməsi bütün bunların ən ciddi simptomudur. Elə görünə bilər ki, bütün bu vaxt ərzində mən senzuranın bütövlükdə ədəbiyyat üzərindən deyil, sadəcə siyasi jurnalistikanın bir şöbəsi üzərində təsiri haqqında danışıram. Sovet Rusiyasının İngilis mətbuatında qadağan edilmiş bir sahə təşkil etdiyini, Polşa, İspan vətəndaş müharibəsi, rus-alman paktı və s. kimi məsələlərin ciddi müzakirələrdən kənarlaşdırıldığını hesab etsək, hakim düşüncə ilə ziddiyyət təşkil edən məlumata sahibənsə, səndən gözlənilən ya bunu təhrif etmək, ya da bu barədə susmaqdır – bəli, bütün bunlar doğrudur, lakin ədəbiyyat sözün geniş mənasında nədir? Hər yazıçı siyasətçi və hər bir kitab nəticədə birbaşa 'reportaj' əsəridir? Hətta ən qatı diktatorluq altında belə, individual yazar öz zehnində azad qala və qeyri-ənənəvi düşüncələrini səlahiyyətlilərin onları tanımaq üçün çox axmaq olacağı şəkildə distilə edə və ya gizlədə bilməzmi? Və istənilən halda əgər yazar hakim düşüncə ilə razılıq içindədirsə, bunun onun üzərində nə üçün məhdudlaşdırıcı təsiri olmalıdır? Böyük bir fikir ayrılığı və sənətçi ilə pərəstişkarları arasında kəskin fərq olmayan cəmiyyətlərdə ədəbiyyat yaxud hansısa bir sənət inkişaf etməmişdirmi? Hər yazarın bir qiyamçı olduğunu, hətta yazarın istisna bir şəxs olduğunu hesab etmək məcburiyyəti varmı?

Kimsə totalitarizmin iddialarına qarşı intellektual azadlığı müdafiə etməyə çalışarkən yuxarıdakı arqumentlərlə bu və ya digər şəkildə qarşılaşır. Bunlar tamamilə ədəbiyyatın nə olduğu və necə — ola bilər ki, yaxşısı nə üçün — meydana gəldiyi barədə yalnış anlayışa əsaslanır. Bu anlayışa görə, yazar adi bir əyləndirici yaxud melodiyanı asanca dəyişdirə bilən orqan çarxçısı kimi asanlıqla bir propaqanda xəttindən digərinə keçə bilən rüşvətxor gündəlik işçidir. Lakin nəticədə, kitablar nə üçündür? Tamamilə aşağı səviyyə belletristika istisna olmaqla, ədəbiyyat təcrübələri qeydə almaq yolu ilə müasirlərinin dünyagörüşünə təsir etmək cəhdidir. Və ifadə azadlığı məsələsinə gəldikdə, adi jurnalistlə ən “qeyri-siyasi” yaradıcı yazar arasında çox da fərq yoxdur. Jurnalist yalan yazmağa yaxud mühüm hesab etdiyi xəbəri inkar etməyə məcbur olduqda, azad deyil və azad olmadığını hiss edir; yaradıcı yazar da öz baxış bucağından fakt hesab etdiyi subyektiv hisslərini təhrif etmək məcburiyyətində qaldıqda, azad deyil. Öz məqsədini daha dəqiq ifadə etmək üçün o, reallığı təhrif edə yaxud karikaturalaşdıra bilər, lakin öz zehninin mənzərəsini yanlış təqdim edə bilməz: o, az da olsa inamla xoşlamadığı şeyləri xoşladığını, inanmadığı şeylərə inandığını deyə bilməz.

Əgər bunu etməyə məcbur olarsa, tək nəticə yaradıcı istedadının quruması olacaq. Problemi mübahisəli mövzulardan uzaq tutaraq həll edə bilməz. Həqiqətən qeyri-siyasi ədəbiyyat deyilən bir şey yoxdur, ən azından birbaşa siyasi növün qorxu, nifrət və lütflərinin hər kəsin şüurunun səthinə yaxın olduğu bizim əsr kimi bir dövrdə. Hətta tək bir tabu belə ağıl üzərində hərtərəfli sarsıdıcı təsirə malik ola bilər, çünki hər zaman sərbəst izlənilən hər hansı bir düşüncənin qadağan olunmuş düşüncəyə yol açma təhlükəsi mövcuddur. Belə ki, totalitarizmin atmosferi istənilən nəsr yazarı üçün ölümcüldür, baxmayaraq ki, şair, hər hansı bir lirik şair, bəlkə də, onda nəfəs ala bilər. Bir neçə nəsildən daha çox yaşayan hər hansı bir totalitar cəmiyyətdə, son dörd yüz il ərzində mövcud olmuş nəsr ədəbiyyatının faktiki olaraq sona çatması ehtimal olunur.

Ədəbiyyat bəzən despotik rejimin altında inkişaf etmişdir, lakin tez-tez qeyd olunduğu kimi, keçmişin despotizmi totalitar deyildi. Onların repressiya vasitələri həmişə səmərəsiz idi, hakim sinfləri ümumiyyətlə ya korlanmış, ya süst, ya da görünüşcə yarım liberal olmuş və hakim dini doktrinalar əsasən mükəmməllik və insan yanılmazlığı anlayışına qarşı işləmişdir. Lakin bariz həqiqətdir ki, nəsr ədəbiyyatı ən yüksək səviyyəsinə demokratiya və azad fikir dövrlərində çatıb.

Totalitarizmdə yeni olan şey onun doktrinalarının təkcə mübahisəsiz deyil, həm də qeyri-sabit olmasıdır. Adam onları lənət ağrısı ilə qəbul etməli, lakin digər tərəfdən bir an ərzində dəyişə biləcəyinə də həmiş hazır olmalıdır. Məsələn, bir ingilis kommunist və ya "yol yoldaşı"nın Britaniya ilə Almaniya arasındakı müharibəyə dair göstərdiyi bir-birinə tamamilə zidd olan müxtəlif münasibətlərə baxaq. 1939-cu ilin sentyabrından öncəki illər ərzində onun “nasizmin dəhşətləri” haqqında davamlı şəkildə panikada olması, Hitlerin qınanmasına dair yazdığı hər kəlməyə boyun əyməsi gözlənilirdi. 1939-cu ilin sentyabr ayından etibarən iyirmi ay ərzində o Almaniyanın törətdiyindən daha çox ədalətsizliyə məruz qaldığına və ən azından yazılı mətində “nasist” kəlməsinin lüğətdən tamamilə çıxarılmalı olduğuna inanmaq məcburiyyətində qaldı. 1941-ci ilin 22 iyun səhəri saat səkkiz xəbər bülletenini dinlədikdən sonra, o, Nasizmin dünyanın indiyə qədər gördüyü ən qorxunc şər olduğuna yenidən inanmağa başladı. Hazırda siyasətçinin belə ziqzaqlar etməsi çox asandır: yazıçı üçün isə iş bir az fərqlidir. Əgər o, sadiqliyini tam olaraq doğru zamanda dəyişdirəcəksə, ya da öz subyektiv hissləri haqqında yalan danışmalı ya da onları tamamilə basdırmalıdır.

Hər iki halda da öz yaradıcı potensialını məhv edir. O, yalnız öz yaradıcı niyyətlərini tərk etməyəcək – istifadə etdiyi sözlər onun qələminin altında ölü görünəcəkdir. Bizim dövrümüzdə siyasi yazı demək olar ki, tamamilə bir uşaq Meccano dəsti hissələri kimi boltlanmış prefabrik ifadələrdən ibarətdir. Bu, özünü senzuranın qaçınılmaz nəticəsidir. Sadə, canlı bir dildə yazmaq üçün qorxusuz düşünmək lazımdır və əgər adam qorxusuz düşünsə siyasi cəhətdən ortodoks (ənənəçi) ola bilməz. Hakim ənənənin çoxdan qurulduğu və elə də ciddi qəbul edilmədiyi “inanc çağında” bu başqa cür ola bilərdi. Bu halda, adam şüurun bir çox sahəsini rəsmi doqmanın təsirindən xilas və ya azad edə bilərdi. Bununla belə, qeyd etməyə dəyər ki, nəsr ədəbiyyatı yalnız Avropanın inanc çağında demək olar ki, yoxa çıxmışdı. Bütün orta əsrlər boyunca az qala, heç bir yaradıcı nəsr ədəbiyyatı yoxdu və çox az tarixi əsər vardı. Və cəmiyyətin intellektual liderləri ən ciddi düşüncələrini min il boyunca çox da dəyişməyən ölü bir dildə ifadə etmişdirlər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR