Səssiz həyat yoldaşı: Nabokovun məktublarında nələr gizlənir?

Ədəbiyyat
Photo

“Sən və mən çox özəlik: bizim bildiyimiz möcüzələri başqa heç kəs bilmir, bizim sevdiyimiz kimi başqa heç kəs sevmir”.

Vera və Vladimir Nabokov əlli il evli qalıblar (bunun ədəbiyyat icmasındakı cütlüklər arasında rekord olduğu deyilir), onların arasında demək olar, sehrli bir yaxınlıq olub. Bir-birlərindən uzaq düşəndə, Vladimirin Veradan ötrü burnunun ucu göynəyərmiş. Vera onun ilk oxucusu, rəsmi nümayəndəsi, makinaçısı, arxivçisi, stilisti, mühasibi, mətbuat katibi, ilham pərisi, katibəsi, sürücüsü, cangüdəni (çantasında silah gəzdirirdi), uşaqlarının anası, öləndən sonra isə mirasının yeganə varisi idi. Vladimir demək olar, bütün kitablarını Veraya ithaf edib, “Lolitanı” zibil qabına atıb yandırmaq istəyəndə, ona mane olan da məhz Vera idi. Nyu-York, İthakadakı bir müəllim evindən İsveçrədəki lüks otelə köçməzdən əvvəl Vera onun evini təmizləmiş (özü bunu çox da yaxşı bacarmadığını iddia etsə də) və yeməyini hazırlamışdı. Çöldə nahar edəndə, o, ərinin yeməyinin dadına baxacaq qədər irəli getməzdi, amma məktublarını açıb onlara cavab yazardı.

Veranın bioqrafı Steysi Şiffin sözlərinə görə, Vera məxfiliyə o qədər əhəmiyyət verirdi ki, adını Vladimirin qeydlərində görəndə panikaya düşürdü. Veranın məhəbbətinə təmənnasız demək yersiz düşər, lakin Nabokovlar bir almanın iki yarısı kimiydilər. İfrat bağlılıq bəzən başqası üçün edilən təmtaraqlı davranışlarda özünü göstərirdi.

Şiffin Veranın həyatından bəhs edən bioqrafiyası 2000-ci ildə Pulitzer mükafatına layiq görülüb, o vaxtdan bəri Veranın adı ingilis dilində eponimə (adı dillərə düşən kimsə) çevrilib. Keçən il “Atlantik” jurnalının internet səhifəsində yayımlanan bir məqalədə belə bir qənaətə gəlinmişdi ki, ən şanslı yazıçılar “Vera” ilə evlənmiş olanlardır; hansısa cinsdən olan elə bir həyat yoldaşı ki, onları həyatın monoton fəaliyyətlərindən xilas edir; daha şanssızları isə camaşırlarının yuyulmasını gözləyərkən, Vera kimi bir qadının xəyalını qururlar. Məqaləyə görə, daha varlı (yaxud tərəddüdlü) yazıçılar özlərinə bir Vera satın almalıdırlar.

Nabokovun həyat yoldaşına yazdığı məktublardan ibarət “Veraya Məktublar” “Knopf” yayınlarında çıxıb. Ruscadan ingiliscəyə Olqa Veronina və Nabokovun bioqrafiya yazarı Brian Boyd tərəfindən tərcümə edilən bu müstəsna cildin arxasında olduqca ciddi tədqiqat yatır. Lakin kitabda dövrlərə bərabər səviyyədə yer verilməyib. Məktubların beşdə dördünü cütlüyün tanış olduğu 1923-cü ildən altı yaşındakı uşaqları Dmitri ilə Fransadan Nyu-Yorka qaçdıqları 1940-cı ilə qədərki dövr əhatə edir. Nabokovun ölümünə qədər davam edəcək olan sonrakı 37 il isə kitabın beş yüz səhifəsinin cəmi səksənində öz əksini tapıb. (Təbii ki, kitabın axırındakı 268 səhifəlik son qeydləri və əlavə məlumatları saymasaq).

Sevgilinizlə zəhərli münasibətiniz? - Bunu necə biləcəksiniz və nə etməlisiniz

Nabokovun ingiliscə yazdığı kitabların biri xaric, hamısını Amerikada yazdığı üçün (ədəbi kimliyi barədə soruşulanda o, israrla “Mən amerikalı yazıçıyam” deyərdi) karyerasının ən məhsuldar illəri – yəni Veranın hamilə olduğu illər – səhnə arxasında baş tutub. “Veraya Məktublarda” biz gənc Vladimirin hələ o, məşhur Nabokov ironiyasına uymazdan əvvəlki halının avtoportretiylə qaşılaşırıq. Dil və ehtiras sərxoşu həmin ilk məktubları oxumaq insanın özünü də sərxoş edir. Top otaqdakı yeganə mebel olan kreslonun altına diyirlənir, Nabokov yazır: “Əşyaların həyatda qalmaq instinkti var sanki”. Siqareti tərgitməyə çalışan Nabokov mələklərin cənnətdə sanki günahkar məktəb şagirdləri kimi siqaret çəkdiyini təsəvvür edir. Onların yanından baş mələk keçəndə, siqaretlərini kənara atırlar və bax, “sayrışan ulduzlar belə əmələ gəlir”. Parisdə metronu belə təsvir edir: “Barmağın arası kimi iylənir, bir o qədər də basabasdır”.

Gənc olarkən Nabokovun məqsədi Veraya o dövrün rusları üçün çətin başa gələn “aydın, sadə bir xoşbəxtlik” vermək idi. Aralarında üç yaş fərq var idi, Vladimir 1899-cü ildə, Vera isə 1902-ci ildə doğulmuşdu, gənclikləri iyirminci əsrin təhlükəli xaosu arasından keçmişdi. Həmvətənlərinin çoxu hər şeylərini itirib, bir də özlərinə gələ bilməmişdilər. Amma onların ikisi bir-birlərində axtardıqları bəxt ulduzunu tapmışdılar. Vera Yevseevna Slonim inqilab vaxtı Sankt-Peterburqdan qaçaraq, Bolşevik əleyhdarı Yəhudi cəmiyyətinin ilk faktiki paytaxtı olan Berlinə sığınan zəngin bir yəhudi ailəsində doğulmuşdu. Ağbəniz və iri sümüklüydü: yetim uşaqlar kimi iri gözləri var idi. Danışığındakı və geyimindəki zərifliyi ilə ərinə rəqib ola bilərdi. Vladimir Veranın saçlarını erkən ağartdığını deyib gülərdi: sərtliyini ört-basdır edən dindar bir hava vermişdi ağ saçları Veraya. Vladimir Veranın şəxsiyyətinin “kiçik və iti oxlardan” ibarət olduğunu söyləyərdi.

Slonimlər Berlinə çatanda Veranın vəkil atası bir mətbəə qurdu. Bu, demək olar ki, dindarcasına Rus kimliyinə bağlı qalan yarım milyonluq mühacir kütləsinə xidmət edən 86 mətbəədən biriydi. Veranın özü də buradakı ofisdə işləyirdi. Həm Vera, həm iki bacısı evlərində yüksək standartlara uyğun xidmət edəcək səviyyədə tərbiyə edilmiş parlaq qızlar idilər. Əmiuşaqları “mükəmməl səviyyədə böyüdülüblər” deyərdilər. Mükəmməl olmaq yaxşı bir evlilik qurmaq mənasına gəlirdi çünki. Bu müddət ərzində Vera həm ingilis dilindən dərs verir, həm də bir neçə dildən tərcümələr edirdi. Bəzi tərcümələri sürgündəki yazıçıların yazılarının nəşr olunduğu ən prestijli jurnal olan “Rul”da çap edilmişdi. Jurnala töhvə verən məşhur yazıçılardan biri də dolanışığını özəl dərs verərək keçirən, qadınlar arasında ad çıxarmış, şahmat oynayan, yaxşı geyimli, kəpənək mütəxəssisi olan gənc bir aristokrat idi. O, şeirlərini V. Sirin təxəllüsü ilə yazırdı, amma Vera daxil olmaqla, ədəbi cəmiyyətin içindəkilər onun həqiqi adını bilirdilər.

Vladimirin xatırladığına görə, Vera ilə 8 May 1923-də bir xeyriyyə tədbirində tanış olublar. Şiff isə “şabalıd ağaclarıyla əhatə olunmuş bir kanalın” üzərindəki körpüdə tanış olduqlarını deyir. Amma Vera da daxil olmaqla bütün mənbələrin ortaq fikrinə görə, görüş zamanı Veranın üzü qara bir maska ilə örtülü olub, onlar söhbətə dalıb şəhərdən Hohenzollernplatza qədər gəzdikləri müddət ərzində Vera maskasını çıxarmaqdan imtina edibmiş. Maska cəsarətli bir qurğu kimi görsənir. Vera Sirinə (Boydun dediyi sayaq) – girişmişdimi? Bu, əvvəlcədən planlaşdırılmış bir oyun idimi? Onu görməyi - Corc Eliotun bəhs etdiyi Dorotea Brukun Kasabonla tanış olmazdan əvvəlki hissləri kimi - “ehtiram dolu bir həyacanlamı” gözləyirdi? Nabokov sonradan bacısına tanışlıqlarını həqiqətən də Veranın planlaşdırdığını demişdi. Vera isə bu məsələ barədə danışmaqdan imtina edirdi. Lakin Vera etiraf etmişdi ki, Sirinin başqa bir qadına yazdığı sevgi şeiri daxil olmaqla, bir neçə misrasını əzbərləyib Vladimirin dediyi sayaq “nəfis” bir səslə ona oxuyub.

Varoluş və sərxoşluq: bir ekzistensialist kimi necə əylənməli?

Nabokov və Vera iki il içində evləndilər. Məktublardan belə anlaşılır ki, başqa heç bir cütlük bu cür mükəmməl bir cinayət ortaqlığı etməyiblər. Məktubların ilk cümləsində Vladimir Veraya belə yazır: “Bunu səndən gizlətməyəcəm. Bu cür başa düşülməyə heç öyrəşməmişəm”. 1924-də belə yazır: “Əslində, bir-birimizə hədsiz oxşayırıq”. Bir neçə aydan sonra isə belə: “Sən və mən çox özəlik: bizim bildiyimiz bu möcüzələri başqa heç kəs bilmir, bizim sevdiymiz kimi başqa heç kəs sevmir”. Vladimir Veraya “canını” verməyə hazır idi. O, eniş-yoxuşlardan ibarət onlarla ildən sonra, hələ də evliliklərinin “qüsursuz” olduğundan danışardı – məşuqəsinə belə.

Lakin illər keçdikcə və ehtirasının alovu səngidikcə, Nabokov gündəlik həyata uyğun praktiki fəaliyyətlərlə daha çox məşğul olurdu. 1930-larda o, öz stilini dəyişdirməyəcək qədər məşğul idi. Yazısının üzərində hədsiz əmək sərf edən bir yazıçı üçün bu diqqətsizlik (təkrarlarla dolu tələsik cümlələr) elə siqaretləri kimi, Veranın da ona həsr edəcəyi kiçik bir həzz ola bilərdi. Lakin özü də artıq dəyişmişdi. Əsərlərini çap etmək cəhdləri xaric, sənətə bir o qədər baş qoşmurdu, məktublarında daha çox özünün həzm sistemindən yazırdı. Vətənsiz bir insan kimi viza almaq onun üçün çətin idi və “məktublarımız bürokratik raportlara çevrilir” deyə fəryad edirdi. O, çətin anlaşılan rus adlarından ibarət ictimai çevrələrinə uzun paraqraflar həsr edirdi. Nabokov ola bilsin “Pussykin” taxma adıyla xitab etdiyi Veranı faşizmin ortaya çıxmasıyla narahat etmək istəməmişdi: buna görə də “Veraya məktublar”da da Hitlerin adı cəmi iki dəfə keçir.

Mussolininin Albaniyanı istila etdiyi 17 Aprel 1939-cu ildə Nabokov Londonda “Hitler sifətli” sarış bənövşələr olan bir parkda gəzir. Bir neçə gündən sonra bir başqa kəpənək mütəxəssisi ilə bir səhər keçirir. “Hər şey haqqında danışdıq, Hesperiidae-nin törəmə orqanlarından tutmuş (kəpənək fəsiləsi) Hitlerə qədər”, - deyə yazır. Boyd da, Şiff də bioqrafiyalardan ötrü bu məktublaşmalardan yararlandıqları üçün bioqrafiyalarda elə də sürpriz bir detal yoxdur. Nabokovun heyranları üçün narahatlıq doğuracaq, darıxdırıcı bir insan ola biləcəyinin kəşfi istisna olmaqla. Məsələn, bir dəfə o, Parisdə bir təqdimat günü üçün hazırlıq görür: “Yaxşıca təraş olub geyinməyə başladım. Sən demə, smokinqimin qolları çox qısa imiş, gözəl ipək köynəyimin qolları altdan çox çıxdı. Ayağa qalxanda da ətəyimin altından kəmərim görünürdü. Buna görə də Amalia Osipovna mənə tezbazar rezin qol bağları düzəltmək məcburiyyətində qaldı, sonra da Zenzinov mənə şalvar bağlarını verməli oldu... Bunlar qaydasına düşəndən sonra çox yaraşıqlı görünürəm”.

Sonra o, Amalia və Zenzinov ilə yedikləri yeməkdən bəhs edərək, davam eləyir, yumurtalı bir içki içməsini, taksi ilə Rue Las Cases-dəki “basabas” salona getmələrini və bir xeyli pərəstişkara gülümsəmək məcburiyyətində qalmağın gətirdiyini yorğunluqdan yazır. Adlarını yaddan çıxarır, amma məşhur yazıçıların və “minlərlə” qadının, yəni “bir sözlə, hər kəsin” varlığından duyduğu məmnuniyyəti əlavə etməkdən qalmır. Şeir oxumaq növbəsi çatanda isə, bir tanışından aldığı “çox gözəl” çantanı açıb kağızları masanın üzərinə tökür. Yanındakı qabdan bir qurtum su içdikdən sonra oxumağa başlayır. Otağın akustikasi möhtəşəmdir: hər şeir alqışlara səbəb olur. Bu nəqletmə dörd səhifə boyunca davam edir.

Heç şübhəsiz xanım Nabokova həyat yoldaşının hər zəfərinə, diş ağrısına və soyutma yumurtasına böyük maraq göstərir. Lakin eyni zamanda naqolay vəziyyətlərdə onun sevgi ifadələrindən bezdiyini (“mənim kiçik gün işığım”), taxma adlara əsəbləşdiyini (“lumpikin”) və öz şəxsinə yönələn heyranlıqdan qopardılması çətin olan təmtəraqlı sevgidən yorulduğunu (“Sanki sənin ruhunda mənim hər bir fikrim üçün hazırlanmış bir nöqtə var”) da təsəvvür eləmək mümkündür. Amma biz heç vaxt Veranın nələr hiss etdiyini bilə bilmərik. O, Vladimirə göndərdiyi məktubları tez-tez məhv edər, anasına göndərdiyi poçt kartoçkasına yazdığı sətirlərin belə üstünü qaralayardı. Vladimir tez-tez Veranın məktublarındakı susqunluqdan şikayət edərdi: “Pussykins, mənə iyrənc dərəcədə az yazırsan”. Boyd Nabokovun “yerində başqası olsa, qarşılıq almadığını düşünməsinə səbəb olacaq” bu tolerantlığa heyrətləndiyini dilə gətirir. Amma evliliklərindəki uğursuzluqlar adətən tez həll olunurdu. Vladimir 1926-cı ildə Veraya belə yazır: “Səni düşünəndə, çox xoşbəxt və şən oluram. Və həmişə səni düşünürəm deyə, xoşbəxt və şənəm”.

Kişilər niyə tərk edir?

Nabokov hələ yeni evli ikən Vera depressiya və çəki itirmək səbəbindən bir sanatoriyaya göndəriləndə (özü istəmədən), eyni yumşaqlığına qayıdır. Veranın azad buraxılması üçün yalvardığı “kədərli bir məktuba” cavab olaraq Vladimir yazır: “Həyatım, bunu başa düşməlisən ki, heç birimiz sən tam sağalmadan və istirahət etmədən, səni görə bilmərik. Sənə yalvarıram, həyatım, mənim xətrim üçün bu inadkarlığı bir kənara at... Fikirləş ki, sənin özünü pis hiss etməyin mənə necə təsir edir”.

Nabokovun həyat yoldaşına olan düşkünlüyünün etinasızlıqla əvəz olunduğu 1937-də, Boydun dediyi kimi, evliliklərinin “ən qaranlıq və əzab dolu” ilində vəziyyət pik həddə çatır. Vladimirin seksual xarizması əfsanəydi və Vera hələ onunla evlənməzdən əvvəl belə onun qadınlar arasında nə qədər populyar olduğunun fərqindəydi. Bu, biraz da münasibətlərinin ilk dövründə Veranın atasının anket kağızında qeydə alınmış 30-a yaxın sevgilinin adını görməsindən qaynaqlanırdı. Nişandan 4 ay sonra Vera Vladimiri 17 yaşlı gözəl bir qızla tutmuşdu. (Qızın valideynləri Nabokovun gözləntilərindən və əxlaqi dəyərlərindən qorxub onun gündəliyini qızlarına vermişdilər. Qız da gündəliyi otağın bir küncünə fırlatmışdı).

Şiffin yazdığına görə, ilin əvvəllərində Vera fransızca yazılmasına baxmayaraq “bir rus tərəfindən yazıldığı aydın” olan anonim bir məktub almışdı. Bu vaxt Vera oğlu Dmitri ilə Berlində olarkən, Vladimir Parisdə nəşriyyatlarla əlaqələr qururdu. Veraya ünvanlanan məktubda, onun ərinin dolanışığını qismən it parixmaxeri kimi keçirən İrina Quadanini adlı həyat dolu və naz-qəmzəli dul bir sarışına görə başını itirdiyindən bəhs olunurdu. Vera Vladimirə məktub mövzusunu açmış, amma Vladimir şayiəyə çiyinlərini qısmaqla cavab vermişdi. Nabokov Mart ayında Veraya “Sənə kədərli olmağı qadağan edirəm” yazdı. “Dünyada bu cür nəhayətsiz məhəbbətin kiçicik bir qismini belə oğurlayacaq, yaxud xətər yetirəcək bir qüvvə yoxdur”. (Bundan biraz əvvəl Veraya La Coupole-də İrina ilə görüşdüyünü demişdi; istəyirdi ki, Vera şam yeməyi zamanı çox sevdiyi mürəkkəbli qələminin qapağını itirdiyini, sonra da tapdığını bilsin).

Bahar gələndə cütlük istirahət planları haqqında mübahisə etdilər. Məktublarda Vera Çexoslavakiyada bir istirahət yerini istəyir, Vladimir isə Fransanın cənubundakı yay evi üçün israr edirdi. “Məni narahat edir və əsəbləşdirirsən” – Vladimir yazırdı, Vera isə yola gəlməyi rədd edirdi. Biraz sonra isə yazırdı: “Sevgilim, dünyadakı bütün İrinalar bir kənara... Özünü belə həlak etməməlisən”. Apreldə isə belə yazır: “Bir dənəm, fikrinin dağınıq olması məni əməlli-başlı öldürür. Nə baş verir?” Şiffdən öyrəndiyimizə görə, vəziyyət beləydi ki, xanımına münasibətini bitirəcəyi barədə söz versə də, Nabokov hələ də onu ilahiləşdirən məşuqəsiylə alovlu bir münasibət yaşamaqda davam edirdi. Bir damcı da utanc hiss etmədən, İrinaya onsuz yaşaya bilməyəcəyini deyirdi. Hətta müəyyən müddətdən sonra Veranı atacağına dair ehyam belə vurubmuş.

Kitabın sonuna əlavə edilsə, möhtəşəm bir hissə olacaq bu məktublarda Nabokov İrina ilə aralarındakı möhtəşən harmoniyanı şübhə oyandıracaq qədər tanış bir formada mədh edir. Şiff bu barədə belə yazır: “Daha ayağısürüşkənlərimizi Nabokovun belə diqqətsiz ehtiraslarını ifadə etmək üçün cəmi iki fərqli sözdən belə istifadə etmədiyini bilmək rahatlada bilər”.

Nitsşe “Sənətçini yaradan şey ortaya çıxardığı işdir”, demişdi. “Ehtiram görən “görkəmli insanlar” sənətin sonradan ortaya çıxardığı hissələrdi”. Bioqrafiyaçılar da, Veralar da məhz bunu çox yaxşı bilirlər. Bu, “Solğun Atəş” üçün epiqraf belə ola bilərdi.

Kamilla Klodel – Rodinin kölgəsindən heç vaxt uzaqlaşmayan faciəvi aşiq

Boyd Veranı “ustad inkarçı” kimi xarakterizə edir. 1960-cı illərin sonlarına doğru Endryu Field Nobakova bioqrafiyasını yazmağı tövsiyyə etdi. Həm Vladimir, həm də Vera bu layihəni istiqanlılıqla qarşılaşsalar da, ikisi də də Fieldin marağına təmkinlə yanaşdılar. Boyd Veranın məktubların məzmununu gizlətməkdən ötrü onları yandırdığını düşünür. 1973-cü ildə Vera ilk qaralamanı oxuyan zaman, sönük və təhrif edilmiş portret kimi gördüyü kitaba qarşı çıxdı. Fieldə belə deyibmiş: “Birlikdə 48 ilə yaxın zaman keçirdikdən sonra, Vladimirin ağzından heç klişe, yaxud basmaqəlib bir söz çıxmadığına and içə bilərəm”.

Amma onun inkar etdiyi nə qədər şey var idi? Bu məqamda, Şiffin Nabokovun arxivlərində rast gəldiyi bir məktubdan sitat gətirmək yerinə düşər. Bu məktubu Vera 1959-cu ildə böyük bacısı Şahzadə Helen Massalskiyə yazmışdı. Onun Lena adlı bacısı Berlində qalmış və müharibədən güclə salamat çıxmışdı. Qadın boşandıqdan qısa müddət sonra ərini itirmişdi. Bu zaman o, katolikliyə meyl salıbmış. Özbaşına tərbiyə eləməkdə çətinlik çəkdiyi Mixael adlı iyirmi bir yaşı oğlu var idi. Vera onları ziyarət eləmək istəyirdi, ancaq bir şərtlə: “Mixael sənin Yəhudi olduğunun və özünün də yarı Yəhudi olduğunu bilirmi?” Əgər bilmirsə, “səni görməyə gəlməyinin bir mənası olmaz, çünki mənim üçün həqiqət və səmimiyyət üzərində qurulmayan hansısa bir münasibətdən söhbət belə gedə bilməz”.

Bu kitabın axırında Veranın məktublarını məhv edərkən, nədən narahat olduğu ilə maraqlanmamaq mümkün deyil. Yəqin ki, nəyəsə görə narahat idi. Keçmişin həqiqəti bu məktublar olmadan əsla üzə çıxa bilməz çünki. Onları məhv eləmək, məhrəminə xəstəlik dərəcəsində əhəmiyyət verən bir qadınınmı işidir? Yoxsa nə qədər ziddiyyətli bir həyat yoldaşı olduğunu dair bütün izləri məhv edəcək bir insanınmı davranışıdır? Bu suallar “Veraya Məktubların” içində əks-səda verir. Nabokov Veraya “Sən mənim maskamsan” deyirdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR