İnsan təbiəti barəsində psixologiyanın 10 bədbin tapıntısı

Emosional İntellekt
Photo

Kristian Cannet bir vaxtlar koqnitiv-nevro sahəsində çalışan elm adamı olub. Hazırda o, elm yazarıdır, onun məqalələri “New Scientist”, “The Guardian”, “Psychology Today” kimi nüfuzlu mətbuat orqanlarında yayımlanır. Müəllif hazırda “Şəxsiyyətini Dəyişdirmək üçün Elmdən Yararlanmaq” adlı kitabını nəşr etdirməyə hazırlaşır.

Bu sual tarix boyu maraq doğurub: insanlar ideal olmasalar da əsasən mərhəmətli, həssas, xoştəbiətli varlıqlardır, yoxsa onlar əslində bədniyyətli, küt, işəyaramaz, kinli və eqoistdirlər? Bu sualın asan cavabı yoxdur və əlbəttə ki, insandan insana da fərq var, amma biz burada insan təbiətinin qaranlıq və xoşagəlməz aspektlərini əks etdirən elmin 10 bədbin tapıntısını sizlərə təqdim edəcəyik:

Biz azlıqları və digər həssas qrupları o qədər insan yerinə qoymuruq. Bu cür aşkar insanlıqdan kənar yanaşmanı əks etdirən nümunə beyin tomoqrafiyası nəticəsində əldə edilib. Bir qrup tələbə arasında aparılan araşdırma nəticəsində məlum olub ki, onların beyni yüksək statuslu insanlara reaksiya ilə müqayisədə, evsizlərin, yaxud narkomanların şəkillərinə baxarkən daha çox nevroaktivlik göstərib. Bir başqa tədqiqat nəticəsində isə məlum olub ki, ərəb immiqrasiyasına qarşı çıxanlar ərəblərin və müsəlmanların ortalamadan aşağı təkamül etdiyini düşünürlər. Digər araşdırmalar arasındakı bir başqa araşdırmaya görə isə, gənclər yaşlıları o qədər də adam yerinə qoymurlar: və kişilər kimi qadınlar da sərxoş qadınlara insani münasibət sərgiləmirlər. Ən maraqlısı bu yanaşmanın erkən yaşda başlamasıdır – uşaqlar 5 yaşlarına çatdıqda özlərindən olmayanlara (digər şəhərdən olan insanları, yaxud əks cinsdən olanları) qrup daxilindəkilərə olan münasibətlə müqayisədə daha insanlıqdan kənar münasibət göstərirlər.

Biz başqasının bədbəxtliyindən zövq alırıq. 2013-cü ildəki bir tədqiqata görə, 4 yaşımızdan başlayaraq, biz başqasının bədbəxtliyindən zövq almağa başlayırıq. Uşaq həmin insanın bədbəxtliyə layiq olduğunu düşünürsə, bu hiss daha da güclənir. Bu yaxınlarda aparılan bir tədqiqat zamanı 6 yaşlı uşaqlar stiklerlərə pul xərcləməkdənsə, qeyri-ünsiyyətcil kuklanın döyülməsi üçün pul veriblər.

Biz karmaya inanırıq – bu dünyanın məzlumlarının öz talelərinə layiq olduqlarını güman edirik. Bu cür inancların xoşagəlməz nəticələrini ilk dəfə 1966-cı ildə artıq klassikaya çevrilmiş tədqiqatlarında amerikalı psixoloqlar Melvin Lerner və Karolin Simmons göstərmişdilər. Eksperiment zamanı səhv cavablara görə qadın tələbə elektrik şoku ilə cəzalandırılırdı, qadın iştirakçılar onun bir daha əzab çəkəcəyini görəcəklərini və xüsusilə bu əzabı azalda bilmək iqtidarında olmadıqlarını biləndə, qadını daha da xoşagəlməz və murdar kimi qiymətləndirirdilər. Bu zamandan etibarən tədqiqatlar bizim dünyadakı ədalət inancımızı qorumaq üçün kasıbları, təcavüz qurbanlarını, QİÇS xəstələrini və digərlərini öz talelərinə görə günahlandırmaq meyilimizin olduğunu göstərib.

Biz məhdud və ehkamçıyıq. Əgər insanlar rasional və açıqfikirli olsaydılar, onda kiminsə yanlış inanclarını düzəltmək üçün birbaşa metod onların əlinə uyğun faktlar verərdi. Amma 1972-ci ildəki klassik tədqiqat bu yanaşmanın səmərəsizliyini sübut edib. Ölüm cəzasının lehinə və əleyhinə olan iştirakçılar özlərinin mövqeyini sarsıdan faktı tamamilə rədd ediblər, bununla da əslində özlərinin əvvəlki fikirlərinə zidd gediblər. Bu müəyyən mənada ona görə baş verir ki, biz əks fikirlərin bizim kimlik hissimizi sarsıtdığını görürük. Əksəriyyətimiz nəsnələri başa düşdüyümüzdən hədsiz dərəcədə əminik, belə olan təqdirdə, yəni əgər biz fikirlərimizin başqalarınkından üstün olduğuna inanırıqsa, bu, bizi əlavə bilik qazandırmaqdan məhrum edir.

Özümüzlə tək qalmaqdansa biz elektrik stoluna bağlanmağa razı olarıq. Bu öz əksini 2014-cü ildə baş tutan bir tədqiqatda tapıb. Araşdırma zamanı kişi iştirakçıların 67%-i və qadın iştirakçıların isə 25%-i 15 dəqiqə özləriylə sakitlikdə qalmaqdansa, elektrik şokuna məruz qalmağı üstün tutublar.

Biz səmərəsiz və təkəbbürlüyük. Bizim irrasionallığımıza biraz təvəzökarlıq və özünüdərk əlavə olunsaydı, vəziyyət o qədər də kədərli olmazdı, amma bizim əksəriyyətimizdə öz bacarıqlarımız və keyfiyyətlərimiz, məsələn, sürücülük qabiliyyətimiz, ağıl və cazibədarlığımız haqqında şişirtmə görüşlər var – buna “Vobegon Gölü Effekti” (Lake Wobegon Effect) adı verilib – “Vobegon Gölü Effekti” utopik şəhərdə bütün qadınların güclü, bütün kişilərin yaraşıqlı və bütün uşaqların üstün zəkalı olmasını əks etdirir. Amma nə qədər gülünc səslənsə də, ən bacarıqsız olanlarımız özünə sonsuz dərəcədə əmin olmağa meyillidir (“Danninq Kruger Effekti”). Özünlə bağlı bu məhdud görüş bizim əlxaqımızda belə görünür ən irrasional və ekstrim haldır, bu həmçinin bizim özümüz barədə nə qədər ədalətli və prinsipial olduğmuzu da göstərir. Faktiki olaraq, həbs olunan cinayətkarlar da cəmiyyətin ortabab üzvünüdən fərqli olaraq özlərini daha mərhəmətli, daha dürüst və səmimi hesab edirlər.

Danninq-Krüger effekti nədir və necə işləyir?

Biz əxlaqi baxımdan riyakarıq. Digərlərinin əxlaqi səhvlərini ittiham etməyə və səs-küy qaldırmağa tələsənlərə diqqət yetirməliyik - əxlaq dərsi keçənlərin özlərinin günah yiyəsi olması ehtimalı böyükdür, amma onlar öz səhvlərinə o qədər də ciddi yanaşmırlar. Tədqiqatlar zamanı alimlər aşkar ediblər ki, insanlar özlərində olan eqoist davranışı eynilə başqalarında görəndə, bunu olduqca böyük ədalətsizlik kimi qiymətləndirirlər. Aktyor-müşahidəçi asimetriyası adı verilən bir fenomen var. Bu fenomen bir insanın partnyorunun sədaqətsizliyi kimi pis xüsusiyyətləri onun xarakteri ilə əlaqələndirərkən, özünün etdiyi eyni səhvləri situasiya ilə əlaqələndirmək meylini müəyyən qədər izah edir. Özünü təmizə çıxaran bu cür ikili standartlar hətta kobudluğun artmaqda olması kimi ümumi düşüncəni də izah edə bilər. Son tədqiqatlar göstərir ki, əgər kobudluğu edən yad adamlardırsa, bu bizə dostlarımızın, yaxud özümüzün etdiyindən daha qaba görünür.

Biz hamımız potensial troluq. Sosial şəbəkədə hansısa bir qovğada iştirak edən istənilən adam təsdiq edər ki, sosial şəbəkələr insan təbiətinin ən bərbad xüsusiyyətlərini aşkara çıxarmaq iqtidarındadır. Bu, müəyyən mənada qarşısıalınmazlıq effekti ilə və anonimliyin bizin əxlaqsız meyillərimizi (onlayn olmaq bu imkanı genişləndirir) artırması ilə əlaqədardır. Bir tədqiqatın nəticələrinə görə, gündəlik olaraq sadizmə meyilli kəslər (həzm eləmək nə qədər çətin olsa da bizlərin böyük kəsimi) xüsusilə onlayn trolluğa meyillidirlər. Keçən il yayımlanan bir araşdırmaya görə, pis ovqatda olmaq və başqalarının rişxəndinə tuş gəlmək, həmin insanın başqalarını trollamaq istəyini ikiqat gücləndirə bilər.

Biz psixopatik davranışları olan qeyri-effektiv liderləri üstün tuturuq. Amerikalı şəxsiyyət psixoloqu Den MakAdams bu yaxınlarda bəyan etdi ki, ABŞ prezidenti Donald Trampın aşkar aqressiyasının və təhqirlərinin “ibtidai cəlbediciliyi” var. Onun “provakativ tvitləri” alfa erkək şimpanzenin “gözdağı vermək üçün qurduğu səhnələrə” bənzəyir. Əgər MakAdamsın analizi doğrudursa, geniş miqyasda yayılan fenomeni də izah edə bilər. Bu o deməkdir ki, liderlər arasında ortabablardansa psixopatik davranışları olan liderlər daha çoxdur. Başqa bir nümunəni götürək, Nyu Yorkun maliyyə liderləri arasında keçirilən sorğu göstərmişdi ki, onlarda normal emosional intellekdən aşağı olan psixopatik davranışlar çoxdur. Keçən il nəşr olunan bir meta-analiz isə bu nəticəyə gəlib ki, psixopatik davranışla liderliyi ələ keçirmək arasında incə, amma vacib bir bağ var, bu çox mühüm faktdır, çünki psixopatiya həmçinin zəif liderliklə də əlaqəlidir.

Qaranlıq şəxsiyyət xüsusiyyətlərinə malik insanlar bizi seksual baxımdan cəlb edirlər. Biz təkcə psixopatik insanları özümüzə lider seçmirik, həmçinin dəlillər göstərir ki, kişilər və qadınlar ən azından qısa müddətliyinə narsistlik, psixopatiya və Makiavellizm kimi “pis davranışlar” sərgiləyən insanlar tərəfindən seksual baxımdan cəzb olunurlar – bununla da bu davranışların təşviq olunması üçün risk edirlər. Bir araşdırma bu qənaətə gəlib ki, bir kişi özmərkəzçi, manipulyativ və qeyri-həssas davranışlar sərgiləyəndə, qadın üçün seksual baxımdan daha cəlbedici görünür. Başqa bir nəzəriyyəyə görə isə, özünəəminlik və risk etmək meyli pis davranışlarla üst-üstə düşür.

Bütün bunlar insan növünün gələcəyinə təsir edə bilərmi? Ola bilsin ki, bəli – 2016-cı ildəki başqa bir araşdırmanın gəldiyi qənaətə görə, kişilərin narsist sifətlərindən ehtiraslanan qadınlar çox uşaq dünyaya gətirməyə meyillidirlər.

Amma həvəsdən düşməyə dəyməz – bu tapıntılar bizim əsas instinktlərimizə qalib gəlməyimiz haqda hələ heç nə demir. Faktiki olaraq, biz öz qüsurlarımızı görməklə və qəbul etməklə, onlara üstün gələ bilərik və öz təbiətimizdəki daha yaxşı xüsusiyyətləri artıra bilərik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR