Möhkəm olmaq üçün faciəni yumorla və çevikliklə qarşıla

Emosional intellekt
Photo

Dennis Çarney Nyu Yorkda, Mount Sinaidə Tibb Aykahn Məktəbinin psixiatriya üzrə professorudur. O, Stiven Sauzviklə birgə "Möhkəmlik: Həyatın Ən Böyük Çətinliklərində Ustalaşmaq Elmi" kitabının (2018) müəllifidir.

Möhkəm insanlar bir qayda olaraq çevik olurlar – çeviklik deyilərkən, onların üzləşdikləri problemlər barədə nə düşünmələri və stresə emosional baxımdan necə reaksiya vermələri nəzərdə tutulur. Onlarda bir şeyin öhdəsindən gəlmək üçün xüsusi bir üsul yoxdur. Əksinə, onlar şərtlərdən asılı olaraq, bir bacarıq strategiyasını digərinə dəyişirlər. Bir çoxları da dəyişə bilmədikləri şeyləri qəbul etmək bacarığındadırlar; səhvlərdən nəticə çıxarır; mərhəməti və cəsarəti tətikləmək üçün qüssə və qəzəb kimi duyğulardan yararlanır; çətin anlarda isə imkan və mənalar axtarışına çıxırlar.

Amerikalı entreprenör və motivasiya natiqi Pet Koerner belə deyir: “Həyat – dəyişiklikdir. Əgər sən istər-istəməz dəyişirsənsə, nəyə görə də yaxşıya doğru dəyişməyəsən? Yaxşı və pis sənin əlində olan yeganə seçimlərdir; sən əbədiyyən olduğun yerdə qala bilməzsən”.

Gənc bir oğlan olan Cerri Vayt, Rod adasındakı Braun Universitetində Yəhudi araşdırmaları mütəxəssisi idi. Onun xüsusilə İsanın kəlamlarına marağı varıydı, buna görə də 1984-cü ildə elmdəki erkən illərində o, İsraildə təhsil almaq qərarına gəldi. O, iki dostu ilə birgə Qolan təpələrində ekskursiya edərkən, baş verən partlayış onun ayağını qopardı. Vaytın qan fışqıran ayağının dərisi parçalanaraq yanmış, qırılmış sümükləri isə çirk və qanla örtülmüşdü. “Hanı mənim ayağım?” – o, qışqırırdı. Vayt yaralı halda uzanarkən, dostları paltarlarını cırıb onun yarasını sarıdılar və yaralı ayağa əvəzləyici turniket bağladılar. Ən sonda, yaxınlıqdakı kibbutzdan olan bir nəfər onların köməyinə gəldi.

Sonralar Vayt Beynəlxalq Minadan Sağ Qurtulanlar Şəbəkəsinin yaradıcılarından biri oldu (Sağ Qalan Meyitlər adı dəyişdiriləndən sonra). İsraildə ayağını itirəndən 13 il sonra o, minaların qadağan olunması beynəlxalq kampaniyası çərçivəsindəki töhvələrinə görə, Nobel Sülh Mükafatına layiq görülən aktivistlərdən biri idi.

Bəs Vayt qurbandan “super qəhrəman”a necə çevrildi? O, bu suallara özünün “Mən sınmış biri olmayacağam” (2008) kitabında cavab verir: 1) faktlarla üzləş: baş verən hadisəni qəbul et; 2) həyatı seç – gələcək üçün yaşa, keçmiş üçün deyil; 3) əlini uzat – digər sağ qalanlarla əlaqə yarat; 4) hərəkətdə ol – hədəflər qoy və hərəkətə keç; 5) əvəzini ver – xidmət və şəfqətli davranışlar sağ qalanı qurbana yox, dəyərə çevirir.

Vaytın nümunəsi bir çox tədqiqatçıların gəldiyi nəticədir. Vest Pointdəki ABŞ Hərbi Akademiyasının fəxri professoru Donald Kempbell və həmkarlarının dediyi kimi: “Özlərini dəhşətli və ağılsız bir taleyin qurbanları kimi görmək əvəzinə, möhkəm insanlar və qruplar özlərinin talesizliyini daha çox şəxsi dərketmə yolu ilə mənalandırmaq metodları yaradırlar və bu, onları indinin çətinlikləri altında əzilməkdən xilas edir”.

Koqnitiv çevikliyin vacib komponentlərindən biri situasiyalar nə qədər qorxunc və ağrılı olsalar belə, öz situasiyamızın reallığını qəbul etməkdir. Bir şeyin öhdəsindən problem-orientasiyalı və məqsədyönlü şəkildə gəlmək üçün biz gözlərimizi “iri açmalı” və potensial maneələri görməzdən gəlməkdənsə, qəbul etməliyik. Qaçmaq və rədd etmək insanlara müvəqqəti faydalı olan kontrproduktiv mexanizmlərdir, lakin bunlar nəticə etibarilə davamlı inkişafın qarşısında əngəl olur, problemləri həll edən bacarıqlarıqlara badalaq vururlar.

Elmi ədəbiyyatda qəbuletmə hədsiz stresli situasiyalara dözüm göstərmək bacarığının əsas inqrediyenti kimi göstərilir. Bunu bir mühitin hədsiz ağır çətinliklərindən, həyati təhdidlərdən xilas olanlar - hədsiz uğurlu öyrənmə məhdudiyyətli yetkinlər, fiziki və mənəvi məhdudiyyətləri olan fərdlər də təsdiqləyiblər. Amerikada 11 Sentyabr 2001-ci ildəki terror hücumlarından qısa müddət sonra respondentlərlə sorğu zamanı tədqiqatçılar situasiyanı qəbul edən insanlarda post-travma stres simptomlarının aşağı dərəcəsəsini müəyyən ediblər. Uşaqlarında həyatı təhdid edən xərçəng aşkarlanan və sümük transplantasiyası edilən analar arasında situasiyanı qəbul edənlərdə daha az depressiya simptomları aşkarlanıb.

Möhkəmliyin daha bir inqrediyenti situasiyanı yenidən qiymətləndirmək bacarığıdır – bu bacarıq koqnitiv yenidən qiymətləndirmə də adlanır. Bir neçə il əvvəl Holokostun psixoloji və nevrobioloji nəticələri barədə tədqiqat aparan bir həmkarım Nasist konsntrasiya düşərgəsindən sağ qurtulan bir yaşlı adamdan soruşub ki, o dövrdə başına gələnlər heç yuxusuna giribmi. “Bəli, əlbəttə”, - qadın cavab verib: “Elə bir gün yoxdur ki, olanları yuxuda görməyim. Elə dünən gecə də görmüşəm”.

Həmkarım cavab verib: “Aman Tanrım, illər keçəndən sonra o kabusları bir də yaşamaq dəhşətlidir”.

“Yox, əşi”, - qadın deyib: “Hər şey qaydasındadır. Çünki ayıq olanda bilirəm orda yox, burdayam“.

Pozitiv yenidən qiymətləndirmə bizi neytral, yaxud neqativ hadisələr, situasiyalar və yaxud inanclar üçün alternativ müsbət mənalar tapmağa vadar edir. Emosiyanı nizamlamaq üçün koqnitiv situasiyalar barədə geniş elmi ədəbiyyatı gözdən keçirən Denver Universitetinin psixoloqları Allison Toy və İris Mauss iddia edirlər ki, koqnitiv yenidən qiymətləndirmə neqativ emosiyalara təsir etməklə möhkəmliyi artırır. Yəni, stresli hadisəni daha az neqativ və ya daha çox pozitiv kimi yenidən qiymətləndirmə, hadisəyə olan emosional reaksiyaları dəyişir və daha adaptiv və dayanıqlı cavabla nəticələnir.

Biz ətrafımızda olanlardan özümüzün başına gələnləri daha pozitiv işıq altında interpretasiya (yaxud yenidən interpretasiya) etmək üçün ipucları ala bilərik. Məsələn, iş yerində menecer, yaxud supervayzer bir hadisənin, yaxud situasiyanın tərs tərəfi haqqında işçiləri koqnitiv və emosional alətlərlə təmin etməklə, tərsliyi həllə çağırış kimi də göstərə bilər.

Möhkəmlik uğursuzluğun öhdəsindən gəlmək üçün emosional stabillik tələb edir, bu, ABŞ Hərbi Dəniz Donanmasını keçmiş vitse-admiralı Ceyms Stokdeylin müraciət etdiyi anlayış idi: “bu, şəxsi məğlubiyyətə nə emosional acizliyin qüsuru, nə tənəzzül kimi baxmaq, nə də ki, günah keçisi tapmaq, yaxuda qaçış həlləri ixtira etməkdir”. Bizim nümunəmizdə möhkəm insanlar adətən müvəffəqiyyətsizliklə kəllə kəlləyə gəlir və onu özünü düzəltmək və öyrənməkdən ötrü bir imkan kimi görürlər.

Bir şeyin öhdəsindən gəlmək barədə ən son tədqiqata görə, uğurlu adaptasiya insanların əxz etmək üçün hansı xüsusi strategiyalara əl atmağından az asılıdır, uğurlu adaptasiya bundansa insanların stressorun təbiətindən asılı olaraq bir şeyin öhdəsindən gəlmək üçün çevik strategiyalar tətbiq eləmələrindən asılıdır. Bəzən situasiyaları qəbul edib dözməkdənsə, onları dəyişmək daha yaxşıdır. Oxşar şəkildə, emosiya nəzəriyyəçiləri iddia edirlər ki, bəzən emosiyanın ifadə olunması, heç də onun gizlədilməsindən daha yaxşı olmur. İnsanlara bir şeyin öhdəsindən gəlməkdə kömək edən şey müəyyən situasiyanın tələblərinə uyğun olaraq emosiyaları ifadə eləmək, yaxud gizlətmək bacarığıdır.

Yumor da kömək edir. Viktor Frankl özünün “İnsanın Məna axtarışı” kitabında (1946) yumora belə yanaşır: “o, özünüqorumaq savaşında qəlbin silahlarından biridir. Məlum olduğu kimi yumor insanın strukturunda laqeydliklə ən yaxşı başa çıxa biləcək şeydir, onda bir neçə saniyəlik də olsa vəziyyətin fövqünə qalxmaq bacarığı var”.

Digər pozitiv emosiyalar kimi yumor da insanın diqqət etmək fokusunun genişlənməsinə və buna görə də axtarışı, yaradıcılığı və düşüncə çevikliyini təşviq edir. Yumor həmçinin bizə qorxularımızla başa çıxmaq imkanı qazandırır. O məsafə və perspektiv yaradır, bununla belə, ağrını və qorxunu da inkar etmir. O, mənfini və müsbəti eyni bağlamada təqdim etməyə imkan yaradır. Franklın tələbəsi Ann Qraberin dediyi kimi yumor “faciəyə realist baxışlı optimizdən“ ibarətdir. Pollianaya bənzər (uşaq ədəbiyyatında nikbin qəhrəman-tərc) optimizmdən söhbət getmir, amma yumor müqavimət göstərməyə, yenidən çərçivələndirməyə və bəzən faciəni transformasiya etməyə imkan verir.

Qısacası, möhkəm insanlar çevik olmağa meyllidirlər; onlar dəyişdirilməsi mümkünsüz şeyləri nə zaman qəbul edəcəklərini, həyatın çətinliklərini və dəyişiklikləri müsbət tərəfdən necə çərçivələndirəcəklərini bilirlər; onlar qorxunc olan faciədən yumorla çərçivələndirmək üçün yararlanır; bəzən hissləri gizlətməklə, bəzənsə də ifadə etməklə emosiyları nəzarətdə saxlayırlar. Möhkəmlik yaradıcılıq və çeviklik tələb edir; o, müxtəlif baxış bucaqlarını araşdırmaq üçün yaradıcılıq və çətin bir situasiyada pozitiv olsa da, realist olan qiymətləndirməni – yaxud yenidən qiymətləndirməni qəbul etmək üçün çeviklik tələb edir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR