Mağara Adamı Prinsipi

Mitio Kaku

Elmi-kütləvi
Photo

Görəsən, nəyə görə bu qədər ağıllı öncədemələrin çoxu boşa çıxır, gerçəkləşmir? Və nəyə görə bir insan kompyuterin içərisində sonsuza qədər yaşamaq istəməz?

Məsələ Mağara Adamı Prinsipiylə bağlıdır. Mağara Adamı Prinsipi bu deməkdir: Yüksək texnologiya ilə insan duyğuları arasında tərcih etməmizə gərək olanda, həmişə insana dair emosional yaşantıları seçirik. Örnəyi, sevdiyimiz musiqiçinin canlı konsertinə gedəcəyimizə imkan yaradan bileti mi seçərik, yoxsa onun mahnılarından ibarət CD diski mi? Tac Mahalı canlı-canlı gəzməyi mi seçərik, yoxsa sadəcə onun xoşagələn bir fotosuna baxmağı mı? Böyük ehtimal ki, canlı konserti və Tac Mahala aparacaq təyyarə biletlərini…

Bunun nədəni, şüurumuzun bizə primat əcdadlarımızdan miras qalmasıdır. Yüz min il öncə, modern anlamda ilk insanların Afrikada ortaya çıxmasından bəri, insan naturasına, şəxsiyyətinə xas olan təməl cəhətlərimizin bir çoxu ehtimal ki, dəyişməyib. Şüurlu halımızın böyük bir qismini cəmiyyət içində yaxşı görünməyə, qarşı cinsi və bizə oxşar canlıları, dostları təsirləndirməyə ayırırıq. Bu meyillər beynimizin dərinliklərində möhkəm şəkildə kök salıb.

Təməl şəkliylə primatsayağı şüura sahib olduğumuzdan, kompyuterlərlə birləşməyi də bir şərtlə qəbul edərik: əgər bizim bugünki bədənimizə əlavə güc qazandırsalar. Yoxsa, onların bizim mövcud bədənimizin yerinə keçmələrini istəmərik.

Bu prinsip, yaxın gələcəklə bağlı tamamilə ağlauyğun öncədemələrin, örnəyi “kağızsız ofislər”in də nə üçün hələ də mövcud olmadığını izah edə bilər. Gözləyirdik ki, kompyuterlərin yaranması ofislərimizdəki kağız-kuğuz istifadəsini sıfırlayacaq, ancaq ironik olaraq tam əksi gerçəkləşdi və daha çox kağız ortaya çıxdı. Məsələ burasındadı ki, biz, şikarının “öldüyünə dair isbata” ehtiyac duyan ovçuların törmələriyik (örnəyi, kompyuter ekranında rəqs edən və kompyuter bağlananda yox olan qısaömürlü abstrakt elektronlara deyil, əllə toxuna biləcəyimiz konkret nəsnələrə və sənədlərə güvənirik). Buna bənzər olaraq, insanların durub həqiqi görüşə, toplantıya, iclaslara getmək yerinə, virtual gerçəklikdən istifadə edərək görüşlər keçirəcəkləri “insansız şəhər” öncədeməsi də reallaşmadı. Və heç zaman da reallaşmayacaq. Hətta indi şəhər içində o qədər çox insan var ki, evdən işə getmək günü-gündən daha da çətinləşir. Nə üçün? Çünki, biz, başqa həmnövlərimizlə münasibət qurmağı xoşlayan sosial heyvanlarıq. Video konferanslar istifadə üçün hər nə qədər rahat olsalar da, istirakçılar arasında bədən dili vasitəsiylə yaranan informasiya alış-verişinin incəliklərini bütünlüklə ötürməyə yaramırlar. Örnəyi, bir müdir tabeliyində çalışanlarla bağlı hansısa problemi aydınlaşdırmaq istəyə bilər və işçilərin sorğu-sual prosesi sırasında necə tərləyib, yerlərində qurdalandıqlarını müşahidə etmək istəyər. Bu istəyini isə, yalnız qarşında canlı biri varkən gerçəkləşdirə bilərsən.

Mağara Adamı və neyrobiologiya

Uşaq olarkən, Ayzek Azimovun “Özül” trilogiyasını oxumuşdum. Bu mütaliə məndə öncə belə sual yaratdı: 50 min il sonra “Qalaktika İmperatorluğu” qurulanda texnologiya nə vəziyyətdə olacaq? Digər yandan, mütaliə edərkən, romandakı insanların nə üçün bugünki kimi düşünüb, bugünki kimi davranışlar sərgilədiyini sorğulamadan qala bilmədim. Özümcə, bundan minlərcə il sonrakı insanların yarırobot bədənlərə və fövqəlinsani güclərə sahib olacağına inanmışdım. İdeyaya görə, insanlar gərək indiki cılız bədənlərini də min il əvvəl tərk etmiş olaydılar.

Bu sualıma iki cavab tapmışdım: Birincisi, Ayzek Azimov kitablarını, onları alacaq gənc oxucu kütləsini üçün maraqlandırıcı, cazibəli etməyə çalışmışdı, buna görə də insani cəhətlərə, o cümlədən çatışmazlıqlara, naqisliklərə malik personajlar yaratmışdı ki, oxucular özlərini onlara bənzədə bilsin, onlarla maraqlansınlar. İkinci cavabım isə buydu: gələcəkdəki insanların superqüvvətli bədənlərə sahib olmaq imkanı vardı, ancaq onlar zamanlarının böyük qismində normal görünüşə malik olmağı tərcih edirdilər. Bunun nədəni də kolluqlar arasından çıxdıqları ilk gündən bəri zehinlərinin dəyişməmiş olmasıydı. Yoldaş-yaşıdları və qarşı cins tərəfindən qəbul edilmək ehtiyacı, hələ də görünüşlərini və həyatdakı gözləntilərini müəyyən edirdi.

Onda gəlin Mağara Adamı Prinsipini neyrobiologiyaya tətbiq edək. Bu Prinsipə görə, insan vücudu üzərində həyata keçirilən hər hansı bir yenilik , ən azından xaricdən gözə çarpmayacaq dəyişikliyə səbəb olmalıdır. Fantastik filmdən çıxma, hər tərəfindən elektrodlar sallanan qaçqın bir varlığa bənzəmək istəmərik. Əgər nanotexnologiya gözlə görülmüyəcək dərəcədə kiçik, mikroskopik sensorlar və zondlar ərsəyə gətirə bilsə, bax, o zaman intellektimizi artıracaq yaxud yaddaşımızı yaxşılaşdıracaq beyin implantlarının istifadəsi toplum tərəfindən qəbul edilə bilər. Bəlkə də gələcəkdə bircə molekul qalınlığında olan, karbon nanoborucuqlarından təşkil olunmuş çox incə nanoliflər hazırlana bilər. Bunlar, cərrahi dəqiqliklə neyronlarımızla rabitə yarada bilər, psixi imkanlarımızı artırar, üstəlik, son nəticədə xarici görünüşümüzü də korlamazlar.

Bundan başqa, informasiya yükləmək üçün hansısa superkompyuterə bağlanmaq istəsək, bunun “The Matrix” filmində olduğu kimi onurğa beynimizə bağlanmış kabellər vasitəsiylə gerçəkləşməsini də istəmərik. Ən yaxın serverin yerini zehnimizlə müəyyən edib nəhəng kompyuter gücünə yetməyimiz üçün bu bağlantının kabelsiz olmasına gərək duyarıq.

Bu gün, süni retinalar və koxlear implantlar sayəsində xəstələrə görmə və duyma qabiliyyəti bəxş edə bilirik, ancaq gələcəkdə duyğularımız nanotexnologiya ilə təkminləşəcək və bu dəyişiklik nəticəsində təməl fiziki görünüşümüz də pozuntuya məruz qalmayacaq. Örnəyi, gələcəkdə əzələlərimizi genetik modifikasiyalar və xarici skeletlərin yardımı ilə təkminləşdirmək imkanı da əldə edə bilərik. İnsan bədəni satan mağazalar ortaya çıxa bilər və biz özümüzdə zəiflik, çatışmazlıq hiss edəndə, buradan yeni üzvlər sifariş edə bilərik; ancaq əlbəttə ki, bu bədənyeniləyici nəsnələr gərək bizə xas olan standart insan formasını korlamasın.

Bu texnologiyanı Mağara Adamı Prinsipi çərçivəsində istifadə etməyin başqa bir yolu da, onun istifadəsini məcburi deyil, seçim əsasında həyata keçirməkdir. Bir insan bu texnologiyaya bağlanıb ondan istifadə etmək, işi bitdikdən sonra da çıxarıb qırağa qoymaq imkanına sahib olmaq istəyə bilər. Örnəyi, elm adamları bəlli bir problem çözmək üçün zəkalarını artırmaq istəyə bilərlər. Ancaq işləri bitdikdən sonra implantlarını ya da iş qalpaqlarını çıxarıb normal həyata qayıtmağa ehtiyac duymaları da təbiidir. Belə davranmaqla, yoldaşlarımızın nəzərində kosmos təqlidbazı kimi görünməkdən də qurtularıq, yeni bacarıqlarımıza görə onlar qarşısında utanc duymarıq. Əsas odur ki, kimsə sizi bu yeniliklərdən istifadə etməyə məcbur edə bilməz. Axmaq kimi görünməyəcəyimiz təqdirdə də, texniki proqressin bu təkmil imkanlarından istifadə fürsətini əldən qaçırmarıq.

Nəticə kimi onu deyim ki, gələcək əsrlər boyunca da bədənlərimiz indikinə çox bənzəyəcək, lakin daha mükəmməl və yeni imkanlarla təchiz olunmuş olacaq. Şüurumuzun antik ehtiras və istəklər tərəfindən yönləndirilməsi isə, primat əcdadlarımızdan bizə qalan xatirədir.

Yaxşı, bəs, ölümsüzlük? Əvvəllər də bəhs etdiyim kimi, tərsinə mühəndislik vasitəsiylə yaradılan bir beyin, orijinal beynə xas olan şəxsi özəlliklərə malik olduğundan, bir kompyuterin içinə qapadılsa, axır-əvvəl dəli olacaq. Bu beyni xarici mühitdən gələn hisləri qəbul etməsindən ötrü sensorlara bağlamaq da digər tərəfdən qrotesk bir varlıq yaradacaq. Bu problemi həll etməyin bir yolu, bu beynin xarici skelet ilə bağlantı qurmasına imkan yaratmaqdır. Onda bu xarici skelet surroqat rolunu oynayacaq, ona bağlı olan beyin toxunma və görmə duyğularından yararlanacaq və xoşagəlməz görünməyəcəkdir. Bəlkə də sonralar, bu xarici skelet də simsiz hərəkət etməyə başlayacaq və kompyuter içində “yaşayan” beyin surətinin diktəsiylə insan kimi davrana biləcək.

Bu cür surroqat hər iki tərəfin ən yaxşı tərəflərini özündə cəmləşdirə bilər. Xarici skelet kimi o mükəmməl olardı və supergüclərə malik olmasıyla seçilərdi. Böyük bir kompyuterin içində yaşayan beynə bağlı olduğu üçün də, ölümsüzlük əldə edə bilərdi. Ətraf mühiti hiss edə bildiyindən və insanabənzər olduğundan, demək ki, insanlarla ünsiyyət zamanı xüsusi çətinlik də çəkməzdi (həmin insanların özləri də böyük ehtimal bu cür proseduraya can atardılar). Həqiqi bir konnektom (canlı orqanizmin sinir sistemindəki rabitə strukturunun bütov təsviri-tərc.) sabit bir superkompyuterin daxilində məskunlaşarkən, onun yaratdığı şüur, mobil və mükəmməl bir surroqat bədən vasitəsiylə təzahür edərdi.

Bütün bunların gerçəkləşməsi üçün bu gün sahib olduğumuz texnologiyadan daha təkmil bir texnologiyaya ehtiyacımız var. Fəqət, texnologiyanın inkişaf sürətinə nəzər saldıqda, bəhsi keçən bütün bu yeniliklərin bu yüzilliyin sonuna yaxın gerçəkləşəcəyinə ümid yaranır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR