Seksizmi sıradan çıxaran qadın - Angela Saini

Kitab
Photo

Elmi metodla seksizmə qarşı mübarizə aparan kitab

Elm adamı Angela Saini özünün “Tabe olan” əsəri ilə biologiyanın cinslər arasındakı qeyri-bərabərliyi təsdiq etdiyi barədəki uzunömürlü yanlış inanclara qarşı çıxır. İndi onun kitabı minlərlə məktəbə doğru yola çıxacaq.

Gənc kişi və qadınların elm adına maskaradlıq edən seksist stereotiplərə qarşı mübarizə apardıqları bir dövrdə Angela Saini onların faktlarla silahlanmasını istəyir. “Mən öz kitabımı döyüş sursatı” adlandırıram, o, özünün yüksək mükafatlar qazanan 288 səhifəlik kitabı “Qadınların əsl gücü və bunu göstərən elm” barədə danışarkən deyir.

“Elə insanlar var israrla bizim cəmiyyətdə gördüyümüz qeyri-bərabərliyin təkcə tarixi ayrı-seçkilikdən qaynaqlanmadığını, bunu həm də biologiyanın təsdiq etdiyini, çünki kişi və qadınlarda olan müəyyən xüsusiyyətlərin onları müəyyən şeylərdə bir-birindən daha üstün etdiyini idda edirlər”.

O, “Tabe olan”ı elmin bu fikri dəstəkləmədiyini sübut etmək üçün yazıb: “Zənnimcə, bizim bu elmi faktları bilməyimiz vacibdir. Cinsi fərqlər barədə biz özümüzdə olan və elmdən kənarda dövr edən əcaib yalanları ifşa etmək üçün hazırlıqlı olmalıyıq”.

Nəyə görə Jan Jak Russo qadınları kişilərə bərabər görmürdü?

Qadın elm adamları guya onların beyni cinslərinə uyğun gəlmir, onlar istisnadırlar kimi bir münasibətdən təngə gəliblər, ona görə də “Tabe olan” bir kitabdan daha artığıdır. Bu savaş nərəsidir – və hal-hazırda oxucu kütləsi arasında böyük hərarətlə qarşılanır. 31 İyulda “Tabe olan”ı İngiltərədə 1000 nəfərdən çox şagirdi olan hər bir orta məktəbə göndərmək üçün ianətoplama kampaniyasına start verilib. Kampaniyanı başladan şəxs qadın elm adamlarının profilini yüksəltməkdən ötrü hər il Vikipediada 270 məqalə yazan britaniyalı fizik Dr. Cessika Veyddir.

Cəmi iki gün ərzində kampaniya 2000 funt sterlinq toplayıb. Dünən (10 avqust) o, 15, 000 funt sterlinq ianə toplamaqla, özünün ilkin hədəfinə çatıb və hazırda 20,000 funt sterlinqə doğru yol alıb, bu məbləğ kitabın ölkədəki bütün dövlət məktəblərinə çatdırılmasına imkan verəcək.

İnsanların sənin kitabından ilhamlanması üçün bundan çoxunu istəyə bilməzsən”, - bir çox mükafatların sahibi olan elm jurnalisti 37 yaşlı Saini deyir, cinsi fərqlər mövzusu ilk dəfə onun ağlına “Observer”də menopozla bağlı yazılar yazarkən gəlib. “Cessin elədiyi mənim üçün çox böyük əhəmiyyət daşıyır. Əgər mənim kitabım onun üçün ilham qaynağı olubsa, deməli digər gənc qadınlar, kişilər üçün də ola bilər”.

Onun oxucularına ötürmək istədiyi əsas mesaj budur ki, elm bərabərliyin mümkün olmadığını iddia etmir. “Biz heç də cəmiyyətin bizə aşılamağa çalışdığı kimi fərqli deyilik. Hətta bu gün də elə insanlar var deyirlər ki, biz gender bərabərliyinə çalışmamalıyıq, çünki bioloji səbəblərə görə, biz bunu heç vaxt görməyəcəyik”.

Məsələn, çox sayda insan düşünür ki, qadınlar və kişilər arasında məkan təsəvvürü, riyazi məntiq, yaxud verbal qabiliyyətlər sahəsində çox böyük fərqlər var. “Əslində, həmin fərqlər çox cüzidir, standartdan çox az kənara çıxır, - Saini bildirir:

psixoloji baxımdan cinslər arasındakı fərqlər heç də bizim bu gün cəmiyyətdə gördüyümüz qeyri-bərabərliklər qədər deyil”.

“Tabe olan” heç bir cəhətdən uşaqlara uyğun kitab deyil. Kitabda qadın cinsiyyət orqanının şikəst edilməsinə dair ilkin mənbələrdən olan informasiyalardan tutmuş, vasvaslıqla çoxsaylı detalın öz əksini tapdığı geniş miqyasdakı elmi işlər yer alıb. Lakin o, bir müddət əvvəl nəşr olunan “Üsyankar qızlar üçün gecə hekayələri” və “Dünyanı dəyişdirən fantastik böyük qadınlar” bestsellerləri kimi gələcəyin potensial elm adamlarının növbəti nəsli üçün gender stereotiplərinin qırılmasında böyük rol oynaya bilər və Saini əmindir ki, bir çox yeniyetmələr bunu edəcəklər. “13, ya 14 yaşından yuxarı qızlar və oğlanlar verilən mesaja həqiqətən də müsbət reaksiya verirlər, bu mesajı biz onlara nə qədər tez ötürsək, o qədər yaxşıdır”.

Qadın həqiqətən natamam varlıqdırmı?

Saini məktəbdə elm və riyaziyyat dərslərindəki yeganə qız olub. “Hətta bu sənə açıqca deyilməsə belə, sadəcə olaraq azlıqda olmaq – xüsusilə təkcə bir nəfərdən ibarət azlıqda olmaq – səni “bəlkə də cinslər arasında bəzi fərqlər var” deyə düşünməyə vadar edir”.

Kitabı araşdırdığı və yazdığı zaman müəllif özü barədə düşüncələrinin tamamilə dəyişdiyini hiss edib, o, özündəki qadınlarla bağlı “təhtəlşüur səviyyəsindəki stereotipləri” dağıdıb. “Bu, mənə dünyanı başqa cür görməyə imkan verdi. Elmin gücü bax budur”.

Kitabdakı şokedici fəsillərdən birində Saini Çarlz Darvinin qadınların intellektual baxımdan kişilərdən geri qaldığını iddia etdiyi məktublarından birinə müraciət edir. “O, cəmiyyətə baxırdı. Görürdü ki, qadınların nailiyyətləri daha azdır və o, bizi demək olar sizin vəhşi təbiətdəki şirləri və ya tovuzquşlarını müşahidə etdiyiniz kimi müşahidə edirdi. O, qadınların kişilərdən geri qalmasının bioloji bir fakt olduğunu düşünürdü”.

Hətta o dövrün qadın intellektualları bu nəzəriyyəni aydın tarixi və mədəni faktorların qəbul etmədiyini söyləsələr də, Darvin onların arqumentlərini görə bilmirdi: “Onun belə bir tənbəllik eləməsi təəccüblü idi, çünki o, tənbəl bir elm adamı deyildi. O, adətən hədsiz detalçı və vasvası idi”.

Amma Saini yenə də haqlı olduğu şeylərə görə ona pərəstiş edir. “Hətta ən yaxşı elm adamları belə ətraflarındakı dünyaya baxdıqlarına və “təbiət belə olduğuna görə nəsnələr də belədir” deyə düşündüklərinə görə tələyə düşürdülər”. Nə də olsa, o vurğulayır, 19-cu əsrin elm adamlarının qeyri-obyektiv, 21-ci əsr elm adamlarının isə obyektiv olduğunu iddia etmək üçün əsas yoxdur. “Buna görə də mən kitabda təkcə elmə deyil, elm adamlarına da nəzər salıram”.

Bu elm adamları Kristen Haukesdən (onun qadınların menopoz sonrası dövrünün insan həyatının uzanmasında həyati vacib rol oynadığı barədə tədqiqatı bəzi kişi alimlərin kəskin etirazı ilə qarşılanmışdı) başlayaraq, Robert Triversə (o, 1948-ci ildəki meyvə milçəkləri üzərində olan qüsurlu eksperimentdən istifadə edərək, kişilərin təbiət etibarilə başqalarıyla cinsi əlaqəyə girməyə daha meylli olduğunu irəli sürmüşdü) qədər çox sayda insanı əhatə edir. “Əksər insanlar – xüsusilə elm adamları – elmi idealcasına obyektiv və rasional hesab edirlər. Lakin tədqiqatçıların soruşmaq üçün seçdikləri suallar və gəldikləri qənaətlər bir xeyli onların əvvəlki fərziyyələrinə əsaslanır”. Kitabda kişi elm adamlarının qadın elm adamlarının işlərinə heyratamiz dərəcədə hörmətsiz yanaşdıqlarını göstərən nümunələr var.

Elm dünyası qadınların haqqını yetərincə verirmi?

“Əgər biz hamımız qeyri-obyektiv olduğumuzu və bunun bizim tədqiqatımıza təsir etdiyini başa düşməsək, elm inkişaf etməyəcək”.

Nəşr edildiyi 2017-ci ildən bu yana Saininin kitabı 20, 000 tirajla satılıb və Fizikaçıların İlin Dünya Kitabı mükafatını qazanıb, o cümlədən feminist elm adamları, texnoloqlar, mühəndislər və riyaziyyatçılar arasındakı dünya miqyasındakı “STEMinist” kitab klubu hərəkatını tətikləyib. Saini deyir ki, o, hətta Ceyms Damor-dan müsbət fidbek alıb, “Google”nin proqram təminatçısı olan Ceyms Damor keçən il ofisdaxili qeyd kitabçasına qadınların texnologiyada az olmasına səbəb kimi bioloji səbəbləri göstərdiyinə görə mətbuat başlıqlarına düşmüşdü. “Biz bu cür siyasi əsaslı bəyanatlara qarşı çıxmaq üçün elmi arqumentlərə ehtiyac duyuruq“, - Saini deyir.

“Bu arqumentlər bizim həm şəxsi, həm də siyasi olaraq özümüz barədə necə düşündüyümüzə təsir göstərir. Biz özümüzə etinasız olmağa icazə verə bilmərik. Dünyada çox sayda qruplar bizim analarımız və nənələrimizin uğrunda mübarizə apardıqları hüquqları yenidən qadınların əlindən almaq istəyirlər. Biz bu hüquqları elə-belə qəbul etməməliyik”.

Veyd kitabın ona öz gücünü qaytardığını deyir:

Onu oxuyanda sübutun olur, kitabın üzərindən mübahisə qura bilərsən”. O, ianətoplama kampaniyasına start verib, çünki onun ehtimalına görə, özəl qız məktəbləri bu kitabı kitabxanaları üçün alacaqlar və o, indi istəyir ki, dövlət məktəblərinin şagirdləri də eyni imkana sahib olsunlar. “Attestat, yaxud A dərəcəsi almağa hazırlaşan zaman bu kitabı oxumaq əla vaxtdır, çünki bununla sən bütünlüklə karyerana təsir göstərəcək qərarlar qəbul etmiş olacaqsan. Mən istəyirəm qızlar əllərindən istənilən şeyin gələcəyini bilsinlər”.

Veydin uşaqlıq dostu olan aktyor Daniel Redkliff ianə kampaniyasını dəstəkləməkdən ötrü bu həftə video paylaşmağı planlaşdırır. O, “Tabe olan”ı onun dünyagörüşünə yenidən forma verən “olduqca heyrətamiz kitab” adlandırıb. “Bu kitab nə qədər çox insana çatsa, bir o qədər yaxşıdır və mən əminəm ki, hər zaman ən ağıllı insan kimi tanıdığım Cessi bunu gerçəkləşdirə biləcək”, - Redkliff deyib.

Qadınların səsvermə hüququ qazandığı ilk ölkə - Yeni Zelandiya

Saini hind ailəsində doğulan londonludur, indi o, irqin elmi barədə növbəti kitabı üzərində işləyir. “İrq elmində daha çox tabu var, lakin tədqiqatda qərəzin oynadığı rol “Tabe olan”dakına bənzərdir”.

Elmdə sənədləşdirdiyi seksizmə və irqçiliyə baxmayaraq, Saini gələcək barədə nikbindir. “Əgər biz uşaqlara vaxtında çatsaq, nəhəng dəyişikliklərə nail ola bilərik. Mən kiminsə qərəzli olaraq doğulduğuna inanmıram. Mən nikbinəm”. O vurğulayır ki,

tarixən kişi elm adamları qadınları klublardan, cəmiyyətlərdən və institutlardan çıxdaş etməklə, hakimiyyət əldə ediblər.

“İndi qadınlar öz şəbəkələrini yaradırlar. İndi bizim uğurlarımızın qarşısında duracaq məhdudiyyətlər yoxdur”.

Mif: Doğuşdan irəli gələn tipik kişi beyni və tipik qadın beyni kimi bir şey var.

Fakt: Tədqiqatlar göstərir ki, oğlanlar və qızlar arasında mental rotasiyaları yerinə yetirmək, məkan vizualizasiyası, riyazi qabiliyyət, şifahi səlislik və lüğət qabiyyətləri arasıda fərq əgər mövcud olsa belə, çox cüzidir. Uşaqların tipik inkişafını tədqiq edən elm adamları normal şərtlər altında oğlan və qızlar arasında böyük fərqlər tapmayıblar. Faktiki olaraq, cinslər arasında eynilik o dərəcədə böyükdür ki, elm adamları hansısa real fərqin olduğunu göstərəcək nəticələri tapmaqda və ortaya qoymaqda ciddi çətinliklə üzləşiblər.

Mif: Kişilər təkcə bir tapşırığı, qadınlar isə çoxlu tapşırığı yerinə yetirməkdə daha yaxşıdırlar.

Fakt: Bu iddia 2013-cü ildə elm adamı Ruben Qurun cinslər arasında beyin funksiyalarındakı fərqlər barədəki vacib tədiqatını xülasə edən press-reliz formasında irəli sürülmüşdü, amma bu, tədqiqatın özündə detallı formada göstərilməmişdi. “Tabe olan”da yer alan söhbətləri zamanı Qur Sainiyə deyib ki, o, bu iddianı sübut edəcək heç bir elmi dəlil tapmayıb və o, press-relizə belə bir iddianın necə düşdüyündən xəbərsizdir.

Mif: Qadınlar təbiət etibarilə kişilərdən da az intelleklidirlər, çünki onların beyni daha kiçik və yüngüldür.

Fakt: Ortalama olaraq kişi başı və beyni cüzi də olsa qadınınkından böyükdür. Lakin hələ 19-cu əsrin sonlarında öncül elm adamı Helen Hamilton Qardener vurğulamışdı ki, bunun bədən ölçüsünün beyin ölçüsünə nisbəti olduğunu bilmək vacibdir. Əks halda onun dediyi kimi: “Bir filin bizim hamımızdan daha yaxşı düşünmək qabiliyyəti olardı”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR