Yaxın Şərqdə Modernləşmə

Bernard Lewis

Tarix

Qəhvəxanadakı adam indi qəhvəsini içərkən siqaretini tüstülədir. Siqaret Qərb, daha doğrusu Amerika mənşəlidir. Tütünün Yaxın Şərqə 18-ci əsrin əvvəlində ingilis tacirlər tərəfindən gətirildiyi və çox qısa müddətdə məşhur olduğu məlumdur. Qəhvə isə 16-cı əsrdə gəlmişdi. Həbəşistanda bitən qəhvə Cənubi Ərəbistana, oradan da Misir, Suriya və Türkiyəyə gətirilmişdi. Türk tarixçiləri qəhvənin Qanuni Sultan Süleymanın zamanında (1520-1566) biri Hələbdən, digəri isə Şamdan gəlmiş iki suriyalı tərəfindən gətirildiyini və bunların İstanbulun ilk qəhvəxanalarını açdığını yazırlar. Qəhvə çox rəğbət görmüşdü, belə ki Hələbli qəhvəxana sahibinin üç il ərzində beş min qızıl qazandığı rəvayət edilir. Qəhvəxana mədəniyyətinin yaranması, həm üsyanlardan qorxan dövlət adamlarının, həm də bu cür həzz verici maddələrin İslam hüququna zidd olmasından narahat olan din adamlarının təlaşa qapılmasına yol açmışdı. l633-cü ildə Sultan IV Murad qəhvəni və tütünü yasaqlamış və istifadə edənlərin öldürülməsini buyurmuşdu. Tütünün dəstəkçiləri və əleyhdarları arasındakı mübahisələr davam etdiyi bir vaxtda, l634-cü ildə tütün aludəçisi olduğu üçün vəzifəsindən azad edilib sürgünə göndərilən baş müfti Məmməd Bəhai Əfəndinin fətvasıyla tütün qanuni elan edildi. Həmin əsrdə yaşamış Osmanlı yazarı Katib Çələbi tütünün qanuniləşdirilməsini öz asılılığı səbəbindən deyil, qadağan olanın daha çox istək doğuracağı prinsipindən və xalqın xeyri üçün edildiyini yazmışdı.

Qəhvəxanadakı adamı qəzet oxuyarkən yaxud başqa birinin oxuduğu qəzeti dinlərkən görə bilərik. Qəzet, adamlara fərdi şəkildə və bütün cəmiyyətə təsir edən ən ümumi və böyük dəyişikliklərdən biridir. Qəzet, bölgənin əksər hissəsində, Yaxın Şərqdə ən geniş yayılmış dil olan ərəb dilində nəşr edilir. Məhsuldar Aypara (Mesopotamiya-Suriya və İordaniya bölgəsi), Şimal Afrika və Misirdə köhnə çağlarda danışılan dillər yalnız dini mərasimlərdə yaxud kiçik azlıqlar arasında qalmaq surətiylə yoxa çıxıb. Yəhudilərin dini və ədəbi dil olaraq qoruduqları, müasir İsrail dövlətində siyasi və gündəlik dil olaraq yenidən istifadə etməyə başladıqları ibranicə tək istisna olaraq qalıb. İranda danışılan köhnə dildə dəyişikliklər baş verib, amma yerini ərəbcəyə verməyib. Lakin İslamiyyətin yayılmasıyla ərəb hərfləri istifadə edilməyə başlanmış, çoxlu ərəb sözü farscaya keçmişdir. Farscanın başına gələnlər, türkcənin də başına gəlib. Ancaq islahatçı dövlət rəhbəri Mustafa Kamal Atatürk, türkcənin yazılmasında istifadə edilən ərəb əlifbasının yerinə yeni latın əlifbasını gətirmiş və beləcə ciddi bir mədəni dəyişikliyi həyata keçirmişdir. Türk dil ailəsinə daxil olan dillərin danışıldığı Sovet İttifaqının bəzi köhnə respublikalarında da türklərdəki vəziyyətin oxşarına rast gəlinir.

Antik çağlardan etibarən Yaxın Şərqdə yazıya rastlanır. Yazının icad edilməsindən əvvəl istifadə edilən simvol, işarə və şəkil sistemlərinin inkişaf ilə icad edilən ilk əlifbanın ana vətəni Yaxın Şərqdir. İbrani, ərəb, latın və yunan əlifbaları, Levant sahilində (Şərqi Aralıq dənizi) yaşayan və ticarətlə məşğul olan xalqların ilk əlifbalarından başlanığıc götürmüşdü. Əlifba ilə mətnlərin yazılması və təhlili asanlaşdığı halda, VIII əsrdə Çindən kağızın gəlməsi ilə yazılı mətnlərin istehsalı və yayılması daha da sürətlənmişdi. Digər tərəfdən, Uzaq Şərqdə ortaya çıxan mətbəə Qərbə doğru irəliləmə prosesində Yaxın Şərqə baş çəkməmişdi. Ancaq mətbəənin Yaxın Şərqdə məlum olduğu, Orta Əsrlərdə istifadə edilmiş müəyyən növ taxta nəşr izlərindən anlaşılır. 13-cü əsrin sonlarında İranın monqol hökmdarlarının kağız pul çap etmə cəhdləri, işşilərə kağız pul ödəyib vergiləri qızıl olaraq yığmaq istədikləri üçün pula qarşı yaranan etibarsızlıq səbəbiylə uğurlu olmamışdı. Mətbəənin Yaxın Şərqə girişi Çindən deyil, Türkiyədən baş vermişdi. Kafir ölkələrdə olanlarla maraqlanmamağı seçən Osmanlı tarixçiləri, mətbəənin icadı ilə maraqlanmış, Qutenberq və ilk mətbəə maşını ilə əlaqədar bir neçə sətir də yazmışdılar. Yaxın Şərqə mətbəəni 1492-ci ildə İspaniyadan sürgün edilən İspaniya yəhudilərinin də gətirdiyi ilə əlaqədar qaynaqlar vardır. Mətbəə ilə birlikdə, çap edilmiş kitablarla Qərb əl sənətlərini, düşüncələrini, qabiliyyətlərini və bunları istehsal etmə elmini də gətirmişdilər. Musəvilərdən sonra müsəlman olmayan digər birliklər də oxşar təsirlənməyə yol açmışdı. Bu fəaliyyət bütün xalqların mədəniyyətinə təsir edəcək qədər güclü olamamış, lakin başlanğıç nöqtəsi olmuşdu. Osmanlı arxivlərindəki vəsiyyətnamə sənədlərindən Avropada ərəb hərfləriylə çap edilmiş kitabları müsəlmanların aldığı məlum olur. 18-ci əsrin əvvəlində İstanbulda qurulan ilk müsəlman mətbəəsində xristian və musəvi ustalar işləyib.

Qəzetlərin meydana çıxması çox sonra baş verdiyi halda, müsəlman ziyalılar mətbuatın imkan və əlbəttə təhlükələrini dərk edirdilər. l690-cı ildə Fasın İspaniya elçisi Vezil-əl Gassani ləqəbli Məhəmməd ibn Əbdül Vahab, qəzetlərdən "xəbərlərin yazıldığı deyilən, amma sensasional yalanlarla dolu yazılar çap edən yazı fabrikləri" kimi bəhs etmişdi. 18-ci əsrdə osmanlıların Avropa mətbəəsindən xəbərdar olduğu irəli sürülür. Mətbuat Yaxın Şərqə birbaşa Fransız İnqilabının bir nəticəsi olaraq girmişdi. Yaxın Şərqdə nəşr edilən ilk qəzet, 1795-ci ildə Fransız Səfirliyində nəşr olunan "Gazette Française de Constantinople"dur; fransız vatandaşları üçün nəşr edilməsinə baxmayaraq, fransız olmayanlar tərəfindən də oxunurdu. General Bonapart vasitəsilə Misirə aparılmasından sonra Qahirədə fransız qəzetləri və rəsmi qəzetlərin çapına başlandı. Qahirədə fransızlar tərəfindən ərəbcə bir qəzet çıxarıldığı barədə məlumatlar olmasına baxmayaraq, bu günə qədər bu qəzetə rastlanmaması, belə bir qəzetin nəşr olunmadığını göstərməkdədir.

Ənənəvi müsəlman cəmiyyətlərində hökmdarlar ciddi dəyişiklikləri müxtəlif yollarla xalqa bildirərdilər. Sikkələrin üzərindəki yazılar və məscidlərdəki cümə xütbəsi bu məqsəd üçün istifadə edilərdi. Sikkələrdə və xütbələrdə hökmdarın adı olardı. Duada hökmdarlardan birinin adının deyilməməsi yaxud yeni bir ad əlavə olunması dəyişiklik olduğuna işarə edirdi. Cümə xütbəsinin davamında qəbul edilən tədbirlər və yeni siyasətlər izah edilərdi və vergilərin qaldırılması ictimai yerlərdə yazılı şəkildə bildirilərdi. Saray şairləri hökmdar üçün tərif şeirləri yazardılar. Bu şeirlər asan əzbərlənə bildiyi və sürətlə yayıldığı üçün ictimai əlaqələr məqsədli olardılar. Rəsmi tarixçilərin nəşr etdiyi yazılı sənədlər əhəmiyyətli hadisələri xəbər vermək məqsədiylə istifadə edilərdi. Osmanlı sultanlarının hərbi uğurlarını bildirən zəfər məktubları, fəthnamələr xalqla əlaqə qurmağın digər yolu idi. Yazılı və şifahi ünsiyyəti rəhbərliyə dəstək üçün istifadə etmək təcrübəsi olan müsəlman hökmdarlar, gəlmə bir yenilik olan qəzeti də necə istifadə edəcəklərini bilirdilər.

Yaxın Şərqdə yerli bir mətbəənin qurulması, çağdaş və rəqib olan iki ciddi islahatçı idarəçi - Misirdə Məmməd Əli Paşa və Osmanlı Sultanı II Mahmud tərəfindən həyata keçirilmişdi. Digər məsələlərdə olduğu kimi bu mövzuda da Məmməd Əli Pasa qabaqcıl olmuş, Sultan Mahmud da bir paşanın etdiyini, bir padşahın daha yaxşı edə biləcəyi prinsipindən hərəkət edərək onu izləmişdi. Məmməd Əli Paşa əvvəl fransızca, sonra da ərəbcə rəsmi qəzet ilə, Sultan II Mahmud isə fransızca və türkcə qəzet ilə işə başladı. Yaxın Şərqdə nəşr olunan qəzetlər, uzun müddət yalnız rəsmi qəzetlər oldu. Həmin dövrün bir məqaləsində, "Qəzetin məqsədi hökumətin qərar və əmrlərini xalqa çatdırmaqdır" sözləriylə izah edilən mətbuatın bu vəziyyəti və funksiyası, bölgədə bu gün də davam edir.

Qəzet çapının Yaxın Şərqdəki tarixini yazmaq olduqca çətindir. Qəzetlərin bir çoxu bir neçə sayda nəşr olunub bağlandığı üçün tam arxiv yoxdur. Məlum olduğu qədər, rəsmi olmayan ilk qəzet 1840-cı ildə İstanbulda türkcə nəşr edilən "Ceride-i Havadis"dir. Qəzetin sahibi və redaktoru, fərman əldə edən ilk şəxs kimi tanınan William Churchill adlı ingilisdir. Qəzet müəyyən fasilələrlə nizamsız şəkildə nəşr olunmasına baxmayaraq, varlığını davam etdirə bilmişdi.

Yaxın Şərqə Krım müharibəsi ilə gələn və o vaxta qədər rast gəlinməyən ünsiyyət təmin edən teleqraf, qəzet çapında dönüş nöqtəsi olmuşdur. Churchill Krım müharibəsi üçün bölgəyə gələn ingilis və fransız müharibə müxbirlərindən biriylə razılaşmış və onun Londondakı qəzetə hesabat göndərməsini təmin etmişdi. Churchillin qəzeti "Ceride-i Havadis" həftədə beş gün çıxmağa başlamışdı. Beləcə əvvəl türklər, sonra da digər yaxın şərqlilər tütündən də, qəhvədən də daha çox asılılıq yaradacaq digər alışqanlığa qapılmış oldular. Az müddət sonra Osmanlı İmperatorluğunda türk dili yerinə daha çox ərəb dili yayılmış bölgələr üçün ərəbcə qəzet çıxarıldı. Müharibədən sonra ərəbcə qəzetin nəşri sona çatdığı halda, türkcə qəzetin nəşri davam etdi və onu başqaları izlədi.

1860-cı ildə İstanbulda Osmanlı hökuməti tərəfindən yalnız rəsmi elan məqsədi daşımayıb, eyni zamanda imperatorluğun daxilindən və xaricindən xəbərlər və məqalələrin yer aldığı, ərəbcə həqiqi gündəlik qəzet çıxarılmağa başlandı. Həmin illərdə Beyrutda cizvit keşişləri də ərəb ölkələrinin ilk gündəlik qəzetini çıxarırdılar. İmperialist və missionerlərin yaratdığı iki böyük təhlükədən şikayət edən müsəlmanlar, bu baxımdan haqsız da sayılmazdılar, çünki onlara gündəlik qəzeti imperialist və missionerlər vermişdi. Mətbuatın inkişafı jurnalistlər və oxucular üçün özü ilə bərabər təbliğat və senzura olmaq üzrə iki ciddi problem gətirdi.

19-cu əsrin sonları ilə 20-ci əsrin əvvəllərində, xüsusilə ingilis işğalının uyğun şərait yaratdığı Misir başda olmaqla, gündəlik, həftəlik və aylıq mətbuatda çox sürətli və məşhur inkişaf özünü göstərdi. Misirdə çıxan nəşrlər ərəbcə danışılan digər ölkələrdə geniş yayıldı, bu ölkələr də öz qəzet və jurnallarını hazırladılar. Mətbuatın inkişafının təsirləri çox böyük oldu. Həm ölkə daxilindən, həm də ölkə xaricindən davamlı xəbər alına bilməsi sayəsində, qəzet və jurnalları oxuyan yaxud oxuyanları dinləyən sıravi insanlarda, yaşadıqları şəhər, ölkə, qitə və dünya haqqında əvvəlki ilə müqayisəyə gəlməyəcək dərəcədə ciddi dərketmə baş verdi. Mətbuat yeni bir siyasiləşmə və ictimailəşmə də ehtiva edirdi. Krım müharibəsi ilə baş verən tək yenilik mətbuat olmamış, Qərb nümunələrinə uyğun bələdiyyələrin yaradılması, Qərb tərzində dövlət maliyyəsinin, xüsusilə də dövlət borclanmasının gətirilməsi kimi başqa yeniliklər də baş vermiş və bunlar qəzetlərdə qeyd olunmuşdu.

Dildə də çox ciddi dəyişikliklər baş vermişdi, əvvəl türkcə və ərəbcədə, daha sonra farscada, ilk qəzetlərin rəsmi əmr tərzindən, sonrakı illərdə çıxan və bu günə qədər gələn jurnalist tərzinə doğru sürətlə irəliləmə baş vermişdi. Müasir dünyanın problemlərini müzakirə etmək üçün, Yaxın Şərq jurnalistlərinə artıq yeni ünsiyyət mühiti yaratmaq zəruri olmuşdu. 19-cu əsrdəki qəzetlər Amerika Vətəndaş müharibəsi, Polşanın Rusiyaya müqavimət göstərməsi, Kraliça Viktoriyanın Parlamentdə açılış nitqi kimi xəbərləri verir və bunları müzakirə edirdilər. Bu cür xəbərləri vermək və müzakirənin gərəkliliyi Yaxın Şərqin müasir jurnalistika və siyasi dilinin yaranmasında olduqca əhəmiyyətli faktordur. Bundan da əhəmiyyətlisi, Yaxın Şərqdə daha əvvəl heç rast gəlinməmiş yeni, amma çox əhəmiyyətli bir peşənin, jurnalistikanın meydana çıxmasıdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR