Millətlər niyə tənəzzül edir

Kitab rezensiyası

Kitab - müəllif
Photo

Varren Bass “Rand” Korporasiyasında senior politoloqdur, o əvvəllər ABŞ-ın BMT-dəki səfiri Susan Raysın məsləhətçisi kimi çalışıb.

“Millətlər niyə tənəzzül edir” bu gün inkişaf etməkdə olan ölkələrdə gündə 1.25 dollardan az qazanmaqla, həyat mücadiləsi verən 1.29 milyard insanın səfalətini izah etməyə çalışan radikal bir təşəbbüsdür. Siz bəlkə də rəqəmlərlə yüklü, soyuq bir kitab təsəvvür etdiniz. Amma belə deyil. “Millətlər niyə tənəzzül edir” olduqca oxunaqlı, söhbətcil, çılğınca ambisiyalı və nəhayət, ümidlər vəd edən kitabdır.

Tərəqqi mövzusunu araşdıran iki enerjili elm adamı kimi böyük şöhrət qazanan Daron Acemoğlu və Ceyms A. Robinson kitaba kiçik bir mənzərəni təsvir etməklə başlayırlar: hətta bugünün məyus iqtisadi mühitində belə sıravi amerikalı sıravi meksikalıdan 7 dəfə, sıravi peruludan 10 dəfə, Saxaraaltı Afrikanın sıravi sakinindən 20 dəfə və Afrikanın xüsusilə Mali, Efiyopiya və Sierra Leone kimi ümidsiz ölkələrinin sıravi vətəndaşlarından 40 dəfə zəngindir. Bəs bu cür dodaquçuqladan bərabərsizliyi nə ilə izah etmək olar?

Müəlliflərin cavabı sadədir: “institutlar, institutlar, institutlar”. Onlar yoxsulluğu pis coğrafi mövqeylə, geridəqalmış mədəni xüsusiyyətlərlə, yaxud cahil liderlər və teknokratlarla əlaqələndirən sosial elmlərin ənənəvi arqumentlərini rədd edirlər. Bunun əvəzinə, müasir siyasi nizamı şəkilləndirən tarixi gedişatlara və kritik üst-üstə düşmə məqamlarına köklənirlər: institutsional proseslər siyasi və iqtisadi təsisatları meydana gətirirlər, bu təsisatlar isə ya hakimiyyətin paylaşdırılmasına, məhsudlarlığa, təhsilə, texniki tərəqqiyə və bütövlükdə xalqın rifahına köklənməklə inkluziv, ya da ki, maddi nemətləri və qaynaqları cəmiyyətin bir təbəqəsindən zorla alıb başqa bir təbəqəyə verməyə meyllənməklə ekstraktiv ola bilərlər.

Ekstraktiv təsisatların nəyə bənzədiyini başa düşməkdən ötrü konqoluların Mobutu Sese Seko-nun (indi Demokratik Konqo Respublikası kimi tanınan Konqo ölkəsini 1965-ci ildən 1977-ci ilədək idarə etmiş diktator) ətrafında nalayiqcə harınlaşan bir qrup adam üçün qoşduqları taxma ad “Yekə Tərəvəzlər” (les Grosses Legumes) barədə düşünə bilərsiniz. Mobutu doğulduğu yerdə özü üçün saray tikilməsi barədə sərəncam verəndə, - müəlliflər qeyd edirlər: gördü ki, onun Fransa hava yollarından icarəyə götürməyi sevdiyi “Konkordlar”ın yerləşdiyi aeroportun yetərincə geniş eniş zolağı var. Mobutu və Yekə Tərəvəzlər Konqonun inkişafında maraqlı deyildilər. Onları daha çox mədənlər maraqlandırırdı, daha doğrusu mədənlərin nəhəng mineral zənginliyini sömürmək. Onlar ən yaxşı halda vampir kapitalistlər idilər.

Lakin Konqonun qorxunc səfaləti əsrlər əvvələ gedib çıxır. Avropalı imperialistlər gəlməzdən əvvəl Konqo Krallığı kimi tanınan ölkə Yekə Tərəvəzlərin oliqarx sələfləri (intensiv qul ticarətindən və sərbəst vergilərdən böyük qazanc əldə edirdilər) tərəfindən idarə edilirdi. Avropalı müstəmləkəçilər isə ölkədə peyda olmaqla onsuz da pis olan vəziyyəti daha da pisləşdirdilər – xüsusilə Belçika kralı II Leopoldun zorakı idarəçiliyi.

Konqo nəhayət, 1960-cı ildə müstəqillik əldə edəndə, yırtıcı siyasi siniflərin və istismarçı iqtisadi təsisatların altında əzilən dağınıq bir dövlət idi – institutlar zirvədəki Mobutu və ətrafındakıların təməl xidmətləri ötürməsi üçün hədsiz zəif, vətəndaşları təmin etməkdən ötrü hədsiz yoxsul, amma elitaların uğrunda savaşması üçün müəyyən şeylər verəcək qədər zəngin idi.

Acemoğlu və Robinson iddia edirlər ki, çürük rejimlər, istismarçı zümrələr və öz mənafeyini güdən təsisatlar kövrək, dağınıq dövlətlərlə birləşəndə ortaya yoxsulluğun, münaqişənin və hətta qəti tənəzzülün çıxması üçün şərait yaranır. Müəlliflər yazır: “Millətlər iqtisadi artıma mane olan, onun qarşısını kəsən ekstraktiv siyasi təsisatların hakimiyyəti altında olanda tənəzzülə uğrayırlar”.

Lakin Konqonun yaramaz zümrələri səfaləti ortaya çıxara bildiyi kimi, güclü zümrələr də tarixi gedişatı tərəqqiyə və çiçəkləməyə doğru dəyişə bilirlər. Konqodakı münaqişə və zəlalətə zidd nümunə kimi Botsvananı götürək, ölkə 1966-cı ildə müstəqillik qazananda, cəmi 22 universitet məzunu, 7 mil uzunluğunda asfaltlı yolu vardı, ətrafındakı əksər sərhədlərdə isə acıqlı ağdərili-irqçi rejimlər at oynadırdı. Amma bu gün Botsvana “Saxaraaltı Afrikada adambaşına ən çox gəlir düşən ölkədir” – bu göstəriciylə o, Macarıstan və Kosta Rika ilə demək olar eyni uğur hekayəsini paylaşır.

Botsvana buna necə nail oldu? “Müstəqillikdən sonra sürətli inklusiv iqtisadi və siyasi institutları inkişaf etdirməklə”, - müəlliflər yazır. Botsvanada müntəzəm seçkilər keçirilir, bu ölkə heç vaxt vətəndaş müharibəsinə ev sahibliyi etməyib, dövlət isə mülkiyyət hüquqlarını təşviq edir. Müəlliflərin iddiasına görə, ölkə dövlətin təvəzökar mərkəzləşdirilməsindən və müstəmləkə idarəçiliyindən qalma qəbilə başçılarının hakimiyyətinin məhdudlaşdırılmasından fayda əldə edib. Ölkədə almaz yataqları aşkar ediləndə, uzaqgörən məhkəmə zamin oldu ki, yeni tapılan qaynaqlar hakim zümrələr arasında deyil, xalqın rifahı üçün paylaşdırılacaq. Müstəqilliyin həlledici məqamında ölkənin ilk prezidenti Seretse Khama kimi müdrik rəhbərlər və Khamanın Botsvana Demokratik Partiyası diktaturadansa demokratiyanı, ictimai maraqları isə şəxsi tamahdan üstün tutdular.

Başqa sözlə desək, səfeh olan siyasətdir. Khamanın Botsvanası inkişafı təmin edəcək institutların qurulmasına nail oldu. Mabutunun Konqosu və Robert Muqabenin Zimbabvesi isə buna heç cəhd də etmədi. Acemoğlu və Robinson iddia edir ki, Misirdə Təhrir Meydanındakı etirazçılar da özlərinə görə haqlıydılar. Məsuliyyətsiz, korrupsiyaya qurşanmış hökumət onları geri salır və cəmiyyətin öz istedadını tamlıqla ifadə etməsinə imkan vermirdi. Misir yoxsul idi, “xüsusilə ona görə ki, o, nəhəng kütlələrin haqqını tapdalamaqla öz mənafeyini güdən kiçik bir zümrə tərəfindən idarə olunurdu”.

Şimali Koreya, Sierra Leone, Haiti və Somali kimi bədbəxt ölkələrin hamısında hakimiyyət bir neçə əldə cəmlənib, onlar isə hakimiyyətlərini saxlamaqdan ötrü bütün vasitələrdən istifadə edirlər. Həll yolu olduqca aydındır: inkluziv hökumətlər və institutlar tərəqqiyə, artıma və davamlı inkişafa gətirib çıxarır; ekstraktiv dövlətlər və institutlar isə hətta əsrlər boyunca davam edəcək yoxsulluğa, məhrumiyyətlərə və durğunluğa səbəb olurlar. Bir oliqarxiyanın tez-tez digərini əvəzlədiyi depressiv dövriyyə bu mənaya gəlir: “Sənaye inqilabının əzəldən bəri yayılmadığı bölgələr nisbətdə daha yoxsul qalırlar”. Acemoğlu və Robinson yazır: uğur kimi heç nə uğur qazandırmır, tənəzzül kimi heç nə tənəzzülə gətirib çıxarmır.

Bəs getdikcə daha çox “avtoritar inkişafın” yeni modeli kimi göstərilən Çin necə olsun?

Müəlliflər Çinə hörmətlə yanaşırlar, amma onlar nəticə etibarilə heyran deyillər. Müəlliflər bəri başdan qəbul edirlər ki, ekstraktiv rejimlər nə qədər ki, mərkəzləşiblər müvəqqəti olaraq iqtisadi artıma nail ola bilərlər – sadəcə olaraq Brejnevdən əvvəlki Sovet İttifaqına nəzər salın, onun iqtisadi sisteminin Qərbdə də heyranları vardı. “Çinin iqtisadi təsisatları bu gün 30 il əvvəlki ilə müqayisəolunmaz dərəcədə inkluzivdir”, amma Çin hələ də fundamental olaraq ekstraktiv rejimin boyunduruğu altında qalmaqda davam edir.

Olduqca qısa müddətdən sonra belə avtoritar iqtisadiyyatlar tövşüməyə başlayırlar: texnoloji tərəqqi, kreativlik və innovasiya təşəbbüslərini boğmaqla onlar davamlı, uzunmüddətli artımın və inkişafın qarşısını alırlar. (Müəlliflər quruca bəyan edirlər: “Sən insanları güllələməklə hədələməklə, onları düşünməyə və yaxşı ideyalar tapmağa məcbur edə bilməzsən”.) Çinin inkişafı, - onlar iddia edirlər: davamlı innovasiyanı və artımı meydana gətirən ağrılı kretiv dağıdıcılı proseslərə deyil, mövcud texnologiyaları mənimsəməyə və çevik investisiyalara əsaslanır. Xarici texnologiyaları idxal etməklə və keyfiyyətsiz, ucuz məhsullar ixrac etməklə Çin qaçdı-tutdu ruhunda bir oyun oynayır, amma qaçış yarışında bu cür qalib olmurlar.

Bəs ABŞ inkişaf etməkdə olan dünyaya necə kömək edə bilər? Təbii ki, xarici dəstəyi kəsməməklə və ya onu şərt qoşmamaqla; müəlliflərin qeyd etdiyi kimi, Mobutu kimi liderlərin “sadəcə olaraq kiçik bir xarici yardım üçün” onun hakimiyyətinin dayağı olan sömürücü institutları qəfildən ləğv edəcəyini gözləmək sadəlövhlük olardı, hətta qeyri-effektiv idarə olunsa belə həqiqi ümidsiz bir instituta imkan yaradılması heç yoxdan daha yaxşıdır. Ən nəhayətdə öz xalqlarının mənafeyinə qarşı olan liderləri şirnikləndirmək əvəzinə, müəlliflər bizim xarici yardımı artırmağımızı məsləhət görürlər, bu yardımlar marjinallaşmış, çıxdaş edilmiş qrupların və liderlərin meydana gəlməsinə imkan verir və əhalinin geniş təbəqələrini gücləndirir. Acemoğlu və Robinsona görə, oliqarxları bir-birləriylə dəyiş-düyüş etmək sadəcə olaraq kifayət deyil.

Nəyə görə “Millətlər niyə tənəzzül edir” mükəmməl deyil? Kitabda inkluziv və ekstraktivin təməl təsnifatı getdikcə daha çox təkrarlanır. Maraqlı fəsillərdən sonra müəlliflər özlərinin yekun siyasi məsləhətlərinin qeyri-müəyyən olması barədə xəbərsiz kimi görünürlər. Müəlliflərin miqyası və entuziazmı isə insanı həm heyranlıqdan gülümsəməyə - tipik fəsillərdən biri Sovetlərin beş illik planından Neolit İnqilabı və antik Maya şəhərlərinə qədər dili boğaza qoymur - və hərdən də ehtiyatı əldən verməməyə vadar edir.

Mən məsələn, onların tarixini və analizini ikiqat yoxlamadan keçirməkdən ötrü regional mütəxəssislərdən ibarət bir neçə batalyon götürərdim və ümumi mənzərə detallı və inandırıcı olsa da, hər bir nüansın düzgün olmasına nail olmaqdan ötrü müəlliflərin həqiqətən də sıravi insanı aşan insanüstü bacarıqlara sahib olmaları lazımdır. Onların Orta Şərqə yanaşması məsələn, əsasən inandırıcıdır, amma Osmanlı İmperiyasına biraz sərt davranırlar, onlar imperiyanın heyratamiz müxtəlifliyinə və nisbətdə inkluziv sosial-siyasi tənzimləmələrinə (bunlar bir qayda olaraq azlıq icmalara avropalı dindaşlarından fərqli olaraq, hərəkət azadlığı (və sahibkarlıq azadlığı) verirdi) toxunmadan, onu əsas etibarilə “hədsiz mütləqiyyətçi” kimi asanca çıxdaş edirlər.

Acemoğlu və Robinson ambisiyaları və qayğısızlıqları ilə risk edirlər. Bununla belə, sıxıcı elm və həzin fəlakətlərlə əlaqədar olsa da, “Millətlər niyə tənəzzül edir” heyratamiz dərəcədə oxunaqlı kitabdır. Bu, hər mənada böyük kitabdır. Oxucular onun böyük fərq yaradacağına ümid edə bilərlər.

Kitabın orijinal adı - “WHY NATIONS FAIL - The Origins of Power, Prosperity, and Poverty”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR