Kişilər niyə tərk edir?

Emosional intellekt
Photo

Əgər indi kişilər partnyorlarına heç vaxt olmadığı qədər çox xəyanət edirsə, deməli, onların münasibətdən daha böyük gözləntiləri var. Müəllif Toni Parsons sual verir: niyə də olmasın?

Bugünlərdə ha yana baxsaq, kişilərin vəfalı həyat yoldaşlarına, sədaqətli sevgililərinə xəyanət etdiklərini, gözəl övladlarını tərk edib getdiklərini görürük. Gün keçdikcə bu daha da yayğınlaşır.

Bu zinakar ərlərin, xəyanətkar sevgililərin və itkin ataların bəziləri geri qaytarılması mümkünsüz əclaflardır, bu böyük ərgənlər şəxsi istəklərindən başqa bir şey bilmirlər. Amma – bunu yavaşca pıçılda – hamısı belə deyil. Bu kişilərdən bəziləri sadəcə olaraq hələ də tapmaq ümidində olduqları bəzi şeylərin axtarışındadırlar. Üstəlik indilərdə pis oğlanlarla yaxşı oğlanlar arasındakı məsafə də getdikcə darlaşır.

Müasir kişinin öz yarını niyə belə tez-tez tərk etdiyini açıqlayan qəddar və bəsit bir həqiqət var. Bütün pozulmuş evliliklərin, sındırılmış qəlblərin və qırılmış həyatların arxasında bir səbəb dayanır, nə qədər yaxşı səbəb olmasa da, bu, hər halda yenə səbəbdir: kişilər indi münasibətdən keçmişdə olduğundan daha çox şey gözləyirlər.

Təqribən son 10 ildə verilən əsas fəlsəfi suallardan biri budur ki, qadınlarda da eyni gözlənti var, ya yox. Quru, nəzəri mənada deyil, real həyatın gündəlik dolanbaclarında uğurlu karyera ilə xoşbəxt evliliyi birləşdirmək kimi mürəkkəb balansa nail olmaq qadınların fikrini çox məşğul edir.

Saysız-hesabsız qadın iş görmək, sevgi münasibəti qurmaq, uşaqlara sahib olmaq və bütün bunları eyni vaxtda həyata keçirmək kimi təşəbbüs göstərib. Amma riskli də olsa deməliyəm ki, “bütün bunlara sahib olmağın” insanı əldən saldığı fikri ilə hamı razılaşar. Qadınlar axırda ayılıb görürlər ki, bunların hamısına birdən sahib olmaq insana nəinki xoşbəxtlik gətirmir, əksinə onu daimi üzücü yorğunluğa düçar edir. Amma bir növ kimi kişi qadınla eyni cür təkamül yolu keçmədiyindən, belə böyük arzunun xəyalını qurmaq ona daha uyğunmuş kimi görünür. Xoşbəxt ev. İş. Oyun. Sabitlik. Seks.

Hər bir halda kişilərin qadınlardan daha çox imtiyazları var. Mənim atamın yaşadığı dövrdə bir kişidən ötrü ailəsini dolandırmaqla keçirilən ömür – evə əlində ərzaqla gəlmək - xoşbəxtçilik idi, bunun özü subaylığın daşını atmaq üçün bir mükafatıydı. Artıq belə deyil. Bu gün kişi evə ət alıb gəlir, amma fikirləşir ki, bu niyə balıq dadı vermir? Ailə həyatının yeknəsəqliyi və digər bütün ehtiyaclar artıq kifayət etmir.

İndi kişilər uşaq istəyir, amma eyni zamanda uşaqların anasıyla ehtiraslı bağlılıq da istəyir, bunu gözləyir. Televiziya reklamları - mövzusu istər sıyıq olsun, istərsə də ailə avtomobili – ona deyir ki, bu ölkədəki hər bir ər-arvad çəmənliyi biçəndə, uşaqlarına kitab oxuyanda bir-birlərini sığallayır. Bəs o, bu prosesdən niyə kənarda qalıb? Ona görə də, ehtiras yoxa çıxanda, böyük ehtimalla o da yoxa çıxacaq.

O, ya fiziki şəkildə başqa bir qadının yanına gedə bilər, amma bu da nəhayətdə ona məyusluq gətirəcək, çünki heç bir balayı əbədi davam etmir. Yaxud da o, mənəvi mənada çıxıb gedə bilər. Xəyanət edə bilər. Və ya sadəcə olaraq xəyanət etməyin xəyalını qura bilər. Amma əgər bir kişi gecənin bir yarısı yuxudan ayılaraq “yəni doğrudanmı növbəti 40 il belə davam edəcək” deyə təşvişə düşürsə, onda yüz faiz, əvvəl-axır o çıxıb gedəcək.

İndiki dövrün kişiləri arasında danışmadan razılaşdıqları belə bir inanc var ki, həyatda uğur qazanmaq onların alın yazısıdır. Onların ataları və babalarının həyatı qeyri-məhsuldar yorucu işdən, yeksənəq seksdən, etinasız uşaqlardan və məhdud gözləntilərdən ibarət olub. Bugünün acgöz oğlanları üçünsə artıq bunlar sadəcə olaraq kifayət eləmir.

Bəs onda indiki kişilər nə istəyir? Böyük ehtimalla, lap çox şey. Bunca il ərzində qadınların nailiyyət barədə danışdıqlarını eşidəndən sonra, kim deyə bilər ki, kişinin də bunları istəməyə haqqı yoxdur? Kişilər dəyişib. İndinin qadınları öz analarından və nənələrindən necə fərqlənirlərsə, kişilər də eləcə fərqlənirlər. Bu gün bir çox münasibətin göz yaşları ilə bitməsinə səbəb də kişilərin nə qədər çox dəyişdiyini başa düşmək cəhdlərinin təəccüblü dərəcədə az olmasıdır. “Kişilik böhranı” barədə eşidəndə məni gülmək tutur. Kişilikdə böhran filan yoxdur. Kişiləri başa düşməkdə böhran var.

Biz cəmiyyətdə kişilərin rolunun azaldılmasının necə çox arzulandığını görürük. İndi müasir kişinin özünəinamsız və yetkin dünyanın məsuliyyətləriylə üzləşmək bacarığı olmayan böyük uşaq kimi göstərmək kimi yeni konsepsiya var. O, pivə, bazdıq və futbol ölüsüdür, qarnını da motal kimi böyütməklə məşğuldur.

Amma pivə, bazdıq və futbol indi əvvəllər olduğundan daha populyar deyil. Üstəlik kişilərin özlərini pis aparmasına dair mətbuatda yazılan bütün boşboğazlıqlara baxmayaraq, onlar indi heç şübhəsiz heç vaxt olmadıqları qədər yetkindirlər. İndi kişilər heç vaxt eləmədikləri qədər uşaqlarını tərbiyə etməklə məşğuldur – bizlərdən bəziləri hətta illər uzunu bu işi tək görür. İndi kişilər həyatı paylaşdıqları qadınlarla heç vaxt olmadıqları qədər həqiqi münasibət yaşamağa qabildir. Biz yemək bişirir, təmizlik işi görür, uşaqlarımızı çimdiririk. Mənim nəslimdən olan kişilər və bizdən sonra gələnlər bu işləri nisbətdə daha çox görürlər. Bizim atalarımız və babalarımız müharibələrə göndərilirdilər. İndi isə bizim edəcəyimiz sadəcə bəzi məişət cihazlarını necə işlətməyi öyrənməkdən ibarətdir.

Bəs bizim öz rolumuzu dəyişməyimiz, əsas kişilik məziyyətlərimizi yumşaltmağımız bizi daha xoşbəxt edibmi? Müəyyən mənada bəli. Mən indi 18 yaşlı oğluma baxıram (bir də ayılıb gördüm ki, 4 yaşından bəri mən onu təkbaşına böyüdürəm) və başa düşürəm ki, ona baxarkən keçirdiyim qürur hissini peşəkar həyatımda gördüyüm heç nəylə müqayisə eləyə bilmərəm.

Uşaq böyüdən bir tək kişi kimi mən – elə bir təcrübə ki ancaq 20-ci əsrin sonuna təsadüf edə bilərdi – başa düşürəm ki, heç bir zaman öz oğlumu və qızımı atıb gedə bilməzdim. Amma bununla belə, mən Mik Cagger və ya bir yaşı tamam olmamış oğlunu tərk edən Uill Karlinq kimi kişiləri ittiham da edə bilmirəm, mən, Tanrı günahımdan keçsin, onları başa düşürəm. Çünki onlar öz atalarının heç vaxt olmadığı qədər çox avadırlar və bu yenə onlar üçün bəs eləmir. Bu, mənim cinslər arasındakı fərqi başa düşməməkdən ötrü quraşdırdığım bir bəhanə deyil. Məncə, hər bir hetereoseksual qadın kişinin münasibətdən nə gözlədiyini – onu yanında saxlamaq üçün və cızığından çıxmaması üçün nə etmək lazım olduğunu bilmək istəyir. Bizim heç birimiz bu dünyada tək deyilik. Münasibətdə olan kişi və qadın birlikdə dağa dırmanan dağçılar kimidirlər – onlar şəraitin necə olmasından, yaxşıda və pisdə birlikdə olmalıdırlar. Əgər kişi ancaq “mən, mən, mən” düşüncəsini rəhbər tutmaqda davam edəcəksə, qadın bundan bir şey əldə edə bilməz. Kişilərin öz arvadlarını tərk etməkdə davam etməsi, oğlanların sevgililərinə davamlı xəyanət etməsi və ataların müntəzəm olaraq uşaqlarını atıb getməsi qadınlara başucalığı gətirmir.

Qadınlar, bəlkə də siz bundan sonra yazılanları oxumaq istəməyəcəksiniz. Mənim yazacaqlarım sizi qəzəbləndirə, ümidsizliyə düçar edə bilər. Belə danışıram, çünki mən də kişiyəm. Məsələ burasındadır ki, əksər qadınlar kişilərin münasibətdən nə istədiyindən xəbərsizdir, bir çox münasibətlərin başlamamış bitməsinə də səbəb budur. Həqiqətən də bugünün kişiləri əslində nə istəyir? Çox şey. Qadınlar kimi onlar da əvvəlki günlərdəki həyacanı saxlamaq istəyirlər. Sevgilisinə gül gətirən, gecəni rəqs etməklə keçirən bir kişi çox tezliklə şişman qarınlı motala çevrilə bilər. Amma bu hər iki cins üçün də keçərlidir. Qadın kişini əldə etmək istəyəndə bir cür, onu əldə edəndən sonra isə başqa cür hərəkət edir. Bir gecə yataqda lüt olmaqdan o birisi gecə cırıq köynək geyinməyə çox tez keçməyin.

Onun arzusunda olduğu sevgili olmağa necə can yandırırdınızsa, onun ən yaxşı dostu olmaq üçün də elə can yandırın. Kişi dostluqlarındakı ən böyük çatışmazlıq odur ki, kişilər öz dostlarıyla problemləri haqqında danışmaqdansa, onlardan can qurtarmaq üçün görüşürlər, əgər bir kişi öz arvadıyla, yaxud sevgilisiylə də danışa bilmirsə, onun həyatı tənha dustaqlığa çevriləcək. Amma əgər bir kişi qadını özünün ən yaxşı dostu hesab eləsə, həmişəlik onun yanında qalacaq.

Elə bir dövr vardı ki, yaxşı seks deyə bir anlayış yox idi – seks ya varıydı, ya da yoxuydu. Ac bir kişi üçün yeməyin yaxşı bişib-bişməməsinin fərqi yoxdur. Amma indiki dövrdə biz hamımız qurmanıq. Əgər seks rutinə çevrilirsə, münasibət də sudakı ölü balığa çevrilir. Əlbəttə, heç də hər seksual akt Olimpiya Oyunu olmaq məcburiyyətində deyil, amma ehtiras heç vaxt rutin hissini də yaşatmamalıdır.

Onu dəyişməyə çalışmayın. Münasibət ikinci əldən avtomobil almaq və onu istəyəndə rəngləmək, yeni hissələr əlavə eləmək demək deyil. Onu necə var, elə qəbul eləyin. Ona işlənmiş maşın modeli kimi baxmayın. Belə görünür, qadınlar öhdəçiliyin bir yaşayış ərazisindən gələcək ev üçün pərdələri birlikdə asacaqları bir nəfəri seçməkdən ibarət olduğunu düşünürlər. Heyvani təbiətləri onları toxumlarını yaymağa yönləndirsə də, kişilər üçün öhdəçilik sədaqətli qalmaq deməkdir. Təsadüfi seksə qalanda, kişilər təsadüfiliyə qadınlardan daha çox meyllidirlər. Amma əgər o, belə bir şey eləsə, bomba kimi partlayın. Əsla bağışlamayın. Əsla unutmayın. Elə eləyin ki, o həmişə sizə can atsın – onda o qayıdacaq.

Qadınlar sevgi bitəndən sonra yerdə qalanın sevgi olduğunu intuitiv olaraq bilirlər. Təəssüf ki, kişilər hələ bunu öyrənməlidirlər. İndinin kişiləri öz həyatlarının aydın olsa da, məhdud üfiqləriylə kifayətlənməyən korlanmış yaramazlara bənzəyirlər. Amma hər şeyi istəyən bu kişilər barədə çox sərt formada qərar çıxarmağa da tələsməyin.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR