Kişi ilə qadın dost ola bilərmi?

Emosional intellekt
Photo

Cazibədar hesab etdiyimiz insanla dostluq qurarkən, seksual marağın əlamətlərini səhv başa düşə bilərik.

“Harri Salliyə rast gələndə” filmində Harriyə o, ancaq dostluğa ümid edə bilər deyiləndə cavabı belə olur: “Kişi və qadın heç vaxt dost ola bilməz, çünki araya həmişə seks girir“. Salli sadəlövh platonik marağı olduğu kişi dostlarını sadalayır. O, əmindir ki, dostluq arada cazibə olmadan da mövcud ola bilər, amma Harri razılaşmır.

Kim haqlıdır?

“Dost-zonası” məsələsi – və kişi ilə qadının buna fərqli cür baxmasının səbəbləri – bizə insanların niyə seksual marağı pislədiklərini və bizi ilk növbədə dostluğu başlatmağa vadar edən məsələləri başa düşməyə kömək edir.

Risk və mükafat

Dosta doğru hərəkətə keçməyə çalışmağın riskləri və mükafatları var və baxmayaraq ki, hər ikisi münasibətlərini sadəcə platonik kimi qələmə verir, qadınlardan fərqli olaraq kişilərin əksər vaxt əks cinsdən olan dostlarına gözü düşür.

Bir tədqiqat çərçivəsində kişilər və qadınlardan bir-birləri üçün nə qədər cəlbedici olduqları və qarşısındakının kiçik söhbətdən sonra onları nə qədər cəlbedici hesab etdiklərini düşündükləri barədə soruşulmuşdu. Məlum olmuşdu ki, kişilər qadınlar üçün nə qədər cəlbedici olduqlarını şişirdirlər, qadınlar isə kişilərin onlara nə qədər maraq duyduqlarını yetərincə qiymətləndirmirlər.

Özlərini hədsiz cəlbedici hesab edən kəslər böyük ehtimalla həm də başqalarının onlara olan marağını şişirdir. Ola bilsin, cəlbedici olmağın gətirdiyi əminlik onları risklər etməyə həvəsləndirir və ya onlar özlərini əslində olduqlarından daha cəlbedici hesab etdiklərinə görə, tez-tez rədd cavabı alırlar.

Uayn Dövlət Universitetində münasibətləri araşdıran sosial psixoloq Antonia Abbey məsələ ilə əlaqədar belə deyir: “Bizim gözləntimiz varsa, onun gerçəkləşməsini istəyirik. Əgər sən birinin sənə seksual mənada maraq duyduğunu düşünürsənsə, daha çox əlamət axtarmağa başlayırsan. Məsələn, insan qabağa əyilirsə, ya gülürsə, ya nəsə onlar bunu seksual əlamət kimi görürlər. Onlar özləri başqalarına tərəf əyiləndə isə, digərinin geri çəkildiyini görməyə bilərlər”.

Eksperimentin növbəti mərhələsində tədqiqatçılar iki nəfər arasında söhbətin necə açıldığına baxmaq üçün başqa insanları dəvət etmiş və həmçinin onlardan bir tərəfin digərini nə qədər cəlb etdiyini qiymətləndirməyi istəmişdilər. Kişi müşahidəçilər kişiylə razılaşmışdılar: onlar düşünürdülər ki, qadın kişini özünün zənn etdiyindən daha çox cəlb edib. Qadın müşahidəçilər də qadınlar razılaşıblar: düşünüblər ki, onların arasında daha az maraq var. Beləcə aydın olur ki, həm Harri, həm də Salli haqlıdır.

Bu, ola bilsin, bizdəki gender stereotiplərindən qaynaqlanır. Abbey kimi tədqiqatçılar görüş "ssenarisi" adlandırılan insanlar arasındakı romantik maraq təşəbbüslərinin mübadiləsini araşdırır. Bu ssenarilər uğurlu və uğursuz romantika axtarışına gətirib çıxaran hadisələrin ardıcıllığını aça bilər - və beləcə məlum olur ki, hər birimizin əvvəlcədən müəyyən olunmuş rolları var.

“Bu cür qarşılıqlı münasibətlərdə kontekst böyük əhəmiyyət daşıyır, - Abbey deyir: Kişilər cəlb olunmağın əlamətlərinə qadınlarla müqayisədə daha çox baxa bilər, çünki ənənəvi gender rolları kişilərin daha təşəbbüskar olduqlarını göstərir. 2019-da bu geridəqalmışlıq kimi görünür, amma görüşlərlə bağlı aparılan az qism keyfiyyət araşdırmaları göstərir ki, insanlar hələ də kimin görüşə dəvət edəcəyi, kimin ödəyəcəyi və s. kimi ənənəvi mövzuların ətrafında dövr edirlər. Qadınlar arxada qalır, kişilər isə təşəbbüsü ələ almaq məsuliyyətini boyunlarına götürürlər”.

Əgər heteroseksual kişilər təşəbbüskar olmağa meyillidirsə, bəs lezbiyan cütlüklər arasında nə baş verir? Gey insanlardan fərqli olaraq, lezbiyanlarda ssenari daha çox məhrəmliyə və daha az seksə köklənib. Amma biseksuallardan ötrü cinsi cazibə hetero normativ seksuallıqla üst-üstə düşməsə belə, onların davranışları yenə də ənənəvi gözləntilərə uyğun gəlir. Beləcə biseksual qadınlar hələ də sənin görüşdə hetereseksual qadının necə davranacağını gözlədiyin kimi davranırlar – təşəbbüskarlıqdan qaçırlar.

Və biraz qeyri-müəyyən eynicinsli dostluqlara sahib olmağın da bəzi faydaları var.

Qadınlar kişilərlə müqayisədə, qarşı cinsdən olan dostları tərəfindən daha çox qorunduqlarını bildiriblər və onlar bu qorunmanı çox faydalı qəbul edirlər. Həm kişilər, həm də qadınlar qarşı cinsdən olan dostlarının başqalarını cəlb etmək üçün onlara məsləhət verdiklərini deyib. Yəni, bu hər iki halda keçərlidir. Qarşı cinsdən olan dostlara malik olmaq bizə kömək edir.

Qorunma indiki dövrdə köhnəlmiş anlayış kimi səslənə bilər, amma təsəvvür et ki, bu cür davranışlar bizim keçmişimizdə möhkəm kök atıb. Bizim əcdadlarımız belə görünür, birnigahlılığı üstün tutub: amma burada cütlük olmaq qayda olsa da, bir ömürlük tərəf müqabili sayılmaya bilərdi. Bir ananın müxtəlif atalardan uşaqları ola bilərdi. Uşaq böyüdərkən bir neçə kişi tərəfindən qorunmaq və təmin olunmaq faydalı ola bilərdi. Çoxlu atalardan uşaq sahibi olmaqla və dost kimi başqa kişiləri cəlb etməklə, qadın çoxsaylı kişilər tərəfindən eyni vaxtda qoruna bilərdi. Kişi dostluqlarına nail olmaq üçün cəlbediciliyin qeyri-şüuri signallarını ötürmək ən asan yol ola bilərdi.

“Qərbdə sən biriylə evlənib, özünü yalnız özünün bircəciyinə və yeganəsinə həsr etməlisən deyə bir anlayış var”, - Viksonsin-Eau Kleyr Universitetindən Eypril Bleske-Reçek deyir. Amma biz bundan daha çox mürəkkəbik. “Həm kişilər, həm qadınlar uzunömürlü cütlük olmaq istəyirlər, amma hər ikisi özlərinə sərf edəndə qısamüddətli seks strategiyalarına uymaq həvəsində olurlar”.

Həmçinin seksual və romantik maraq arasında xəfif fərq ola bilər. Bir tədqiqat belə bir ümumi qaydanı təsdiqləyib ki, kişilər seksual marağı şişirdir, qadınlar isə yetərincə qiymətləndirmir, amma həm də məlum olub ki, bu qayda romantik hisslərə şamil olunmaya da bilər. Bu, bəlkə də yanlış anlaşılmaların insanların uzunmüddətli münasibətlərə deyil, qısamüddətli məqsədlərə kökləndikləri zaman ortaya çıxdığı fikrini dəstəkləyə bilər. Və ya romantik eyhamların daha az subyektiv olmasıyla izah edilə, yaxud da digər insanın sənə olan seksual marağına tam arxayın olmaq tendensiyası ilə əlaqdədar ola bilər.

Biz ilk növbədə qeyri-şüuru olaraq cəlbedici dostları ona görə axtarırıq ki, romantik hisslərin yarana biləcəyinə ümid edirik, çünki dostmuzda artıq elə bir şey var ki, bizi cəzb edir. “Qarşı cinsdən olan dostlar öz dostlarının cəlbediciliyi barədə olduqca qeyri-obyektivdir”, - Bleske-Reçek deyir. Heteroseksual kişilərin qadınlarla dostluqlar qurması onların necə görüşməsinə çox bənzəyir – nə cür hərəkət edəcəklərindən asılı olmayaraq, onlar fiziki və emosional baxımdan cəlb olunduqları insanlara can atmağa meyl edirlər.

“Qarşı cinslə dostluqlar sənin romantik həyatını çox mürəkkəbləşdirir”, - Bleske Reçek deyir. “On il əvvəl mən gecəyarısı gördüyüm yuxudan sonra ayıldım, yuxuda görürdüm ki, ərim məktəbin həyətində analardan biri ilə danışır. Bu ana cazibədar, hündür və zərif bir dost idi. Onun evləndiyi adam bəstəboydu, mənim ərimsə hündürboy, bu da təbii olaraq mənimbeynimi qurcaladı. Yuxumda o, qadını güldürürdü. Qadın rəqabətinə gələndə, onda məni əsəbləşdirən hər şey vardı. Mən yuxudan durdum və ərimi dümsükləyib sorğu-sual etməyə başladım. O soruşdu ki, sən bizim daha az cazibədar olan insanlarlamı dostluq eləməyimizi istəyirsən?”

Nə də olsa, Bleske-Reçek deyir “biz özümüzə bənzər, bizə motivasiya verəcək və təklif etdikləri çoxlu faydalara görə cazibədar dostlar istəyirik”. Amma bunun bir bədəli də var. “Əgər sən qarşı cinsin ağlında nə tutduğunu bilsən, görərsən ki, bu çətin situasiyadır”.

Bu cazibəyə doğru hərəkətə keçməməyimiz rədd olunmaq qorxusundan qaynaqlanmır. İnsanlar kimisə görüşə çağırmaqdakı uğursuz və xəcalətli cəhdlərdən daha çox itirilmiş romantik fürsətlərə görə təəssüflənirlər. Tədqiqatların birində insanlara görüşə çıxası insanların xasiyyətnamələri verilmiş və onlarla görüşə çıxmaqda uğur qazanmaq ehtimallarının nə qədər olması barədə məlumat verilmişdi. Konkret bir adamın görüşə razılıq verməsi üçün 45% şans olduğu deyiləndə, 83% faiz adam onunla görüşə çıxmağa cəhd etmişdi. Şansların cəmi 5 % olduğu bildiriləndə isə, böyük ehtimalla yox cavabı alacaqlarına baxmayaraq, 45% insan yenə cəhd etmək istəmişdi. Biz bir növ kimi romantik risklərə meyilliyik.

“Rədd olunmaq insana əzab verir, amma insanlar hələ də çıxmağı təklif edirlər”, - Qərbi Ontario Universitetinin professor assistanı Samanta Joel deyir. “Rədd olunma nə qədər əzabverici olsa da, münasibət nəsə daha güclü bir şey təklif edir”.

Bu məsələ təşvişli və ya özünə inamı az olan, rədd olunmanın başqalarıyla müqayisədə daha ağrılı ola biləcəyi hürkək individuallarda belə öz əksini tapıb. “Bu təəccüblü idi, çünki hürkək fərdlər hər şeydən çox rədd olunmaqdan qorxurlar və əslində əksərən həqiqət olmadığı halda rədd olunacaqlarını daha çox gözləyirlər”, - Joel deyir. “Amma bu insanlar sevilməyi lap çox istəyirlər. Kimsəsiz qalmaq qorxusu onlarda daha güclüdür. Onların rədd olunmaq qorxusu başqalarıyla müqayisədə daha güclüdür olmağına, amma bu, risk etmək üçün də bir stimuldur”.

Abbey vurğulayır ki, bizim dostlarımıza olan münasibətimiz çox asanlıqla dəyişə bilər. “Əksər romantik maraqlar zamanla yaranır”, - Abbey deyir: “Sən düşünə bilərsən ki, platonik münasibətdəsən, amma bəzən bu dəyişə bilər. Sən dəyişilmiş hissinə uyğun hərəkət etməyə çalışsan, bəzən bu, “Harri Salli ilə rastlaşanda filmində olduğu kimi işə yaraya bilər, bəzən isə yox”.

Növlərin təkamül nəzəriyyəsi bu davranışlarla bağlı aydın izah verir, amma Abbeyin göstərdiyi kimi, əgər biz ənənəvi görüşmədəki gender rollarına meydan oxumaq istəsək, tariximizə deyil, davranışlarımıza nəzər yetirməyimiz daha yaxşı olar. “Məncə, sən təkamül nəzəriyyələrindən istifadə edə bilərsən, amma mən görüş ssenarilərini və gender rollarını daha faydalı hesab edirəm, çünki biz onları dəyişdirə bilərik”, - Abbey deyir: “Texnologiya bizim genlərimizə təsir edəcəkmi? Mən bilmirəm. Amma yüz faiz bizim davranışlarımızı dəyişdirəcək”.

BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR