Hollandlar uşaqlarına seksi necə öyrədirlər?

Hər şeydən biraz
Photo

Dünyanın ən yaxşı gender bərabərliyinin hökm sürdüyü ölkələrdən biri olan Niderlandda uşaqlar 4 yaşından etibarən seks və insan bədəni haqqında öyrənməyə başlayırlar.

Amsterdamda yerləşən elm muzeyi “Nemo”ya ayaq basanda, ziyarətçilər qeyri-adi sərgilərlə: köpüklənən sirkə, kinetik oyunlar, zəncirvari reaksiyalar, su enerjisinin gücü, o cümlədən linzalarla, prizmalarla və güzgülərlə bağlı eksperimentlərlə rastlaşırlar. Lakin yuxarı mərtəbədəki yalnızca yetkinlik və seks mövzusuna həsr olunmuş “Yeniyetmə faktları” qalereyasına qalxanda isə, məsum valideynlər cəld qərar vermək məcburiyyətindədirlər: uşaqlarıyla davam etsinlər, yoxsa başqa bir sərgi salonuna keçsinlər?

İllər boyu “Nemo”nu ziyarət edən bir amerikalı valideyn kimi, mən holland ailələrinin daim sərgilənən “Yeniyetmə Faktları”na bərəlmiş gözlərlə baxdığını demək olar ki, görməmişəm. Muzeydə istənilən yaşdan qonaqlar fransız öpüşünü yamsılamaqdan ötrü dil kuklalarına yaxınlaşa, hormonlar, əhval dəyişikliyi və sızanaqlar barədə öyrənə bilərlər. Qonaqlar həmçinin spermanın əbədi həyat istehsalını əks etdirən bəyaz maye çəninə girə, sonra yanbayan dayanmış oğlanla qızın nəhəng ekranda cinsi həddi büluğa çatmaq prosesini göstərən cizgi filminə baxa bilərlər.

12 yaş və daha yaşlı müştərilər üçün bənövşəyi rəngli pərdələrin arxasında başqa şeylər də var: orqazm barədə video (ancaq sifətlər göstərilir), yeni tərz prezervativlərin təsvirləri, köhnətipli doğuşa nəzarət metodları və Kama Sutra pozalarıyla bir-birlərinə pərçim edilmiş taxta manekenlərin qoyulduğu rəflər. Divarlarda holland və ingilis dillərində uğurlu seks üçün maarifləndirici “solo seks”i və partnyorla səmimi əlaqəni təşviq edən çoxsaylı təlimatlar da var: “Partnyoruna de sənin bədənini sığallasın, ya da bunu necə eləyəcəyini göstər. Nəzarəti itirməkdən qorxma... Sənin məmnun qalmağın partnyoruna həzz verəcək”.

Son 30 il ərzində ABŞ-da bir çox sinif otağında seks tədrisi ancaq ailə daxili seks mesajlarına doğru yönəlib və məktəblər effektli dərs proqramından uzaqlaşıb. Eyni zaman periodunda Hollandiyada isə seks tədrisi – həm sinif otaqlarında, həm də “Nemo” kimi ictimai məkanlarda – getdikcə inkişaf edərək daha müfəssəl xarakter daşımağa başlayıb, indi Hollandiya müxtəlif beynəlxalq göstəricilərdə əksər ölkələri cinsi sağlamlıqdakı uğurlarına görə xeyli qabaqlayır. Ortalama olaraq holland və amerikan yeniyetmələr ilk dəfə sekslə təqribən eyni yaş dövründə - 17 və 18 yaş arasında – məşğul olurlar, amma nəticələr kəskin fərqlənir. Son 30 ildə ABŞ-da yeniyetmə hamilələyi xeyli azalsa da, amerikan yeniyetmələrinin doğuş göstəricisi hələ də holland həmyaşıdlarından 5 dəfə çoxdur, Hollandiyada həmçinin abortların da sayı azdır. ABŞ-da 25 yaşdan aşağı insanların yarısı hər il cinsi yolla keçən xəstəliklərə yoluxduqları halda, Hollandiyada bu göstərici cəmi 10 faizdir. Seks burada ictimai baxımdan da fərqlidir: seksual baxımdan fəal gənclər müqayisədə daha az yatır, xoşladıqları və xoşlamadıqları şeylər barədə valideynləriylə daha tez-tez danışırlar, onların cinsi məmnuniyyət göstəricisi də yüksəkdir.

Seks tədrisi gender bərabərliyini təşviq edəndə, seks daha təhlükəsiz olur

Seks təhsili ilə bağlı kitabım üçün tədqiqat apararkən mən holland valideynlərin, səhiyyə və təhsil işçilərinin hər yaşdan olan uşaqlarla insan bədəni və münasibətləri haqqında təəccüblü dərəcədə açıq danışmaqla, ictimai baxımdan necə sağlam nəticələr əldə etdiklərini müşahidə etmişdim. Yeniyetmə doğuşlarındakı aşağı nəticəyə görə, Niderland Birləşmiş Millətlər Gender Bərabərliyinin İnkişaf Proqramı İndeksində 3-cü sırada qərarlaşmaqla, dünyanın ən qabaqcıl gender bərabərliyi olan ölkələri arasında yer alır. ABŞ bu indeksdə heç 40-lığa belə daxil ola bilmir.

Tədqiqatlar göstərir ki, seks tədrisinə aşağı siniflərdən başlamaq, istənilməyən hamiləliklərin və hətta sonradan qarşıya çıxa biləcək seksual zorakılıqların qarşısını almağa kömək edir. Xüsusilə uşaqlarla insanın cinsiyyətindən danışmağın tabu sayıldığı ABŞ kimi ölkələr üçün Niderland güclü seks tədrisi, seks və bədən haqqında rahat danışmağın və görməyin necə böyük üstünlüklər qazandıra biləcəyinə dair çox faydalı nümunədir.

Niderlandda balaca uşaqların çöldə və ictimai hovuzlarda çılpaq oynaması yayğındır. Səhiyyə idarələrində holland valideynlərə öz bədənlərini araşdırmaq istəyən körpələrin və uşaqların həvəsləndirilməsi üçün təlimatlar verilir. Bu gün yetkin bir amerikalıya əlini şalvarına salan uşağa “bunu tək olanda elə” deməsi məsləhət görüldüyü halda, Hollandiyada belə qəbul olunur ki, erkən mərhələdəki fiziki özünükəşfdə məxfilik heç də həmişə praktik deyil (ya da uşaqların başa düşəcəyi qavram deyil). Bir çox holland valideynlər və hətta müəllimlər qaydalara uyduqları təqdirdə uşaqlara həkim-həkim, yaxud birlikdə digər açıq oyunlar oynamağı qadağan etmirlər. Bunun əksinə, amerikalı mütəxəssislər adətən bu cür oyunların dayandırılmalı olduğunu deyirlər. Uşaqlar böyüyüb yeniyetmə sevgisi coşanda, valideynlər seksi qadağan etməkdənsə, bir qayda olaraq uşaqlarıyla əlaqələri açıq saxlayır, onların qərar vermə və önhazırlıq prosesini dəstəkləyirlər.

Hollandiyanın təhsil nazirinin dediyinə görə, 2012-ci ildən bəri bütün şagirdlər ibtidai məktəbdən başlayaraq hansısa formada seks təhsili alırlar, dərslərə sağlamlıq, tolerantlıq və sayıqlıq da daxildir. Əsas məqsəd inklüzivliyi təşviq etmək, cinsi basqının, sərhədləri aşmağın, həmçinin homofob davranışın qarşısını almaqdır. Və yeni açıqlanan bir tədqiqat göstərir ki, məktəbdə müfəssəl seks təhsili – bura cinsi fərqlərdən bəhs edən dərslər və biologiya dərslərinə əlavə olaraq inklüzivlik daxildir - alan şagirdlərin kimisə məsxərəyə qoyması ehtimalı az, LGBT üzvünə, yaxud bir qıza məktəbdə sataşılanda araya girmək ehtimalı isə böyükdür.

İnklüziv seks tədrisinin gücü

Ölkənin ən populyar seks tədrisi kurrikyulumundan Kriebels in je buik (“Qarnındakı kəpənəklər”) istifadə edən holland məktəblərində illik dərslərə 4, 5 və 6 yaşlı uşaqlara kişi və qadın bədəni arasındakı fərqlər, nəsilartırma barədə məlumatlar və seksuallıqla bağlı özlərinin şəxsən xoşladıqları və xoşlamadıqları şeylər və sərhədləri öyrətməklə başlanılır. Üçüncü siniflər xoşladıqları adama yaxşı davranmaq daxil olmaqla, sevgi barədə öyrənirlər. Orta məktəbdən əvvəl uşaqlara cinsi müxtəliflik, gender bərabərliyi, seksə başlamaq qərarının verilmə zamanı hansı tədbirlərin görülməsi və hamiləliyin qarşısının alınması barədə dərslər keçilir. Bundan əlavə, şagirdlər sağlam münasibətlər və genderlə bağlı stereotipləri necə rədd eləmək barədə maarifləndirilirlər. (Genderlə bağlı stereotipik düşüncə pis seksual-sağlamlığın ortaya çıxması üçün risk faktorudur.)

Hollandiyada məktəblərdə ölkə boyunca seks təhsili keçildiyi halda, Amerikada yuxarı siniflərin yarısından azı və orta siniflərin cəmi 20 faizi (ibtidai sinifləri unudaq getsin) Xəstəliyə Nəzarət və Qarşısınının Alınması Mərkəzlərinin cinsi sağlamlıq təhsili üçün vacib yazdığı 16 mövzunun hamısını keçirlər. Məktəblərin əksəriyyəti federal deyil, dövlət və yerli hökumətlərin nəzarəti altında fəaliyyət göstərir, bu isə o deməkdir ki, ABŞ-da seks tədrisinin keyfiyyəti böyük ölçüdə ştatdan ştata və bölgədən bölgəyə dəyişir.

Əlbəttə, heç bir ölkə cinsi zorakılıqdan sığortalanmayıb, amma seks tədrisi buna qarşı əhəmiyyətli bir istehkam funksiyasını yerinə yetirir. Xəstəliyə Nəzarət və Qarşısınının Alınması Mərkəzlərinin 2016-cı ildəki hesabatında deyildiyi kimi: “müfəssəl seks tədrisi proqramlarının cinsi davranışlardakı yüksək riskin - cinsi zorakılıqların və cinayətlərin azalmasındakı rolu böyükdür”. Niderlandda Kriebels in je buik və seks tədrisinə dair digər kurrikyulumlar empati hissinin və bir insanın davranışlarının digərlərinə necə təsir etməsi barədəki faktorları təlqin etməyə çalışır.

Niderland və gender-bərabərliyinin mövcud olduğu digər ölkələrdə doğuşa nəzarət və abort imkanı kimi sağlamlıq məsələləri şəxsi məsələdənsə, ictimai problem hesab edilsə də, ABŞ-da partiya siyasətçilərin hələ də cinsi sağlamlıqla bağlı proqramları və siyasəti qamçılamaq imkanı var. Məsələn, Prezident Obamanın ilk prezidentliyi dövründə irəli sürülən və yeniyetmə hamiləliyində kəskin azalmaya səbəb olan “Yeniyetmə Hamiləliyinə Qarşı Tədbirlər Proqramı” Tramp administrasiyası dövründə təkcə ailədaxili seks tədrisiylə məhdudlaşdırılıb, baxmayaraq ki, bu cür məhdudiyyətlərin seksual aktivliyin qarşısının alınmasında təsirsiz olmasına, sekslə məşğul olan gənclərin məlumatsız qalmasına və hazırlıqsız yaxalanmasına dair dağ boyda sübutlar var.

Amerikalıların əksəriyyəti məktəblərdə tibbi cəhətdən düzgün seks tədrisini dəstəkləyirlər və gələcək nəslə cinsiyyət və gender barədə bərabərlik ideyalarının daha çox necə ötürüləcəyi ilə maraqlanan valideynlərə və müəllimlərə #MeToo erasında hərəkətə keçməyə dair çağırışlar edirlər. Burada cavab ola bilsin, faktları evdə, məktəbdə, hətta elm muzeyində erkən yaşda və tez-tez əldə etməklə, insanın seksuallağını təbiiləşdirənləri təqlid etməkdə özünü göstərə bilər. ABŞ-da seks təhsilinin necə asanlıqla siyasiləşdirdildiyini nəzərə alanda, valideynlər üçün ölkə səviyyəsində dərs proqramlarını dəyişdirməkdənsə, bəlli dərsləri evlərdə keçmək daha asan olar. Amma bununla belə, azyaşlı uşaqlara insan anatomiyasını və nəsilartırmanın necə normal – hətta sekulyar – olduğunu öyrətmək, bizim bədənlərimizlə bağlı ən əsas dərslərin öyrənilməsinə – necə qayğı göstərmək, hörmətlə yanaşmaq və həzz almaq lazımdır – yol aça bilər.

Yazıçı Bonnie J. Rouf Vaşintqonda, Sietlda yaşayır. O, “Quşlardan və arılardan uzaqda: Uşaqlarımız üçün evə seks, sevgi və bərabərlik barədə yeni mesaj gətirmək” kitabının müəllifidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR