İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

Tarix
Photo

Əl-Fərabi İslama necə senzura gətirdi?

Raşmi Roşan Lall “The National”, “The Independent” kimi nüfuzlu mətbu orqanlarda müəllif kimi çalışır. Hazırda o, Böyük Britaniyada yunan fəlsəfəsinin ərəb filosoflara təsiri barəsində fəlsəfi doktorluq müdafiə edir. Eyni zamanda da romanı üzərində çalışır.

Bəlkə də sən 10-cu əsrdə Bağdadda yaşamış mütəfəkkir Əl-Fərabi adı ilə tanış deyilsən, amma sən onun əsərləri və ya təsirlərindən xəbərdarsan. Deyilənə görə, Əl-Fərabi sufi inanclarına sahib, olduqca təvəzökar insan olub. Bağdaddakı həyatından əvvəl o, Dəməşqdə üzüm bağında işləmiş və qənaətcil həyat tərzi ilə seçilmişdi. Lakin onun yunan ideyalarından təsirlənən siyasi fəlsəfəsi olduqca zəngin idi, Fərabi xüsusilə Platon və Aristoteldən təsirlənməklə, onların fikirlərini öz dövrünün cərəyanlarına uyğunlaşdırmışdı.

Filosofun yaşadığı qüdrətli Abbasilər İmperiyasındakı vəziyyət radikal adaptasiya ilə mühafizəkarlığın incə balansını qurmağı tələb edirdi. İmperiyanın tənəzzülü sürətləndikcə, artan nizamsızlığın qarşısını almaq üçün Əl-Fərabi vətəndaşların vəziyyətini, ədaləti, insan xoşbəxtliyini və ictimai nizamı yaxşılaşdıracaq siyasi fəlsəfə qurmuşdu.

Lakin onun həqiqi irsi daha çox müsəlman dünyasında yaradıcı özünüifadəyə nəzarət etməyə imkan verən fəlsəfi açıqlamalardır. Belə ki, o, 7-ci əsrin sonunda ilk müsəlman sülaləsi Üməyyədlərin xəlifəsinin başladığı anikonizm (anti-təsvir) layihəsini tamamlamışdı.

Xəlifə Abd əl-Malik bunu sikkələr üzərində mücərrəd təsvirlər və yeni müsəlman inancının ilk abidəsi olan Yerusəlim Qaya Qübbəsində kalliqrafik təsvirlər yaratmaqla başlamışdı. Bu, İslam sənətinin Yunan-roman təsvir ənənənəsindən qopması demək idi. Bir neçə əsr sonra isə Əl-Fərabi kəlmələr vasitəsilə ifadə edilən təsvirlərə məhdudiyyət tətbiq edilməsinin lazım gəldiyini iddia etməklə, yaradıcılığa nəzarəti yeni mərhələyə çıxarmış oldu. O, bunu ardıcıl olaraq Platonun konsepsiyalarından istifadə etməklə həyata keçirirdi və indi arxayınlıqla demək olar ki, onun bu yanaşması İslamda yaradıcı özünüifadənin dərkini və buna veriləcək cavabı konkretləşdirmiş oldu.

İslamın və onun peyğəmbərinin sözlərlə təsviri, təsviri sənət kimi küfr sayılır. Bu mənada Əl-Fərabinin təsvir barədəki tabuları ortaya çıxarması bizim dövrümüzdə də təsirsiz ötüşmür, bu tabular açıq-aşkardır. Məsələn, 1989-cu ildə İran Ayətullahı Xomeyni “Şeytan Ayələri”ni (1988) yazan Salman Rüşdiyə ölüm fətvası çıxardı. Məhəmməd Peyğəmbərin həyatını uydurduğu ittihamı ilə kitab müsəlmanlar arasında qəzəb doğurmuşdu. 2001-ci ildə isə “Taliban” Əfqanıstanda 6-cı əsrdən qalma Bamiyan Buddalarını havaya uçurdu. 2005-ci ildə Danimarka qəzeti “Jyllands Posten” peyğəmbərin karikaturalarını dərc etdiyinə görə, narazılıqlar baş qaldırdı. Son on il də də karikaturalar bu və ya digər şəkildə qəzəb doğurmaqda davam ediblər. Bəzi Avropa qəzetləri karikaturaları yenidən dərc etdirdiyinə görə Yaxın Şərq ölkələrində Qərb səfirliklərinə qarşı hücumlar təşkil edilmiş, 2008-ci ildə isə Usəma Ben Laden Avropaya İslama qarşı “yeni Xaç yürüşü”nə görə ölümcül cavab veriləcəyi xəbərdarlığını etmişdi. 2015-ci ildə müntəzəm olaraq İslamın müqəddəs fiqurlarına həqarət edən Parisin satirik jurnalı “Şarli Hebdo”nun ofisinə silahlı hücum olmuş, 12 nəfər öldürülmüşdü. Jurnal guya gələcək İslam idarəçiliyi altında olan Fransanın təsvirini ifadə edən Mişel Uelbekin “İtaət” (2015) romanından bir parçanı vermişdi.

Bir mənada Bamiyan Buddaların məhv edilməsinin Rüşdiyə verilən fətvadan, eynilə Danimarka karikaturalarının taleyi ilə “Şarli Hebdo”nun redaksiya heyətinə hücum edilməsi arasında bir fərq yoxdur. Təsvir və yaxud sözlü olmasından asılı olmayaraq, onların hamısının yaradıcılığa nəzarət eləmək istəyi var idi.

Belə görünür, Əl-Fərabiyə görə, əgər İslamın ən böyük layihəsi olan multietnik birlik - Abbasilər imperiyasının qorunması lazım gələrdisə, sözə nəzarət edilməsi labüd idi. Fərabi özünün əsas nəzəriyyələrindən birinin üzərində işləyərkən, məcazi təsvir artıq müsəlmanlar arasında yetərincə oturuşmuşdu. Peyğəmbərin vəfat etdiyi 632-ci ildən sonrakı 30 il ərzində tutduqları niyyətin konteksindən asılı olaraq sənət və yaradıcılıq iki parallel yolla irəliləmişdi. Bir Üməyyədlərin (661-750) sarayları və hamamları üçün nəzərdə tutulan dünyəvi məkanlar üçün olan sənət var idi, bir də məscidlər və Qaya Qübbəsi (691-ci ildə tamamlanıb) kimi dini məkanlar üçün uyğun olan sənət. Xəlifə Abd əl-Malik sikkə zərblərinin üzərindəki “təsvirlərin söhbəti” adlandırılan məsələ ilə bağlı bizanslı həmkarı İmperator II Yustinianla söhbətləşmiş, ən sonda isə Abd əl-Malik özünü portretindənsə üzərində “Həqiqi hökmdar” və “Allahın elçisi (xəlifəsi)” sözləri yazılar sikkələr buraxmaq qərarına gəlmişdi. Qaya günbəzinə isə canlı məxluqların təsvirlərinin əvəzinə sözlər yazılmışdı. Təsvirin yoxluğu təsvir olmuşdu. Faktiki olaraq indi söz təsvir idi. Məhz buna görə xəttatlıq ən möhtəşəm müsəlman sənət formalarından birinə çevrilmişdi. Yazılı sözün əhəmiyyəti – onun mənası və istiqaməti – Abbasilərin 8-ci əsrdən 10-cu əsrədək davam edən Yunan-roma mətnlərin tərcüməsinə investisiya qoymasınında da öz əksini tapmışdı.

Nəticə etibarilə, Əl-Fərabinin dövründə müsəlmanlar üçün ən vacib olan məsələ sözlər vasitəsiylə təsvirlərə nəzarətin tətbiq edilməsi idi. Öz növbəsində xristian ikonaçıları da bu məsələdə fikir sahibi idilər, onlar iddia edirdilər ki, sözlərin rəsmlər qədər təsvir gücü var. 9-cu əsrdə dar-əl İslamda yaşayan və ərəb dilində yazan xristian rahib Teodor Abu Qurrah sözlərin ikonalar kimi olduğunu iddia edirdi. “Təsvirlər isə savadsızlar üçün yazırdı ”, - o deyirdi.

Əl-Fərabi Abbasilər imperiyasının tənəzzül etdiyi bir dövrdə yaxşı və pis olmasından asılı olmayaraq, hakimiyyət taleyi barədə narahat idi. O, yaradıcı şəxslərin əməllərinə görə məsuliyyət daşıdığına inanırdı. Abbasi xəlifələri həm əxlaqi, həm də siyasi mənada hakimiyyət böhranı ilə bağlı artan tənqidlərlə üzləşirdilər. Bu isə ərəb dünyasının ən orijinal düşüncə adamlarından biri olan Əl-Fərabini həll edici məsələlərdə İslamın üzləşdiyi aktual problemlərdən tutmuş onun genişlənməsi və müxtəlif səltənətlər barədə qiymətləndirmələr aparmasına gətirib çıxarmışdı.

Əl-Fərabi Platonun özünün yaşadığı dünya ilə bağlı utopik ideal dövlət barədəki fikirlərini əsas tutan bir fəlsəfə yaratmışdı. O, liderliyin keyfiyyətlərindən bəhs edir, müsəlman oxuculara “üstün dini” prinsiplər əsasında “rifah şəhərinə” başçılıq edən “müdrik idarəçi” olan filosof kraldan bəhs edirdi.

Platon kimi Fərabi də yaradıcı ifadə sənətinin hökmdarı dəstəkləməli olduğunu, beləliklə də rifah şəhəri ilə status kvo arasında birliyin olmasını təklif edirdi. Platon “Dövlət” əsərində ideal dövlətdə şairlərin xüsusilə tanrılar haqda yaxşı hekayətlə danışmalı olduqlarını irəli sürürdüsə, Fərabi də “tərifəlayiq” şeirlərin, melodiyaların və mahnıların rifah şəhərinə aid olmalı olduğunu qeyd edirdi. Fərabi rifah şəhəri üçün “ən yaxşı” yazıların “ali liderə və müdrik hökmdara xidmət etmək üçün” olmalı olduğunu məsləhət görürdü.

Bundan sonra yazıçıların ən çox üz tutduqları hekayətlər Əl-Fərabinin siyasi fəlsəfəsinə ən çox uyğun gələnlər oldu, Fərabi isə bu fəlsəfəni "Müqəddəs" adlandırdığı Platonun fikirlərindən götürmüşdü. Əl-Fərabi müsəlman cəmiyyəti üçün ictimai baxımdan faydalı hesab etdiyi Platonun “yazıçılara senzura qoyulması” arqumentini əsas tutarkən, sözə nəzarət tətbiq etməklə, hekayələrin idarə edilməsini irəli sürürdü.

Əl-Fərabinin fikirlərinin fars alimi İbn Sina (960 - 1037) və fars ilahiyyatçı Al-Qazali (1058 - 1111) daxil olmaqla, görkəmli müsəlman mütəffəkkirlərinə təsir etdiyi deyilir. Amma əlbəttə, onun yaradıcı yazıya nəzarət etməyə dair məntiqi açıqlaması sonda yeni interpretasiyaların ortaya çıxmasının qarşısını almaq cəhdlərinə gətirib çıxardı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR