Hər şeyi şəxsi qəbul eləməkdən necə qurtulmaq olar?

Emosional intellekt
Photo

Şəxsiləşdirmə ilə bağlı koqnitiv qüsurları aradan qaldırmağı öyrənin.

2014-cü ilin Sentyabrında mən “Qüsurlu düşüncə stres və təşvişi necə artırır“ adlı məqalə yazmışdım. Məqalədə 10 ən yayğın koqnitiv pozuntu yer almışdı. Koqnitiv pozuntular bizim düşüncə tərzimizdəki səhvlərdir. Onları müəyyən etmək və özümüzdə aşkarlamaq asan olsa da, aradan qaldırmaq hədsiz çətin ola bilər. Bu pozuntuları öyrənmək və üzərlərində işləmək lazımdır, çünki onlar bizi çıxılmaz və çarəsiz vəziyyətlərə salmaq iqtidarındadırlar.

Bu on pozuntudan biri şəxsiləşdirmə adlanır və biz bu məqalədə şəxsiləşdirmə məsələsindən bəhs edəcəyik.

Əgər səndə şəxsiləşdirmək kimi bir cür düşüncə tərzi varsa, sən özünü məsuliyyət daşımadığına şeylərə görə cavabdeh bilməklə, özün barədə yanlış düşüncələrə qapılmış olursan. Buna görə də şəxsiləşdirmə təşviş və bədbəxtliyin əsas qaynağı sayılır. Şəxsiləşdirmə həmçinin özünü günahlandırmağa da gətirib çıxarır... və bu, heç bir halda sizə yaxşılıq vəd etmir.

Şəxsiləşdirmə iki formada özünü göstərir, bu yazıda mən onlara ayrı-ayrı müraciət edəcəyəm.

Birinci forma: Sən özünün məyusluqlarını və çabalarını şəxsi qəbul edirsən.

Bu həyatda elə bir insan olmaz ki, məyusluqla üzləşməsin, çalışıb-çabalamasın. Amma sən bunları şəxsiləşdirdiyin anda, qaçılmaz hadisələrə sənin özündən qaynaqlanan hansısa uğursuzluğun nəticəsi kimi baxırsan. Burada mən “Yuxudan Necə Oyanmalı“ kitabımda istifadə etdiyim nümunəni göstərəcəm. Əgər səni işdə irəliyə keçirməyiblərsə, sən bunun işdə yetərincə uğurlu olmadığınla əlaqələndirirsən, əslində isə burada başqa izahlar da ola bilər. Ola bilsin, şirkətin büdcəylə bağlı problemləri var. Bəlkə də iş müdirin bacısı oğluna keçib. Sən bu alternativləri düşünmək əvəzinə, məsələni şəxsiləşdirir və dərhal bu qənaətə gəlirsən ki, gördüyün iş yetəri qədər uğurlu deyil.

Başqa bir nümunə. Rəfiqənin səni ziyarətə gələcəyini gözləyirsən, birdən o, imeyl yazaraq, bu gün gələ bilməyəcəyini, görüşü başqa vaxta keçirdiyini bildirir. Bu situasiyada sən onun görüşü ləğv etməsiylə bağlı səbəb göstərmədiyini əsas gətirərək, bu qənaətə gəlirsən ki, o ya səni görmək istəməyib, ya da daha “yaxşı” bir təklif alıb. Sən onun səbəb göstərməməsilə bağlı dayanmadan müxtəlif variantlar fikirləşirsən. Amma ola bilsin, onun ailəsində nəsə problem çıxıb. Bəlkə elə o, da şəxsiləşdirməklə məşğuldur – görüşü ona görə ləğv edir ki, sənin onu yetərincə maraqlı həmsöhbət hesa etməyəcəyindən qorxur!

Üçüncü nümunə mənim ağlıma xroniki xəstə olduğum vaxt gəlmişdi. Düşünmüşdüm ki, xəstəliyim mənim günahımdır. Həqiqətən inanırdım ki, sağlamlığımı geri qaytarmaqda aciz olmağım özümdəki hansısa şəxsi zəiflikdən qaynaqlanır. İnsan mücadilə aparmaqda olduğu bir şeyi (sağlamlığındakı problemi) dramatikləşdirəndə, işləri biraz da korlayır!

Tutalım sən məyusluq və çabalamanı şəxsi qəbul eləyirsən, onda bunların öhdəsindən necə gələ bilərsən? Sizə iki strategiya təqdim edirəm.

1. İşlər istədiyin, planlaşdırmadığın kimi getməyəndə, özünü günahlandırmaq meylinin fərqinə var, bunun üzərində məşq elə.

Həyatdakı çabalara və məyusluqlara necə reaksiya verməyinlə bağlı sayıqlığını artırmaq üzərində işlə. Bir şey ürəyin istədiyin kimi getməyəndə, sən dərhal bunun sənin səhvin olduğun qənaətinəmi gəlirsən? Bu cür situasiyalarda özünü günahlandırmaq meylini fərq etmək, bu xüsusiyyəti dəyişdirmək yolunda atılacaq ilk addımdır, çünki sən nə elədiyinin fərqinə vardığın anda bunun rasional və məntiqli olub-olmadığı barədə özünə cavab verə bilirsən.

Və özünə bu sualı verdiyin anda məyusluqlara və çırpınmalara görə özünü günahlandırmağın bir mənasının olmadığın qənaətinə gəlməmək olmur; məyusluq və çabalamaq insani fəaliyyətin qaçılmaz tərkib hissələridir. Heç kim bunlardan sığortalanmayıb, çünki heç kim həmişə hər istədiyi şeyi ala bilmir.

Bu cür ayıq-sayıqlıq sənə özünü günahlandırmanı özünə mərhəmətlə əvəz etməyə kömək edəcək. Gəlin qəbul edək ki, həyat bəzən çətindir. Yolda qarşına çıxan əngəlləri şəxsiləşdirəndə, sən həyatını biraz da çətinləşdirirsən. Halbuki bunu eləmək üçün bir səbəb yoxdur, çünki bu əngəllər hər kəsin qarşısına çıxır.

2. Əksər vaxt insanların nəyə görə müəyyən hərəkətlər elədiyini bilmədiyinin fərqinə var.

Əgər sən kiminsə səni məyusluğa düçar etdiyini hiss edirsənsə - yoldaşın səni qıcıqlandırırsa, dostun həftələrlə zəng vurmursa, işdə irəli çəkilmirsənsə - özünü günahlandırmaq əvəzinə, insanların nəyə görə müəyyən hərəkətlər elədiyinin aydın olmadığının fərqinə var.

Hər kəsin həyat hekayəsi özünəxas yol cızır. Yoldaşın işdə baş verən nəyəsə görə qıcıqlanmış ola bilər. Dostun ailəsindəki çoxlu problemlərə görə bezmiş ola bilər. Və yuxarıda qeyd etdiyim kimi, işdə irəli çəkilməməyində istənilən qədər səbəb rol oynamış ola bilər.

Nəticə: Sən əksər insanların niyə müəyyən hərəkətləri etdiyini bilmirsən. Ona görə də, onların hərəkətlərini şəxsiləşdirməyin özünə qarşı ədalətsizlikdir (ya da rəhmsizlik).

İkinci forma: Sən başqalarının xoşbəxtliyinə, məyusluqlarına və çırpıntılarına görə məsuliyyət daşıdığını hiss edirsən.

Bu, şəxsiləşdirmənin özünü göstərdiyi ikinci formadır.Sən başqalarının xoşbəxt olmaq, necəsə uğur qazanmaq qabiliyyətlərinin olub-olmamasından və hətta axırıncı dəfə ziyarət edərkən onların sənlə yaxşı vaxt keçirib-keçirmədikləri kimi xırda məsələlərdə məsuliyyət daşıdığını düşünürsən. Bu nə yükdür axı belinə yığmısan! Təəccüblü deyil ki, şəxsiləşdirməni əksər vaxt “günahkarlar anası” adlandırırlar.

Bu cür şəxsiləşdirmə formasına qarşı strategiya budur:

1. Başqa insanlara görə məsuliyyət daşımaq fikrinin əsaslı olub-olmadığını sorğula.

Bunu eləməkdən ötrü ilk əvvəl məsuliyyət daşıdığını hiss etdiyini şəxsi ağlına gətir və bu blankı doldur:

Mən onun .... görə məsuliyyət daşıyıram.

Ehtimal olunan variantlar:

• Xoşbəxtliyinə

• Yaxşı vaxt keçirməsinə

• Sosial həyatına

• Məktəbdəki qiymətlərinə

• İşdəki uğuruna

• Münasibət qurmaq qabiliyyətinə

• Çətinliyin öhdəsindən gəlmək bacarığına

İndi isə bir başqasına görə məsuliyyət daşımağın həyatın qurulmasında realist bir tapşırıq olub-olmadığını düşün (həmçinin sənin nəzarət etmək və hətta insanlara təsir etmək bacarığını da). Bu, realist deyil. İnsanların xoşbəxtliyi, uğuru və bir şeyin öhdəsindən gəlmək bacarığı çoxsaylı faktorlardan: onların şəxsi həyat tarixçəsindən, uşaqlıqda başlarına gələnlərdən (məsələn, valideynlərinin və müəllimlərinin səbəb olduğu hadisələrdən) və hətta genetik quruluşlarından asılıdır.

Yuxarıdakı kiçik tapşırığı elədin, indi isə özünə bu sözləri denən: “Mən bu insanın həyatda başına gələn məyusluqlara və çətinliklərə görə məsuliyyət daşımıram. Bacardığım köməyi əsirgəməmək niyyətindəyəm, amma bu həyatda hər kəs öz yolunu tapmalıdır. Bəzən onlar nədəsə uğur qazanacaqlar, bəzənsə yox. Bəzən onlar yaxşı vaxt keçirəcəklər, bəzənsə yox. Bəzən onlar xoşbəxt olacaqlar, bəzənsə yox. Bu, mənim üçün də keçərlidir, başqaları üçün də”.

Bu ikinci forma şəxsiləşdirməni aradan qaldırmaqda bir sınaq ola bilər. Xüsusilə əziz bildiyin insanların həyatlarına görə məsuliyyət daşıdığına inanmağı tərgitmək insandan ciddi səy tələb edir. Yuxarıdakı tapşırığı yerinə yetirmək və yuxarıdakı paraqrafda yazılanların müəyyən versiyalarını təkrarlamaq faydalıdır. Əgər insanlara görə məsuliyyət daşıdığın hissini aradan qaldıra bilsən, böyük ehtimalla sən nəzərdə tutduğun adamla münasibətlərini daha da yaxşılaşdırmış olacaqsan.

Tonu Bernhard, Kaliforniya Deyvis universitetinin keçmiş professorudur. O, "Necə Xəstələnməli, Necə Yuxudan Ayılmalı" və "Xroniki ağrı və Xəstəlik Zamanı Necə Yaxşı Yaşamalı" kitablarının müəllifidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR